Milli mədəniyyətin təbliğində vətəndaş məsuliyyəti və informasiya texnologiyalarının rolu

Bir milləti meydana gətirən ünsürlər içərisində mədəniyyət birliyi və bütünlüyü ən önəmli yer tutur. Bir millətin milli mədəniyyəti, onun milli tarixindən qopub gələn bir ata mirası, maddi varlığının, inanc və əxlaq ucalığının, dil və sənət zənginliyinin, ənənələrinin əmələ gətirdiyi ortaq bir dəyərlər məcmusudur. Bir millətin var ola bilməsi, dünya millətlərinə varlığını qəbul etdirə bilməsi üçün, elm işığı altında mədəniyyət dəyərlərini incələməsi, şüurlu olaraq yaşadıb inkişaf etdirməsi zəruridir.

Bu gün inkişaf etmiş bir millət ola bilmə üçün elmdə, texnikada, iqtisadiyyatda və texnologiyada irəliləmiş və güclənmiş olmaq lazımdır. İqtisadi və texnologiya sahəsində millətlərin həyatında mədəniyyət və sənətin nə qədər önəmli bir yer tutduğu, iqtisadi və texniki sahələrdə inkişaf etmiş cəmiyyətlərdə açıqca görülməkdədir. Bu cəmiyyətlərdə milli mədəniyyəti yaşatma, araşdırma və dəyərləndirmə yolunda müxtəlif cəhdlər edilməkdə, çeşidli tədbirlər görülməkdədir. Milli mədəniyyətimizin təməlləri – ailə, məktəb, milli dil, milli tarix, etnoqrafiya, folklor, incəsənət, sənət, teatr, opera, kitabxanalar, coğrafiya və iqtisad, insanlıq və müasir mədəniyyət, dünyagörüşü, vətən sevgisi, əski Azərbaycan əsərləri və muzeylər, nəşr, təbliğat və təşviqat kimi maddi-mənəvi və mədəni dəyər, fəaliyyət və strukturlara bağlıdır.

Dil mədəniyyətin ən böyük, ən başda gələn ünsürüdür. Dil, mədəniyyətün ilk və təməl ünsürü olduğu kimi, digər mədəniyyət ünsürlərinin də başlıca daşıyıcısı və xəzinəsi durumundadır. Bu etibarla millət hər şeydən öncə və daha çox dil birliyi deməkdir.

Bir dilin qorunması, ancaq gələcək nəsillərə ötürülməsilə mümkün olur. Gələcək nəsillərə ötürülməyən dil, ölü dillər arasına girər. Dili ötürmənin başlıca yolu, milli təlim-tərbiyə və təhsildir. Azərbaycan dili öz strukturu daxilində və bütün zənginliyi ilə yeni nəsillərə öyrədilməlidir. Bunun üçün bütün dərs kitabları yaşayan, canlı, təbii və zəngin Azərbaycan dili ilə yazılmalı, media dilimizin gözəlliyini nümayiş etdirməli, təhsilə yardımçı olaraq ayrıca texniki mərkəz və vasitələrdən seçilmiş ədəbi əsərlərə qədər başqa əlavə dəstəklərdən faydalanmaq yoluna əhəmiyyət verilməlidir.

XX əsr Azərbaycan xalqının həyatında silinməz izlər qoymuşdur. Əslində yüzililklərin, minililklərin qovuşuğunda yeni bir Azərbaycan təşəkkül tapmışdır. Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, son yüzililkdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, səhiyyə, təhsil ictimai-siyasi intibah yolunu tutmuşdur. Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, ata-babalarımız olduqca qısa bir zaman ərzində kütləvi savadsızlığa son qoymuş, vətənimiz bütün insanların oxuyub yazmağı bacaran savadlılar diyarına çevrilmişdir. Vətənpərvər və təəssübkeş ziyalılarımızın vətəndaş fəallığı sayəsində Şərqdə ilk teatr, ilk opera, ilk kino və s. Azərbaycanda meydana gəlmişdir. Kütləvi sürətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur.

Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar olması xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi olmuşdur. Bu gün Azərbaycanın təhsili, mədəniyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya sivilizasiyasına tam cavab verən bir səviyyədədir.

Bu gün Azərbaycan ərazisini gəzdikcə eramızdan əvvəldən başlayaraq müxtəlif tarixi dövrlərə, xalqlara, dinlərə, inanclara, mədəniyyətlərə aid qədim abidələrlə qarşılaşırıq. Bizim milli-mənəvi dəyərlərimiz milli tarix, milli dil, dinimiz, milli mədəniyyət, incəsənət, ədəbiyyatımız, milli özünüdərk, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz və s.-dir. Xalqın milli mənəvi dəyərlərə sadiqliyini sübut edən bütün bu abidələr həm də zəngin milli sərvətimizdir.

Müasir zamanın tələblərinə uyğun olaraq mədəniyyətin təbliğin informasiya texnologiyalarından istifadə qaçılmaz olmuşdur. Bu istiqamətdə  - milli-mənəvi dəyərlərimizin qorunması və düzgün təbliğ olunması yolunda mühüm addımlar atılıb. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən, lakin bir çox ölkələrdə müşahidə edilməyən etnik-dini tolerantlıq isə çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib. Bu gün ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Təbii ki, bütün bunlar informasiya resurslarının, xüsusilə, sosial şəbəkələrin başlıca mövzusuna çevrilmişdir.

Milli mənəvi dəyərlər xalqın mövcudluğunun əsas göstəricisidir. Bu dəyərlər bir xalqı digərlərindən fərqləndirir, birliyini təmin edir. Bu baxımdan milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur. Axı bu dəyərlər dövlətçiliyimizin möhkəmlənməsində də aparıcı rola malikdir.

Bu məqamda milli mənəvi dəyərlərimizin qorunması və geniş şəkildə təbliğ edilməsində medianın da rolunu qeyd etmək lazımdır. Azərbaycan mətbuatı “Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və indi də belədir. Bu gün Azərbaycan mediası milli adət-ənənələrimiz, milli ideologiyamız, tariximiz, dilimiz və dinimizi qorumaq, bu dəyərlərimizi gənc nəslə təbliğ etmək işinə böyük töhfə verir. Müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının elə bir tədbiri yoxdur ki, mediada işıqlandırılmasın. Mediada bu istiqamətə xüsusi diqqət həm də milli mənəvi dəyərlərimizi yad təsirlərdən qorumaq, bu mövzunu daim gündəmdə saxlamaq məqsədi daşıyır.

Müasir dövrdə qloballaşma şəraitində milli mənəvi dəyərlər hər bir xalqın yad təsirlərdən ən ümdə qoruyucusudur. Bu mənada Azərbaycan xalqının zəngin, dinc birgəyaşayışı təbliğ edən mənəvi dəyərləri nəinki mühafizəçi missiyasını yerinə yetirir, həm də qanlı toqquşmaların, müharibələrin intensivləşdiyi dünyada sülhə, qarşılıqlı anlaşma və hörmətə səsləyir.

Mədəniyyətimizin xarici ölkələrdə yayılması və təbliği istiqamətində də müasir medianın gücündən istifadə edərək bir sıra işlər görülmüşdür. Belə ki, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən xarici dillərdə yaradılmış www.teas.eu və www.visions.az internet resursları yeni tələblərə cavab verir.

TEAS-ın internet informasiya portalı - www.teas.eu əsasən xarici auditoriya üçün ümumazərbaycan miqyaslı yenilənən informasiya bazası funksiyasını həyata keçirir. Portalda Azərbaycanın tarixi, mədəniyyəti, xarici siyasəti, iqtisadiyyatına dair zəngin materiallar yerləşdirilmişdir. Materialların altı dildə - Azərbaycan, ingilis, rus, fransız, alman və türk dillərində təqdimatı onun istifadəçilərinin coğrafiyasını daha da genişləndirmişdir. Portalda yerləşdirilən onlayn videolar vasitəsilə dünya üzrə regionu yaxşı tanıyan siyasətçilərin, elm və mədəniyyət xadimlərinin Azərbaycan haqqında fikirləri ilə canlı tanış olmaq mümkündür. Məhz bunun nəticəsidir ki, TEAS-ın internet saytı dünyada Azərbaycan haqqında əsas informasiya bazalarından biri olmuşdur və geniş istifadəçilər şəbəkəsinə malikdir. Bu internet resursu daim yenilənir. Onun digər dillərdə təqdimatı da nəzərdə tutulur.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi qlobal vəzifənin həyata keçirilməsi sahəsində ingilisdilli informasiya bazası rolunu oynayan, TEAS tərəfindən 2006-cı ildən nəşr edilən “Vision of Azerbaijan” jurnalının internet səhifəsi - www.visions.az hazırda virtual məkanda ölkə haqqında ən böyük resursdur. Saytda “Aktual”, “Dağlıq Qarabağ”, “Diaspora”, “Tarix”, “Mədəniyyət”, “Ədəbiyyat”, “Ətraf mühit”, “Səyahət və turizm” və s. rubrikalar üzrə mindən artıq elmi-publisistik məqalə Azərbaycan haqqında obyektiv təəssürat yaradır.

TEAS informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi üzrə də işlər aparır. Hazırda cəmiyyət tərəfindən Azərbaycanın dünyada tanıdılmasına xidmət edən “Virtual Azərbaycan Akademiyası” adlı daha bir internet portalı hazırlanmışdır. Bu sayt vasitəsilə diaspor və Azərbaycanla maraqlanan xaricilər Azərbaycan dili, tarixi və mədəniyyəti üzrə distant təhsil ala bilərlər.

Müasir dövrümüzdə mədəniyyətimizin tanıdılması yönündə atılmış addımlardan biri də Azərbaycan mədəniyyəti layihəsidir. Burada əsas məqsəd sosial şəbəkələr çərçivəsində milli, mənəvi dəyərlərimizi insanlar arasında yaymaqdır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq çox geniş insan kütləsi toplamış və bəyənilmişdir. Bir sıra sosial şəbəkələrdə: instaqram, feyzbuk, teleqram və yutubda mədəniyyətimizi yaymaq məqsədilə "Azərbaycan Mədəniyyəti" adlı hesablar yaradılmışdır. Sosial şəbəkələrdə, əsasən, tanınmış muğam ifaçıları və aktyorlarımızla bağlı məlumat və videoçarxlar öz əksini tapmışdır.

Xalqımızın milli-mənəvi dəyərləri qədim tarixə malikdir. Xalqımız tarixin ən keşməkeşli mərhələlərində belə milli-mənəvi dəyərlərini qoruyaraq onlara sadiq olmuşdur. Bununla bağlı tarix zəngin faktlarla doludur. Qədim dövr Azərbaycan ədəbiyyatında, incəsənətində və fəlsəfəsində milli-mənəvi dəyərlər özünün bədii-estetik, fəlsəfi ifadəsini tapmış, doğma yurda, adət-ənənələrə bağlılıq obrazlı, poetik şəkildə ifadə olunmuşdur. Qeyd edək ki, milli-mənəvi dəyərlərə hörmət xalqımızın tolerant xarakter daşıyan həyat tərzi ilə bağlı olmuşdur. Bu ənənəni davam etdirmək indiki nəslin üzərinə düşür. Bunun üçün dövrün tələblərinə uyğun informasiya texnologiyalarının imkanlarından istifadə etməklə milli mədəniyyətimizi həm qoruya, həm də onu gələcək nəsillərə ötürə bilərik.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnnovasiyalara və İnkişafa Dəstək İB-nin həyata keçirdiyi "Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı saytın hazırlanması” layihəsi çərçivəsində hazırlanmışdır.