Zahid Oruc: “Seçkilərdə iştirak edən partiyalar Milli Məclisdə təmsil olunmadıqları halda da dövlətdən maliyyələşəcək”

Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc maraqlı təkliflərlə çıxış edib. 

Həmin çıxışı təqdim edirik:

"Milli Məclisin 3 komitəsi tərəfindən birgə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” qanun layihəsi 45-dən artıq dəyişikliklərdən sonra yalnız parlament partiyaları və bütövlükdə Milli Məclisin təşəbbüsü ilə deyil, eləcə də parlamentdə təmsil olunmayan 50-dən çox partiyanın, həmçinin 3-cü sektorun, vətəndaş cəmiyyəti institutlarının birgə layihəsi kimi təqdim oluna bilər. Sentyabrın 8-də layihənin ilk dəfə Milli Məclisin saytında yerləşdirilməsindən keçən vaxt ərzində qanunvericilk orqanı tərəfindən göstərilən yüksək aşkarlıq və siyasi razılaşma mühiti, bir-birilə uzlaşmayan mövqelər arasında ortaq nöqtələrin tapılması layihənin demokratik və şəffaf prinsiplərə əməl edilməklə hazırlandığını və qəbul olunacağını deməyə əsas  verir. Dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı qanun layihəsi, gizli və ya qapalı şəraitdə deyil, açıq və şəffaf, qabaqcıl ölkələrdə qəbul olunan prosedurlara tam uyğun sayıla bilər.

Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğuda vətəndaşlar  tərəfindən yüksək dəstək alan müddəaların layihədə daha da genişləndirilməsi, müdafiə olunmayan təkliflərinsə sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, sənəd xalqımızın siyasi iradəsini ifadə edir, Vətən müharibəsindən sonra qalib siyasi sistemin formalaşdırılması kursu fərqli ideologiyalara malik  və baxışları bir-birindən kəskin fərqlənən siyasi və sosial təbəqələr tərəfindən dəstəklənir. Yeni qanun layihəsi bütün partiyaların birgə layihəsidir, konsensus əldə olunub və layihə ortaq razılaşma aktı adlandırıla bilər. Prezident İlham Əliyevin 30 yaşlı hakim partiyanın yubiley mərasimində bəyan etdiyi qalib dövlət və qalib partiyalar quruculuğu üçün yeni hüquqi bazanın yaradılması siyasi həmrəylik mühitinə zərbə vurmamalı, əksinə onu gücləndirməlidir.

İkincisi,1992-ci ildə qəbul edilən və hazırda qüvvədə olan qanunu olduğu kimi saxlamağı təklif edən və bununla da yeni layihəyə qarşı çıxanlar son iki ayda aparılan iki ictimai dinləmələrdə iştirak edən 100-dən artıq ictimai-siyasi statuslu şəxslərin açıq və demokratik müzakirələri, yüzdən artıq media orqanında gedən çoxsaylı diskussiya və debatları nəticəsində layihəyə qarşı yalnız bir partiya qalacağı şübhə doğurmur və onlar da artıq meydanda təkdir. Yalnız mənəvi baxımdan deyil, həm də hüquqi və siyasi cəhətdən köhnələn və məğlubiyyət dövrünü özündə əks etdirən 92-cı il qanununu yenisi ilə əvəz etmək partiyaları yeni kəmiyyət və keyfiyyət mərhələsinə çıxaracaq, onları milli mənafelərin qoruyucusuna və gücləndiricisinə çevirəcəkdir.

Növbəti məqam, müzakirələr zamanı layihənin yalnız bir partiyanın, yaxud hökumətin mənafelərini ifadə etdiyi haqda deyilənlər son dəyişiklərlə tam aradan qalxır və hakimiyyət sübut edir ki, siyasi rəqabəti gücləndirməkdən, alternativ baxış və ideologiyalarla meydan verməkdən çəkinmir, əksinə bunda maraqlıdır. Yəni, yeni layihə bir pariyanın istəklərinə deyil, çoxpariylalığın mənafelərinə cavab verir.

Sorğular zamanı vətəndaşlarımızın 25 faizə qədər hissəsinin siyasi həyatla aktiv maraqlanmadığını bir daha xatırlayaraq, son dəyişikliklər vətəndaşların ictimai və dövlət quruculuğu prosesində fəal iştirakına imkan verir, partiyaların siyasi mühiti və siyasi məkanı formalaşdırmasına, ondan kənarda qeyri-siyasi qüvvələrin və xarici qüvvələrin, qeyri-formal nüfuz sahiblərinin ölkə həyatında aparıcı mövqe tutmasının qarşısını alır.

Partiyaların yaradılması üçün üzv tələbənin 10 mindən 5 min nəfərə endirilməsi ölkəmizdə səsvermə hüquqlu vətəndaşların bir faizindən də aşağı göstəricidir, bu özlüyündə yetərincə demokratik bir normadır və Venetsiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi tövsiyyələrə-yəni, səsvermə hüquqlu əhalinin bir faizi normasına tam uyğundur.Göründüyü kimi, son 30 ildə əhalinin artması və güclü partiyalar sisteminin qurulması tam normal hüquqi-ictimai əsaslara söykənir, əhalinin siyasi təşkilatlanmasına təkan verir və əsla diskriminasiya xarakteri daşımır.

Dövlətin partiyaları total kontrola alacağı ilə bağlı narahatlıqlar demək olar,  tam aradan qaldıırılıb, xüsusilə də maliyyə nəzarətinin Hesablama Palatası və siyasi fəaliyyətin qanunvericiliyə uyğunluğunun MSK-ya aid edilməsi nəticəsində hər hansı dövlət orqanının partiyalar üzərində əlahiddə nəzarət, yaxud diqtə orqanına çevrilməsinə yol vermir. Düşünürük ki, obyektiv beynəlxalq təşkilatlar bu müddəaları mütərəqqi addımlar kimi dəyərləndirəcəklər. Digər tərəfdən, partiyalarla bağlı dövlət orqanları tərəfindən atılan addımların məhdudlaşdırıcı deyil, yalnız siyasi plüralizm, açıq və ədalətli rəqabət, mübarizə mühitinin gücləndirilməsinə xidmət edəcəyi sənəddə xüsusi yer alıb.  

Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəaların layihədən çıxarılması müzakirələr zamanı səslənən alternativ rəylərə, müxalif fikirlərə müsbət dəyər verildiyinin göstəricisidir. Eləcə də  seçki kampaniyasında iştirak üçün daha stimullaşdırıcı normanın Azərbaycanın müstəqillik tarixində ilk dəfə qanunuvericilik layihəsinə daxil edilməsi birləşmək və siyasi proseslərdə təşkilatlanmaq, dövlət həyatında iştirak etmək üçün vətəndaşları aktviliyə səsləməklə yanaşı, Milli Məclisdə təmsilçilik hüququ qazanmayan nisbətən zəif partiyaları maddi cəhətdən gücləndirməyə imkan yaradır, onların qeyri-rəsmi və kriminal pullardan, o cümlədən xarici maliyyə mənbələrindən asılığına zərbə vurur. Azərbaycanda ilk dəfə, dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir modeli qanunvericiliyə  daxil edir. 25.2.4 və 24.2.5 maddələrini bu baxımdan inqilabi addımlar kimi xarakterizə oluna bilər. Əlbəttə, Venesiya Komissiyasının 2010-cu il tövsiyyələrində qeyd olunduğu kimi, burada yalnız bir mənbədən-dövlət vəsaitindən asılı olmamaq üçün keçid müddəlarında qeyd olunub ki, həmin vəsaitin yuxarı həddi partiyanın illik gəlirlərinin iki misli həddində olmalıdır və bu düzgün yanaşmadır. Digər tərəfdən, indiyədək illik hesabatlarında gəlirlərini “sıfır” kimi göstərən təşkilatlar artıq qanuni fəaliyyətdə, belə demək olarsa, qeyri-formal gəlirlərini rəsmiləşdirməkdə maraqlı olacaqlar ki, dövlət büdcəsindən maliyyələşə bilsinlər. Xatırladaq ki, partiyaların maliyyələşməsinə başlanıldığı 2010-cu ildən bu yana parlamentdə təmsil olunmayan, lakin 3 faizlik həddi keçən siyasi qüvvə olmayıb. Bu isə fakitiki həmin normanın qeyri-işlək duruma gətirib. Ona görə də “seçkilərdə iştirak etməyən partiyaların cəzalandırılması doğru deyil” deyənlərin mövqeləri nəzərə alınıb, həmin müddəa layihədən çıxarılıb, lakin seçkilərə və siyasətə marağı daha da artıran mühüm yeni qərar verilib. İnanırıq ki, bu müddəalar siyasi rəqabətdə, açıq mübarizə müstəvisində köklü keyfiyyət dəyişikliyinə səbəb olacaq və dövlət üçün partiyaları kadr bazasına çevirəcək, daha məlumatlı və maariflənmiş birliklərinin yaranmasına kömək edəcəkdir.

Layihənin qəbulunun hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəlara yol verilməyib. Xüsusilə də bir çox çıxışlarda gələcəkdə Xankəndində yaşayan ermıənilərin azərbaycan cəmiyyətinə yenidən dönüşünü stimullaşdırmaq əvəzinə onlara hüquqi cəhətdən ayrılmaq imkanı verildiyi deyilən normalara yenidən baxılıb  və istənilən bölgə statuslu partiya yalnız lokal ərazi vahidlərində deyil, ölkənin əksər coğrafi bölgələrində sosial dayaqlar axtarmağa məcbur olacaqdır. Əlbəttə, bir çox ölkələrin praktikasında belə müddəalar mövcuddur ki, “siyasi partiyanın mərkəzi qərargahı yalnız paytaxtda olmalıdır” norması əksini tapıb. Hər halda müzakirələrdə buna münasibət bildirilməsi də yaxşı olardı.

Venesiya Komitəsinin təmsilçiləri ilə Parlament Komitələri istənilən formatlı görüşə hazırdır. Birinci dinləmə zamanı, belə bir fikir səsləndirilmişdi ki, beynəlxalq təşkilatların reaksiyası necə olacaq, xüsusilə də Avropa təsisatları qarşısında müəyyənləşdirilən öhdəliklər baxımından sənəd beynəlxalq tələblərə uyğundurmu? Biz tam məsuliyyətlə deyə bilərik ki, layihə son dəyişikliklərdən sonra mütərəqqi mahiyyət daşıyır, onun ölkəmizə qarşı hər hansı daxili-xarici təzyiqlər və tənqidlər subyektiv xarakter daşıyacaq. Biz keçmiş sovet məkanı ölkələri, o cümlədən  Gürcüstan və Ermənistandan demokratik proseslərin inkişafına görə geri qalmırıq. Lakin Azərbaycanı xarici mərkəzlərdən idarə etməyə, yaxud Milli Məclisi əvəz edərək qanun və hüquqi aktları kənardan diqtə etməyin də əleyhinəyik.

Beləliklə, qısa şəkildə layihədə ilk dəfə tətbiq olunan normaları bir daha səsləndirməyi vacib sayırıq:

  • Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
  • Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur. Bu müddəa keçirilən rəy soğrusunda da vətəndaşlarımız tərəfindən müdafiə olunmuşdu.
  • Proqrama malik olmaq tələbi qeydiyyatda olan partiyalara da şamil olunmuşdu.
  • Şəxs yalnız bir siyasi partiyanın üzvü ola biləcək.
  • Siyasi partiyanın üzvünün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqqının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməyəcək. Əvvəlki variantda müəyyənləşən 10 min manat həddi müəyyən qədər çərçivə sayıla bilərdi, lakin indi təklif olunan variant ölkəmizdə iqtisadi-sosial şəraitin yaxşılaşması və vətəndaşların gəlirlərinin artması fonunda minimal əmək haqqının yüksəlməsi ilə o məbləğ və beləliklə, partiyaya edilən bir nəfərin ianəsinin yuxarı həddi də artacaqdır.
  • Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan olunur.
  • Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edə biləcək.
  • Siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək.
  • Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.
  • Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
  • Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır .
  • Son dəyişikliklər layihənin Konstitusiya uyğun olmadığını deyənlərin əks arqumentlərini tam aradan qaldırır,  1 maddəsində göstərildiyi kimi tətbiq edilən hər hansı məhdudiyyətlər yalnız Konstitusiya çərçivəsində olmalı, nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
  • Yeni maddə: 3.11. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri kimi siyasi partiyaya tətbiq edilmir. Deməli, partiyalar digər hüquqi şəxslərdən üstün tutulur.
  • Yeni maddə: 9.4. Siyasi partiyanın bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ləğvi siyasi partiyaya qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edilir. Bir daha sübut olunur ki, ortada olan çoxillik inamsızlıq mühitini aradan qaldırmaq üçün qeydiyyatın ləğvinə deyil, alternatic yollara əl atılmasına üstünlük veriləcək.
  • 1. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. Yəni, çox böyük diskussiyya və mübahisələrə səbəb olan   20 il daimi yaşama müddəası layihədən çıxarılıb.
  • Yeni maddə:8. Siyasi partiyanın aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur. Deməli dövlət partiyların maliyyə mənbələrinin genişlənməsində maraqlıdır.

İnanırıq ki, yeni dövlət və millət quruculuğunun ayrılmaz bir parçası olan partiyaları Qələbədən sonrakı siyasi sistemdə aktiv iştiraka cəlb etmək üçün qarşıda açıq və demokratik mühitdə aparılan müzakirələr kamil bir qanunun qəbuluna imkan verəcəkdir. Dövlətin məqsədi siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün gerçək əsasların genişləndirilməsidir".