Elxan Şükürlü
1979-cu ilə - islamçılar hakimiyyət başına gələnədək, İran Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqlərindən biri olub.
Ancaq 1979-cu ildə hakimiyyətə gələn islamçı Xomeyninin qurduğu, 1989-cu ildənsə Xamenei tərəfindən davam etdirilən “Vilayəti-fəqih” sistemi bütövlükdə təməlində “Vestfal prinsipləri”nin durduğu Qərb düzəninə qarşı olduğundan və özündə dünya nizamına yeni baxışları əks etdirdiyindən, rəsmi Tehranın “Böyük Şeytan” saydığı ABŞ düz 43 ildir ki, İrandakı dini rejimi dəyişməyi və bu ölkəni əvvəlki siyasi kursuna qaytarmağı hədəfləyib.
Tutulan anti-Qərb mövqe özünü “İslam respublikası” elan etmiş İranı əvvəlcə SSRİ, 1991-ci ildən sonra isə Rusiya Federasiyası ilə ümumi düşmənə qarşı ən yaxın müttəfiqlərə çevirsə də, Rusiya həmişə cənub cinahında İranın möhkəmlənməsindən ehtiyatlanıb və bu səbəbdən onun nüvə silahı əldə etməsində maraqlı olmayıb. Olsaydı, çoxdan nüvə başlıqlarını İrana ötürmüşdü...
Rusiya həmişə hesab edib ki, İran nüvə silahına sahib olarsa, bu, Rusiyanın vaxtilə ələ keçirdiyi ərazilərə, xüsusən də Cənubi Qafqaza və Mərkəzi Asiyaya rəsmi Tehranın iddialarını artıracaq, eyni zamanda Rusiyanın müsəlman əhalisi arasında radikal islamçı təşkilatların fəaiyyətini gücləndirəcək.
Bu səbəbdən, İranın nüvə silahı əldə etməsi və keçmiş sovet sərhədlərindən şimal istiqamətinə hərəkəti mövzusu həmişə Rusiya və Qərb arasında əsas ortaq müzakirə predmetlərindən biri sayılıb, bu gün də aktuallığını qoruyub saxlayır.
Birləşmiş Ştatlarda son onilliklər boyu strateqlər o fikrin üzərində dururlar ki, çoxmillətli Rusiya kimi, çoxmillətli İranın da etnik-milli zəmində parçalanması qlobal nizama çoxsaylı yeni problemlər gətirə bilər və bu səbəbdən rəsmi Vaşinqton inadla Rusiya ilə yanaşı, İranı da sanksiyalarla sıxışdırmaqla sonda danışıqlar masasına gətirmək və onu yenidən Qərblə yaxınlaşdırmağa nail olmaq kursu seçməlidir.
Məsələn, bu fikrin əsas tərəfdarlarından sayılan ABŞ-ın sabiq dövlət katibi, artıq 100 yaşını haqlamış məşhur diplomat və strateq Henri Kissincer hələ 2014-cü ildə çap etdirdiyi “DÜNYA NİZAMI” kitabında qədim dövlətçilk ənənələrinə və zəngin mədəniyyətə malik İranın çox tezliklə öz gələcəyini müəyyənləşdirmək üçün ciddi seçim qarşısında qalacağını və son qərarın da onun daxili dinamikasından asılı olacağını vurğulayaraq, rəsmi Tehranın hərbi nüvə proqramından və “Hizbullah” kimi radikal təşkilatları dəstəkləməkdən imtina edəcəyi təqdirdə, Qərblə münasibətlərdə kardinal dəyişikliyə nail ola biləcəyini yazırdı.
Kissincer onu da bildirirdi ki, İran razılaşmayacaqsa, yenə də danışıqlarla vaxt udmağa və bu vaxt ərazində də sentrifuqaların sayının artırılmasına, uranın zənginləşdirilməsinə çalışacaqsa, artıq ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirmək tərəfdarı olan İsraillə İran ətrafındakı sünni müsəlman ölkələrinin ittifaqını qurmaq və açıq şəkildə onları dəstəkləməkdən başqa yolu qalmayacaq...
Biz hazırda İran ətrafında hadisələrin məhz Kissincerin yazdığı ssenari üzrə inkişaf etdiyini görürük: bir tərəfdən, onu öz daxilindən - azadlıq, əyləncəli həyat arzusunda olan çoxmilyonlu İran gəncliyini hərəkətə gətirəcək şüar və çağırışlarla, kütləvi iğtişaşların təşkiliylə dini rejimin təməl sütunlarından birini sıradan çıxarmağa, zəiflətməyə çalışılır, o biri tərəfədən də hər an xaricdən müdaxilə edə bilmək üçün əsaslar hazırlanır – dünyanın diqqətində olan Ukrayna problemi üzərindən, Zelenskinin diliylə Rusiyaya dron vermək ittihamıyla sərt cəzalandırılması tələbi irəli sürülür...
İsraildə İranla müharibə tərəfdarı Netanyahunun yenidən hakimiyyətə qaytarılması, Türkiyə-İsrail, Türkiyə-Misir münasibətlərindəki qəfil yumşalmalar, ənənəvi Səudiyyə-İran gərginliyinin yenidən körüklənməsi, İranın “Taliban”ın öhdəsinə buraxılan Əfqanıstanla və həmçinin Pakistanla həmsərhəd Sistan-Bəlucistan bölgəsində silahlı toqquşmalar, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarında hücum təyyarələrinin sayının artırılması kimi faktlar Kissincerin vurğuladığı “İrana qarşı İsrail + sünni müsəlmanlar ittifaqı”nın artıq formalaşdırılma mərhələsində olduğunu təsdiqləyən əsas əlamətlərdir.
Ən mühüm məsələlərdən biri də sanksiyalar altında əzilən İranın üzərindəki sanksiyaları deşməyə yollar axtaran əsas müttəfiqi Rusiya ilə yeganə quru əlaqəsini təmin edən ölkə - etnik və məzhəb qardaşı Azərbaycanla da münasibətlərinin indiyədək görünməmiş şəkildə pisləşməsidir.
Baxmayaraq ki, 44 günlük II Qarabağ savaşından sonra Türkiyə və Azərbaycan prezidentləri tərəfindən bölgədə sülh və əməkdaşlıq platforması kimi təklif edilən “3+3” formatına İran da dəfələrlə dəvət edilib, ancaq rəsmi Tehran hələ də bundan boyun qaçırmağa üstünlük verir və bu formatı özünə qarşı gələcək təhlükələrin yeni mənbəyi kimi görür. Ümumiyyətlə, rəsmi Tehranda ciddi bir qorxu və təlaş var ki, ABŞ Rusiya ilə Ukrayna məsələsində, Cənubi Qafqaz mövzusunda da Türkiyə ilə pərdəarxası hansısa sövdələşməyə gedərək, İranın nüvə silahı əldə etməsində maraqlı olmayan, ancaq eyni zamanda indiyədək İranın vurulmasına qarşı da çıxan hər iki ölkəni İrana qarşı hərbi əməliyyatlara razı sala bilər...
Əlbəttə, həm Türkiyə prezidenti Ərdoğan, həm də Azərbaycan prezidenti Əliyev, eləcə də onların hər iksinin mövqeyinin güclü olduğu Türk Dövlətləti Təşkilatı (TDT) əhalisinin əksəriyyəti etnik türklərdən ibarət müsəlman İrana qarşı hər hansı hərbi əməliyyatı dəstəkləmirlər və həmişə də bu plana qarşı çıxıblar, ancaq eyni zamanda, İranın 44 günlük Qarabağ savaşının nəticələrini qəbul etməsində də çox maraqlıdırlar. Elə İrandakı türklərin hüquqları məsələsini məharətlə TDT vasitəsiylə gündəliyə gətirməklə, kritik durumda olan rəsmi Tehrana başa salırlar ki, Ermənistanı müdafiə siyasətindən və “Zəngəzur dəhlizi”nin açılmasındakı inadkarlığından əl götürməzsə, İrandakı iğtişaşların genişlənməsində “türk amili”ni çox tezliklə ön plana çıxara, bu işdə isə Qərbdən çox böyük dəstək ala bilərlər.
Hələlik İranla təbliğat vasitələri üzərindən qarşılıqlı şəkildə əsəb, arxa planda isə diplomtiya savaşı aparılır. Bu əsəb və diplomatiya savaşının bütövlükdə müsəlman coğrafiyasını qardaş qanına bələyəcək, milyonlarla müsəlmanın qanının tökülməsinə və yurd-yuvalarından didərgin, sərgərdan düşmələrinə gətirib çıxaracaq yeni bir böyük savaşa çevrilib-çevrilməyəcəyi isə müsəlman rəhbərlərin öz əllərindədir və indi onların islamçı dünyagörüşə sahib olanlarının üzərinə daha çox məsuliyyət düşür...
Bəli, İran bizə iraq ölkə deyil, ancaq bu gün yaşananlar 2003-cü ildəki Səddamın İraqını hədsiz dərəcədə çox xatırladır...
© 2020 - Created by İLK XEBER.