Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradan və bu münasibətlərin möhkəm bünövrəsi olan hüquqi baza yaradılıb.
Bunu AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, rəsmi Bakı və Vilnüs müxtəlif beynəlxalq parlament strukturlarında, o cümlədən ATƏT, Avropa Şurası, NATO, Avropa İttifaqı və digər təşkilatlarda fəal əməkdaşlıq edir. Azərbaycan Prezidenti ilk dəfə 2007-ci ildə Litvaya səfər edib və bu səfər zamanı aparılmış müzakirələr ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 18-də Davosda litvalı həmkarı ilə görüşüb. Prezident İlham Əliyevin mayın 22-də Litvaya rəsmi səfəri yüksələn xətt üzrə inkişaf edən ikitərəfli münasibətlərə yeni impuls verəcək.
"Bakı və Vülnüsün intensiv siyasi dialoqla yanaşı, iqtisadiyyat və ticarət sahəsində də əməkdaşlığı dərinləşdirmək niyyətində olduğu, bu istiqamətdə səy göstərildiyi nəzərdən qaçmır. Xüsusən, Azərbaycanın təşəbbüskarı olduğu Şərqlə Qərb arasında nəqliyyat dəhlizi layihələri, Avropanın enerji təhlükəsizliyi ilə bağlı təşəbbüsləri Litva üçün cəlbedicidir. Eyni zamanda, yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı Bakının gördüyü işlər və bu sahədə əməkdaşlıq Litva üçün həm təhlükəsizlik, həm də iqtisadi maraqlar baxımdan strateji maraq doğurur", - deyə Z.İbrahimov qeyd edib.
Ekspert deyib: “Prezident İlham Əliyevin Litva səfəri yaxın gələcəkdə Azərbaycanın iqtisadi maraqlarının təmin olunması baxımından yeni imkanlar yaradacaq. Litva, eyni zamanda Avropa İttifaqının üzvü kimi Azərbaycan üçün əhəmiyyətə malikdir. Litva Bakı-Brüssel münasibətlərində obyektiv mövqeyi və yanaşması ilə seçilir və bu, ölkəmizin mənafelərinin qorunması üçün çox vacibdir. Prezident İlham Əliyevin səfəri bu sahədə Azərbaycanın Avropa İttifaqı müstəvisində də mövqelərini möhkəmləndirəcək və Bakının təşəbbüskarı olduğu layihələrə siyasi dəstəyi gücləndirəcək".
© 2020 - Created by İLK XEBER.