Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir - AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu “Euronews” televiziya kanalına verdiyi müsahibə regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında fikirlərini ətraflı şəkildə ifadə edib. Məlumdur ki, Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Bu baxımdan, Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsünü dəstəkləməlidir”.
Bu fikirləri İlkxeber.org-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir.  Məhz bu gün sülhə əngəl olan məhz Ermənistandır. Baxmayaraq ki, işğalçı ölkə 10 noyabr 2020-ci ildə kapitulyasiyaya imza atıb, amma hələ də üçtərəfli bəyanatın müddəlarını tam yerinə yetirmir. Belə ki, bu ölkə hələ də Qarabağ ərazisindən qanunsuz silahlı dəstələrini çıxarmayıb, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması öhdəliyinə əməl etmir. Bütün bunlar isə regionda vəziyyəti mürəkkəbləşdirir. Nəzərə almaq lazımdır ki, sülh sazişinin prinsiplərini müəyyən edən məhz Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir.
Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə proses davam edir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxlaq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. Avropa İttifaqının vasitəçiliyi ilə bağlı suala cavabından dövlətimizin başçısı bildirib: “Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki düşünürük ki, Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük”.
“Azərbaycan Prezidenti Ermənistan cəmiyyətinə də müraciətlə dedi ki, bu ölkənin rəhbərləri onları 30 il ərzində aldatmağa çalışıb, əsl həqiqəti gizlədiblər. Real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdırlar. “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar”, – deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin onlara normal həyat təklif etdiyini bildirdi. Normal həyat isə o vaxt təmin olunacaq ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar. Əks halda, onların vəziyyəti indikindən yaxşı olmayacaq. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri tezliklə seçim etməlidirlər”,-deyən Sevinc Fətəliyevanın fikrincə, Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də, rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır.


 Səid