Qələm gözün yumur, varaq eşitmir - Seyyid Süleyman

Seyyid Süleyman


EŞİTMİR

 

Gün-gündən pisləşir dünyanın halı,

Haqqın hayqırtısın nahaq eşitmir.

Böyüklük, kiçiklik arxaikləşib,

Atanın sözünü uşaq eşitmir.

 

Düzü göstərməyə şuğul tapılmır,

Ağıllı başlarda ağıl tapılmır,

Körpə aldatmağa nağıl tapılmır,

Dilin dediyini qulaq eşitmir.

 

Hər fəslin dad-tamı sərt qışa düşür,

Bir qarın doyurmaq sal daşa düşür.

Hər kəs bir-birini səhv başa düşür,

Başın düşündüyün ayaq eşitmir.

 

Dostluqlar qurulur mənfəət üstdə,

Sevgilər köklənir xəyanət üstdə,

Günahsız döyülür ədalət üstdə,

Yazıq nələr çəkir çomaq eşitmir.

 

Seyyid səadətdən yazmaq istəyir,

Ülvi məhəbbətdən yazmaq istəyir,

Saf, təmiz niyyətdən yazmaq istəyir,

Qələm gözün yumur, varaq eşitmir.

 

GƏLİR

 

Boğur qəhər məni, sıxır dərd məni,

Ağrı-acılarım gözümdən gəlir.

Təsəlli verməyə biri tapılmır,

Ruhumun naləsi sözümdən gəlir.

.

Çəkir imtahana zalım zəmanə,

Gah dağa tullayır, gah da aranə.

Çoxları zənn edir dəli, divanə,

Nadan rişxəndləri "dözüm"dən gəlir.

.

Yaşamaq çabası gətirmir xeyir,

Büdcəni doldurmur məvacib, gəlir.

Sıxıntı köksündə saxlayır əsir,

Dərd-sər cəm olunub, üzümdən gəlir.

,

Fəsillər dəyişir, yaz yaxın gəlmir,

Sinəm alovlanır. buz yaxın gəlmir,

Çoxlar yoxa çıxıb, az yaxın gəlmir,

Dünyanın qəm yükü özümdən gəlir.

.

Seyyid, bədbiniyi sən sil ürəkdən,

Gəl az şikayət et çərxi-fələkdən.

Olub-olanları keçir ələkdən,

De ki, "günah"larım izimdən gəlir.

 

QƏM-QÜSSƏ QƏLBİMİ TALAYIR, DİDİR

 

Yaman gileyliyəm öz taleyimdən,

Bəxti olanlar da məndən bəxt güdür.

İçimi göynədir içimdəkilər,

Kənardan baxanlar qısqanclıq edir,

Qəm-qüssə qəlbimi talayıb, didir.

 

Hıçqırıq sinəmdə yandırıb alov,

Kədər qaşlarımda toxuyub qırov.

Talesiz ovçuyam, hicransa bir ov,

Hədəfə atdığım güllə yan gedir,

Qəm-qüssə qəlbimi talayır, didir.

 

Seyyidəm, köksümdə söz qalaq-qalaq,

Doğru qalaq-qalaq, düz qalaq-qalaq,

Ocaq qalaq-qalaq, köz qalaq-qalaq,

Qığılcım qopduqca yaram göynədir,

Qəm-qüssə qəlbimi talayıb, didir.

 

 

AĞLATDI

(Bir dostun xahişi ilə)

 

İncidim bu dünyadan,

Vaxtsız məni qocaltdı.

Hər gün bir ümid verib,

Uşaq kimi aldatdı.

 

Tikan əkdi yoluma,

Ağı səpdi balıma,

Acımadı halıma,

Ürəyimi dağlatdı.

 

Dağdan saldı dərəyə,

Həsrət qoydu «həbə»yə,

Daşdan çıxan çörəyə,

Bulanıq zəhər qardı.

 

Dərdi, qəmi ələdi,

Xoşbəxtliyi çilədi.

Toz-torpağa bələdi,

Həyatımı qaraltdı.

 

Seyyidəm, qurdu tələ,

Ömrümü verdi yelə.

Qoymadı üzüm gülə,

Gecə-gündüz ağlatdı.

 

 

YAXŞIDIR

(Lap köhnələrdən)

 

Nadan insan ilə yoldaş olunca,

Gedib qazamatda yatsan yaxşıdır.

Qanmaz arvad ilə ömür sürüncə,

Subaylıq havasın udsan yaxşıdır.

 

Dar gündə hayına gəlməyən dostu,

Şadında sevinib gülməyən dostu,

Qədir-qiymətini bilməyən dostu,

Dostluq səh(i)fəsindən silsən yaxşıdır.

 

Evində qazancı yeməsən halal,

Soğan-çörəyini bilməsən sən bal,

Hər gün olacaqsa dava, qamaqal,

Torpaqlar altında batsan, yaxşıdır.

 

Susuz səhralarda dən əkməkdənsə,

Vəfasız yar üçün naz çəkməkdənsə,

Namərd qarşısında diz çökməkdənsə,

Ölüm şərbətini dadsan yaxşıdır.

 

Aqillik yoluyla düz getmək üçün,

Uca zirvələrə tez yetmək üçün,

Seyyidin şerini dərk etmək üçün,

Onun səv(i)yyəinə çatsan yaxşıdır.

 

TƏLƏSMƏ SEYYİD

 

Nə çox danışırsan Sən qocalıqdan,

Hələ qocalmağa tələsmə, Seyyid!

Yaşamalı günlər çox qabaqdadır,

Bu fani dünyadan gəl küsmə, Seyyid!

Hələ qocalmağa tələsmə, Seyyid!

.

Saçın ağarması qocalıq deyil,

Ocağın sönməsi bacalıq deyil,

Hər görünən təpə ucalıq deyil,

Möhkəm ol dağ kimi, gəl əsmə Seyyid!

Hələ qocalmağa tələsmə, Seyyid!

.

Bir meyvə bağı sal, barlı ağac ək,

Hər bahar çağında açsın gül-çiçək.

Sadiq dostlar axtar, yaşama Sən tək,

Onlarla ülfəti gəl kəsmə, Seyyid!

Hələ qocalmğa tələsmə, Seyyid!

Tezdir, köç etməyə tələsmə, Seyyid!

 

OD PÜSKÜRƏRDİ

 

Vəsf edə bilsəydim gözəlliyini,

Lal dil danışardı, kor göz görərdi.

Nura boyanardı əngin kainat,

Günəş utancından üzün örtərdi.

 

Dərə düz olardı, təpə uca dağ,

Yabanı ağaclar meyvəli bir bağ.

Cənnətə dönərdi kəsəkli torpaq,

Hər kəs əkdiyindən qızıl dərərdi.

 

Bir kimsə həyatda çəkməzdi acı,

Göz dağı görməzdi heç ana, bacı.

Başlarda gəzərdi xoşbəxtlik tacı,

İnsanlar firavan ömür sürərdi.

 

Üzünə baxanda utanardı Ay,

Səsini qısardı gürültulu çay.

Önünə çökərdi buludlar lay-lay,

Ulduzlar boylanıb köks ötürərdi.

 

Seyyidəm, bir ömür çatmazdı yazam,

Kitablar, dəftərlər tutmazdı yazam.

İlhamım gecələr yatmazdı, yazam,

Təbim vulkan olub, od püskürərdi.