Laçın yolunda sərhəd-nəzarət mexanizminin təsis edilməsi hərəkət üzrə şəffaflığı təmin edəcək.
İlkxeber.org xəbər verir ki, bu fikir, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatda yer alıb.
Azərbaycan Hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Məlum olduğu kimi, Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar.
Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə, 22 aprel 2023-cü il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb və 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub.
Bununla yanaşı, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Üçtərəfli bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra, Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi və hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib.
Qeyd edilən təhdidlər və təxribatlar nəzərə alınaraq, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcəkdir.
Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.
Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.
Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.
Azərbaycan tərəfi, Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir.
© 2020 - Created by İLK XEBER.