Yox
De hansı dövrdür indi?
Ala qarğada bala yox...
De hava niyə sərindi?
Mıxa vurur, nala yox...
Əcayib zamana düşdük,
İllər keçdi, gün ötüşdü...
Daşı daş üstə gətirdim,
Fiqur oldu, qala yox...
*****
Eşitdim ki, darıxmısan,
Haqqımda danışırsan...
Mən bilirəm, hiss edirəm...
Qulaqlarım cingildəyir...
Orda - burda danışınca
Zəng etsəydin...
Ondan - bundan soruşunca
Kaş gəlsəydin...
Söz göndərən yaşını da keçmisən....
Sən ki, uşaq deyilsən.
Mən ki, oyuncaq oynayan yaşda belə deyiləm.
Amma dayan,
Yoxdu indi saçlarıma sığal çəkib oxşayan...
Ağlamıram, tozmu qaçdı gözlərimə bilmirəm....
Narahat olma, yaxşıyam.
Gözlərimdə kədər deyil,
Bu ki tale, qədər deyil.
Özün seçdin ayrılmağı....
Məndən ayrılmaq olardı?
Mən ki, sənə can deyirdim...
Canına qurban deyirdim...
Qollarımın arasında itib batdın....
Dişlərimin arasında dodağımı sıxa - sıxa ağlayırdım...
Hə, yoluna gözlərimi dikib baxdım....
Bəlkə gələrsən deyə
Qapını açıq buraxdım.
Toz - tozanaq oldu evim,
Daxmalığa döndü yuvam.
Sənin mənimlədir bilirəm,
Mənim özümlədi davam.
O möhtəşəm gedişinə
Səbəb məndim...
İndi dinlə,
Mən xoşbəxt idim səninlə
Geri dönsən
Xəbər etmə
Qapım açıq
Çay istəsən
Qalan qablarım bulaşıq,
Sən gedəndən yumamışam...
Uzanmışam.
Saçlarıma sığal çəkmək istəsəsən bil
O vaxtdan dolam dolaşıq.
Sən gedəndən hal olmayıb daramağa
Yorulmuşam.
Külək darayıb saçımı,
Yağış yuyub üz - gözümü...
Çox başını ağrıtmayım,
Gəlsən dinməz - söyləməz gəl...
*****
Bu gün yenə bəzənmişəm,
Ən bahalı ətirləri üzərimə səpmişəm.
Gül çiçəkər içində mən
Görüşünə gəlmişəm.
Görüş yerimiz həminki
Dəyişən təkcə yoxluğun...
O görüşə tək gəlmişəm.
İçimdəki məhəbbəti, səadəti
Sənin üçün gətirmişəm.
Niyə yoxsan?
Yoxsa sən də itib batdın tənhalığın arasında?
Yoxsa sən də çəkib getdin, qoydun yolun ortasında?
Yoxsa sən də boğazımda düyünlənən kəlmələrin sahibisən?
Yoxsa sən də uzun - uzun dərələrdən ayrılığı gətirmisən?
Məhəbbətdən üz döndərib,
Ayrılığa hə demisən...
Olsun.... Neynək...
Bu bəzəyi, bu düzəyi silim gərək.
Belə betər ayrılığa dözüm gərək...
Betərin də betəri var...
Ömür qısa, ömür gödək.
Vədə yetməz görüşməyə
Çalış ki, sözündə düz ol
Özünə yaxşı bax bir də...
*****
Asmağı düşünürəm...
Özümü...
Arzularımdan...
Ümidlərimdən...
İçimdə böyüyən sevgimdən...
Təzəcə boy atan məhəbbətimdən...
Söndürdüyün eşqimdən...
Bəlkə dənizlərdə çırpınan qağayının ayağından...
Ya da kənara qatlayıb qoyduğum bəyaz kəlağayımdan...
Asmağı düşünürəm...
Özümü...
Titrək səsimdən,
Boğazımda düyünlənən hər kəlməmdən, sözümdən
Mən küsmüşəm özümdən.
Kimə deyim dərdimi ki,
İnciməsin sözümdən...
İlmə - ilmə yaş axırdı gözümdən.
Beləcə atdım həyatın ağuşuna taleyimi...
*****
Mənə gözəlim demə
Mən ki, gözəl deyiləm...
Nitqim susub qalıbdı
Nə danışam, nə deyəm?
Sən ayrılıb gedəndən
Göz yaşım dayanmadı
Yanağımda donub qaldı
Dodağıma süzülən
Göz yaşımdı - əriyən.
Mənə gözəlim demə
Mən ki, gözəl deyiləm
Uşaqlaşmışam sanki
Onlar kimi ağlayan,
Onlar kimi kiriyən....
Bəlkə yaşım da çatmaz
Elə uşaq kimiyəm.
Seviləcək yanım yox
Mən ərköyün biriyəm.
Mənə gözəlim demə,
Mən ki, gözəl deyiləm.
*****
Bir gün gələcək ömrünə
Hüsnündən doymadığın,
Gülüşündən həzz aldığın
Camalı pərişan qadın...
Sevib səni istəyəcək
Fəqət onun ürəyində
Keçmişindən silinməyən
Qalacaq bir nişan adı...
Görəsən kim yaralayıb ürəyini?
Görəsən kim paralayıb arzsusunu, amalını, diləyini?..
Kimə arxalanıb, söykəyibdi kürəyini?
Dik durmağa çalışarkən, aşan qadın...
Gülə - gülə gözləri yaşaran qadın...
Gəlib girəcək ömrünə...
Hər sözünə hay can deyər,
Saçlarına sığal çəkib oxşayar qadın...
Bir az günəşə oxşayar.
Səhərləri şəfəq saçar,
Səhərlər nura boyanar.
Elə ki, axşam olunca günəş batar,
Göz yaşıyla qalar qadın.
Səhərə kimi ağlayar,
Səhərə kimi yas tutar.
Kim bilər ki, dərd - sərini?
Kim sevər belə birini?
Uçurumun kənarında oturmuştək
Gecələri ulduzları sayar qadın...
Bir gün yaşamaq eşqinə düşsə
Bir gün bu sevdadan üz döndərib, doyar qadın...
*****
Dərdim özümdən böyükdü,
Taleyim çiyinimə yükdü.
Ürəyim qəfil döyükdü,
Gülürəm, çək şəklimi....
Göz yaşımı gizlətmişəm,
Ürəyimi sızlatmışam,
Ağrımı da azaltmışam,
Gülürəm, çək şəklimi.
Sığal telimə çəkmədin,
Alıb dərdimi çəkmədin,
Barı fikrimi çəkmədin,
Gülürəm, çək şəklimi...
*****
Özümdən çox sevdim səni...
Amma qaçdım bu sevgidən...
Qorxdum... Qaçdım...
Payız gələndə uçub gedən quşlar kimi...
Ürkdüm bir az...
Çox həssasam...
Bəlkə bir az ağlasam
Rahatlaram
Bilirsənmi,
Özümdən çox sevdim səni
Duruşunu, yerişini...
Oğrun - oğrun baxışını...
Yorğun - yorğun gülüşünü...
O qədər doğma oldun ki,
Əzbərlədim gəlişini...
Bu gəlmək handa bir sayılır
Məhəbbət qanda bir sayılır
Qanımdan çox sevdim səni,
Canımdan çox sevdim səni.
Ha istədim yaxınlaşım,
Ha danışım, soraqlaşım,
Bəxti qara taleyim var
Səni görüb yaxşılaşım...
Mən əslində pis deyiləm,
İnan ki, qəliz deyiləm
Dinlə, sənə söz deyirəm,
Özümdən çox sevdim səni...
*****
Sən gedəni yol gözümdə uzandı...
Sən gedəni eşq sözümdə azandı...
Ayrılıqdan kim uddu, kim qazandı?
Dözmür ürək, parçalanıb, qayıt gəl...
Gedişinə nə ad qoyum görəsən?
Yalanına necə uyum deyədən...
Canımdan da inan doydum, biləsən,
Dözmür ürək, parçalanıb, qayıt gəl...
*****
Elə bilmə qadınlar güclü olur,
Gücsüzü də var.
Elə bilirsən çox danışırlar,
Sözsüzü də var.
Tənha qadınlar da olur,
Saçlarına küləklər sığal çəkər,
Dodaqları yağışdan islanar.
Onları qucaqlayan öz qolları olar
O da ki, ya darıxanda, ya da üşüyəndə.
Xəfif bir adyala qısılarlar,
Kitaba, dəftərə sarılarlar.
Vallah özümdən bilirəm kitab bəhanədir,
Dünyadan qopub ağlayarlar,
Şəkillərdə gülərlər.
Şəkillər... Ah şəkillər...
Taleyə vəkildirlər...
Gücsüz qadınlara hakim kəsilər.
Hə... Axı bir şey daha var,
Yıxılana balta vuran çox olar.
Yıxılan qadınlar...
Onları kimsə yıxmaz ki,
İçindən yıxılı qalarlar.
Ürəyindən,
Kürəyindən...
Gərəyindən çox sevərlər.
Eşqindən yıxılı qalarlar...
Yıxılsa da dik durmağa çalışarlar.
Özü yıxılanlar ağlamaz
Amma ağlayanı da olur,
Sən elə bilmə qadınlar güclü olur,
Gücsüzü də var.
Tənha qadınlar da olur...
Heç kimə bel bağlamayan,
Heç kimdən sevgi ummayan,
Eşq, məhəbbəti duymayan
Yorğun qadınlar da olur.
*****
Sən gedəni yol gözümdə uzandı...
Sən gedəni eşq sözümdə azandı...
Ayrılıqdan kim uddu, kim qazandı?
Dözmür ürək, parçalanıb, qayıt gəl...
Gedişinə nə ad qoyum görəsən?
Yalanına necə uyum deyəsən...
Canımdan da inan doydum, biləsən,
Dözmür ürək, parçalanıb, qayıt gəl...
****
Çarpayının kənarına
Göz yaşımı buraxmışam...
Darıxanda yastığını qucaqlayıb
İçin - için ağlamışam...
Nəfəsim var çarpayında
Oturub şəkillərinə baxmışam
Saatlarla...
Xatirələri unutmamışam...
Birlikdə...
Əl - ələ...
Qol - qola...
Tay var idi bizə bu məmləkətdə?
Bəs o gecə?
Nə oldu de?
Belə gediş de olardı?
Qapımı külək döyürdü,
Mənim canım üşüyürdü.
İçimdəki məhəbbətim cücərirdi,
Böyüyürdü...
Yarım qoydun.
Bu sevdadan necə doydun?
Necə oldu amansızca, birdən - birə məhəbbətdən soyudun?
Canımda daha can qalmadı...
Bacarmıram , qurban olum...
Mən ki, sənə yad olmadım,
Mən ki, sənə od olmadım.
Qollarımı qırdın mənim
Sən mənə qanad olmadın.
İndi o ev mənsiz qalıb
Uçuq - sökük divarların arasında mən idim mən
Deyib - gülən,
Uşaq kimi şənlənən,
Üzünü güldürən...
Yanağına kəpənəktək öpüşümü qonduran.
Bilirsən də...
Neçə - neçə şeylər oldu demirəm...
Desəm tükün biz -biz olar
Yaşananlar qan donduran.
Sevgi deyib keçmə daha
Eşq belə olmaz, qadası...
Məni candan usandırdı,
Cəfadan yar usanmazmı?...
*****
Deyərsən ki
Gülüşümdə həyat vardı...
Deyərsən ki, güldü getdi.
Həyatımda nə oldusa
Deyərsən ki, öldü getdi....
Bədbəxt etdim denən onu,
Denən ki, heç sevməmişəm.
Soruşsalar açıq danış,
Deyərsən ki, bildi getdi...
Danışarsan sevdiyimi,
Uğruna can verdiyimi,
Kainatda bir qüvvəydi,
Deyərsən ki, gəldi getdi...
Olmayacam bu həyatda,
Görməyəcəksən day məni.
Yadına düşsəm ağlama,
Deyərsən ki, keçdi getdi...
Günah nədi bilməmişdim,
Sənə qədər sevməmişdim.
Soruşsalar məni, denən,
O, günaha batdı getdi...
Mən burda qalan deyiləm,
Doğruyam, yalan deyiləm.
Könlünü alan deyiləm,
Deyərsən ki, atdı getdi...
Gəl özünə öymə belə,
Dizlərinə döymə belə.
Qamətini əymə belə,
Deyərsən ki, əydi getdi.
Olmaz iynə, düymə belə,
Məni sancıb söymə belə.
Gəl xətrimə dəymə belə,
Deyərsən ki, dəydi getdi...
*****
Deyirlər ki,
Sevgilər var ucuz olur...
De neçəyə?
Alım yığım.
Bilirsən də...
Zamanı gələndə bahalaşır
Hər şey kimi.
Yadındadı?
Vaxt var idi dollar ucuz
Su qiyməti
İndi isə valyutada at oynadır.
Əvvəllər ucuz alardıq
Çayı, yağı, əti, suyu
İndi hər şey bahalaşıb
Od bahası
Pul qalmayıb alınası.
Sən sevginin yerini de,
Ac qalıb susuz dolanım
Eybi yoxdu.
Heç kim bilmir nə yeyirəm, nə içirəm...
Barı sevgidən bol olum.
Yoxsulluğun arasında
Sevgi axtaran kiməsə
Arxa olum, qoy yol olum.
*****
Fələk səni məndən aldı,
Nə oldusa birdən oldu.
Fəqət eşqin alovunda
Nə mən yandım, nə sən yandın...
Bu sevdaya bel bağlama,
İndi uşaqtək ağlama.
Danış, içində saxlama,
Nə mən dindim, nə sən dindin...
Fəqət eşq deyib uçardıq,
Məsuliyyətdən qaçardıq.
Biz ayrılmağa düçardıq,
Nə mən döndüm, nə sən döndün...
*****
Səsin qulağımdan getmir,
Baxışın da yadımdadı,
Deyəsən gecə gəlmisən,
Bəlkə yuxumda görmüşəm...
Sanki örtdün üst - başımı,
Sonra sildin göz yaşımı,
Mən belə bir tanışımı
Bəlkə yuxumda görmüşəm...
Oğrun oğrun mənə sarı,
Baxdın güldün belə barı.
Laylay dedin gecə yarı,
Bəlkə yuxumda görmüşəm....
Bağımda gülüm açmışdı,
Günəş şəfəqin saçmışdı,
Sanki gecədən qaçmışdın,
Bəlkə yuxumda görmüşəm...
Görən doğru, yalandımı?
Xatirimdə qalandımı?
Məni məndən alanımı,
Bəlkə yuxumda görmüşəm...
*****
Nə qədər darıxar insan
Bir insanın yoxluğuna?..
Necə öyrəşər?
Təsəvvür et
Dünən danışdığın, güldüyün adam
Bu gün başqalaşır, tanımır səni...
Bu nə zarafatdır, ay qadan alım?!...
Mən ki, məhəbbətə son qoy demədim,
Qəfil gedişini heç gözləməzdim...
Daha doğmam deyib öyünmərəm mən....
Doğmalar köçəri quşlar kimidir...
Vallah ən yaxşısı yad olmaq elə
Bilirsən, nə gələr, nə atıb gedər.
Söylə, bu sevgidən dönmək olardı?
İndi hayqırtımı eşidirsənmi?
Səsini səsimə söykəyərsənmi?
Daha darıxmaqdan betər olmuşam
Görsən vəziyyətimi nə təhər olmuşam
Üz gözüm qırışıb yumaq kimiyəm...
Başqa bir ocağa yamaq kimiyəm...
Məni sən gətirdin belə bir hala
Bu nə zarafatdır, ay qadan alım?
Qayıt gəl, dön daha, yuvan ki, mənəm
Bəlkə nə zamansa özünə gəlsən
Onda sənə qalan peşmanlıq olar
Qorxma, taledir də, ölüb gedərəm...
Əbədi deyilən həyat varmı ki?
Sadəcə dönsəydin son dönəmimdə
Daha darıxmaqdan bezar olmazdım.
Sözlər də dadıma yetməyir artıq
Susuram, başa düş, artıq dön geri
İndi danışmağa gücüm də yoxdur.
İşdi, dönsən
Bir xahişim
Bircə dəstə çiçək al
Görsəm ürəyim sevinər
Görməsəm, ruhum şad olar...
*****
Anama deməyin nə çəkdiyimi,
Qoy anam bilməsin, anam duymasın.
Bilsə yaşamaqdan əl çəkdiyimi
Ürəyi tab etməz, canı yanmasın.
Deməyin ki, öldü, rəhmətə getdi,
Deyərsiz könüllü əsgər gedibdi.
Ya da ki, ən böyük arzusu idi mən gəlin olum
Deyərsiz sevdiyi oğlana getdi.
Əşşi... Onsuz toy gah var, gah da ki, yoxdu...
Görsəniz narahatdı deyin ki, qaçdı...
Ya da deyərsiniz xaricə getdi -
Orda təhsil alıb, iş quracaq de...
Bilirəm inanmaz onsuz bunlara...
Amma siz yenə də düzün deməyin.
Nə qədər gec bilsə elə yaxşıdı...
Mən də son günümü yaxşı keçirim,
Gedib deyib-gülüb şənlik eləyim.
Bir şeydən rahatam getdiyim yerdə
Məni təm-təraqla Allah gözləyir
Məgər bu boyda gözləntini mən,
Geri çevirməyim de necə olar?!
Barı o dünyada yatım dincəlim
Burdakı yuxuma haram qatdılar...
Şəlalə Camal
yazıçı, publisist
© 2020 - Created by İLK XEBER.