"BİR YAZI YAZMIŞAM ÜRƏYİMƏ MƏN"

Poeziya deyərdim ki, ruhun intiharıdır, poeziya könlün həzin, uyuyan dünyasındakı təlatüm və qəlbin həsrət dolu həyat eşqidir. Şair, həkim -reanimatoloq, araşdırmaçı-yazar, poeziya vurğunu Kamil Nəzərovu mən həkim kimi tanıyırdım.Vətəndən uzaqda yaşadığından da xəbərim var idi. Və onunla görüşəndə, onun təbəssüm dolu siması, şirin söhbətləri, hər şeydən öncə sadəliyi və istiqanlılığı həmsöhbətlərində ona qarşı böyük və saf rəğbət hissi doğururdu.

Kamil məsləkini həkim kimi həyatda təsdiq etməsi də, hec də təəccüblü deyildi. Amma onun Poeziya dünyası ilə qucaqlaşmasını ilk kitabı nəşr olandan sonra görüb və duyduq.

"BİR YAZI YAZMIŞAM ÜRƏYİMƏ MƏN" kitabı şair-həkim Kamil bəyin ilk kitabıdır. Bu il, 2022-ci ildə işıq üzü görüb.

Fərqləndirici odur ki, şair-həkim Kamil Nəzərov bu ilk kitabında 66 şeirlə bərabər, özünün təcili yardıma aid "HƏKİMƏQƏDƏRKİ İLK YARDIM" kitabını da bu kitabda birləşdirərək çap etdirmişdir.

Şeirləri oxuyan oxucu, həkimin ilk mükəmməl elmi əsəri ilə də bu kitabda tanış olur bə faydalanır.

İstər şeir olsun, istər elmi əsər hər ikisini faydasını hər bir insan duyur və oxumaqla müəllifinə öz rəğbətini bildirir.

Bir filoloq kimi Kamil Nəzərovun poeziyası haqqında düşüncələrimi idrak süzgəcindən keçirərək belə qənaətə gəldim ki, sözügedən kitabın nəşri və bir Söz adamının həyatda işıq üzünə çıxması olduqca sevindiricidir.

"Çıxan qan damarda qalmaz", Ata sözündən yola çıxaraq deyə bilərəm ki, "Qəlbdə də söz qala bilməz". Kamil bəyin poeziya aləminə gəlişi olduqca mənalı fikirlər ortaya qoyması ilə müəyyənləşib. Şairin söz dünyasındakı mövqeyi olduqca mükəmməl və qəlboxşayandır.

Kitabın ilk səhifəsi şair-həkimin "Bir yazı yazmışam ürəyimə mən" şeiri ilə başlayır. Bu şeiri oxuyan oxucu şair-həkimin poeziya manifesti ilə tanış olur:

Bir yazı yazmışam ürəyimə mən,

Nə qələm, nə vərəq gərəyim olub.

İlahi sevgidir,Tanrıdan gələn,

Qanıma qarışıb, qəlbimə dolub.

Kitaba daxil olan 66 şeirin hamısı bitkin poeziya nümunələri və könül oxşayan əsərlərdir. Vətən məhəbbəti, sevgi, həsrət, insanlıq duyğuları Kamil bəyin poeziyasının həm də ideya prioritetdir.

Gənc şairə poeziya dünyası yolunda uğurlar arzulayıram, qələmi iti, könlü duyğulu, fikr və diləkləri daha da çağlar və mükəmməl olsun.

 

Nəsib Abidinli