Son illərdə Azərbaycanın qazandığı uğurlar, xüsusən 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi zəfərimiz, 2023-cü ildə ərazi bütövlüyümüzün tam təmin etməyimizin əsas səbəblərindən biri də vətən üçün öz canından keçməyə hazır olan qəhrəman gəncliyin olması idi. Bu uğurlar həm də ölkəmizdə gənclərin vətənpərvərlik tərbiyəsi sisteminin yüksək səviyyədə olduğunu göstərdi. Bununla yanaşı vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sisteminin daha da təkmilləşdirilməsinə, dövrün tələblərinə uyğun forma və metodlarla zənginləşdirilməsinə ehtiyac vardır. Xüsusən bölgələrdə gənclərlə iş sahəsində xeyli boşluqlar mövcuddur.
Təhlillər göstərir ki, bölgələrimizdə yaşayan gənclər arasına öz bölgəsinin tarixini, adət-ənənələrini kifayət qədər bilməyən, maddi-mədəniyyət abidələrini tanımayan gənclər az deyildir. Bu baxımdan bölgələrdə yaşayan gənclərdə yaşadıqları bölgənin keçmişinə, maddi və mənəvi sərvətlərinə hörmət aşılanması yolu ilə onlarda vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da inkişaf etdirilməsi, onların dünyagörüşündə yaşadıqları ərazi ilə bağlı biliklərin möhkəm yer tutması böyük aktuallıq kəsb edir.
Gənclərin estetik, mədəni zövqünün formalaşdırılmasında tarixi və mədəni abidələrin mühüm rol oynadığını nəzərə alaraq “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə müxtəlif bölgələrdə yaşayan gənclər arasında yaşadıqları bölgələrin təbii, tarixi, arxeoloji, mədəni abidələri haqqında məlumatların çatdırılması, bu abidələrin qorunub mühafizə edilməsinin əhəmiyyəti ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir.
Təcrübə göstərir ki, bölgə gəncləri belə tədbirlərdə fəal iştirak etməklə həm öz dünyagörüşlərini genişləndirir, həm də tarixi və mədəni abidələrin qorunmasını özlərinin vətəndaşlıq borcu kimi dərk etməyə başlayırılar. Çünki əsil vətəndaş yetişdirməyin yollarından biri də hissi təcrübə əsasında insanın yaşadığı ərazinin tarixi, maddi-mədəni abidələri, dədə-babalarının qəhrəmanlıq salnaməsi haqqında bilik və təsəvvürlərin formalaşdırılmasıdır. Gənclərdə yaşadıqları bölgənin tarixi və maddi-mədəni abidələri haqqında bilgilərin aşılanması onlarda vətənpərvərlik şüurunun inkişafına, vətəndaşlıq borcunun yerinə yetirilməsinə hazır olmasına güclü təsir göstərir
“Savalan” Tarixi Araşdırmalar ictimai birliyinin əsas məqsədlərindən biri də gənclərdə öz vətəninə sadiqlik və sevgi hissinin formalaşdırılması, vətənin maraq və mənafelərini qorumaq, taleyində iştirak etmək, onun bu gününə və gələcəyinə məsuliyyət daşımaq kimi hisslərin formalaşdırılması işinə dəstək verməkdən ibarətdir. Bu məqsədlərin gerçəkləşdirilməsi üçün İctimai birlik gənclərin tərbiyəsində iştirak edən yeli dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr yaratmağa çalışır, onlara elmi-metodiki yardım göstərir.
Təşkilatın üzvləri mütəmadi olaraq kütləvi informasiya vasitələrində məqalələrlə çıxış edir, vətənpərvərlik sisteminin yaxşılaşdırılması, gənclərin maarifləndirilməsi və sosial fəallığının stimullaşdırılması ilə bağlı təkliflər hazırlayaraq təqdim edirlər.
Əsas vəzifələrdən biri də bölgə ictimaiyyətini, xüsusən gəncləri bölgələrdə mövcud olan tarixi abidələrin qorunması işinə cəlb edilməsidir. Bu məqsədlə bölgələrin tarixi, qəhrəmanlıq keçmişi, abidələri haqqında kiçik büroşurlar, bukletlər hazırlanaraq gənclər arasında yayır, tarixi yerlərə, arxeoloji, tarixi və mədəni abidələrinə ekskursiyalar təşkil edir. Vətən müharibəsi veteranlarının, qazilərin, müharibə veteranlarının gənclərin tərbiyəsi və maarifləndirilməsi işinə cəlb edilməsi üçün müxtəlif formalardan və vasitələrdən istifadə olunur.
“Savalan” Tarixi Araşdırmalar ictimai birliyi gənclər arasında bölgənin tarixi haqqında kütləvi söhbətlərin aparılmasına, mühazirələrin təşkilinə xüsusi diqqət yetirir, bu məqsədlə tarixçi alimlərin, bölgələrdə qazıntılar aparan arxeoloqlarla əməkdaşlıq əlaqələrini gücləndirir. Son iki il ərzində Azərbaycan Respublikasının 7 rayonunda gənclərin tarixçi alimlərlə görüşü təşkil olunmuş, bu görüşlər gənclərdə yaşadıqları ərazilərin keçmişinə, tarixi və mədəni dəyərlərinə marağın güclənməsinə səbəb olmuşdur.
Hesab etmək olar ki, həyata keçirilən bu tədbirlər-bölgələrdə yaşayan gənclər arasında öz bölgəsinin tarixinə, mədəniyyətinə, tarixi və mədəniyyət abidələrinə maraq və həvəsin artmasına, gənclərdə öz bölgələrinə bağlılıq, onun taleyi, inkişafı üçün məsuliyyət hisslərinin möhkəmlənməsinə, gənclərin ictimai-siyasi əhəmiyyətli tədbirlərdə iştirakı üçün mənəvi motivlərin yaradılmasına, sosial fəallığının artmasına, özün realizə etmək imkanlarının genişlənməsinə müsbət təsir göstərir.
“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi həyata keçirdiyi tədbirlər haqqında mətbu orqanlarda mütəmadi məlumatlar yerləşdirir, layihələrin keçirilməsinin vəziyyəti, nəticələri haqqında hesabatlar hazırlanaraq müvafiq qurumlara təqdim edir.
Kamran İsmayılov,
“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, dosent
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.