“Ürəyi yalnız ürəklə müalicə etmək olar”

Xüsusi müxbirimiz Azadə Yolçunun ürək cərrahı ilə müsahibəsini təqdim edirik:



​​“Əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşıdır” – deyən cərraha, - “Başqalarına işıq verə-verə özüm də yanaram”, - deyir bir həkim.

Günümüzdəki tibbi tədqiqatlar, digital texnoloji yeniliklər, dünya səhiyyəsindəki axtarışlar, rəqəmsallaşma və saysız xəstəliklər modern cihazların, kibersistemlərin, robot texnikasının inkişafına təkan verir. Lakin bunlar insan sağlamlığı üçün ali təməl deyil. Çünki modern cihazlardan daha çox təsiri heç bir texnikada olmayan həkimin humanist davranışı göstərir. Ən gözəl müalicə metodu münasibətdir. Münasibətilə həkim xəstəyə güman da ola bilər, yaman da. Həqiqi həkim isə hər bir xəstə ilə ölüb-diriləndir. Ona görə həyatda verilən imtiyazlardan ən vacibi ömür boyu şəffaf olacağı peşənin adamı olmaqdır. Peşəsinin adamı olmaqsa təkcə ali tibb təhsili olmaqla hüdudlanmayan ruh sənətidir. Eynilə Sokratın dediyi kimi, “ruhu müalicə etmədən bədəni sağaltmaq mümkün deyil”. Həkimlik budur.
Həkimlik bir də gəncliyin yaratdığı arzudur, doğmalarından başlayıb bütün insanları dövrələdiyin sevgidir, hər gün genişlənən qucaqdır, birinci inam və sonuncu ümiddir…


Daylaqlıda ayaq açan arzular həkimlikdə addımladı…
Doğması xəstə olanların günəşi doğmur, onların gecəsi də olmur, gündüzü də. Olan təkcə ümidləridir. Əzizinə kömək ola bilməyəndə darıxır adam. Bu darıxmaq gecələri ağlayıb səhərləri quruyan yaş qədər keçici deyil. Keçmir, qaysaqlayır dərd boyda. Dərd çəkmək də dərddən ağırdır axı. İnsan ən böyük çarəsizlikdə özünü çarə olmağa məcbur edir. Bu məcburiyyət bəzən elə yaraşır ki həmin adama sonradan işi olur onun, peşəsi olur, özü olur...


Xalası xəstə olan gənc Cabir o gün Şahbuz rayonunun Daylaqlı kəndinin (Əzizbəyov) böyrək suyundan içə-içə söz verir özünə: “Həkim olub xalamı sağaldacağam”. Günləri bir-birinə salxım edən illər ya arzusuna aparacaqdı onu, ya da arzusundan qovacaqdı onu. Bu qaçaqovda ömürdən nələr əskildi, nələr qazanılmadı ki. Lakin ürəkdə bərkiyən arzuları heç nə əridə bilməz. Polad arzular həmin Cabiri 2004-cü ildə İzmir şəhərindəki Egey Universitetinin Tibb fakültəsinə gətirdi. O, burada Ürək-Damar Cərrahiyyəsi kafedrasında könüllü olaraq çalışır, əməliyyatlarda iştirak edir. Çünki bilir ki, pis həkim olmaq mümkünsüzdür. Ya yaxşı həkim olmalıdır, ya da həkim olmamalıdır.

 

“Ürəyi yalnız ürəklə müalicə etmək olar. Bu isə həkimdən iki ürək tələb edir. Biri özü, digəri xəstəsi üçün”
Türkiyədə aldığı bakalaviatura və magistratura təhsilini “tibb doktoru” adı ilə bitirir (2010). 4 aydan sonra Türkiyədə keçirilən Tibbdə Uzmanlıq imtahanında İstanbul Bakırköy Dr.Sadi Konuk Elmi-Tədqiqat Xəstəxanası Ürək-Damar Cərrahiyyəsi şöbəsində uzmanlıq (rezidentura) təhsili almaq üçün haqq qazanır.

 

Peşəkarlıq hər ölkədə fərqli səslənir, lakin eyni eşidilir: Naxçıvandan Türkiyəyə, Türkiyədən Tailanda, İsveçə …
Cabir Gülmalıyev 5 illik uzmanlıq təhsili dövrünü (2011-2016) təkcə öyrənmir, öyrəndiklərini tətbiq edir, araşdırır, müxtəlif ölkələrə səfərləri ilə dünya tibb səhiyyəsindəki yenilikləri mənimsəyir. Bu minvalla Tailand, İsveç və s. ölkələrdə keçirilən Ürək və Damar cərrahiyyəsi ilə bağlı müxtəlif beynəlxaq konfranslarda və təkmilləşmə kurslarında iştirak edir. Özünü bu peşənin dərinliyinə endirən C.Gülmalıyev İstanbul şəhərində “Acıbadem”, “Medicalpark” və “Kolan” xəstəxana şəbəkələrində növbətçi ürək-damar cərrahı kimi fəaliyyət göstərir.

Həkimlikdə “general” olsan belə hərbi xidməti borcun varsa, ilk növbədə əsgərsən…
Həkimlər üçün təkcə “Hippokrat And”ı önəmli deyil, onlar həm də milli təəssübkeşliyi ehtiva edən “Hərbi and”a da sadiqdirlər. Buna görə 2016-cı ildə C. Gülmalıyev tibb təhsilini bitirib ürək-damar cərrahiyyəsi mütəxəssisi kimi Azərbaycana qayıdarkən hərbi xidmətə başlayır. Naxçıvan Hərbi hospitalda hərbi xidmət vaxtı hərbi qulluqçuların damar xəstəliklərinin müalicəsi və cərrahi əməliyyatlar həyata keçirir. 2016-2018-ci illər hərbi xidmətlə yanaşı o, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 300-dən çox açıq ürək əməliyyatı həyata keçirir.

 

15 il əvvəlki arzusunu maddiləşdirən biri kimi Cabir həkim hərbi xidməti vəzifəsini yerinə yetirəndən sonra Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi və Hərbi Hospitalda Ürək-Damar Cərrahı kimi işləyir. Naxçıvanda ilk dəfə başqa bölgələrdən dəstək olmadan yerli kadrlarla ürək əməliyyatları həyata keçirir. Ciddi ağciyər çatışmazlığı olan bir xəstə süni ürək-ağciyər cihazı (venovenoz ECMO) dəstəyi ilə müalicə olunur. Məhz bunlara görə böyüyüb başa çatdığı şəhərdə səhiyyənin inkişafına verdiyi töhfələrə üçün Naxçıvan MR Səhiyyə Nazirliyi onu əməkdə xüsusi xidmət və nailiyyətlərə görə fəxri fərmanı ilə təltif edir.

 

                                                                             
2018-cil ildə doktor C. Gülmalıyev Bakı şəhərində yeni açılan "Bona dea International Hospital"a dəvət alaraq həmin xəstəxanada Ürək-Damar Cərrahiyyəsinin şöbə müdiri vəzifəsində fəaliyyətə başlayır.
Ən müasir açıq ürək əməliyyatı: minimal invaziv (kiçik kəsik) ürək cərrahiyyəsi
Hazırda Cabir Gülmalıyev “Bona Dea İnternational Hospital”da Baş direktorun birinci müavini və Ürək-Damar Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışır. Həkim minimal invaziv ürək cərrahiyyəsi ilə açıq ürək-damar əməliyyatları edir.

 

                                                            
Ənənəvi ürək əməliyyatından fərqli olaraq minimal invaziv ürək cərrahiyyəsində döş qəfəsini kəsməyə ehtiyac qalmadan qabırğalar arasından 3-5 sm-lik, yəni daha kiçik kəsik yolu ilə əksər ürək əməliyyatları icra olunur. Minimal invaziv metodla icra olunan ürək əməliyyatı zamanı toxumaya daha az zədə dəydiyinə görə ağrı da az olur. Nəticədə pasiyent daha tez aktivləşir, tənəffüs hərəkətlərini daha rahat yerinə yetirir və ən əsası elə ilk gündən yatarkən sağa-sola dönə bilir. Kəsik kiçik olduqda qan itkisi də az olur və qan köçürülmə ehtimalı və antibiotiklərdən istifadəsi azalır.
Həkimin özü ilə danışırıq, suallarımızı cavablandırır…

 

                                                                           
-Minimal invaziv (kiçik kəsik) ürək cərrahiyyəsi nə üçün Azərbaycan səhiyyəsində yenilik hesab edilir? Bu sahədə ixtisaslaşmaya nə qədər ehtiyac var?
Həkim: “Minimal invaziv kiçik kəsikdən ürək cərrahiyyəsi dünyada son 10 ildə məşhurlaşan cərrahiyyə sahəsidir. 2000-ci illərdən sonra bəzi tibbi mərkəzlərdə istifadəsinə başlanılan bu cərrahiyyə sahəsi istər Türkiyədə, istərsə də Azərbaycanda yeni tətbiq olunan əməliyyat formasıdır. Uyğun xəstələrdə uyğun ürək əməliyyatlarını döş - sinə sümüyünü kəsmədən qoltuqaltı nahiyədən və ya qabırğarasından kiçik 3-4 sm-lik kəsiklərdən ürək əməliyyatlarını icra edə bilirik. Bunun üçün həm ürək cərrahiyyəsi təhsili boyunca və uzmanlıq təhsilimdən sonra bu əməliyyat növlərində təcrübə qazanmağa çalışdım. Belə ki, bunun üçün Belçikada və Almaniyadakı bu istiqamətdəki kurslarda iştirak elədim. Bundan sonra isə öyrəndiklərimi "Bona Dea"da tətbiq etməyə başlamışam.
-Fəaliyyətinizlə tanışıq. Müharibə ərəfəsində və dövründə hansı işlər gördünüz?

 

 


Müharibə dövründə mənim şəxsən cəbhə bölgəsində iştirakım olmayıb, lakin xəstəxana yönətimi olaraq Bakıdaydım. Damar və ürək cərrahı olaraq 100-dən çox travmalı ağır yaralı əsgərlərin xüsusi ambulanslarla xəstəxanaya gətirilməsini təşkil elədik. Onların ümumi müalicəsi ilə yanaşı, 1 xəstənin ayaq damarındakı güllə yaralanmasını, 2 əsgərin də ürəyindəki qəlpənin çıxarılması əməliyyatıın icra elədik.
-Siz Türkiyə, İsveç, Tailand və bir neçə başqa ölkələrdə olmusunuz. Orada işləmək imkanınız vardı. Nəyə görə təhsilinizi bitirəndən sonra Azərbaycana qayıtdınız?

Təhsillə bağlı olaraq bir çox ölkədə olsam da ailəmin, xüsusilə də valideynimin təsiri ilə vətənpərvər böyüdülmüşdüm. Ona görə ölkədən çıxdığım ilk gündən yaxşı həkim olacağıma, sənətimi mükəmməl öyrənəcəyimə və mütəxəssis kimi ölkəyə qayıdıb xidmət göstərəcəyimə söz verim. Bu məqsədlə xaricə yollandım. Buna görə də diplomumu aldıqdan sonra vaxt itirmədən Azərbaycana qayıtdım. mart ayında uzmanlıq imtahanı verib aprel ayında diplomumu aldım. Mayın ilk həftəsi isə artıq Naxçıvanda ilk ürək əməliyyatlarını icra eləməyə başladım.
-Hazırda işlədiyiniz “Bona Dea İnternational Hospital”ında həkimlər haradan gəlir? Əsasən hansı ölkələrdən dəvət alırlar? Ümumiyyətlə hospitalda başqa xəstəxanalarda olmayan hansı işlər görülür?
“Xaricdə təhsil alan həkimlər bir mərkəzdə birləşir”
"Bona Dea" xəstəxanasının qayəsini əsasən xaricdə oxumuş azərbaycanlıları ölkəyə qazandırmaqdır. Ona görə də daha çox Türkiyədən, Avropa ölkələrindən uzmanlıq təhsilini bitirib orada yaşayan insanları xəstəxanaya dəvət elədik. Məqsədimiz xaricdə təhsil almış həkimləri ölkədə bir mərkəzdə birləşdirməkdir.

 


"Bona Dea" xəstəxanasında həm infrastruktur olaraq, həm də peşəkar kollektiv olaraq bütün tibb sahələri üzrə ixtisaslaşmış nadir xəstəxanalardandır. Eyni zamanda da müasir səhiyyə sahəsində istifadə olunan alət, avadanlıq xəstəxanada geniş istifadə olunur.
-İndiyə kimi etdiyiniz ən ağır, müəyyən mənada unudulmaz ürək əməliyyatı hansıdır?
Əməliyyatlarımız çox olub. Lakin ürəkdən çıxan ana damarın yırtılması, yəni aorta anevrizması üçün müraciət edən ağır xəstələr, ya da cavan xəstələr mənə daha çox pis təsir edir... Xəstələrin hamısı özəldir, bir-birindən dəyərlidir. Hamısı ilə bərabər onların həyatını yaşayırıq. Birlikdə həm əməliyyatdakı dövrü, həm də əməliyyatdan sonrakı dövrü hiss edirik. Bəzən əməliyyatdan sonra uzun illər keçir, lakin münasibətlər davam edir, bir-birimizə olan doğmalıq qalır. Onlar sənin ailəndən biri olur. Bunlar fərqli hislərdir.

 


İndi 18 il əvvəlki o gənc artıq “Bona Dea İnternational Hospital”da Baş direktorun birinci müavini və Ürək-Damar Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışır, xalası da sağlamdır. Beləcə,Cabir Məhərrəm oğlu Gülmalıyev təkcə xalasını yox, yüzlərlə xəstəni xilas etdi.

Ilkxeber.org