Qarabağ ya olmayacaq, ya da... - Atanesyan

Qarabağ ya olmayacaq, ya da müəyyən insan hüquq və azadlıqlarının təminatı ilə Azərbaycanın tərkibində olacaq.

Axar.az xəbər verir ki, bunu separatçı Vahram Atanesyan deyib.

“Ekspert və siyasətçilərimizin bəzi nümayəndələri bəyanatlarda təmkinli olmağa, Rusiyanı günahlandırmamağa çağırırlar. Onlar illər ərzində deyirlər ki, Rusiya Azərbaycanla Türkiyənin düşmənidir, problemimiz olsa, bizi dəstəkləyəcək. Bu bizim erməni cəmiyyətində, həm Qarabağda, həm də Ermənistanda mövcud olan mütləq siyasi, eləcə də hüquqi savadsızlığın əlamətidir. Deyirlər, Paşinyan olmasaydı, Rusiya arxamızda dayanardı. Bu adamların politologiya təhsili azdır və ya heç yoxdur, başa düşmür və bilmirlər ki, 1997-ci ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı yardım və dostluq haqqında imzalanmış müqavilədən 3 ay əvvəl eyni saziş Azərbaycanla imzalanıb. 1997-ci ilin avqustunda Rusiya Azərbaycanla ilk müqavilə imzalamışdı. Orada söhbət ərazi bütövlüyünün tanınmasından, bir-birinin suverenliyindən, daxili işlərə qarışmamaqdan və s. gedirdi.

Sözügedən sazişə əlavə olaraq, Heydər Əliyev və Vladimir Putin tərəfindən 2001-ci ildə Bakı Bəyannaməsi imzalandı. Bundan sonra Rusiyanın bizə dəstəyi barədə danışmaq, xəyal qurmaq, gələcək müharibədə Moskvanın Bakıya qarşı silah istifadə edəcəyini düşünmək heç bir məntiqə sığmır.

Cəmiyyətin öz immuniteti olmalıdır. 2016-cı ildə Serj Sərkisyan 4 günlük döyüşdən sonra Moskvaya getmədi. O, Berlinə tələsdi və oradan Ermənistanın silahlarının 80-ci illərdən qaldığını bəyan etdi. Cəmiyyətə aydın olmalı idi ki, bu, Sərkisyanın Rusiyaya qarşı irəli sürdüyü ən ağır ittiham idi. Bunun ardınca Vyanada Rusiyanın da iştirak etdiyi böyük bir görüş oldu. Və əgər Ermənistan-Rusiya münasibətləri həqiqətən də müttəfiqlik üzərində idisə, bu görüş Moskvada Putin, Əliyev və Sərkisyan arasında keçirilməli, razılıq da o zaman əldə olunmalı idi. Ermənistanın müxalifəti 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistan-Rusiya münasibətlərinin zədələndiyini, pisləşdiyini təlqin etdikdə, bilsin ki, bu, doğru deyil.

Bütün xalqlar əraziyə sahib olmaq, iqtisadi resurslara sahib olmaq, kommunikasiyalara sahib olmaq üçün mübarizə aparır, yalnız biz milli ideya uğrunda mübarizə aparırıq, konkret olaraq onun hansı milli ideya olduğunu anlamadan. İndi Qarabağ Azərbaycanın bir hissəsi olmasın deyə onlarla fürsəti əldən verdik, boşa verdik və pisləşdirdik. Vəziyyəti o həddə çatdırdıq ki, ya Qarabağ olmayacaq, ya da müəyyən statuslu, insan hüquq və azadlıqlarının təminatı ilə Azərbaycanın tərkibində olacaq. Vəziyyət belədir. Bu vəziyyətdən çıxmaq mümkün deyil”, - o bildirib.