Gənc şair Əyyub Türkayın uşaqlar üçün qələmə aldığı "Sovqat" uşaq şeirləri kitabı işıq üzü görüb. Kitabda məktəbəhazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün müxtəlif mövzulu uşaq şeirləri, təmsillər və tapmacalar yer alıb.
Müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən olan Əyyub Türkay (Əyyub Ağakərim oğlu Məmmədov) 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2008-ci ildən Cənub Televiziyasında teleaparıcı-jurnalist vəzifəsində çalışmaqla yanaşı, dövrü mətbuatda publisistik məqalələri və şeirləri ilə çıxış edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2020) , "Qızıl qələm" Media Mükafatı laureatıdır (2022). Əyyub Türkayın uşaqlar üçün qələmə aldığı "Sovqat" uşaq şeirləri kitabı 2022-ci ildə balaca oxucuları ilə sayca ikinci görüşüdür. "Balacaların şeir çələngi" adlı ilk uşaq şeirləri kitabı qısa zamanda geniş oxucu kütləsi qazanmışdır.
Qeyd edək ki, "Sovqat" kitabı Bakı şəhərində "İmza" nəşrlər evində çapdan çıxıb. Kitabın ön söz müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova, redaktoru və korrektoru isə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şair Ziya Dilsuz və Əhməd Haqsevərdir.
© 2020 - Created by İLK XEBER.