“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Zərdab rayonunda “Erkən nikaha meyl salmağa dəyərmi” mövzusunda gənc və yeniyetmələr üçün maarifləndirici tədbir-təlim keçirib.
Tədbirdə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri və layihənin rəhbəri Samirə Mustafayeva layihə haqqında Zərdab peşə liseyində təhsil alan gənc və yeniyetmələrə məlumat verib. S.Mustafayeva layihənin əsas məqsədinin bölgələrdə yetkinlik yaşına çatmayan qızların təhsildən uzaqlaşdırılaraq, erkən nikahlara cəlb edilməsinin və onun yaratdığı fəsadların qarşısının alınması üçün valideynlərin, həmçinin ümumtəhsil məktəblərinin rəhbərlərinin və yuxarı sinif şagirdlərinin maarifləndirilməsindən ibarət olduğunu bildirib.
Sonra layihə üzrə təlimçi Nailə İsmayılova tədbirdə iştirak edən yeniyetmə gənclər və onların valideynləri ilə erkən nikahın qeyri-rəsmi olduğunu və onun gələcəkdə verəcəyi fəsadlar barəsində ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Zərdab rayon İcra Hakimiyyəti nəzdində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəyalə Niftəliyeva gənc və yeniyetmələrə hüquqlarından və erkən nikahın fəsadlarından danışıb.
Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva isə erkən evliliyə məcburetmədə ən böyük məsuliyyəti valideynin daşıdığını bildirib. Eyni zamanda, bu mövzuda onlara müraciət olunduqda hansı dəstəyi göstərdiklərindən danışıb.
Daha sonra təlim iştirakçıların sual-cavablarıyla dolğun və interaktiv şəraitdə davam edərək iştirakçılarla çay süfrəsi arxasında qeyri-rəsmi fikir mübadiləsi aparılıb.
© 2020 - Created by İLK XEBER.