“Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq qaçaqmalın keçirilməsi cəhdləri qəbulolunmazdır. Ermənistanın sərhəd postuna atəş açması nəticəsində bir hərbi qulluqçumuzun yaralanmasından sonra Laçın yolu ilə BQXK-nin humanitar məqsədləri üçün istifadə etməsinə şərait yaradılması Azərbaycanın humanist mövqeyinin ifadəsidir. Amma erməni tərəfi və BQXK bu humanist jestdən sui-istifadə etməyə çalışdı”.
Bu fikirləri “İlk xəbər”ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Laçın nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başladığı vaxtdan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Məsələ ilə bağlı BQXK-nin açıqlaması onların qanunsuz əməllərinə heç bir haqq qazandıra bilməz.
Millət vəkilinin sözlərinə görə, BQXK-nin Azərbaycanın Qarabağ bölgəsində mövcud formatda fəaliyyəti üçün heç bir hüquqi və humanitar zəmin yoxdur. Hüquqi aspektdən yanaşsaq, 1949-cu il Cenevrə konvensiyaları, onun 1977-ci il protokolları və 2005-ci il Əlavə protokollarının iştirakçısı olan dövlətlər təsisata silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verib. Belə bir vəziyyətdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlikdir. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Ona görə də, təşkilatın Xankəndidəki ofisi İrəvana yox, Bakıya tabe olmalıdır. Eyni zamanda, onların fəaliyyəti Ağdam-Xankəndi yolu üzrə tənzimlənməlidir.
“Bu gün Ermənistan BQXK-dan da öz məqsədi üçün istifadə etməyə çalışır. Amma erməni tərəfi öz məqsədlərinə çatmayacaq. Çünki dövlətimizin mövqeyi milli qanunvericiliklə yanaşı, beynəlxalq hüquq normalarına da əsaslanır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.
Səid
© 2020 - Created by İLK XEBER.