ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
İlkxeber.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, danışıqlar zamanı Blinken Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının vacibliyini vurğulayıb və ABŞ-dan lazımi dəstək vəd edib.
Millerin sözlərinə görə, ABŞ dövlət katibi sülhün əldə olunmasının mümkünlüyünə inandığını bildirib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin tikilməsi məsələsini qaldırıb.
“O, həmçinin Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini zəiflətməsindən ABŞ-ın dərin narahatlığını ifadə edib və Laçın yolunun tez bir zamanda kommersiya və şəxsi nəqliyyat üçün açılmasının vacibliyini vurğulayıb. ABŞ Dövlət Departamentinin sözçüsü Blinkenin Azərbaycan prezidenti ilə telefon danışığını şərh edərkən bildirib.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev qeyd edib ki, Bakı sülh gündəmini dəstəkləyir və Ermənistanla sülh müqaviləsi və münasibətlərin normallaşdırılması üzrə danışıqların başlanmasının təşəbbüskarı məhz Azərbaycan olub.
Prezident qeyd edib ki, bu kontekstdə Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip təklif edib.
Azərbaycan-Ermənistan dövlət sərhədində “Laçın” sərhəd-keçid məntəqəsinin tikintisi ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu keçid məntəqəsinin quraşdırılması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun təmin olunub.
Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, əksinə, nəzarəti təmin etməkdir və artıq bu məntəqədən keçid həyata keçirilir.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarının Azərbaycan Konstitusiyası və ölkəmizin tərəfdarı olduğu beynəlxalq sənədlər çərçivəsində təmin ediləcəyi bildirilib.
Miller Blinkenin Ermənistanın baş naziri Paşinyanla telefon danışığından da danışıb.
Blinken bir daha təsdiqləyib ki, birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə nail olmağın yeganə yoludur.
"O, həmçinin baş nazirin sülh prosesinə sadiqliyinə görə minnətdarlığını ifadə edib", - Miller deyib.
© 2020 - Created by İLK XEBER.