Ermənistanın XİN başçısı: "Bəzi məsələlərdə Bakı ilə mövqeləri yaxınlaşdıra bildik"

“Azərbaycan və Rusiya Federasiyasının xarici işlər nazirləri ilə 2022-ci il dekabrın 23-də Moskvada keçiriləcək görüşü ləğv olunmasa da, təxirə salınıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyanın xarici işlər naziri Qordan Qriç Radmanla keçirdiyi mətbuat konfransında deyib.
Ermənistan tərəfinin sülh sazişi ilə bağlı təkliflərinə Bakıdan gələn cavabla bağlı sualı cavablandıran nazir bir gün əvvəl Berlində dediklərini təkrarlayıb.

Onun sözlərinə görə, danışıqlar uzun prosesdir, tərəflər cavab, şərh, təklif mübadiləsi aparır. Paralel olaraq nazirlərin görüşləri keçirilir.

Erməni nazir bir daha rəsmi İrəvanın danışıqlardakı mövqeyini səsləndirib. O, ötən ilin dekabrın 23-də Moskvada keçiriləcək görüşdə Laçın dəhlizini blokadaya alınmasına görə Ermənistanın iştirakını mümkün saymadıqlarını deyib.

“Amma dediyim kimi, hər halda biz təklifləri verdik. Və 10-15 gün əvvəl Azərbaycandan cavab aldıq. Əslində biz müzakirələr mərhələsindəyik. Demək istəyirəm ki, danışıqlar prosesi bütövlükdə dayanmayıb. İndi təkliflərə münasibətimizi bildirəcəyik”, - deyə o, qeyd edib.

Nazir təklif və iradların məzmununu açıqlanmasının indiki mərhələdə yersiz hesab edib. Bununla belə, o, “bəzi məsələlərdə mövqelərin yaxınlaşdırıldığını”, “bəzilərində isə irəliləyiş olmadığını” bildirib.

"Ermənistan tərəfinin prinsipial hesab etdiyi məsələlər var ki, onlar ictimaiyyətdə çox müzakirə olunub", - deyə Mirzoyan söyləyib.

“Görüşə gəlincə, biz onu ləğv etməmişik, sadəcə təxirə salmışıq. Necə deyərlər “əlverişli anda” biz ona geri qayıdacağıq, - deyə erməni nazir qeyd edib.

Görüş yerinin harda olması məsələsinə gəlincə Ararat Mirzoyan onun Moskvada və ya başqa yerdə ola biləcəyini vurğulayıb. O, görüşlərin müxtəlif şəhərlərdə keçirildiyini xatırladıb. Erməni nazirin sözlərinə görə, yer seçimi vacibdir, lakin prosesə fövqaladə əhəmiyyətli dərəcə dətəsir göstərmir. “Biz Moskvada da görüşə hazırıq”, deyə Ermənistanın XİN rəhbəri yekunlaşdırıb.