“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Ucar rayonunda “Erkən nikaha meyl salmağa dəyərmi” adlı gənc və yeniyetmələr üçün maarifləndirici tədbir-təlim keçirib.
Tədbiri giriş sözü ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri və layihənin rəhbəri Samirə Mustafayeva açaraq layihə barədə geniş məlumat verib.
S.Mustafayeva bildirib ki, layihənin əsas məqsədi bölgələrdə yetkinlik yaşına çatmayan qızların təhsildən uzaqlaşdırılaraq, erkən nikahlara cəlb edilməsinin və onun yaratdığı fəsadların qarşısının alınması üçün valideynlərin, həmçinin ümumtəhsil məktəblərinin rəhbərlərinin və yuxarı sinif şagirdlərinin maarifləndirilməsindən ibarətdir.
Digər çıxışçı, layihə üzrə təlimçi Nailə İsmayılova tədbirdə iştirak edən yeniyetmə gənclər və onların valideynləri ilə erkən nikahın qeyri-rəsmi olduğunu və onun gələcəkdə verəcəyi fəsadlar barəsində danışıb. O, bu barədə ətraflı məlumat verərək fikrini açıq şəkildə ifadə edib və erkən evliliyə məcburetmədə ən böyük məsuliyyəti valideynin daşıdığını qeyd edib. N.İsmayılovaya görə, valideyn əgər yetkinlik yaşına çatmayan övladını "uşaq evliliyinə" məcbur edərsə, müvafiq qurumlar onun haqqında ciddi ölçü götürə, hətta barəsində həbs qərarı belə çıxara bilərlər. "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini olaraq bildirirəm ki, əgər yaxın ətrafınızda belə bir hal baş verərsə, mütləq komitənin 860 Dəstək Xəttinə zəng edərək məlumat verə bilərsiniz. Təbii ki, anonimlik qorunacaq" - deyə təlimçi fikrini davam etdirib.
Maarifləndirici təlim iştirakçıların sual-cavablarıyla dolğun və interaktiv şəraitdə davam etdirilib. Tədbirin sonunda iştirakçılarla çay süfrəsi arxasında qeyri-rəsmi fikir mübadiləsi aparılıb.
İlkxeber.org
© 2020 - Created by İLK XEBER.