“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında erkən nigah, qohum evliliklər və onların fəsadı olan irsi xəstəliklərə qarşı maarifləndirmə!” layihəsinə başlamışdır.
Layihənin əsas məqsədi, erkən nigahların qarşısını almaqla, qohumlar arasında nigahın mənfi nəticələri və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigahla girməsinin qarşısını almaqdır.
Təlimlər üç ay müddətində 01 dekabr 2023 – 01 mart 2024-cü il tarixlərində Quba və Xaçmaz rayonlarında həyata keçiriləcəkdir. Ümumilikdə üç təlimi əhatə edəcək layihəyə 135 nəfər gənc cəlb olunacaqdır.
Layihənin ilk təlimi Quba rayonunda keçirildi. Tədbiri giriş sözü ilə açan “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova layihənin əhəmiyyəti və vacibliyini nəzərə çatdıraraq, gənclərə erkən nigahlara, qohum evliliklərə qarşı birgə mübarizə aparmağın vacibliyindən danışdı.
Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun müdiri Mənsur Ağayev, Quba rayon İcra Hakimiyyətinin hüquqşünası Qəmbər Abdullayev, Quba rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın əməkdaşı Cahid Mustafayev erkən nigahlarla bağlı öz fikirlərini bölüşdülər və qohum evliliklərin gələcək nəsillərin sağlamlığını sual altında qoymasını və onun mənfi fəsadlarını gənclərin nəzərinə çatdırdılar.
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilat bu seminarların layihədən sonra da davam etdirilməsini təmin etməyi qarşısına məqsəd qoyur.
Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.
© 2020 - Created by İLK XEBER.