I YAZI
Astara rayonunun ərazisində təqribən 400-ə yaxın qədim tarixə malik abidə var. Həmin abidələrin dəyəri nəzərə alınaraq, onların 102-si dövlət səviyyəsində mühafizə olunan obyektlər siyahısına daxil edilmişdir. Əhəmiyyətlilik dərəcəsinə görə bu abidələrin 26-sı ölkə əhəmiyyətli arxeoloji, 48-i yerli əhəmiyyətli memarlıq abidəsi, 2-si bağ-park monumental xatirə abidəsi, 21-i yerli əhəmiyyətli arxeoloji abidə, 5-i dekorativ - tətbiqi sənət nümunəsi, daş-heykəltaraşlıq nümunəsi kimi təsnif olunmuşdur.
Demək olar ki, hər bir kənddə bu diyarda ta qədim dövrdən insan yaşamasını sübut edən izlərə rast gəlmək olar. Məsələn, Şindan kəndində xalq arasında Babək qalası adlandırılan bir qüllə var. Nudis kəndindəki qüllə, Pensər kəndindəki Məşədi Abutalıb hamamı, Hacı Teymur məscidi və Hacı Cahanbaxış məscidi, Şahağac kəndindəki məqbərə, Ərçivan kəndindəki Kərbəlayı Həmid Abdulla hamamı bu qəbildəndir. Həmin kənddə məhşur kükürdlü bulaq da var. Bu bulağın suyuna yanmış kibriti yaxınlaşdıranda su alışıb yanır. Qapıçı məhəllə kəndində qala qalıqları, VII əsrə aid məqbərə, karvansara, daş dövrünə və tunc dövrünə aid daş heykəllər, Sınıyapert, Lomin və Piləkən kəndlərində XIII əsrə aid körpülərin qalıqları hələ də qalmaqdadır. Astaradakı diyarşünaslıq muzeyinin ekspozisiyası kifayət qədər zəngindir. Bu muzeydə müxtəlif dövrlərdə zərb edilmiş və qədim vaxtlarda bu bölgədə ticarətin təşəkkül tapmasını təsdiqləyən qədim sikkələrlə yanaşı, daşdan yonulmuş insan heykəli də saxlanılır. Bu heykəlin yaşı 2000 ildən çoxdur.
Astarada diqqəti çəkən məscidlərdən biri də şəhərdəki Mərkəzi Qum məscididir. Məscidin xeyli yaşı var. Qum məscidi 1898-ci ildə yerli əhali tərəfindən inşa edilib. Əsas və yardımçı binalardan ibarət olan məscidin tikintisinə Hacı Zeynalabdin Tağıyev yardım göstərib. 110 ildən çox ötən illər ərzində bir neçə dəfə əhali tərəfindən əsaslı təmir edilən məscidin sahəsi 221 kvadratmetr, tutumu 200 nəfərdir. Maraqlı bir fakt da odur ki, sovet hakimiyyəti dövründə bölgədə yalnız bu məscid fəaliyyətini davam etdirə bilib. Mərkəzi Qum məscidi tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qorunmaqdadır.
Ölkənin şimal, şimal-qərb bölgəsində də xeyli möhtəşəm Allah evləri fəaliyyət göstərməkdədir. Ən qədim abidələr sırasına e.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki “Daş qutu nekropolu”, Miki kəndindəki “Miki dolmen nekropolu”, bizim e.ə. V-I əsrlərə aid Rüədila kəndindəki “Xolobin daş qutu nekropolu”nu aid etmək olar. Tunc və antik dövrə aid Siyakü kəndindəki I və II - Siyakü yaşayış yerləri, tunc dövrünə aid “Baba Cabbar kurqanı”, “Təngərüd kurqanı”, “Seyidcamal kurqanı”, “Vaqo” kurqanları, “Baba Hümmət kurqanı”, Artupa kəndindəki “Axicəbəl kurqanı”, Alaşa kəndindəki 3 ədəd kurqan, “Lovayn kurqanı”, Binəbəy kəndindəki “Binəbəy kurqanları”, dəmir dövrünə aid Koraoba kəndindəki “Koraoba daş qutu nekropolu” da bu mədəniyyət nümunələrinə daxildir.
Astara rayonunun İranla sərhəd kəndləri olan və hazırda əhali yaşamayan Anbaran, Baxçalar, Armudu, Çayağzı, Unuz, Təngöv, Növüştərü, Dilmədi, Siyov və başqa qədim yaşayış məntəqələrində yüzlərlə arxeoloji cəhətdən tədqiq olunmamış maddi-mədəniyyət nümunələri var.
Rayon ərazisindəki ən maraqlı abidə hazırda Tarix-diyarşünaslıq muzeyində saxlanılan daş insan heykəlidir. Bu daş heykəlin 2000 ildən çox yaşı olması barədə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və Incəsənət institutunun mütəxəssisləri muzeyə rəsmi rəy təqdim etmişlər.
Astara rayon Tarix-diyarşünaslıq muzeyində 8 mindən çox eksponat mövcuddur. Muzeydə daş, dəmir, tunc dövrlərinə aid eksponatlar var. IX-XII əsrlərə aid mis sikkələr Şirvanşahlara, Abbasi xəlifələrinə aid digər sikkələr muzeyin bəzəyidir. Buradakı daş parçası üzərindəki Maral təsvirinin 2000-3500 il yaşı var. Astaranın zəngin memarlıq abidələrindən Şahağac kəndindəki XII əsrə aid türbə, Burzubənd kəndindəki Şeyx Məhəmməd Zalani türbəsi xüsusi diqqət cəlb edir.Alaşa kəndinin qərbində yerləşən Divankə qalası, Təngərüd kəndindəki Yekdəst qalası, Hamuşam kəndində gəlin qayaları mədəni irsimizdən qalan yadigarlardandır.
Şindan qalası və Qala-Kafu Astaranın dağlıq ərazisinin ən uca zirvəsində yerləşir. Şindan qalası daş və kərpicdən hörülmüşdür. Daş və sarucdan hörülən qalanın hündürlüyü 18,50 metrdir. O, Heyran gədiyi və Astara - Nəmin yolundan rahatca görünür. Qərb tərəfində qədim qəbiristanlıq var. Mehranlı Isa xan və Musa xanın qəbiri bu qaladadır.
Şindan qalasında mühüm hadisələrdən biri Şah Abbas zamanında Talış Həmzə xanın - Astaranın hökmdarının qiyamıdır. O zaman Zülfüqar xan Qarmanlı - Ərdəbilin hökmdarı bu qalanı mühasirədə saxlamış və Həmzə xan dəniz yolu ilə Şirvana qaçmışdır. Qalaya şimal tərəfdən ancaq bir yol var. Gözətçi və sərkərdənin müşahidəsi üçün düzəldilmiş xüsüsi yerlər maraq doğurur. Qalanın dəniz səviyyəsindən 2000 metr yüksəklikdə olması onun yadelli işğalçılardan mühafizə məqsədilə tikildiyini söyləməyə əsas verir. Yerli xalqda olan inanca görə, Şindan qalası Babəkin qalalarından biridir.
Azərbaycanın qədim guşələrindən biri kimi Astara əsrlər boyu müharibə meydanı olmuşdur. Heç də təsadüfi deyildir ki, 1638-ci ildə Astarada olmuş məşhur alman səyyahı Adam Oleari yazırdı: “Astaralılar həmişə silahı hazır saxlayırlar”.
Rayonun Ərçivan kəndində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah Ismayıl Xətai tərəfindən ziyarət edilmişdir. Həmin kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Pensər kəndində Məşədi Abutalıb hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir.
Astarada IX-XIII əsrlərin yadigarı, Azərbaycan xalqının qədim mədəniyyətini və tarixini özündə əks etdirən Şeyx Məhəmməd Zalani, Şeyx Məhəmməd Dilimi, Şeyx Nəsrullah, Baba Rəsul, Baba Cəbrayıl, Baba Misi, Baba Məhəmməd, Seyid Camal, Sultan Əhməd Ibn Kərim, Seyid Kərim, Qırx Övliya, Xudavənd Xatun, Gəzəndaş və başqa onlarla ziyəratgahlar, pirlər, ocaqlar var. Maşxan kəndindəki Seyid Əhmədin məzar daşının XIV əsrə aid olması tanınmış tarixçi Məşədi Xanım Nemətova tərəfindən 1956-cı ildə tədqiq edilmişdir. O, məzar daşının üzərində bu ifadələrin yazılmasını müəyyən etmişdir: “Fələyin dərzisi elə bir köynək tikməmişdir ki, onu hamı axıra qədər geyə bilsin”.
“Şeyx Nəsrulla” ziyarətgahı Astara rayonun Sipyət kəndində, Bakı-Astara əsas yolundan təqribən 30 km, əhalinin yaşayış yerindən isə təqribən 4 km. aralıqda yerləşir. Ziyarətgah XIV-XV əsrlərə aid dövrləri əhatə edir. Ərazidə həmin dövrlərin görkəmli və müdrik şəxsiyyətləri Şeyx Nəsrulla, Şeyx Mirabbas, Şeyx Vəliəddinin qəbirləri var. Ziyarətgah ərazisində yerləşən bulaqdan yuxarıda kiçik bir təpə var ki, yaşlılar tərəfindən bu təpədə məscidin olması söylənilir. “Şeyx Nəsrulla” ziyarətgahı ərazisində ağır çəkiyə malik namaz daşı var. Ziyarətə gələnlər bu daş üstündə namaz qılırlar. Talış bölgəsində əfsanəvi səciyyə daşıyan gəlin daşları da bu ərazidə yerləşir.
Şeyx Zahid ocağı Şıxəkəran kəndində XV əsrə aid orta əsr abidəsidir. Şah Ismayıl Xətainin ana babası olan Şeyx Zahidin uyuduğu məzar hazırda müqəddəs məkana-ziyarətgaha çevrilmişdir. Ziyarətgahın ərazisində bir neçə qədim qəbir abidəsinin yerləşməsi də maraq doğurur.
Yazı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.