2022-ci ilin noyabrın 1-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “ Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul “ istehsalının təşviqi”layihəsinin icra planına uyğun olaraq Ağcabədi şəhərində 25 nəfər fermer üçün seminar təşkil edilib.
Əvvəlcə, Ağcabədi DAİM-in direktoru Abbas Süleymanov seminarı giriş nitqi ilə açaraq qonaqları salamlayıb və sözü Ekoloji İnformasiya İctimai Birliyinin sədri, layihə rəhbərinə verib. Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlının təklifi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Layihə rəhbəri Musa Muradlı 1 noyabr Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə fermerləri təbrik edib. Onlara çətin və məhsuldar işlərində uğurlar arzulayıb. Sonra layihənin ideyası, qarşıya qoyulan məqsəd və vəzifələrdən danışıb. Bildirib ki, dünyada daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək üçün kimyəvi tərkibli üzvi gübrələrdən və bitkiləri zərərverici həşaratlardan qorumaq məqsədilə pestisidlərdən, eləcə də herbisitlərdən istifadə olunur. Bu da öz növbəsində insan sağlamlığına mənfi təsir göstərir. Nəticədə arzuolunmayan xəstəliklərin sayı çoxalır, bir çox hallarda xəstəliklər cavanlaşır.
Musa Muradlı qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə ehtiyyac böyükdür. Buna görə də həyata keçirilən layihənin ideyasına önəm verilib. Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsindədə layihənin aktuallığı yüksək qiymətləndirilib.
Tədbir iştirakçılarına layihənin vəzifələrindən danışan Musa Muradlı vurğulayıb ki, fermerlərimiz məhsul istehsal edərkən sağlamlıq amilini nəzərə almalı, istehlakçılar üçün keyfiyyətli məhsulların yetişdirilməsinə önəm verməlidirlər. Bunun üçün də ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ən aktual məsələlərdəndir.
Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib. Dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib.Ekoloji təmiz məhsul yetişdirilməsinin aktuallığından danışan ekolok Xosrov Musayev bildirib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı torpağın da mikroorqanizmilərini məhv edir. Torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatı isə ətraf mühitin təbii ehtiyyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyyatlarını artırmaq olar, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.
Sonra 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Ağcabədi DAİM-in direktoru Abbas Süleymanov, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Muxtar Bağırov çıxışlarında ekoloji təmiz məhsul istehsalının aktuallığından danışıblar. Layihənin qarşısına qoyduğu fermerlərin maarifləndirilməsi ideyasını yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra seminarın gündəliyinə uyğun olaraq çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanılıb.
Seminar xoş əhvali-ruhiyyə ilə başa çatıb.
Ekoloji İnformasiya İB-nin piar xidməti
© 2020 - Created by İLK XEBER.