BÜTÖV AZƏRBAYCANI GERÇƏKLƏŞDİRƏN SƏYAHƏT

“Kövsər” nəşriyyatının direktoru, texnika üzrə fəlsəfə doktoru Xəlil Talıbov telefonda deyəndə ki, müəllifi olduğum “Pedaqogika” dərsliyinin redaktorluğunu Hafiz Rüstəmə tapşırdıq. Yəqin unutmamısız? Dəstək əlimdə titrədi. Təşəkkürümü çatdırdım. Xəlil müəllim əlavə elədi: - Allahverdi müəllim, biz hamımız “Maarif” nəşriyyatı məktəbindən çıxmışıq. Nə yaxşı fürsətdir – uzun illərdən sonra...

Onu başa düşürdüm, amma istəyirdim Xəlil bəy danışsın, ötən illərdən soraq versin. Xatirələr yaddaşımda çözələndi, keçən əsrin səksəninci illərinə uçdu. Hansı ki, Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”ə baş redaktor təyin olunmuşdum (1984). Əhatəmdə xeyli gənc redaktorlar, yazarlar vardı: Mübariz Səfərov, Xəlil Talıbov, Ruzgar Əfəndiyeva, Hafiz Rüstəm, Kamal Alışoğlu, Bəxtiyar Balakişiyev... özümdə məsuliyyət duydum və gənclərin yanında “ortabab” görünmək istəmədim. Və belə də oldu...

Hafiz Rüstəm adı və soyadı mənə tanış gəldi, təzəcə “Ədəbiyyat və incəsənət” qəzetində çoxlu silsilə şeirlərini oxumuşdum. Şair Nəriman Həsənzadə (o vaxt qəzetin baş redaktoru idi) ilə söhbətim olmuşdu, H.Rüstəmin istedadını tərifləmişdi. Öyrəndim ki, o, ADU-nun (indiki BDU-nun) Şərqşünaslıq fakültəsini bitirmişdir, tələbəykən fars klassiklərindən tərcümələr etmişdir. Bir xeyli sonra öyrəndim ki, bu redaktor konkret olaraq yalan sözü götürməyən, şəxsiyyətinə hörmətlə yanaşan, prinsipial gəncdir. Daha sonra öyrəndim ki, səriştəli redaktordur, zəngin məlumatlıdır, müəllifin hüququna hörmət edən mütəxəssisdir. Mən xarakterimdən irəli gələn filoloq olaraq, onun poetik istedadına daha çox diqqət kəsilirdim. Axı istedad hər adama qismət olmur, əlbəttə, yazılan şeirdir, könül çırpıntılarıdır, oxuculara ünvanlanan mənəvi dəyərdir. Bu “üçlük” daima diqqətdə saxlanılmalıdır, tənqidçi də poeziya nümunələrinə bu meyardan qiymət verməlidir.

Xoşbəxtlikdən az sonra nəşriyyata bu gün də imzalarını doğruldan Əbülfəz Naxçıvanlı və Elşad Səfərlini işə götürdüm. Mən qürurlandım...

Şahidi olduğum bir epizod... Bir alim Şərq fəlsəfəsi ilə əlaqədar irihəcmli kitabını nəşriyyata təqdim etmişdi. Birbaşa əlyazmanı H.Rüstəmin üstünə yazdım və bildirdim ki, müəllif çox “yuxarıdan” danışdı, ritorik şərhlər verdi. Belə çıxdı ki, analoqu olmayan əsərdir. Təbii ki, dinlədim, sevindim ki, bu cür əsər ortaya çıxsın. Özündənrazı müəllif qabaqdangəlmişlik elədi ki, redaktoru kim olacaqdır? Dedim ki, bu, sizlik deyil, əlaqə saxlayın, dəvət edəndə gələrsiz.

Üstündən təxminən iki həftə keçmişdi, Hafiz müəllimlə görüşdüm, əlyazma ilə kabinetimə gəlmişdi. Bir-iki səhifə qeydləri də vardı. Qələmlə səhifələrin kənarlarına suallar yazmışdı...Söhbətimiz xeyli çəkdi: - Müəllifi dəvət edin, -dedim,- Agah edin, suallarımıza aydınlıq gətirsin. Günün birində həmin müəlliflə Hafiz kabinetə gəldilər. Mən hiss olunmadan “cığal” alimin üz cizgilərini süzdüm, alnına xüsusi diqqət yetirdim. Ürəyimdə təsəlli tapdım ki, hər şey qaydasındadır –redaktorun xeyrinə. Yanılmamışdım...

Mənim artıq keçən əsrdə qalmış 80-90-cı illərə qayıtmağım təsadüfi görünməsin. O zamanlar nəşriyyatı təmsil edən əməkdaşlarımda həm redaktə və elmi təfəkkür, həm də mərifət və səriştə qabiliyyətləri paralel idi. Ona görə ki, sağlam mühit yaradılırdı, ortada səmimiyyət hər şeyi həll edirdi...

Nadan əli qədim ənənələrə malik “Maarif” nəşriyyatını dağıtdı, on illərlə hasilə gələn təcrübəli mütəxəssisləri pərən-pərən saldılar. Vahid güc potensialı dağıldı – Hafiz də istisna olmadı. Lakin ... yaxşı insanlar nə yaxşı var və belələri xalqı üçün bir faydalı iş görürlər. Mən bu sırada məhz Xəlil Talıbovu, onun təsis etdiyi “Kövsər” nəşriyyatını və ətrafına yığdığı təcrübəli mütəxəssisləri nəzərdə tuturam.Çünki bu nəşriyyat balalarımız, pedaqoqlarımız (müəllimlərimiz) üçün dərsliklər, dərs vəsaitləri və s. kitablar çap edir. Heç də mövzudan yayınmıram, çünki bunsuz keçinməyə bilməzdim: nə az, nə çox – “nəşriyyat məktəbi”nin üstündən 27 il ötür! Bunları xatırlamaya bilməzdim.Axı xatirələr həm də yaşayır.

***

Artıq Hafiz Rüstəm orijinal şeirləri, fars-tacik poeziyasından tərcümələri, ədəbi-tənqidi məqalələri ilə ən azından respublika miqyasında kifayət qədər tanınır. O, bir neçə bədii-publisistik kitabın müəllifidir.

Bu yaxınlarda o, mənə oxuyub öz təəssüratımı bildirmək üçün yeni poemasını təqdim etdi. Bəli, əsərin adı da “Bakıdan Yardımlıya səyahət”di. Çox təəssüf ki, 2010-cu ilin əvvəllərində “Kredo” qəzetində dərc olunan, hələ qəzet versiyasında geniş rezonans doğuran bu ilhamlı əsəri ardıcıllıqla izləyə bilməmişdim. Və bu dəfə küll halında oxudum – bir payız səhəri (adətimdir)... Havada isə payızdan əlamət yoxdu, bəlkə də hər səhifəni çevirdikcə aldığım diri-enerjili impulslardı. Şairlə ya üzbəüz otur, ya da əsərini haçansa oxu, fərq etməz, bədəninə hərarət yayılır, ruhun canlanır. Hə, demək, əsərlə dil tapırsan, şairin “dilini” bilirsən.

Hafizin “Bakıdan Yardımlıya səyahət” poemasının çox sadə bir süjet xətti, fabulası var. O, 2008-ci ilin gözəl bir yaz səhərində köhnə dostu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud ağanın maşınında digər dostları ilə birgə Bakıdan Yardımlıya yola düşür. Səbəb odur ki, qələm dostları, qocaman jurnalist və şair Sahib Əliyevin rayon mərkəzinin mədəniyyət evində keçiriləcək təntənəli yubiley tədbirində iştirak etməyə dəvət olunmuşlar. Şairin çoxdan ziyarət etmədiyi Bakıdan Yardımlıya səfəri boyunca xatirələri dilə gəlir. Bu, həm də onun Azərbaycanın bütövlüyü ideyasını bir məqsəd olaraq irəli sürmək üçün vasitəyə çevrilir. Çünki tarixi bütöv Azərbaycanı həm də Yardımlıdan keçən İranla sərhəd məftilləri ayırır.

Hafizin bu poemasının süjet xəttinin fonunda ilk növbədə onu fikirləşirəm ki, poeziyanın nəsrdən bir fərqi bundadır – şairin lirik-epik ovqatı onun xarakterini tamamlayırmı? Daha doğrusu, şerin qanadı olan emosiya mövzunu (predmeti) daşıya bilirmi, müəllifin xarici təsirlərinə istedadı cavab verirmi? Necə ki, poemada yaddaşa süzülən Hafizin xarici aləmdən aldığı təsirin əks-sədasıdır. Məşhur ədəbiyyatşünas Q.Xilmi göstərir ki, poetik emosiya insan şüurunu təsirləndirən, predmetlərin və maddi aləmin hadisələrini əks etdirən və onlara münasibətini bildirən hadisədir. H.Rüstəm oxucunun gözləmədiyi “yol yoldaşı”ndan təsvirçiliyə üstünlük vermir, poetik deyimində ifadəliliyə, söz fiqurlarının mənaya xidmət etməsinə meyil göstərir. Şair məqsədinin açılmasında çağdaş poeziyamızın bir çox nümayəndələrinin taftoloji üsulunu seçmir, buraya sadəcə “ağlın özünü deyil”, oxucunu sadəcə əyləndirmək həvəsi yox – istedadının və savadının – ruhunun və intellektinin kompleksini (bədii informasiyaların və faktların) poeziyaya gətirmir. Digər tərəfdən, H.Rüstəm, xüsusilə, poetik istedadın ilahi varlıqla, Allah payı ilə bağlılığını vurğulayır. Mən şairi (yuxarıda xatırlatdığım kimi) ilahiyyatdan xəbərdar, bu nəhayətsiz elmi kifayət qədər bilən və xarakterini saf dinə bağlayan insan timsalında tanımaqdayam. Və bunu hər şair etiraf etmir:

Mən də gözlərimdən yaş dama-dama,

Bənzəyirəm haqdan yanan bir şama.

Gecələr əriyib ancaq sönür şam,

Nə qədər zülmət var, mən yanacağam.

Sonuncu misranı bu cür də yozardım ki, şair qələmi o yerəcən işlədəcəkdir ki, yaşadığımız dünyanın bir parçası olan cəmiyyətimiz işığa rəvac versin, haqsızlıqla insan varlığına əzab-əziyyət verməsin (poemada bu cəsarəti görürük).

Əsərin “Münacat”ında H.Rüstəm Allahın adı ilə yola çıxdığını vurğulayır:

Səndəndir həqiqət, əbədi nemət,

Bizi doğru yola edirsən dəvət.

Sənin adın ilə çıxırıq yola,

Bütün yolçulara uğurlar ola, -

deyir və əsər boyu bu poetik vədinə əməl edir.

Poemada mən şairin səyahəti boyunca “itirilənlərin” acısını sezdim: bir məkanı ayıran siyasi qüvvələrin törətdikləri həsrət hissini, doğmaların cavan ikən doğma torpaqlarını tərk etdiklərini və yenidən müstəqilliyimizdə qayıtdıqlarının nisgilini duydum. Bu adamların bir qismi də müəllifin öz yaxınları və doğmalarıdır. Bir epizoddan çox mütəəssir oldum – Dəhənz dayının Nikadan gəlişindən:

Doxsan yaşlı bu qoca ata ocağındaydı,

Yenidən körpə kimi ana qucağındaydı.

Aman, Allah! O, necə hıçqırıb ağlayırdı!

Gözlərindən qırmızı çeşmələr çağlayırdı...

Bu qovuşma onları “qəriblikdən” qurtarmadı. “Bu qürbətdən ayrılıb o qürbətə düşdülər”- tarix “Çərxi-fələk fırlana bilməz tərsinə” həqiqətini əyaniləşdirdi.

Şairin yol yoldaşı Mir Mahmud ağadır: milli azadlıq hərəkatımızın şəksiz liderlərindən biri, sözünü cəsarətlə deməyi bacaran, haqq-ədaləti heç bir vəzifəyə, maddiyyata dəyişməyən, mənim şəxsiyyətinə hörmət bəslədiyim tarixi sima! Elə ona tarixi sima kimi də yüksək ehtiramla xitab olunur:

Canım, Mir Mahmud ağa,

Gözüm, Mir Mahmud ağa.

Bitib-tükənən deyil

Sözüm, Mir Mahmud ağa.

Bu, eyni zamanda o deməkdir ki, Hafiz haqdangəlmə fikrini cəsarətlə deməyə borcludur və oxucu qarşısında cavabdehdir. Bunun ilk cizgilərini ilk səhifələrdən görürük:

Mən bütöv YAP-a da qarşı çıxmıram,

Qara eynək altdan ona baxmıram.

Onda da var halal, sağlam qüvvələr,

Bunları heç danmaq olarmı məgər?

Müxalifətin də, iqtidarın da,

Təəssüf doğuran sıralarında –

Neçə-neçə acgöz qarğa-quzğun var,

Ölü leş axtarar, cəmdək axtarar.

Didib-parçalasın, qarnı tox olsun,

Özü sağ, qalanlar ancaq yox olsun.

deyir şair. Bəli, şairin əndişələnməsi, üzünü ziyalılara tutması, təbii halda gileylənməsi poemanın ürəkdən yaşanaraq yazılmasına dəlalət edir:

Zülm baş qaldırır, həddini aşır,

Niyə ədalətin dili dolaşır?

Milli barışığa gəlib nəhayət,

Yumruq tək birləşə bilmir bu millət.

Sözləri düz gəlmir, haçalanırlar,

Ancaq bölünürlər, parçalanırlar.

Qarabağ dərdi də dərs olmur bizə,

Dünya bic-bic gülür faciəmizə.

Belə məqamda Hafiz alleqorik üsuldan yararlanır. Şam və Sap obrazları halal və haramı təmsil edir, hər ikisi yanır – biri təmizlikdən, digəri natəmizlikdən. Halal - haramsız, haram - halalsız yaşaya bilmir. Ancaq haqsevərlər halal və haramı bir-birinə qatışdırmırlar və hər birini öz adıyla adlandırmağı bacarırlar. Yuxarıda xatırlatdığım “zülmət” sindromu işıqsız mövcud ola bilməz. Şam arının təmiz balından deyil, onun natəmiz tullantısından yarandığına görə yanır. Bəs ağ, ləkəsiz pambıqdan hasilə gələn Sap nə üçün yanır?

Bəyaz, təmiz pambıqdan əyrilib yaranmısan,

Bəs sənin dərdin nədir? Nədən ötrü yanırsan?

Sap da cavab verir ki, mən bir halal yoldaşam,

Yanıram ki, haramla əhatə olunmuşam.

Əsərdə o yeri də xatırladım ki, (“Cənuba doğru”) H.Rüstəmin ADR-lə bağlı “tarixi ekskursiyası”nda vətəndaşlıq qürurunu gördüm. İstiqlalımızın qorunmasında qardaş Türkiyəyə, başda Ənvər paşa olmaqla şəhid verən türk əsgərlərinə ehtiram pafosla təsvir olunmuşdur. Şairlərdən Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin əsərlərini xatırlamaqla özünü obyektiv söz adamı kimi əbədiləşdirmişdir! Poemanın “Sərhəd ağrıları”nı oxuyanda özümü çox da uzaq olmayan o illərə apardım. Əvvəla, Hafizin Şorsulu kəndinə (Salyan rayonuna daxildir) bağlılığını öyrəndim. Bu, həmin Şorsuludur ki, mənim ( bu kənddən 5-6 km aralıda doğulduğum Qırmızıkənd yerləşir) məktəbli dostlarım bu kəndin orta məktəbini bitirmişlər. Dəfələrlə dayımın və xalamın yaşadıqları Lənkərana getmək istəmişəm. Şorsulu keçid məntəqəsində rus soldatları SSRİ pasportuna yad sərhədçi kimi yanaşıb, bizi geri qaytarmışlar. Belə bir sərhəd-keçid məntəqəsi yaşadığımız Qırmızıkənd dəmiryolu stansiyasında da qoyulmuşdu. Bakıdan gələn sərnişin qatarına minənləri və qatardan düşənləri yoxlayırdı “sarışınlar”. Bu bölümdə mən Hafizin ağrılarını yaşadım. Bu həsrətin poetik təbiiliyi üçün seçdiyi vəzn (yeddi hecalı), ritm bayatı ovqatlıdır:

Açıqca tapdanırdı

Milli heysiyyətimiz..

Sanki əsir-yesirdi

Xalqımız, millətimiz.

Bilmək olmurdu dövlət

Kimi kimdən qoruyur?

Elə bil, özünkünü

Özünkündən qoruyur.

Poemada poeziyaya məxsus lirik ovqata, sosiallıqdan çıxma və oxucu zövqünə qayıdış yerinə düşür. Bilirsiniz, oxucunu “yükləmək” olmaz, əlbəttə, mətləbdən ayrılmamaqla. Ona görə ki, şeir başdan-başa ruhi təzahürdür və yeri gələndə ideal konstruksiyadan uzaqdır, nəzəriyyələşdirməni sevmir. Hafiz şair dostlarından fərqli şəkildə sosial-mənəvi proseslərlə poetik-əhval “ikiliyi”nin harmoniyasını təbiətin formal tərənnümündə verir. Poemada Yardımlı – Masallı yollarında təbiətin gözəlliyi: çayları, meşələri, dağları ilhamla öz əzəmətində və rəngində təqdim edilir. Əsərin davamı boyunca bu “poetik üsul”un inikasını görürük. Bu misraları oxuyanda oxucuda vətənpərvərlik, qürur, öyünmə hissləri oyanır:

Burda hökm eləyir ana təbiət,

Burda qərar tutur o əbədiyyət.

Burda yoxa çıxır ölmək qorxusu,

Yenidən dünyaya gəlmək qorxusu.

Əslində poemada ekoloji problemə də toxunulmuşdur. Təbiətin ahəngini pozanda, o, öz qisasını alır:

Əslində belədir, pozanda insan

Ana təbiətin rahatlığını.

O da bəslədiyi öz uşağından

Haqqı var istəsin azadlığını.

Bu sarp qayalara, bu qart daşlara,

Bu sərt enişlərə, dik yoxuşlara.

Baxdıqca bu fikrə gəlirəm bir an:

Gərək təbiətə toxunmayasan.

Təbiətin obrazlı təsviri Hafiz Rüstəmdə yüksək sənət dililə əksini tapmışdır. Poetik dil onu törədən başlanğıcdan fərqləndiyi səbəbdən yaşayır. Poeziya pinti deyim, dilə hörmət etməmək kimi hallardan uzaqda dayanır, yalan, saxta vədləri qəbul etmir. Poemada oxuyuruq:

Yüksəyə qalxırıq... oyuncaq kimi

Yerlər ucaldıqca, göylər alçalır.

Dağlar diyirlənir bir yumaq kimi,

Sap tək o yumaqdan yollar açılır.

Yaxud:

Çox-çox aşağıda ağarır duman,

Sanki ayağımız yerdən üzülür.

Bu anda elə bil, göy şanısından

Bal şirəsi kimi hava süzülür.

“Dağlar..., meşələr...”, “Yollar – görüntülər”, “İlk bahar lövhələri”, “Bərcan”, “Abidərdə” bölümlərində təbiətin fonunda şairin ağrıları duyulur. Təbiət şair üçün bir tutacaqdır: doğma ocaqlardır, dağlardır, meşələrdir, çaylardır. Bunları Allah bizə bəxş etmişdir. Bəs niyə onların gözü qabağında gərəksizləşirik, əzilirik, haqqımız tapdalanır, niyə? Bir xalq ilin Axır çərşənbəsini əsrlərlə yaşayırsa, qadağalardan qoruyursa, nə üçün səadətə yaxınlaşa bilmir? Bəlkə ona görədir ki, cılızlaşmışıq, əllərimiz bir-birinə yaxınlaşmır, bir ovuc nadürüstlər daraşıbdır ana yurdun sərvətlərini daşımağa?! Amma yenə təsəlli tapdım ki, Hafiz bəlkə də şerimizdə ən yaxşı “İlin axır çərşənbəsi”ni yazıb. Bir nümunə:

Yeni ilin astanası,

Ürək varmı paslanası?

Kim tapılar yaslanası?

Novruzun ilk təntənəsi,

İlin Axır çərşənbəsi.

“Dağ adamı – Telavar yoxuşu”nda oxucu siyasi ovqata qayıdır. Mir Mahmud ağaya müraciətində “cəbhə həyatı”nın metamorfozasından bəhs edir, yəni ki, hamı cəbhəçilər sənin əqidəndə olmadılar, şəxsi maraqlarından gəldilər hakimiyyətə. Lakin poemada ilk dəfə Mir Mahmud ağanın mükəmməl obrazını görürük:

Azadlıq meydanından

Çıxdın milli cihada.

Daim meydan oxudun

Hər zülmə, istibdada.

Kreml havadarları

Dayandılar qəsdinə.

Kommunistlər, manqurtlar

Hücum çəkdi üstünə.

Hafiz bu bölümü də üslubuna sadiq qalaraq orijinal, lirik bir formada - “Hər şeyin təzəsi, dostun köhnəsi” ilə bitirir. Demək olar ki, hər bölümündə qara şriftlərlə verilən, oxucunun yorğunluğunu çıxaran, zövqünü yüksəldən lirik ricətlər, situasiyalar məsnəvi şəklində yazılan əsərə xüsusi rövnəq verir

Ümumiyyətlə, qara şriftlərlə verilmiş bu səpkili şeirlərlə şair həm də özünün ovqatını təzələyir. Mən belə şeir nümunələrini “poetik akt” kimi qiymətləndirərdim. Məşhur alman ədəbiyyatçısı Hans Karl Artman bu məsələdə öz mövqeyini ifadə edərək yazmışdır ki, poetik akt qatışığı olmayan, xalis poeziya uğrunda mübarizədir; o, saf poeziyadır.

Xatirələri oyatmaq - ədəbiyyatın əbədi materialıdır, yazarın söz yaddaşıdır. H.Rüstəm poemasını tam “yaddaş” fenomeni üzərində qurmamışdır. Ancaq nə edəsən ki, hər bir doğma yerə - torpağa, kəndə ayağı dəydikcə, şairdə assosiativ proseslər yaranır – ilhamı yaxın-uzaq yaddaşa uçur:

Gəl, düşək maşından, Mir Mahmud ağa,

Çoxdandır bu yerə ayağım dəymir.

Üz tutaq dərədən axan bulağa,

Onun saf suyuna dodağım dəymir.

Hər dəfə bu fürsət düşmür ki, ələ,

Torpaqdan buğ qalxır...yenə yaz gəlib.

Bir bax açan gülə, ötən bülbülə,

Təbiət oyanıb, xoşavaz gəlib.

Hafiz atası ilə bağlı xatirələrə poetik məna verir, yeniyetməlik dövrünə qayıdır. Bu hissləri mən bir də ona görə təqdir edirəm ki, məni – oxucusunu da “özünə” qaytarır – poeziyanın gücü bundadır. Deməli, şairin təxəyyülü çevikdir, güclüdür, ilhamı hər vaxt “oyatmağa” hazırdır. Dahi alman şairi F.Şillerin fikrincə, təxəyyül çalışır, öz predmetlərini istədiyi kimi dəyişsin; idrak isə öz predmetlərini ciddi ardıcıllıqla birləşdirməyə çalışır. H.Rüstəm hər iki “barışığa” əməl edir. Və “Atam” gəraylısı əsl atalara layiq poetik nümunədir:

Hər kim sənə Hafiz olmaz,

Olsa, məndən əziz olmaz.

Əziz oğlun sənsiz olmaz,

Yaşa, atam, yaşa, atam.

“Bakıdan Yardımlıya səyahət” poemasında Hafizin poeziyasına xas lirik lövhələr, aydın ifadələr, sözün “rəqsi” kimi məcazlar sisteminin poetik mənbəyini tapdım. Əlbəttə, bu keyfiyyət yaradıcılıq psixologiyası ilə də bağlıdır. Əsərdə təbiətin küll halında idilliyasını seyr etdim. Hər bir səhərin və axşamın ritmini, yarpaqların xışıltısını, dağların əzəmətini, Viləşçayın nəğməsini eşitdim, gördüm. Kənd koloritini xəyalımda canlandırdım. “Şəhərin öz ritmi, gur həyatı var; kəndin min neməti, min sovqatı var”- şair təqdim edir. “Zərif güllərindən təravət aldım”, “Bu dağlardan qopan mən də bir dağam”- vəcdə gəlir. Şairin buna haqqı çatır. Və bu mənzərənin poetik libası olan, gözəl “Dağlar” qoşmasını oxudum. Bircə bəndini –dörd misrasını yazıya köçürdüm:

Hafiz, ayaqyalın gəzdim, dolaşdım,

Şehli bənövşələr yaxama sancdım.

Bir vaxt oxunaqlı kitab tək açdım,

Sizi vərəqlədim, örtmədim, dağlar.

Şairin xatirə-yaddaşı “Kaş bir çoban olaydım” bölümündə başqa bir poetik biçimdə və psixoloji əhval-ruhiyyədə tərənnüm olunur. Deyim ki, şairin ilhamı öləzimir, tempini saxlayır, yeni obrazlarını verir. Hər şey uzaqdadır; dağlar da, zirvələrin buz qarı da - gələcəyə can atan ömrün uzun yolları kimi. Mən bu lövhələri oxuyanda Abbas Səhhət, Puşkin, Lermontov ruhunu xatırladım. Abbas Səhhətin tərcüməsində səslənən ləngərli əruz vəzninə bənzər heca vəzni Hafiz Rüstəmdə də alınmışdır:

Ah, necə də istərdim baş götürüb qaçam mən,

Köçəri bir quş kimi uzaqlara uçam mən.

Ah, necə də istərdim, olam orda bir çoban,

Dağlar-daşlar titrəyə dəmir addımlarımdan

Bəli, insan təbiətin ağuşunda bütün günahlarını yuya bilər. Aristotelin “katarsis” anlamını nədənsə unuduruq. Şairsə unutmur. “Sovet həyat tərzi”ndən görünür ki, o, mənəvi-əxlaqi və ictimai-sosial proseslərin obyektiv bədii inikasını verməkdən çəkinmir. Çünki Hafizin özü son dərəcə obyektiv Allah adamıdır və Allah adamının poeziyası katarsis termininə möhtac deyil, çünki bu poeziya elə katarsisin özüdür. Çağdaş durumun ab-havası, insan faktorunun ikinci plana keçməsi, kəndli təsərrüfatına, fermerlərə ögey münasibət və s. müəllif tərəfindən unudulmamışdır. Cəsarətli fikirlər demiş və ümumiləşdirmişdir. Poemada aydın görünür ki, şair-müəllif xalqın dərdlərini yüksək poetik səviyyəyə qaldırmışdır. Poeziya tarixdən daha fəlsəfidir, mahiyyətlidir və keçərlidir. Vaxtilə gurultulu şüara çevrilmiş “Qoy ədalət zəfər çalsın” devizini H.Rüstəm eyni gurultuyla deyil, vətəndaş qəlbinə maniəsiz hakim olan, insan ruhunu fəth edən poetik pıçıltılarla səsləndirir. O yerdə ki, ədalət yoxdur, heç bir qələbədən, uğurdan danışmağa dəyməz. Poetik fraqmentlərdən:

Gah yaş senzi qoyulur, gah o senz götürülür,

Qanun bərəmum kimi əldən-ələ ötürülür.

Vəzifə böyüdülür, onun sahibi şişir,

Dünən qüvvədə olan bu gün qüvvədən düşür.

Bilmirəm ki, heç ona necə qanun deyilir?

Ölçüsüz corab kimi hər ayağa geyilir.

Və şair ədalətdən uzaq olanları haqq-ədalətə, ilk növbədə bu dünyanın “qıl körpüsü”ndən keçməyə dəvət edir:

Bu dünyanın da öz Qıl körpüsü var,

Bilir bu körpüdən keçən yolçular.

Bu körpüdən keçir yalnız doğrular,

Görünmür iziniz-tozunuz, hanı?

H.Rüstəmi uzun illər tanıyan bir adam kimi deyə bilərəm ki, o, vicdanlı vətəndaş, vicdanlı sənətçi, vicdanlı şair-mütəfəkkirdir – bütün məsuliyyətimlə. Şairlər var – yalnız şeirlərilə öyünür və yaşamaq istəyir, şairlər var – müftəxorluqla yarımzirzəmilərdə günlərini keçirir. Şairlər var – poeziyada öz vicdanını görür və misralarına damla-damla çiləyir. H.Rüstəmdən gözləyirdim ki, poemasında “vicdan” məfhumuna yer ayıracaq və yanılmadım. “Vicdan” bölümü əsərin ən kövrək və sərt hissəsidir, insanın son dayanacaq yeridir. Maraqlıdır ki, şair yol getdikcə onun vicdanı da yol yoldaşı olur, müşayiət edir, müsahibi olur. “O, mənim özüməm, özgəsi deyil, o, bir bədənnüma güzgüsü deyil” – deyir. Şairin vicdanla poetik dialoqu maraqlı səslənir, şairin suallarını dinləyir. Vicdan ədalətsizliklərlə üzləşir və dözmür:

Vicdan dözmür,

əsir, coşur!

Qışqırır ki, cavan oğlan,

Bir an dayan! De, nəçisən?

Məgər sən də dilənçisən?

Dilənirsən yoxsa burda?

Bəs şərəfin, bəs vüqarın

Sənin harda?

Tapdansınmı torpaqlarda?

Şair vicdanı həssas olur, diqqətcil olur və ləyaqətli şəxsiyyətləri unutmur. H.Rüstəm vicdanı ilə hərəkət edir, şeir yazır və təsadüfi deyil ki, vicdanlı insan Mir Mahmud ağa ilə yol yoldaşıdır, habelə dağ saflığını, vicdan təmizliyini son nəfəslərinə qədər itirməyən ictimai-siyasi xadim Vəli Məmmədovu və gözəl alim, pedaqoq Kamil Əliyevi xatırlayır, onların obrazlarını yaradır:

O alicənab göydən endirilmiş nur idi,

Şəxsiyyəti parlayan saf, bütöv büllur idi –

deyir.

Yaxud:

Kamil erkən yaşından kamil müəllim oldu,

Bizim ulu dağlardan gələn ilk alim oldu-

xatırlayır.

“Vüsal akkordlu hicran nəğməsi” bölümü əsərin bütün bölümlərinin – şaxələrinin və qollarının yönəldiyi fəqərə sütunudur. Əsəri təşkil edən, ilk baxışda dağınıq görünən, diqqəti cəlb etməyən milli birlik və Azərbaycanın bütövlüyü – məhz milli-tarixi yaddaşdan qaynaqlanmaqla müasir, maddi-mənəvi qüvvəyə çevrilə biləcək ideya, bu ideyanı ifadə edən mövcud, konkret tarixi, coğrafi, milli-etnoqrafik, əxlaqi-fəlsəfi, dini-mifoloji obrazlar məhz bu sütuna söykənir. Bu bölümə yeni Koroğlusunu gözləyən gümüşü rəngli xam Qırat və Çənlibel , qüdrətli xeyirxah mifoloji Ucubınığ kimi tarixi-mifoloji qəhrəmanlıq obrazları səfərbər olunub. Onu da nəzərə almaq lazımdır ki, çox da uzaq olmayan tarixi keçmişdə Şərqi və Qərbi Almaniya yenidən birləşdi. Tarixi sınaqlardan çıxmış məşhur, labüd bir qanunauyğunluq var: tarixi prosesi ləngitmək olar, ancaq onun qapşısını almaq olmaz. Bütün bunlar əsas verir ki, vaxtilə geosiyasi amillər üzündən çəkilərək göz dağına çevrilmiş süni, tikanlı sərhəd məftilləri gec-tez söküləcək, əsrlərcə ikiyə bölünmüş, parçalanmış Azərbaycan əraziləri yenidən birləşəcək, bütövləşəcəkdir. Bu, yüksək, pafoslu, fövqəladə üsyankar, ləngərli və əzəmətli misraların həqiqətinə inanmamaq olmur:

Azadlıq rüzgarı yenə əsəcək!

Sərhəd dirəklərin yıxıb əzəcək!

Əlbət öz hökmünü verəcək Zaman,

Bu göz dağları da dağılacaqdır!

Bizim qəlbimizdə qaysaq bağlayan

Sərhəd ağrıları sağalacaqdır!

Həsrət ağrıları sağalacaqdır!

Bununla yanaşı xüsusilə qeyd etməyə dəyər ki, bu səyahət əsəri təkcə Bakıdan Yardımlıya səyahətin zahiri effektləri və xronologiyası ilə məhdudlaşmır. Burada görməli, gəzməli səyahət obyektləri şərti səciyyəlidir. Bu, həqiqi bir ilhamla təsvir və tərənnüm olunanların mahiyyətində keşməkeşli tarixi keçmişə, repressiya illərinə, milli müqavimət hərəkatı dövrünə (Bu dövr prof. Musa Qasımlının “Azərbaycan türklərinin milli mücadilə tarixindən (1920 – 1945-ci illər)” adlı kitabında geniş əksini tapıb), bu hərəkatın keçən əsrin sonlarında yenidən təkrarında zühur edən yeni, cəsur qəhrəmanlarına, davamçılarına, müqəddəs adət və ənənələrimizə, inam və iman obrazlarına (Allah xofu, din və mif, əqidə, vicdan, dostluq, ziyalılıq və s. məsələlərə), ümumiyyətlə, bütün bəşəriyyət üçün əbədi, dəyişməz və qiymətli mənəviyyat və əxlaq ölçülərinə istiqamətlənən “səyahətdir”. Elə buna görə “Bakıdan Yardımlıya səyahət” milli olmaqla yanaşı beynəlxalq, ümumbəşəri əhəmiyyətli əsərdir və belə bir əsərin dünya dillərinə tərcüməsi zəruridir.

Şair Allaha müraciətlə başladığı poemasını Allaha duasıyla bitirir. Bu ilahi harmoniyadır, insanla Allah arasındakı işıq yoludur, onun dərgahına qovuşma istəyidir:

Yaranışdan yer Özünün, göy Özünün,

Sahibidir yer üzünün, göy üzünün

Tanrım mənim.

O, hikmətin, ədalətin mənbəyidir,

Gözəlliyin, həqiqətin mənşəyidir

Tanrım mənim.

H.Rüstəmin poemasına “yaddaş” simfoniyası da deyərdim, o mənada ki, oxucu hafizəsində yaşayacaq sənət əsəridir. Əlbəttə bu yanaşmanın mahiyyətinə varmaq ayrıca bir mövzudur. Poemanın kompozisiyasında klassik ənənə ilə müasir yenilik elementlərinin sintezi diqqəti cəlb etməyə bilməz. Məsələn, indiyə qədər mövcud poemalardan fərqli olaraq ilk dəfə məhz bu poemada onun daxili bölümlərinin başlıqlarının mündəricatı verilib və deyim ki, çox orijinal və yerində görünür. Bununla yanaşı poemada müəllifin özünəqədərki əsərlərdə heç bir şairin varmadığı, bəlkə də bacarmadığı bir məziyyətini də qeyd etməyə bilmərəm; bu da H.Rüstəmin həm dini-mifoloji, həm də elmi-etnoqrafik mənbələrə müraciətidir, yeri gəldikcə qarşılaşdığımız mühüm məfhumların, arxaik və müasir zəruri söz və ifadələrin ensiklopedik şərhlərinin və izahlarının verilməsidir. Oxucu yəqin ki, özü üçün də zəruri olan bu şərh və izahlara biganə qala bilməyəcəkdir. Bu, həm də onu göstərir ki, H.Rüstəm savadlı, məlumatlı və dərin dünyagörüşlüdür. O, bununla bir daha təsdiqlədi ki, poetik ilham hələ aparıcı amil deyil, müəllifin dərin biliyi, axtarışı və yaddaşı olmalıdır.

Mən “Bakıdan Yardımlıya səyahət” poemasını nəinki Hafiz Rüstəm yaradıcılığının zirvəsi, ümumiyyətlə son müstəqillik dövrümüzün klassik əsəri kimi qiymətləndirərdim.

P.S: Oxucular agah olsunlar ki, H.Rüstəmin coşğun bir ilhamla qələmə aldığı, elə həqiqətən də tez bir zamanda ədəbi hadisəyə çevrilən, irihəcmli (4500 misradan artıq) “Bakıdan Yardımlıya səyahət” poeması 2010-cu ilin əvvəllərində “Kredo” qəzetinin səhifələrində işıq üzü görüb. Həmin qəzetin baş redaktoru, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsü, şair-publisist Əli Rza Xələfli adı çəkilən əsərə “Yaddaşa aparan yollar” adlı bizim ədəbi mühitdə hələlik analoqu olmayan, heyrət doğuran, geniş mündəricəli ədəbi-publisistik şərhlər-məktublar ünvanlayıb. Bu məzmunlu şərhlər demək olar ki, bütün il boyu (qəzetin ümumən 45 nömrəsində - hər nömrəsində demək olar ki, iki səhifə olmaqla) dərc edilmiş və geniş ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuşdur. İndi 40 ç.v. həcmində olan həmin monoqrafik şərhlər ayrıca kitab halında poema ilə eyni vaxtda çapa hazırlanır.

Belə bir analoji hal XIX əsrin ikinci rübündə rus ədəbi mühitində baş vermişdir. Qoqolun povestləri çap olunduqca böyük rus tənqidçisi V.Q.Belinski (1811 – 1848) onu isti-isti müdafiə və tənqid etmişdir. Belinski dəfələrlə Qoqol haqqında danışarkən qeyd etmişdir ki, bu böyük yazıçının ümumi estetik istiqaməti təbii, real, sadə, bilavasitə xalq həyatından gələn real poeziya istiqamətidir. “Yazıçı fikrinin sadəliyi, xəlqilik, həyat həqiqətinin tam göstərilməsi, orijinallıq” Qoqol sənətinin səciyyəvi xüsusiyyətləridir (prof. Əkbər Ağayev). Belinski Qoqolun istedadını sevib qiymətləndirdiyi kimi, Ə.R.Xələfli də ən azından H.Rüstəmin bu şah əsərini sevə-sevə təhlil etmiş, müasir ədəbi prosesdə onun rolunu yüksək səviyyədə dəyərləndirmişdir.

Mənə elə gəlir ki,H.Rüstəmin sənətkarlıq hünərini nümayiş etdirən, irəlicədən məhz Allaha tapşırdığı, Allahın adı ilə nöqtə qoyduğu bu əsərinin uğurlu dünya səyahəti hələ təzə başlanır:

Mən bunları tapşırıram, Tanrım, Sənə,

Hünərimi insanlara göstərsənə.

Adın ilə mən çıxmışdım bu səfərə,

Adın ilə nöqtə qoydum bu əsərə.

 

Allahverdi EMİNOV

pedaqoji elmlər üzrə fəlsəfə doktoru

30.X.2011