Ermənistan Rusiyanın “ayağının altında” qala bilər - rus analitiklərdən xəbərdarlıq

Siyasi ekspert: “Paşinyan özünü daha çox ABŞ-ın səfiri kimi aparır, ona görə də gec-tez Moskva son və qəti sözünü deyəcək, Putin xəyanəti bağışlamır”

Rusiya-Ermənistan münasibətləri kritikləşməkdə davam edir. Daha doğrusu, rəsmi İrəvan Moskvadan uzaqlaşmaq siyasətini bir qədər də dərinləşdirib.

Nikol Paşinyan növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılmaqdan imtina etməklə, açıq mövqe ortaya qoymuş olub.

“Soros uşağı” kimi tanınan Nikol müəyyən dönəmdə Rusiya ilə balans saxlamağa çalışsa da, görünür, patronları onu radikal kurs seçməyə vadar ediblər.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın KTMT-nin tədbirinə qatılmaqdan imtinasına belə reaksiya verib: “Əgər bu, həqiqətən də belədirsə, biz təəssüf edirik. Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının öz iş qrafiki var. Amma belə görüşlər fikir mübadiləsi aparmaq üçün çox yaxşı səbəbdir”.

Bu arada rus analitiklər Ermənistanın Rusiyanın “ayağının altında” qala biləcəyinə dair proqnozlar veriblər.  

“Ermənistanda Ukrayna ssenarisi təkrarlana bilər. İrəvanı Kiyevin taleyi gözləyir. Qərb Ermənistanı silahlandırmaqla Cənubi Qafqaz regionunda, Rusiya Federasiyasının sərhədləri yaxınlığında münaqişə ocağı yaratmaq istəyir”.

Bu fikirləri APA-nın Rusiya bürosuna müsahibəsində rusiyalı hərbi-siyası analitik Yevgeni Mixaylov bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı, xüsusi ilə Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə cəhd edir: "İrəvanın qərbli tərəfdaşlarına Cənubi Qafqaz regionunda, Rusiyanın sərhədləri yaxınlığında münaqişə lazımdır"...

Mixaylovun fikrincə, Paşinyanın anti-Rusiya siyasəti Ermənistanın növbəti Ukraynaya çevrilməsi ehtimallarını artırır: “Düşünürəm ki, Ermənistan bu xətti davam etdirsə, Ukraynada baş verənlər təkrarlanacaq... Bəli, Ermənistana NATO gəlir, bunu birbaşa demək lazımdır. Heç bir sülhməramlı, müşahidə missiyası filan yox, birbaşa NATO gəlir. Düşünürəm ki, yaxın vaxtlarda Ermənistan üçün vəziyyət daha da pisləşəcək”, - rusiyalı hərbi siyasi analitik fikirlərini yekunlaşdırıb.

“Vestnik Kavkaza” İnformasiya Agentliyinin baş redaktoru, siyasi ekspert Andrey Petrov da Rusiyada Ermənistanın yeni Ukraynaya çevrilməsi ilə bağlı narahatlığın artdığını qeyd edib: “Burada söhbət Ermənistanda Ukraynada olduğu kimi hansısa hərbi əməliyyatların olacağından söhbət getmir. Söhbət ondan gedir ki, Ermənistan Rusiyadan tam üz döndərib Qərb tərəfə inteqrasiya xəttini götürəcək. Fransanın Ermənistana silah-hərbi texnika tədarükünü müşahidə edirik. Bu, artıq ciddi addımdır. Bu, sadəcə, hansısa siyasətçinin KİV-ə açıqlaması, bəyanatı deyil. Bu, real fəaliyyətdir... Narahatlıq var ki, Ermənistan hansısa məqamda Rusiyanın təhlükəsizliyi üçün təhdid yarada bilər. Çünki Ermənistanı bütünlüklə Qərb gücləri ələ alır”.

Petrov bildirib ki, Afrikada nüfuz dairəsini Rusiyaya uduzan Fransa Ermənistanla bunun əvəzini çıxmaq istəyir: “Afrikada koloniyalarını ard-arda Rusiyaya uduzan Paris indi Ermənistanı öz müstəmləkəsinə çevirmək istəyir. Çox güman ki, Ermənistan Fransanın koloniyasına çevriləcək”.

Rusiyalı ekspertin fikrincə, Moskva Ermənistana münasibətdə daha çox iqtisadi xarakterli tədbirlər görəcək.

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Qərbin Cənubi Qafqaza Ermənistandan daxil olduğunu bildirib: “...Ermənistan rəhbərliyi ölkəni Rusiyadan Rusiyanın düşmənlərinə - Fransa, Avropa İttifaqı, ABŞ və NATO-ya tərəf çevirmək istiqamətində böyük addımlar atır. Bununla İrəvan NATO-ya söykənməklə Azərbaycanla mübarizəni davam etdirmək istəyir. Düşünürəm ki, Fransa Rusiyadan qisas almağa çalışır. Fransa istəyir ki, nəhəng güc olduğunu nümayiş etdirsin”.

Rusiyalı politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirakdan imtina etməsini də şərh edib. O, KTMT və Avrasiya İttifaqının fəaliyyətinin Ermənistan tərəfindən sabotaj olunduğunu söyləyib: “Hər kəs gözləyirdi ki, Paşinyan KTMT-nin Minskdə keçiriləcək sammitini sabotaj edəcək. Bu, Paşinyana ona görə lazımdır ki, qərbli tərəfdaşlarına anti-Rusiya mövqeyini bir daha nümayiş etdirsin. Düşünürəm ki, Ermənistan KTMT-dən çıxa da bilər. Amma İrəvan təşkilatda qalaraq diversiya fəaliyyətini davam etdirəcək. Bu isə Qərbin, ən əsası da Rusiyanın düşmənlərinin marağındadır”.

Bu arada Ermənistanda parlament müxalifəti baş nazir Nikol Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirak etməmək qərarını demarş kimi qiymətləndirib.

2008-ci ildə Gürcüstan, hazırda isə Ukrayna təcrübəsi sübut edir ki, regionda Rusiya ilə qarşı-qarşıya gəlmək, Qərbə RF sərhədləri yaxınlığında açıq platsdarm vermək hansı ağır sonluqlara səbəb olur. Ermənistan bunu dərk etmir, yoxsa başqa çıxış yolu yoxdur? Qarşıda nələrin şahidi ola bilərik?


Azad Məsiyev

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, uzun müddətdir ABŞ Rusiyanı düşmən elan edib və Rusiyanı dövlət kimi xəritədən silmək istəyir. Bunun üçün də Rusiya ətrafında qaynar ocaqlar, Rusiyanın cəlb olunduğu müharibə ocaqları yaradılır: "Amerika “demokratiya” ideyası adı ilə Rusiyanın ətrafındakı dövlətlərdə çevrilişlər təşkil edir, həmin dövlətlərə öz adamlarını hakimiyyətə gətirərək Rusiyaya qarşı işlədir. Bunun ən bariz nümunələri kimi Gürcüstanı, Ukraynanı və Ermənistanı göstərmək olar. Ən son hakimiyyətə gətirdikləri Nikol Paşinyandır. Hazırda Nikol Paşinyan onu hakimiyyətə gətirənlərin diktəsi ilə Rusiyaya qarşı siyasi xəttini daha da gücləndirib. Cənubi Qafqaz Rusiya üçün strateji region sayılır. Başda ABŞ olmaqla, Qərb Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq, Rusiyanın Cənubi Qafqaz yolunu bağlamaq planını həyata keçirməyə çalışır. Bu planın reallaşdırılması üçün Ermənistanı önə çıxarırlar. Paşinyan isə bu planın həyata keçməsi üçün addımlar atır. Bu gün Ermənistanda bütün vəzifələrdə sorosçular əyləşdirilib. Onlar dövlət siyasətini açıq şəkildə Rusiya əleyhinə kökləyiblər, Ermənistan mediası Rusiyaya qarşı dəhşətli təbliğat aparır. ABŞ-ın Ermənistandakı səfirliyinin 2 minə yaxın əməkdaşı var. Onların yarısından çoxunun kəşfiyyatçılar olduğu bildirilir. Həmin kəşfiyyatçılar da Ermənistanda Rusiya əleyhinə fəaliyyət aparırlar, erməni cəmiyyəti tamamilə Rusiyaya düşmən ovqatına sürüklənir. Ermənistan üzərindən İrana qarşı planlar qurulur, eyni zamanda ABŞ Ermənistan üzərindən Azərbaycana təzyiq edir. Nikol Paşinyan qarşısında şərt qoyulub ki, qarşıdakı mərhələdə Rusiyanın hərbi bazalarının Ermənistandan çıxarılmasını həyata keçirsin. Eyni zamanda Ermənistanın KTMT-dən çıxması məsələsi Paşinyan iqtidarı qarşısında şərt kimi qoyulub. Ermənistanın KTMT-dən uzaqlaşmaq xətti götürməsi bu şərtin həyata keçirilməyə başlanmasıdır”.

Ekspert qeyd etdi ki, bütün bu baş verənlər təbii ki, Rusiyanı narazı salır. Rusiya Ermənistanın anti-Rusiya xəttinin qarşısını almaq üçün tədbirlər görməkədir.  Moskva artıq get-gedə bu qənaətə gəlir ki, Ermənistanı sakit və sözlə başa salmaq, azmış yolundan döndərmək mümkün deyil. Ona görə də artıq Rusiya mediasında siyasi ekspertlərin reallaşacaq hadisələrin anonsları sayılan proqnozları çoxalıb: “Rusiya Ermənistanı və onun indiki hakimiyyətini sərt şəkildə cəzalandırmaq, yumruqla düzgün yola qaytarmaq variantını tətbiq edəcək. Proses faktiki olaraq buna aparır. Rusiyanın Ermənistanda təsir rıçaqları var. Əksər sahələrə təsir rıçaqları mövcuddur. Rusiya bu rıçaqları da işə salacaq. Rusiya iqtisadi rıçaqlar vasitəsilə Paşinyan hökumətinə çox böyük təsir etmək imkanları var. Sadəcə olaraq, hələlik Moskva erməni xalqını özündən küsdürmək və ağır fəlakətlə üz-üzə qoymaq istəmir. Rusiya daha çox çalışır ki, təzyiqləri Nikol hökumətinə etsin və hökumətlə məsələni həll etsin. Ancaq belə görünür ki, Paşinyan ona verilmiş təlimatları həyata keçirməkdə qərarlıdır. Nikol Paşinyan özünü daha çox ABŞ-ın səfiri kimi aparır. Ona görə də gec-tez Rusiya son və qəti sözünü deyəcək. Rusiya özünün yaratdığı Ermənistan adlı dövlətin ona xəyanətini və uzun müddət meydan oxumasını həzm etməyəcək. Xüsusilə Vladimir Putin bu cür xəyanətləri bağışlamır. Nikol Paşinyan ABŞ-ın qurduğu oyunda iştiraka məhkum edilib. Lakin Putin Rusiyaya qarşı qurulan oyunda iştirakı ona bağışlamayacaq”.

“Yeni Müsavat”