“Ankara” klinikasının baş həkimi: “Türkiyə ilə bizim münasibətlərimiz fərqlidir, oradan gələn preparatların daha uyğun qiymətə satılması lazımdır”
“Ankara” klinikasının baş həkimi: “Türkiyə ilə bizim münasibətlərimiz fərqlidir, oradan gələn preparatların daha uyğun qiymətə satılması lazımdır”
“İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”. Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, dərmanların qiymətləri çox bahadır, amma bunun qarşısını almaq üçün tədbirlər görülmür: "Avropa dərmanları bizim bazardan çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını ölkəyə gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar".
Xatırladaq ki, Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir. Belə ki, əczaçılıq sənayesinin inkişafı üçün dövlət tərəfindən zəruri infrastruktura (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) malik Pirallahı Sənaye Parkı yaradılıb. Artıq 5 sahibkarlıq subyekti ixtisaslaşmış Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Məlumata görə, artıq bir şirkət tərəfindən göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin (“Fungipar”, “Diasmet”, “Rosapar” və s.) istehsalına başlanıb və hazırda həmin dərman vasitələri satışdadır.
Ötən il baş nazir Əli Əsədov da bildirmişdi ki, Azərbaycan dərman məhsullarının 95 faizindən çoxunu idxal edir. “Dərman vasitələri Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir. Şura tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2 faizidir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur", - deyə baş nazir qeyd etmişdi.
Bəs ölkədə dərman qiymətlərinin baha olması nə ilə əlaqədardır? Bu sahədə Türkiyə ilə əməkdaşlıq niyə yetərincə deyil?Zülfüqar Yusifov
Zülfüqar Yusifov
Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Dərmanların qiyməti, müəyyən dərmanların çatışmazlığı ilə bağlı zaman-zaman suallar yaranır, müzakirələr aparılır. Yəni məsələ uzun zamandır öz aktuallığını saxlayır, bəlkə də bu davam edəcək. Ümumiyyətlə, siyasət bu şəkildə qurulub ki, ölkəyə gətirilən dərman və istehsal olunan dərmanlara Səhiyyə Nazirliyi tərəfindən göstərişlər əsasında müəyyən qiymət qoyula bilər. Deyə bilərik ki, qiymət siyasəti ümumən stabildir və nəzarətdədir. Lakin məsələ budur ki, dərman istehsalımız müəyyən qədər olsa da, dərman çeşidləri çoxdur. Bir sıra dərmanlar var ki, əhali sayı çox olmayan ölkə üçün ixrac etmək mümkün deyil. Yəni bir sıra dərmanlar var ki, ölkə əhlisinin sayına görə çox az hallarda ixrac olunur və bu zaman həmin dərmanların kənardan gətirilməsinə ehtiyac yaranır. Bundan istifadə edən bəzi insanlar həmin dərmanları gətirib, ehtiyacı olan insanlara çox baha qiymətə satır. Əlbəttə, daha yaxşı olar ki, aidiyyəti qurumlar az tapılan və ya az ehtiyac olan dərmanlarla bağlı siyasət ortaya qoysun. Belə ki, bu cür dərmanlar poliklinika tərəfindən mərkəzləşdirilib, sorğu əsasında alına bilər və yaxud hansısa apteklər şəbəkəsi sırf bu qrup dərmanların əldə olunması üçün canlı fəaliyyətə cəlb oluna bilər. Bu zaman onlar sorğunu götürür və vətəndaşın ehtiyacı olduğu dərmanın üzərinə qanuni əmək haqqı qoyaraq, sata bilər və sairə... Lakin məlum olduğu kimi, ölkə daxilində bütün dərman ehtiyacının ödənilməsi mümkünsüzdür. Bu baxımdan qardaş Türkiyə ilə əlaqələr baxımından deyilən fikirlə razılaşmamaq olmur. Yəni Türkiyə ilə bizim münasibətlərimiz daha fərqlidir, oradan gələn preparatların daha uyğun qiymətə satılması lazımdır. Fikrimcə, aidiyyəti orqanlar bunu dialoqla yoluna qoya bilər. Sadəcə, istək və çalışmağın olması yetərlidir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”