Azərbaycan - sabitlik adası

Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə tolerantlıq, multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi dövlətin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.       
Bu istiqamətdə Azərbaycanda vəziyyət həddən artıq yaxşıdır, ölkəmiz əslində bölgədə sabitləşdirici rol oynayır. Yəni ölkə daxilində gedən bu gözəl proseslər bölgəyə də müsbət təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbirincə desək, “Azərbaycan sabitlik adasıdır”.                                                                                                                                            

Bu gün Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bakıda və regionlarda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, yeniləri inşa edilir, mövcud dini ibadətgahlarda bərpa və yenidənqurma işləri həyata keçirilir.                                                                                                                                              
Bəli, bu gün Azərbaycan dünyanın humanitar kataklizmlər baş verməyən nadir ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini ehtiva etməkdədir. Ölkəmizdə tarixən bu sahəyə ən pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmiz dözümlülük, tolerantlıq məkanı olub.                                                                         
Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması və dövlətin siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə müşayiət olunması bu gün çox xarakterik və artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan bu adi insani birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir. Digər tərəfdən bu xarakterik keyfiyyət təbii ki, xalqımızın qədimdən milli eqoizmdən uzaq, bəşəri dəyərlərin daşıyıcısı olduğunun təsdiqidir. Təsadüfi deyil ki, Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı digər xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Aydındır ki, onlar Azərbaycanı Vətən seçdikləri üçün onun uğrunda da vuruşmuş, şəhid olmuşlar. Təbii ki, xalqımızın digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü, onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir. Bu birlik hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir mesajdır.                                                                                                                    

Azərbaycan dövlətinin bu gün də öz vətəndaşlarına təlqin etdiyi humanizm və multikulturalizm yüksək, müasir dünyamız üçün çox vacib olan bəşəri keyfiyyət olmaqla yanaşı həm də dünyada və ölkədə sosial-siyasi sabitliyin və iqtisadi inkişafın da ən mühüm amillərindəndir. Bu bəşəri dəyərin mövcudluğu və möhkəmliyi, Azərbaycan xalqının birliyi ölkənin bügünkü sürətli və davamlı hərtərəfli inkişafında özünü əyani surətdə göstərir.                                                             
Bu baxımdan ölkəmiz multikultural ənənələri yaşadan ölkə kimi seçilir. Multikulturalizmdə  dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollektivin davranışlarından (davranışlar münasibət və əlaqə fonunda meydana gəlir, fərdin resurslara və digər fərdlərə olan əlaqə və münasibətlərini ifadə edir), davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir.                                                                                                                        

Ölkəmiz üçün əsas şərt dinin təbliğində təfriqəçilik meylindən uzaq omaq müsbət nəticələr yaradır. Başlıca olaraq dinin dövlətdən ayrı olması prinsipi rəhbər tutulub, dövlətçilik maraqlarına sadiqlik nümayiş ön planda olmalıdı. Radikal dini cərəyanların əsas fəaliyyəti ilk növbədə milli dövlətlərin sıradan çıxarılması məqsədi daşıyır. Azərbaycan cəmiyyətinin belə mənfi təmayüllərə qarşı hər zaman səfərbər olmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə çıxış edərkən belə deyib: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir”.                                                                                                                                    

Dini təhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyi müstəvisində dəyərləndirilən məsələdir. Bu məsələdə geniş toplumla yaxınlıq baxımından məscidlər nə qədər mühüm rol oynayırlarsa, KİV-lər də eyni mövqedədirlər.
Bir daha ölkə Prezidentindən nümunə gətirirəm: “Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda hesab edirəm ki, ilk növbədə Azərbaycan göz önünə gəlir. Azərbaycanda dinlərarası dialoq çoxdan təmin edilib. Bu gün Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri güclənir. Budur bizim üstünlüyümüz. Təsadüfi deyildir ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır… Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur”.                                                                                         

Azərbaycan əhalisi dini inanc sistemində tarixən tolerantlığa meylli olub. Son dövrlər Yaxın Şərqdə yaşanan münaqişələr bəzi radikal meyllərin gəncləri öz təsiri altına salmaq istəyinə yeni təkan verib. Din təbliğatı arxasında pərdələnən cərəyanlar ideoloji-siyasi maraqlarını təmin etmək üçün fürsət gəzir. Milli kimliyi əlindən alınmış insanlar həmin cərəyanların əlində alətə çevrilir. Azərbaycanı özünə vətən saymayan, qanunları arxa plana keçirən bəzi adamlar insanları qətl etməyə qədər cinayətə əl atır. Bu cinayətlərində isə beyninlərinə saxta çağırışla “müsəlman olmayanın canı və malı halaldır” təbliğatının əsiri olurlar.                                                                                                     

Fikrimizcə, ölkədə dini maarifləndirmə və müxtəlif radikal dini cərəyanların doğurduğu təhlükəyə dair dövlət qurumları ilə birgə tədbirlərin davamlı şəkildə təşkil olunması bu meyllərin qarşını almağa yardımçı ola bilər.


Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsi çərçivəsində çap olunur.