Yazıçı-dramaturq Qafar Cəfərlinin “Qıl körpüsündə rəqs” kitabı haqqında düşüncələr
“Mənim və mənim kimilərin həyatı sanki qıl körpüsü üstündən keçir. Bu körpünün üstündə durub hətta rəqs etsək də müvazinəti itirmək qorxusu bir an belə bizi tərk etmir, səksəkə içində yatıb dururuq. Bu cür həyatın başqa cür sonluğu da ola bilməzdi”...Nədir bu sonluq, söhbət hansı Qıl körpüsündən gedir? Bu dünyamızda da keçməli olduğumuz cəhənnəm körpüsümü var? Varsa hansıdır?
Yazıçı-dramaturq Qafar Cəfərlinin dövrümüzün ən dəhşətli bəlası olan narkomaniya və onun törətdiyi faciləri əks etdirən “Qıl körpüsündə rəqs”i son illərdə bu mövzuda yazılan ən təsirli, məzmunlu əsərlərdən sayıla bilər. Ağrılı olsa da etiraf etməliyik ki, narkoticarətin tranzit yolu üstündə yerləşən Lənkəranda, Azərbaycanda narkomaniyaya tutulanların sayı gün-gündən artır. Hüquq-mühafizə orqanlarında bu istiqamətdə baxılan cinayət işlərinin çoxluğu, həbsxanada cəza çəkənlərin, narkoloji dispanserdə və çox vaxt da fərdi müalicə alanların sayı göstərir ki, bəla kifayət qədər böyükdür və bu bəladan heç kim sığortalanmayıb. Niyə? Bu sualın cavabı yazıçı Qafar Cəfərlinin iki pərdəli, 14 şəkilli “Qıl körpüsündə rəqs” tragediyasında ətraflı açılır. Ruslan Vüqarlının ailəsinin timsalında narkomaniyanın viran qoyduğu tifaqların ağrısı oxucunu dərindən sarsıdır. Bəli, narkomaniyanın dağıtdığı ailələr kifayət qədərdir və onların hərəsi bir cür bədbəxtdir, onlardan xoşbəxti isə heç yoxdur... Faciə qurbanlarından Azərin dediyi kimi: “Mənim və mənim kimilərin həyatı sanki qıl körpüsü üstündən keçir”... Əsərin qəhrəmanı, həm də faciənin əsas qurbanlarından biri Rüfət istedadlıdır, imkanlı, ziyalı ailənin tək övladıdır, ən böyük arzusu ali təhsil alıb valideynlərini sevindirməkdir. Və bu arzuya çathaçatda Azərkimilərin toruna düşməsi onun bütün gələcəyini alt-üst edir, həyatın dibinə, ölümə sürükləyir, məhv edir. Həm də tək öznü yox-bütün ailəsini. Dramaturqun bu ocağa Azərin əli ilə od vurub yandırması rəmzi məna daşıyır-Qıl körpüsündə rəqs etməyin, cəhənnəm alovu sizi də, tifaqlarınızı da məhv edəcək! Bu sonluq Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”ının sonluğunu xatırladır. Əgər ötən əsrin əvvəllərində tifaqları dağıdan savadsızlıq, cəhalət idisə, əsrin sonlarında zərərli vərdişlərdir, tüfeyli həyat tərzidir, narkomaniyadır.
Rüfəti və rüfətkimiləri bu dəhşətli bəlaya qurşandırmaqla həyatlarını məhv edən Azər əslində özü də qurbandır-biganəliyin, laqeydliyin, özgə ağrısına, mənə nə deyənlərin-bir sözlə cəmiyyətin, bizlərin!...
Qeyd edək ki, Azərbaycan ədəbiyyatında narkomaniya yeni mövzu deyil. Ötən əsrin son onilliyindən başlayaraq bu mövzuda çoxlu əsərlər əsərlər yazılıb və bu proses bu gün də davam etməkdədir. Bunun bir səbəbi sovet ədəbiyyatında sosializm realizmi yaradıcılıq metodundan imtinadırsa, digər səbəbi həyat həqiqətlərinin birbaşa ədəbiyyata gətirilməsi, yasaqların aradan qaldırılması, narkomaniyanın elə həmin illərdən başlayaraq gənclər arasında sürətlə yayılması, əsrin ən böyük bəlasına çevrilməsi, narkoticarətin ən gəlirli biznes sahəsinə çevrilməsidir. Təsadüfi deyil ki, narkotik ticarətinin inkişafı ilə narkomanların say artımı üst-üstə düşür, düz xətt üzrə inkişaf edir...Və çox təəssüf ki, bu sahədə indi də-XXI əsrin 3-cü onilliyində də ürəkaçan irəliləyiş yoxdur. Həm də həyat sübut etdi ki, narkotik istifadəçilərinin həbsxanaya salınması da çıxış yolu, problemin həlli deyil. Çünki narkoman kimi həbsxanaya düşənlərin heç biri ordan islah olunmuş kimi çıxmır, bir az da həyatın dibinə düşür, əksəriyyətini həbsxana həyatı fiziki, mənəvi cəhətdən məhv edir. Deməli, ən faydalısı gəncləri bu yoldan vaxtında çəkindirməkdir ki, Qafar Cəfərli də “Qıl körpüsündə rəqs” dramında mənz bu yolu tutur-cəmiyyətin dəstəyini, gənclərin maariflənməsini ön plana çıxarmaqla yeniyetmələri, gəncləri vaxtında ayıltmağa çalışır, əcəl zəngi çalır...
Uzun illər hüquq mühafizə orqanlarında çalışması müəllifə narkomaniya, onu doğuran səbəblər, onun acı nəticələri barədə kifayət qədər informasiya, material verdiyindən Qafar Cəfərliyə sanballı bir dram əsəri ortaya qoymağa yardımçı olub. Ən yaxşısı da budur ki, Qafar Cəfərli əsərində müsbət qəhrəman axtarışına çıxmır, onu yaratmağa cəhd göstərmir, şahidi olduqlarının, həyat həqiqətlərinin real əksinin bədii təsvirinə üstünlük verir. “Qıl körpüsündə rəqs”in qəhrəmanlarının faciəli sonluğu hamımızı düşünməyə vadar edir-ayılın, hərəkətə gəlin, bu körpüdən hər birinizin əzizi keçə bilər! Olduqca səmimi, lakonik, həm də təsirli bir dildə yazılmış əsərin tamaşaya qoyulması olduqca vacibdir və gənc nəslin bu bəladan uzaqlaşdırılmasına müsbət təsir göstərə bilər. Narkomaniya mövzusunda əsərin məhz dram janrında yazılması onun əhəmiyyətini daha da artırır, çünki teatrlarımızın hazırkı dönəmdə bu mövzulu, maarifləndirici tamaşalara çox ehtiyacı var.
Qeyd edək ki, yazıçı-dramaturq Qafar Cəfərlinin “Qıl körpüsündə rəqs” kitabına eyni adlı dram əsərindən başqa müəllifin “Tanrı əmanəti”, “Şəhid bayraq” pyesləri də daxil edilib. Kitaba daxil edilmiş hekayələr də maraqla oxunur. Bu hekayələrin qəhrəmanlarının hamısı sadə insanlardır, müasirlərimizdir, gördüyümüz, amma diqqət yetirmədiyimiz, böyük qəlbli, böyük dərdli “kiçik” insanlardır. Ətrafımızda azmıdır dərdləri ilə baş-başa qalan “Tənha qadın”lar? Və “İntihar” lar da səbəbsiz olmur axı, əziz oxucum...
Yazıçı dramaturq Cəfər Cəfərlinin sayca on ikinci kitabı-“Qıl körpüsündə rəqs” maqraqla, birnəfəsə oxunan kitablardandır. Bu kitabı oxumaqla kifayətlənməməliyik, onu həm də gəncliyimizə, yeniyetmələrimizə tövsiyə etməliyik: Amandır, Qıl körpüsündə rəqsə cəhd etməyin!
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri
© 2020 - Created by İLK XEBER.