Türkiyə bir İLKƏ imza atdı - Ərdoğan mükafat alacaq

24 fevral 2022-ci il tarixindən başlayan hərbi əməliyyatlar bu gün də davam edir. Demək olar ki, hər gün Rusiyanın şok itkiləri barədə məlumatlar yayılır.

Bəs Rusiya-Ukrayna müharibəsi nə vaxta kimi davam edə bilər?

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, hərbi ekspertlər, politoloqlar, strateqlər müharibənin bu qədər davam edəcəyini proqnozlaşdırmırdılar:

"Lakin istənilən halda hazırkı reallıqlar onu deməyə əsas verir ki, savaş bu il də davam edəcək. Bu müharibə ilk növbədə dünya iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə zərbə vurdu, digər neqativ hallara gətirib çıxardı. Burada Türkiyənin rolunu xüsusilə vurğulamaq lazımdır. Bu müharibənin dinc, siyasi-diplomatik yollarla nizamlanması üçün prezident Rəcəb Tayyib Ərdoğanın, Türkiyə diplomatiyasının çoxsaylı cəhdləri oldu. Antalya Diplomatik Forumunda Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkili, İstanbul prosesi çərçivəsində nümayəndə heyətlərinin görüşü, eyni zamanda "Taxıl dəhlizi"nin işə düşməsi, əsirlərin dəyişdirilməsi və savaşa dair digər siyasi raundlarda Türkiyə moderator və vasitəçi qismində iştirak edirdi.

Bu cür vasitəçilik imkanları təqdim edən digər dövlətin adını çəkmək çətindir. Çünki bu rolu Türkiyə öz üzərinə götürüb. Bu xidmətlərinə görə Ərdoğana Nobel Sülh mükafatı verilə bilər. Eyni zamanda Ukrayna müharibədə dönüş etdi, torpaqlarını azad etdi. Eləcə də Qərbin güclü maliyyə, iqtisadi, hərbi dəstəyi Ukrayna tərəfinə müəyyən üstünlüklər qazandırdı. Kiyev ətrafında olan Rusiya ordusu bu gün Donbasa çəkilib. Eyni zamanda Xerson, Zaporojye, Luqansk və Donetsk ərazisinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendum da Ukrayna tərəfini dayandıra bilmədi. Çoxsaylı nüvə təhdidlərinə, risklərinə baxmayaraq, Ukrayna bu gün də Baxmutda öz ərazilərini geri almaq üçün mücadiləsini davam etdirir. Vladimir Zelenski və Putinin 2022-ci ilin yekunları ilə bağlı xalqa müraciətlərində ilk növbədə hərbi seqment qeyd olundu. Rusiya prezidenti hərbçilər önündə xalqı təbrik etdi. Ukrayna prezidenti isə Rusiya tərəfini günahlandırdı və sülhün vacibliyinə diqqət çəkdi. Bu müharibə həm də digər bölgələrə təsir etdi. Belə ki, bir sıra dondurulmuş, yaddan çıxmış və heç bir əhəmiyyət daşımayan münaqişələr də alovlandı, yaxud bu ətrafda müəyyən gərginliklər oldu. Düşünürəm ki, 2023-cü ildə hər vəchlə çalışmaq lazımdır ki, müharibə dayansın və ərazi bütövlüyü kontekstində öz həllini tapsın".

Musavat.com