Türkiyədə elan edilən 7 günlük matəm fonunda Ankarada türk xalqı ilə həmrəylik əlaməti olaraq bir çox xarici diplomatik nümayəndəliklərin binalarında bayraqlar yarıya endirilib.
İlkxeber.org bildirir ki, Türkiyənin 10 vilayətində zəlzələnin episentri Kahramanmaraşda baş vermiş dağıdıcı zəlzələlərin nəticələri ilə bağlı bir çox ölkədən diplomatlar başsağlığı verib.
Ölkəmizin Türkiyədəki səfriliyinin binası önündəki Azərbaycan bayrağı yarıya endirilib. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşıb. "Türkiyənin kədəi bizim kədərimizdir. Keçmiş olsun, Türkiyə. Dualarımız sizinlədir", - deyə o qeyd edib.
Türkiyə ilə həmrəylik əlaməti olaraq Türk Dövlətləri Təşkilatının İstanbuldakı ofisində bayraqlar yarıya endirilib.
Digərləri ilə yanaşı, Amerikanın Ankaradakı səfirliyində bayraq yarıya endirilib.
Diplomatik nümayəndəlik sosial şəbəkələrdə Türkiyə və xalqına dəstək sözlərini ehtiva edən mesaj yerləşdirib. “Türkiyə ilə həmrəylik əlaməti olaraq bayrağı yarıya endirərək faciə qurbanlarına və faciəvi zəlzələlər nəticəsində həlak olanların xatirəsinə hörmətlə yanaşdıq. Türkiyəyə başsağlığı verir və yaralılara tezliklə şəfa diləyirik”, - ABŞ diplomatik missiyasının bəyanatında deyilir.
Böyük Britaniyanın Ankaradakı səfirliyi tərəfindən sosial şəbəkələrdə bayraq yarıya endirilmiş fotolar yerləşdirilib. "Ağrı və kədərinizi bölüşürük... Hörmətlə", - Britaniya diplomatik missiyası şərhində bildirib.
Həmçinin, Almaniyanın Ankaradakı səfirliyi tərəfindən yarım dirəkli bayraqlı foto dərc edilib. “Biz yas içindəyik” şərhində deyilir.
Fransanın Türkiyədəki səfirliyinin sosial şəbəkədəki paylaşımında deyilir: “Bu gün Türkiyə ilə həmrəylik üçün bayraqlarımızı yarıya endirmişik”.
Həmçinin, bayraq yarıya endirilmiş foto İsveç səfirliyi tərəfindən yayılıb. İsveç diplomatik missiyasının şərhində "Türkiyə xalqına səmimi başsağlığımızı bildiririk" deyib.
© 2020 - Created by İLK XEBER.