Qəlb evinə işıq salan şeirlər...

Yollar...Yollar...Yollar..!

Yollar cığırdan başlayır. Cığıra gedən yol da evdən başlayır.

Hər şey ocaqdan başlayır. Ocağın isti gözü də, insanın özünün Qəlb evidir. Qəlb evinə işıq salan da insan zəkasıdır.

Zəkanın gur işığında HƏYATDA yol getmək, özünə cığır açmaq Yol xəritəsini tərtib etməklə müəyyənləşir.

Atalar deyib: “Niyyətin hara, mənzilin də ora”. Hər bir imsanın Y o l X ə r i t ə s i də Onun ömür yoludur.

Onun sənət yoludur.

Onun siyasət yoludur.

Onun sahibkarlıq yoludur.

Onun sevgi yoludur.

Onun hərb yoludur.

Onun, ən nəhayət M ə s l ə k yoludur.

Məslək yolu Həyat yolunun artıq Şəmsiyyəsidir. Hər bir insanın öz Şəmsiyyəsi var. O şəmsiyyə altında yalnız özü dura bilir.

Həyati Yolların içərisində ən böyük özəlliyi olan yol mənəviyyatı özündə ehtiva edən Sənət Yoludur.

Ədəbi sənətin də özünün üç başlıca Yolu var:

1. Poeziya Yolu;

2. Proza Yolu;

3. Dram, Teatr, Səhnə Yolu.

Bu üç ədəbi yol, ədəbiyyatın Ana Yollarıdır. Bu üç yolun üçündə də Sənətin, obrazlı desək ilhamla Köhlən atının çapmaq çox nadir görülmüşdür. Amma bir çox hallarda bu ədəbi yolların ikisini idarə edə bilmək, bir çox sənətkarlara qismət olmuşdur.

Çağdaş dövrümüzdə mədəniyyətimizin, incəsənətimizin, geniş mənada ədəbiyyatımızın, memarlıq və heykəltəraşlığımızın musiqi və rəssamlığın xarüqüladə inkişaf dövrüdür.

Xalqın başı üzərindən götürülmüş Demokl qılıncı olan Senzura, bütün sədləri dağıtdı.Və sosial sferada azadlığın ruhu öz bəhrəsini verməkdədir.

Sənət Sənət üçündür! Əbədi Sənət tezisi özünü doğrultusunda sənətə geniş imkanlar tanıtdı.

Bəli, Sənət Sənət üçündür, həm də Sənət Həyat üçündür. Hər bir istedadı olan insan oz bacarıq və qabiliyyəti ilə sosial sferada gün işığına çıxdı. Bəzi hallarda, bəzi köhnə düşüncə sahibləri bu hadisəyə qısqanclıqla yanaşsalar da, Zaman öz işini “Həyat"la uyumlu bir şəkildə sinxronizə etdi. Sənət öz azad yoluna çıxandan sonra yeni-yeni ədəbi imzalar görünməyə başladı.

Tahirə İsaqızı da məhz belə imzalardan biridir. Haqqında söz açdığım şairənin Həyat və Sənət Yolu iki ədəbi yolun-poeziya ilə, prozanın birliyindən ibarət oldu. Yaşadığımız dövrdə Tahirə xanım tək deyil. Ötən əsrin axırlarında öz əsərləri ilə ictimaiyyətin yaxşı tanıdığı Sabir Rüstəmxanlı da, Söhrab Tahir də ikili Sənət yolunun nümayəndələridir. Hər iki sənətkar həm poeziyası, həm də prozaları ilə ədəbiyyat tariximizdə tanınan sanballı əsərlər veriblər.

Tahirə xanım İsaqızının da həmkarlarından olan Ruhiyyə Abbaszadə, Əfşan Yusifqızı, Naibə Yusublu inanılmaz dərəcədə sənət həyatımıza monumental həyat əsərləri bəxş etmişlər. Onların potensial yaradıcılıq imkanları heyrətamiz dərəcədə genişdir.

Sğzügedən şairlər iki ədəbi yolun - poeziya və prozanın, nəinki bir, hətta bur neçə janrlarında olduqca ciddi ləyaqətli məzmunlu, əsil ədalətli əsərlələrini yaradıblar. Roman da yazıblar, hekayə də yazıblar. Poema da yazıblar, qəzəl də yazıblar,bayatı da yazıblar, rubai də yazıblar. Hər nə yazıblarsa da, gözəl yazıblar.

Cəsarətlə deyə bilərəm ki, onların əsərləri 99 % qüsursuz əsərlərdir. Ədəbi tənqidlə məşğul olan adam hər bir əsərdə qüsur tapa bilər. Ancaq sağlam tənqidi, xırda para qüsurları bilərəkdən gözardı ona görə edirik ki, hər bir sənətkarın yazdığı əsərdə alın təri və ürək sevdası var.

Tahirə İsaqızının bütöv yaradıcılığını təhlil etmək fikrim yoxdur. Bir sıra məsələlər üzərində fikir söyləmək imkanım isə var. Tahirə İsaqızı əsil sənət adamıdır. Ona görə, əsil sənət adamıdır ki, oxucuya verdiyi əsərlər sənət baxımından həm həyatidir, həm də mükəmməl. Janr müxtəlifliyi baxımından da Tahirə xanım öyüləsidir. Mən Tahirə xanımı rübailərinə görə, Məhsəti Gəncəvi adlandıradım, şərti olaraq. Bayatılarına görə, şairə Ağabəyim..! Sonra düşündüm ki, yanıla bilərəm. Tahirə İsaqızı elə özüdür ki, özü. Bənzəri olmayan Tahirə İsaqızı.

Qarabağ şeir məktəbini göylərə qaldıran Azərbaycanın xanım yazarıdır. Tahirə xanımın ən kiçik həcmli janrı bayatı, ən böyük janrı poema və romandır. Şairənin istər, bayatısı, istər rübaisi, istər heca vəznində olan ənənəvi şeirləri olsun, istər hekayələri olsun hamısı sənətkarcasına yazılıb.

 

Azadlıq eşqilə döyünən ürək,

Qələbə naminə çarpışan bilək,

Yurdun azad edər, düşmən xar olar,

Zəfər xəbərdarı ən böyük dilək.

 

Qarabağlı qızı kimi Tahirə İsaqızının yaradıcılığında Qarabağ dərdi ayrıca qırmızı xətt kimi keçmişdir. İrili- xırdalı bütün şeirlərində şairə Vətənin dərdini sənət güzgüsündə göstərməklə həyati-fəlsəfi yükümlü əsərlərin yazılmasına nail olmuşdur.

Şairənin yazdığı iri həcmli "İsmət qayası" poeması əsrimizin əvvəlindəki Qarabağ elinin böyük həyati faciəsi kimi qələmə alınmışdır.

 

Biz türkük, qızlar, ismət gərəkdir,

Təmiz adla ölmək daha şərəfdir.

Əsir düşməyək biz, belə savaşaq,

Atılaq qayadan, Haqqa qovuşaq.

 

Məsnəvi üslubunda yazılmış bu poema çağdaş həyatımızın xalq faciəsini, ana-bacılarımızın qəhrəmanlığını göstərən sanballı bir əsərdir, xalqın sevgisini qazanan bir poemadir. Tahirə İsaqızının Ustad Şəhriyarın "Heydərbabaya salam " poemasına yazdığı iri həcmli nəzirə poeması da, olduqca maraqlı və orjinaldır.

 

Heydərbaba, çəkdin məni gətirdin,

Doğmalara, əzizlərə yetirdin,

Bəlkə bir gün, sən məni də itirdin,

Qucaqlaşaq, ayrılığı duymuş tək,

Qolun üstdə, bir körpəcə uymuş tək.

Mən gördüyüm karvan, çatıb, köçübdü

Ömür də, o karvan kimi ötübdü,

Gözlərimə qaranlıqlar çökübdü,

Qanlı fələk mənimlə nərd oynadı,

İçimə bax, aşkarca dərd oynadı.

 

T.İsaqızının nəsr əsərləri də həm yığcamlığı, həm özünəməxsus təhkiyə üslubu ilə seçilir. Şairənin ən ilgicəkici janrları içərisində xüsusi yeri rübailəri tutur. Klassik şerimizdəki rübailər əruz vəznində olsa da, Tahirə xanımın rubailəri öz milli şerimizin heca üslubundan bəhrələnib.

 

Cansız əşya kimi, gəl baxma mənə,

Od ver ki, canımı göstərim sənə,

Şamam, göz yaşlarım ürək yağıdır,

Sənin göz yaşların Su dadır yenə.

 

Cəsarət etmədim, deyəm sözümü,

Çün dustaq etmişdi, gözün gözümü.

Bəlalı şikaram, ovçum amansız,

Çaşıb, düz üstünə atdım özümü.

 

Tahirə xanımın lirikasının mövzusu olduqca genişdir. "Deyən yaz gəlir" şeiri körpələrin zövqünə tam mənası ilə uyğundur:

 

Çiçəklər açdı,

Kəpənək uçdu,

Ürəklər coşdu,

Deyən yaz gəlir.

Yağdı yağışlar,

Vurdu naxışlar,

Güldü baxışlar,

Deyən,yz gəlir.

Əsdi küləklər

Rəngbərəng güllər,

Ötdü bülbüllər,

Deyən, yaz gəlir.

 

Tahirə İsaqızının hər bir əsəri öz ideyası, bədii gözəlliyi ilə seçilir. Şairənin əsərlərinin hər birinin ideya-bədii xüsusiyyətləri və həyati statusu barədə geniş təhlil aparmaq mümkündür.

Sənət əsəri həyatın bədii tablosudur.

Sənət əsəri Zamanın yol yoldaşıdır.

Sənət əsəri həm həyatın, həm zamanın ortaq malıdır.

Sənət əsərləri saxtakarlıq sevmir.

Sənət əsərlərinin gözəlliyi insanın ruhunun gözəlliyidir.

Gözəl olan hər şey insanlığın ümumi malıdır.

Yazıçı-şair Tahirə İsaqızının bütöv yaradıcılığını qısa bur esse ilə təhlil etmək fikrim yoxdur.

Şairəyə ancaq yaratdığı sənət əsərlərinə görə təşəkkür etmək istəyirəm. Şairənin "Ana" əsəri ilə sözümü bitirirəm.

 

Bu son ayrılıqmı? - Gəl qucaqlaşaq,

Yaxşı-yaman üçün, gəl, halallaşaq.

Köçün yol üstündə- gəl vidalaşaq,

Qəmdən, fırtınalı dənizəm, Ana!

 

Bəli Tahirə İsaqızının bütün yaradıcılığı dalğalı bir Dənizdir.

Şairə gələcək yaradıcılığında uğurlar arzulayıram və sənət sükanın möhkəm tutacağına böyük əminliyim var.

 

Nəsib Abid,

müəllim-filoloq

10 iyul 2022-ci il