“Şikayətnamə”, yoxsa “Quranın endirilməsi” haqqında əllaməçilik?
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə Namiq Hadinin “Quranın endirilməsi”(Mövlana Füzulinin türk paşası Nişançı paşaya məktubunun şərhi) əsəri “Elm” nəşriyyatında yəqin ki, artıq çap edilib. Bu nəşrlə əlaqədar N.Hadinin “Haqqı tapdanmış Füzuli” adlı məqaləsi və bu məqaləyə AMEA-nın müxbir üzvü Teymur Kərimli(8) və AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyevin (12)rəyləri artıq mətbuatda dərc olunmuşdur. Nə qədər qəribə və acınacaqlı olsa da, bu qeyri-obyektiv “müsbət” rəylərə (açığı, bu “müsbət”rəylər olmasaydı, N.Hadinin heç bir tənqidə davam gətirməyən cızma-qaralarına yəqin ki, əhəmiyyət verməzdik) arxalanaraq N.Hadi bu vaxtadək bütün mötəbər mənbələrdə M.Füzulinin “Şikayətnamə”si kimi öyrənilmiş “Nişançı paşaya məktub əsərini “əslində haqqı tapdanmış Mövlana Füzulinin “Peyğəmbərimiz M.Mustafadan hekayətnaməsi”, yaxud “Quranın endirilməsi” kimi isbat etməyə çalışmış, eyni zamanda o, həmin əsərin guya sadələşdirilmiş, əslində isə demək olar ki, yarıtmaz və bərbad tərcüməsini də oxuculara təqdim etmişdir.
***
Qabaqcadan deyim ki, vəfatından artıq 457 il keçməsinə baxmayaraq, dünya şöhrətli, dahi milli şairimizə bu gün də ardıcılları olan, gələcəkdə də öz davamçılarını yetişdirəcəyinə qətiyyən şübhə etmədiyimiz Füzuli ədəbi məktəbinin yaradıcısına “Haqqı tapdanmış Mövlana Füzuli” epiteti çox bayağı səslənir. Bu milli iftixarımız olan cahanşümul sənətkar haqqında hər hansı yeni mülahizə, fərqli bir fikir yürüdərkən son dərəcə ehtiyatlı olmaq, bu yöndə özünəqədərki elmi-nəzəri görüşlərə hörmətlə yanaşmaq, ümumiyyətlə mənbəyi Füzulinin özündən başlamış Füzulişünaslığın üzərinə kölgə sala biləcək zənn və gümanlara qapılmamaq lazımdır. Hərçənd ki, “ İstər Şərq təzkirəçiləri, istərsə də Qərb, rus və türk alimləri Füzulini mübaliğəli bir şəkildə tərifləyib, şairin əsərlərinə məftun olduqlarını söyləmişlərsə də, onun zəngin yaradıcılığının ictimai mahiyyətini aça bilməmişlər(1, s.4). Dolayısı ilə bu tezisə dəxli olan iki mühüm məqama da oxucularımızın nəzər-diqqətini yönəltməyi vacib bilirəm. Əvvəla, böyüklüyündən və kiçikliyindən, varlı və yoxsulluğundan, alimliyindən və cahilliyindən asılı olmayaraq ictima bəlalardan sığortalanan, ictimai həyatda haqqı tapdanmayan, zülm çəkməyən kimsə yoxdur. “Hədiqətüs-süəda”dan bir rübai bu müşahidəmizin məhz poetik ifadəsidir:
Adəm ki, fəzayi-aləmə basdı qədəm,
Ənduhü bəlaya əvvəl oldu həmdəm.
Məxsusdur adəmə bəlayi-aləm,
Aləmdə bəla çəkməyən olmaz adəm”
İkinci, elmi özül üzərində “başı ərşə dəyən” təşbeh binaları qurmağı şairliyə yabançı yox, vəzifə hesab etdiyindən Füzuli ömrü boyu “ən gözəl şeir” yaratmaq şüarı ilə həm də “ən böyük yalan” ardınca getmişdir. Məhz bu cəhətinə görə tənqidi realizmin nümayəndəsi M.F.Axundov “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur, ancaq nazimi-ustaddır” deyərək əsassız və tarixən bağışlanmaz bir elmi səhvə yol vermiş (S.Əliyev), Füzuliyə qarşı böyük bir haqsızlıq etmişdir. Bu yerdə yaxşı deyiblər ki, yel qayadan nə aparar? Ancaq hər necə də olsa, böyük ədəbiyyat xadimlərinin bir-birləri barədə haqlı-haqsız fikirləri digərlərindən daha mötəbər səslənir. Məncə, həm də idealist, irfan əhli olan Füzuli haqqında “bütün dinləri puç və əfsanə” hesab edən, materialist M.F.Axundovdan nəsə obyektiv bir fikir gözləmək də olmaz. Bu acı həqiqətləri də nəzərə alıb bütün məsuliyyətimlə bildirirəm ki, həmişə haqqa tapınmış Füzuli əslində küll halında heç vaxt, heç yerdə haqqı tapdanmamış, ədəbi dühası – fitri istedadı və min bir əziyyətlə əldə etdiyi dərin bilik və zəkası etiraf olunmuş, yüksəldiyi böyük sözün və sənətin zirvəsindən günəş kimi əbədi həyat işığı bəxş etmiş və indən belə də bəxş edəcəkdir.
***
Bu kiçik xülasədən sonra a) bütün ədəbi mənbələrdə Füzulinin Nişançı paşaya məktubu kimi təsdiq olunan, hazırda da ölkəmizin təhsil müəssisələrində qafiyəli , yaxud mənzum nəsrimizin ilk uğurlu nümunəsi kimi tədris edilən, öyrənilən “Şikayətnamə”nin “Quranın endirilməsi”nə dəxli olub-olmamasına obyektiv və təxirəsalınmaz şəkildə (şagirdlər, tələbələr və müəllimlər arasında çaşqınlıq yaratmasın deyə) aydınlıq gətirilməli; b) “Şikayətnamə”nin əsas mətninin N.Hadi tərəfindən müasir dilə tərcüməsinin ədəbi məziyyəti, onun əslinə məzmun, forma və dil-üslub cəhətdən nə dərəcədə yaxınlığı, bir sözlə, “Şikayətnameyi-məal”ın alınıb-alınmaması nəzərdən keçirilməlidir.
N.Hadiyə görə “Sovetlər dövründə yaşamış və çalışmış görkəmli alimlərimiz elmləri mənimsədikləri halda həqiqətləri (?) açıb deyə bilmədilər. Müstəqillik dövrünün bəzi tədqiqatçı alimləri isə elmlərinin kamil olmamasından həqiqətləri görə bilmədilər. İstinad olunacaq əsas mənbənin Qurani-Kərim olduğunu (?)qəbul edə bilmədilər və söz ustadlarının (?) fikirlərinin yalnız zahiri cizgilərini təqlid etməklə (?) kifayətləndilər”. Bu, olduqca mücərrəd, anlaşılmaz , dedikcə dağınıq və qeyri-konstruktiv mülahizələrin əksinə olaraq bildirirəm ki, konkret olaraq məhz sovet dövründə Füzulinin həyat və yaradıcılığının yüksək səviyyədə tədqiqi, nəşri və təbliği geniş vüsət tapdı, repressiya təhlükələrinə, ideoloji yasaqlara baxmayaraq, həyatlarını risk altında qoymuş, fədakar alimlərdən – Y.Bertelsin Füzuli haqqında məqalələri, Mir Cəlalın “Füzulinin poetik xüsusiyyətləri” və “Füzuli sənətkarlığı”, H.Araslının “ Böyük Azərbaycan şairi Füzuli”, M.Quluzadənin “Füzulinin lirikası”, M.C.Cəfərovun “Füzuli düşünür”, F.Qasımzadənin “Qəm karvanı, yaxud zülmətdə nur”, Ayaz Vəfalının “Füzuli öyrədir”, Sabir Əliyevin “Füzulinin poetikası” əsərləri ilə ( xüsusilə son dövrlərdə Füzulişünaslığa yeni nəfəs verən professor Gülşən xanım Kəngərlinin çalışmalarını da nəzərə almaqla) Füzuli yaradıcılığını misli görünməmiş miqyasda bütün dünyaya açıb göstərdilər. Sadəcə olaraq zahiri siyasi-ideoloji pərdəni – marksist-leninçi baxışları ortadan götürmək kifayətdir ki, həmin əsərlərin bu gün də öz əhəmiyyətlərini zərrəcə də itirmədikləri aşkar olsun. N.Hadiylə ikinci halda şərikəm ki, elm gör nə zavallı günə qalıb ki, məhz müstəqillik illərində sırf subyektiv, fərdi, məhdud düşüncə məhsullarına, qarabasmalara, həyati, praktik əhəmiyyəti olmayan cızma-qaralara, din adına mövhümi, mistik fantaziyalara meydan verilir. Olduqca qəribə və əcaib haldır ki, məhz son onilliklərdə milli-mənəvi dəyərlərimizə - Babəkə, Koroğluya, Şah İsmayıl Xətaiyə, M.Ə.Rəsulzadəyə qarşı ideoloji təxribatlar, düşməncəsinə ədəbu hücumlar geniş miqyas alıb. Sən demə, Azərbaycan vətəndaşlarının mənəviyyatı ilə yanaşı ( hələ işğal altında olan ərazilərimizi demirik) həm də fiziki mövcudluğu da təhlükə altındadır: “Məlumata görə “Kordova Mərkəzi”ndə keçmiş İttifaqdan ayrılıb müstəqillik əldə edən ölkələrdə ictimai-siyasi mühiti iflic edən tele-layihələrin hazırlanmasında professor Daniel Karlos Kasiso çox yaxından iştirak edib. Başqa bir məlumata görə indiyədək Azərbaycan ərazisində ictimai-siyasi mühiti kor qoyan 27 tele-layihə hazırlanıb. Azərbaycan tele-məkanı üçün nəzərdə tutulan bu “kəşfiyyat layihələri”nin (müəlliflər: Azərbaycanşünas (?) pr. Duna Migel, genetik “Nestor qrupu” Mişel Merfi, mikrobioloq Elizabet Foss, toksikoloq, kəşfiyyat mayoru Meydn Lotçer...) təqribən 2010 – 2011-ci illərdə 75 faizi kütləvi informasiya vasitələri arasında paylanıldı... Professor D.Migelin başçılıq etdiyi qrupun “Demokratiyanın inkişaf fondu”, “Vətəndaş cəmiyyəti”, yaxud “Demokratiyaya yardım” çərçivəsində hazırlanmış bu tele-layihələr Azərbaycanda ekranlara çıxarılarkən əsl mahiyyətini gizlədirdi. BMT xəttilə, eləcə də ayrı-ayrı ölkələrin “humanitar yardım fondları” ilə Azərbaycana göndərilən və dərhal da paylanan (48 saat ərzində) dərman preparatlarını pulsuz alan və qəbul edən kütlə bundan sonra həmin layihələr əsasında hazırlanmış “sərsəm və insanların psixoloji durumunu sarsıdan”, süni təbəssümlər və çürük dayaqlar üstündə qurulan verilişlərə baxmaq üçün tələsirdi”(14).
Mətləbdən kənara çıxmadan qeyd edim ki, N.Hadi heç bir faktoloji kriteriyalara əsaslanmadan yazır: “İndiyə qədər diqqətdən kənarda qalmış və təhrif edilmiş (?) “Şikayətnamə”də guya Füzuli sultanın ayırdığı və ona çatası doqquz ağçanı ala bilməməsindən şikayətlənmişdir”. Dəfələrlə oxuduğumuz və eşitdiyimiz məlumdan məlum bəzi hədis və əhvalatları sadalayaraq davam edir: “Füzulinin necə bir övliya olduğu bəllidir. Onun yemək üçün qəpik-quruş davası etdiyini söyləyənlər xəta etmirlərmi?”. N.Hadinin bu sualına M.Füzulinin özü “Şikayətnamə”sində obrazın dililə kifayət qədər aydın və dəqiq cavab vermişdir (N.Hadinin tərcüməsinin orijinalın ideya, dil-üslub xüsusiyyətlərinin yüksək tələblərinə uyğun olmadığını nəzərə alıb onu özüm (yəni H.Rüstəm) tərcümə etməyə məcbur oldum. Maraqlanan mütəxəssislər bu iki tərcümənin əslinə və ruhuna nə qədər yaxın olduğunu tutuşdurub müqayisə edə bilərlər): “Ey qafil! Surət aləmi - ilahi sifətlərin təzahür etdiyi və sonsuz həzz işıqlarının endiyi yerdir. Hər ayna (yəni güzgü) ilahi səltənət mülkündən ayrılmaz (təcrid olunmaz) və mülkə məxsus keyfiyyətlərdən bəhrələnməyən mələkut[1] sirlərinə vaqif olmaz. Şübhəsiz, mülk sahiblərinə (hökmdarlara) yaxınlıq etmək bəxşişlərin (mükafatların) hasilə gəlməsinə səbəbdir və dövrün hakimlərilə görüşmək mətləb və məqsədlərə çatmaq üçün vasitədir. Və səhih hədisdir ki, “Sultan Allahın kölgəsidir və ona etinasızlıq göstərmək xətadır”. Məlum hədisdir ki, mürsəl peyğəmbərlərdən və Allaha yaxın mələklərdən başqa heç bir rütbə sultan rütbəsindən üstün deyildir və ondan çəkinmək, imtina etmək rəva deyil. Xüsusən, bizim padşahımızın səltənət rütbəsi əslində xilafətin əsasıdır və hakimiyyət taxtı həqiqətdə imamətin dayağıdır”(11, s.241). Buradan aydın görünür ki, şair dövrün hökmdarı ilə müxalifətdə olmamağı, əksinə məşhur hədisdə metaforik şəkildə deyildiyi kimi “Allahın kölgəsi” olan hökmdardan yararlanmağı rəva görmüşdür. “Şikayətnamə”də öz tərcümeyi-halını vermiş, “cah sevdasına , tamah əhlinin zövq təmənnasına düşdüyünü” və nəticədə dərin peşmançılıq keçirdiyini poetik şəkildə etiraf etmiş şairi lazım olduğundan artıq müqəddəsləşdirmək, fetişləşdirmək, üzərinə tabu qoymaq gülüncdür:
Başıma düşdü cah sevdası,
Zövqi-əhli-təmə təmənnası.
Həvəsi-kəsbi-nəngü nam etdim,
Tələbi-rifəti-məqam etdim.
İstədim kim, ülüvvi-qədr bulam,
Məzhəri-lütfi-padşah olam.
Bilmədim kim, xəstəhal oluram,
Həsəd əhlinə payimal oluram.
Bütün bunlarla yanaşı N.Hadinin həm tərcümə yarıtmazlığına, həm də Qurandan və “Mətləül-etiqad”dan gətirdiyi, demək olar ki, mətləbə dəxli olmayan, pərakəndə, nəzərdə tutulan hədəfə sərrast tuşlanmayan sitatlarına biganə qalmaq olmur.
İndiki halda əvvəlcə “Şikayətnamə”nin Quranın endirilməsinə aidiyyəti olmadığını aşağıdakı motivasiyalarla əsaslandırmaq olar.
Əslində sübutu özündə olanın yeni bir sübuta ehtiyacı yoxdur.
Birinci motiv: tarixi-xronoloji aspektdə. Bütün tarixi mənbələrdə Füzulinin Nişançı paşaya məktubu tarixi fakt kimi qeyd olunur.
İkinci motiv: mətnin ideya-məzmunu inkaredilməz şəhadət nümunəsidir. Nişançı paşaya məktub adı ilə tanınan bu əsərin məzmunu bilavasitə şairin sonradan ictimailəşdirdiyi, ədəbi-bədii fakta çevirdiyi şəxsi həyatından götürülüb. Sultan Süleyman Qanuni Füzuliyə ayda 9 ağça təqaüd təyin edilməsi haqqında barat (bərat - təqaüd qəbzi) göndərir. Lakin övqaf idarəsinə gələn şair həmin təqaüdü ala bilmir. Övqaf idarəsində məmurların sərt rəftarı şairi incidir və o, Nişançı paşaya ünvanladığı satirik məzmunlu bu məktubunu yazır.
Üçüncü motiv: bütün yaradıcılığından qırmızı xətt kimi keçən məhz Füzuliyə məxsus “elmi” şeriyyət. Məlumdur ki, “Aləm sədəfində insandan qiymətli bir gövhər, insan gövhərində isə sözdən şərəfli cövhər tapmayan” bu dahi öz kredosuna həmişə sadiq olmuşdur: “Sərrafi-istedadi-ülüvvi-rifət riza vermədi ki, rişteyi-silki-şerim cəvahiri-elmdən ari gərdənbəndi-aləm ola. Zira ki, elmsiz şeir əsassız divar olur və əsassız divar qayətdə(çox) bietibar olur” (5, s.ö). Füzilinin “elmli şeir”konsepsiyasını belə formulə etmək olar: elm + nəzm = şeir. Deməli, şerin elmliyi haqqında Füzulinin qənaəti çox aydın və konkretdir: elm – divarın əsası, nəzm – divarın özü. Divar özül üzərində durduğu kimi nəzm də elm üstündə dayana bilər. Birinci qat mövcud olanı, ikinci qat mümkün olanı ehtiva edir. Elm əsas- bazis, nəzm köməkçi- üstqurumdur. Füzulinin təsvirlərində real əsasla bədii obrazın, başqa sözlə, sxemlə surətin tənasübü və məntiqi saxlandığı üçün, bu təsvirlər həmişə aydın və anlaşıqlı olur. Biz Füzuli yaradıcılığının elmi özülünü şərti olaraq məxrəc, bədii obrazını isə surət adlandıra bilərik. Füzuli şerində bu surət-məxrəc mütənasibliyi onun məziyyətlərindən hesab oluna bilər. Məxrəc həmişə çıxış nöqtəsi, obraz isə ondan doğan xəyal surətidir. Yaxud məxrəc – dayaq nöqtəsi, surət – uçuş sahəsidir(3, s.143)
Bu nüansı da unutmayaq ki, “elmli şeir” dedikdə hər hansı sırf elmi əsərin nəzmə çəkilməsindən söhbət getmir. Füzuli bu məfhum altında ən azı aşağıdakıları nəzərdə tutmuşdur: ”
Beləliklə, yuxarıda deyilənləri nəzərə aldıqda aydın görünür ki, “Şikayətnamə” nin elmi əsasında dayanıb real tarixi informasiya ilə təsdiqlənən, şairin təhkiyəsinin əsas obyekti olan baratdır. Deməli, barat N.Hadinin düşündüyü kimi Allah tərəfindən nazil olan Quran deyil, həqiqətən də tarixi şəxsiyyət olmuş türk sultanı tərəfindən hədiyyə edilən, əməli icrası mümkün olmayan dəyərsiz kağız parçasından başqa bir şey deyildir. Buna görə də belə bir dəyərsiz kağız parçasını müqəddəs kitaba – Qurana təşbeh etmək dini aspektdən günah, dünyəvi aspektən xəstə təxəyyül, yaxud absurd fantaziyadır.
Yuxarıdakı Füzuli obrazının məntiqindən də aydın olur ki, şair hər hansı təriqətə, təkkəyə pənah aparmamış, xirqəli, kəşküllü dərvişanə həyat sürməmiş, “füqəra firqəsinin başı” olsa da, maddi və qeyri-maddi dünya ləzzətlərinə biganə qalmamışdır. Əgər əksinə olsaydı, şairin müasiri 1546-cı ildə buna işarə etməmiş olmazdı: “Füzuliyi-Bağdadi bu dövr şüərasındandır. Nəvai tərzinə yaxın ürək ovlayan bir tərzi, gözəl üslubu vardır. Tərzində orijinal və təriqində yenilikçidir”(9, s.265).
”Mövlana Füzuli Bağdadi bilik və mərifətdə kamil, hünər fənlərində fazil, şuxtəb, şirinsöhbət, elmi-həndəsə, hikmət və heyətdə mahir, yeni mənalar tapmaqda misilsizdir. Üç dildə şeir növlərinin hamısına qabil, müəmma yazmaqda əsrinin yeganəsidir. Üç dildə yazdığı qəsidələri Xacə Səlmanın qəsidələri kimi fəsahətli olub, şeir biliciləri tərəfindən sevilir və s.”(2, n. 16). Füzuli ilə demək olar ki, bir dövrdə yaşamış, onun yığcam ədəbi portretini canlandırmış bu təzkirə müəllifləri şairin tərki-dünyalığına, inzivaya çəkilməsinə dair bir kəlmə də işlətməmişlər. Əvəzində həm də üç dildə qəsidə yazması haqqında məlumat verilir. Böyük şairin qəsidə janrına müraciəti aşağıdakı səbəblərlə bağlıdır.
Birinci, qəsidə Şərq şerinin ən çətin, mürəkkəb formalarından biri kimi şairlərin sənət imtahanı, sınaq meydanı idi
İkinci, Füzuli qəsidəyə tamamilə yeni nəzərlə baxmış, əxz etdiyi formanı yalnız tərif forması kimi deyil, ilk növbədə öyüd forması kimi anlayıb işlətmişdir. Şair dövrünün aparıcı janrlarından biri olan qəsidəni evfemizm (qaba söz əvəzinə yumşaq ifadə) yolu ilə vəsf olunanlar üçün həm də “xütbə mənbəri”nə çevirmişdi.
Üçüncü, böyük şair istər-istəməz, qəsidədən maddiyyat, şöhrət vasitəsi kimi də istifadə etməyə məcbur olmuşdu. Çünki “Əgər şairin maddi ehtiyacı olmasa, o, heç bir zaman varlı təbəqələri mədh və tərif etməzdi. Yalnız yoxsulluq şairləri bu yola sürükləyir”(7, s.95). Belə ki, Füzulinin “Türkcə divan”ında yüksək sənətkarlıqla yazılmış qəsidələrin əksəriyyəti (müqəddəslərə ithaf etdiyi bir neçə qəsidə istisna olunmaqla) dövrün hakimlərinin, o cümlədən altı qəsidə məhz Sultan Süleymanaın tərifinə həsr olunub:
Yer işi, gök cünbüşü rəyinlə bir dəm olmasa,
Yeddi iqlimü doquz gərduni-gərdan olmasın.
Qılmasa aləm muradınca mədar, olsun xərab,
Olmasa dövran sənin rəyincə, dövran olmasın.
Tabe olsun cümleyi-aləm sənin fərmanına,
Cümleyi-aləmdə səndən qeyri sultan olmasın.
Ləhzə-ləhzə gülşəni-mədhində guya olmasa,
Bülbüli-nitqi Füzulinin xoşəlhan olmasın.
O, “Səba” rədifli qəsidəsində hökmdarın xaki-kuyində özünü səhər küləyinin apara biləcəyi xaşakə, yəni xırım-xırda çör-çöpə, zir-zibilə bənzətməyə tənəzzül edib:
Eylə incəldim, zəif oldum ki, xaki-kuyinə,
Qabiləm xaşək tək olsa mənə rəhbər səba.
Seyfəddin Hüseynli Füzulinin həm də Süleymanın tərifçisindən çox, tənqidçisi olduğuna işarə edir: “Əksər mənbələrdə Füzulinin Sultan Süleymanla hardasa yaşıd olduğu, hətta hər ikisinin eyni ildə (hicri 900, miladi 1494-95) doğulduğu göstərilir.
46 il padşahlıq elə, çalış-vuruş, yüyür-buyur, ölkələr al, möhtəşəm-möhtəşəm tikililər yapdır, tarix poz, tarix yarat, axırı da bu: Yüzillər sonra “Möhtəşəm Qanuni Sultan Süleyman” deyiləndə yer-yerdən “Möhtəşəmliyi də batsın, Qanuniliyi də! Onun dövründə min cür eybəcərlik, min növ ədalətsizlik varmış” kimi ittihamlar üç-üç, beş-beş yağdırılsın adının üstünə...
Nədən ki, vaxtilə qafil davranmısan, laqeydlik yolunu tutmusan, buna görə də səltənətin uzaq bir küncündə “Zəhlətökən” Şairin “əlini boş görüb”, salamını almayıblar, “sualına cavabdan özgə nəsnə verməyiblər”.
Nəticədə Füzuli heç nə itirmədi. Həm itirəcək nəyi vardı, həm də “canü cahan”dan əl götürmüş Şair üçün “9 ağça söhbəti”, görünür, eləcə bir bəhanəymiş “Şikayətnamə” bağlamaq üçün:
Zəmanə içrə mücərrəbdir intiqami-zaman,
Həmişə yaxşıya yaxşı verər, yamana yaman!
Şairə bu “bəhanəni verməyə” dəyərdimi? “Vəllahü ələm bis-səvab” – “Doğrusunu Allah daha yaxşı bilər”.
Amma bəndə də “faili-muxtar”dırsa, onun özünün də bir bildiyi, nəzərə aldığı nələrsə olmalıdır, əlbət! Bu dünya Süleyman mülküdür: kimə qalıb ki?!
Ey olub sultan, deyən “dünyada məndən qeyri yox”,
Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!”
Səlim oğlu Süleyman şairliyə həvəsli Sultan idisə, Süleyman oğlu Məhəmməd də, rəsmən olmasa da, əslində Sultanüş-Şüəra sayılırdı. Təxəllüs seçdiyi “Füzuli” kəlməsi - dolayı mənada - “Zəhlətökən” kimi anlaşılsa da, onun təbinin qüdrətini, şeirinin dadını, kəlamının hökmünün haracan işlədiyini Qanuni - Muhibbi çoxlarından əla bilirdi. Şeirdən savayı, zərgərliyə də gen-bol vaxt ayıran, xəzinəsindəki nadir ləl-cəvahiratdan cürbəcür işləmələr, zinətlər hazırlayan Möhtəşəm Sultan zər qədrini bilmək qədər, qızıl dəyərində kəlamları seçib-qiymətləndirməkdə də mahirdi.
Bir sözlə, “bayquş” atmacasıyla “Zəhlətökən”liyini – “füzulluğunu” bəlkə neçənci dəfə “təsdiqləyən” o Kərbəla bəlalısı Şairə dəyib-dolaşmağı Sultan hər cəhətdən ziyanlı, xatalı iş sayırdı. Ancaq yenə də nəsə bir cəza üsulu tapılmalı, hər halda, hökmdar öz hökmünü, iradəsini yeritməliydi”(6a).
Bu gətirdiyim faktlar həm də onu sübut edir ki, Peyğəmbər övladının məqbərəsinə çıraqdarlıq edən, həm dövrünün Sultanına, həm də bütün zamanların hakimi-mütləqlərinə öz məşhur beyti ilə sataşıb tənə vuran o Allah Bəndəsi, adi bəndələrdən olmadığı kimi, elə-belə şairlərdən də deyildi.
Bir sözlə, Füzuli mövlana (islam alimi) olsa da, övliya (müqəddəs başçı) olmamışdır. Çünki övliya hüzura getməz, övliyanın hüzuruna gələrlər.
Düzdür, “İnsanlara – azadlıq, millətlərə istiqlal” (M.Ə.Rəsulzadə) şüarını irəli sürən, öz ölkəsini və vətəndaşlarını yadelli qəsbkarlardan göz bəbəyi kimi qoruyan, öz irqinin, millətinin atası olan qüdrətli dövlət başçıları, dahi milli-siyasi xadimlər az-az, neçə yüz ildən bir dünyaya gəlir: “Atatürk əlini öpmək istəyən teatr sənətkarlarına demişdi: - Sənətkar əl öpməz; sənətkarın əli öpülər”(15, s.158)
Yarıtmaz tərcümələr, bərbad çevirmələr
Şərq dillərində tarixi və ənənəsi olan epistolyar üslubda yazılmış əsərlərin müasir dilə tərcüməsi xüsusi istedad və bacarıq tələb edir. Çünki epistolyar nümunələr adətən mətləbə az dəxli olan, az qala mətləbi ört-basdır edən, əksər hallarda mövzuya həddən ziyadə bərbəzək vuran, pafoslu, təmtəraqlı, parıltılı söz və ifadələrlə zəngin olur. İlk baxışda adama elə gəlir ki, bu cür məktublarda ifrat bilik və bacarıq yarışı, əqli və nəqli elmlərə vaqiflik, özünün “elm dəryası” olmasını bütün vasitələrlə qabartmaq cəhdləri ön plana çıxır. Ənənəvi olaraq bu yazı üslubunda rəngarəng leksik-semantik vahidlər: ərəb-fars-azəri mənşəli müştərək sinonimlər, çoxmənalı sözlər, arxaizmlər, varvarizmlər, fonetik-qrammatik normaların tabeliyində bir neçə təyin silsiləli təyini söz birləşmələri, yəni uzun-uzun izafət zəncirləri ilə ifadə olunan parlaq bədii vasitələr: epitetlər, təşbehlər, istiarələr, mübaliğələr və s. göz qamaşdırır. Onsuz da “çətin anlaşılan ibarə və məzmun incəliyinə meyl edən”, bu meylini “Şikayətnamə”də yüksək sənət səviyyəsində izhar edən şair həm də bununla öz rəsmi, bəlağətli yazıları ilə öyünən, özlərini hamıdan savadlı hesab edən, lovğa, laqeyd və rüşvətxor idarə məmurlarından, təkəbbürlü mirzələrdən daha üstün yazı manerasına, mədəniyyətinə malik olduğunu nümayiş etdirmiş, onlara və onların gələcək varislərinə “öz dillərində ““Şikayətnamə” dərsi” vermişdir. Elə buna görə də bu əsər şəxsi, subyektiv çərçivədən çıxaraq ictimai-əxlaqi əhəmiyyət, ümumbəşəri mahiyyət kəsb etmişdir. Böyük şair bu əsərdə o dövrdə siyasi-ədəbi-dini dil olan ərəb dilinin, o cümlədən fars dilinin ritorik, kreativ imkanlarını mükəmməl bilməsi, bu dillərdə söz və ifadələri yerli-yerində məharətlə işlətməsi aydın hiss olunur. Bu məziyyətlərinə görə “Şikayətnamə” təkcə zülmə məruz qalmış insanlar adından adi bir şikayət məktubu deyil, eyni zamanda şikayətçiyə həqarətlə baxan, hər hansı şikayəti həll etmək istəməyən, şəxsin halal haqqının icrasına rəsmi təminat vermiş şahanə barata belə etina etməyən zalım, bürokrat zümrəyə qarşı ədəbi və əbədi bir ittihamnamədir: “Salam verdim, rüşvət deyildir deyə almadılar!”. Burada acı bir həqiqət, insanın heyvani təbiətindən gəlmə instinktiv marağa, kriminal, haram qidalanmaya rəğbət ritmik bir quruluşda, çoxdan atalar məsəlinə çevrilmiş abstraksiyada, həm də əruzun yüksək rəməl təfiləsində (derivatında) əbədi olaraq damğalanmışdır:“Bürokratiyanın əbədi xisləti nəzərə alınanda, padşahla münasibəti elə də isti olmayan, neçə vaxtdan sonra özünə aid vur-tut bir sərəncam ala bilən Şairin aşağı ünvanlarda, məsələn, elə təqaüdünü – padşah qərarıyla təsis edilən 9 ağçasını götürməyə getdiyi Ovqaf qapısında nə sifətlərlə qarşılaşacağını təsəvvürə gətirmək çətin olmasın gərək.
Sultan-şairlə Şairlər Sultanının arasından uzun müddət soyuq-soyuq rüzgarlar əsəndən sonra, dostcanlı Muhibbinin laqeydliyinə, Qanuninin qanunları bir çürük qoza da hesab eləməyən “bədəməl” məmurlarının özbaşınalığına dərvişxislət Füzuli günlərin bibrində “Şikayətnamə” ilə cavab verdi: Cahan Səltənətinin etibarı, Qanuninin Möhtəşəmliyi 9 ağçalıq oldu”(6a).
Nə qədər paradoksal olsa da, keçən əsrin əvvəllərində “Füyuzat”çıların, qismən də “Mollanəsrəddin”çilərin ədəbi-bədii-publisistik dili qəliz ərəb, fars söz və tərkiblərindən xali deyil. Sabir və Hadi kimi müqtədir şairlərin poetik dili bəzi hallarda ərəbizm və farsizmlərin işlənmə dairəsinə görə heç də Füzulinin poetik dilindən geri qalmır. Bu, əsasən uzun əsrlər boyu bir regionda yaşayan qonşu xalqların geosiyasi durumundan, bir-birilə sıx siyasi-dini, ticari-iqtisadi əlaqələr saxlamalarından, müştərək ədəbi-mədəni dəyərlərə sahib olmalarından irəli gəlir. Füzuli dövründən neçə əsrlər keçməsinə baxmayaraq, məs. Sabirin ictimai satirası, bu satiranın əruz vəznli, qəliz ərəb, fars tərkiblərilə həddən ziyadə zənginləşdirilmiş nümunələri artıq bu gün çətin anlaşılır. Yüksək ritm və ahənglə yazılmasına baxmayaraq, Sabirin Fatimeyi-Zəhraya ithaf etdiyi bəhri-təvilini tərcüməsiz başa düşmək heç də asan deyil:
“Həzrəti Zöhreyi-Zəhra, xələfi-sərvəri-Bətha, şərəfi-itrəti-Taha, sədəfi-lölöi-lala, nəsəbi-cahi-ləbala...” və s.
Kiçik bir haşiyə: Azərbaycanda Qobustan qayaları, Qız qalası, Möminə xatun türbəsi kimi toxunulmazlıq, müqəddəslik statusu qazanmış xeyli maddi mədəniyyət abidələri var. Bu abidələr bərpa edilərkən, yeni tarixi şəraitə uyğunlaşdırılarkən hər birinin orijinallığı, qədimliyi, ilkin estetik forması, rəng və naxışları qorunmalı, gələcək nəsillərə öz orijinallığı ilə də əmanət verilməlidir. Əgər bu abidələrin təmirində kiçicik bir xalturaya, qəlp, saxta artırmalara və əskiltmələrə yol verilərsə, onlar öz təbiiliyini itirər, adiləşər, nəticə etibarilə məhv olub gedər.
Füzulinin bu dahiyanə “Şikayətnamə”si də məhz ulu söz abidələrimizdən biridir. Burada işlənmiş, bu gün anlaşılmayan, hətta müasir ərəb və farsdillilər üçün də artıq arxaikləşmiş bəzi klassik ərəb, fars söz və tərkibləri özündə yazıldığı tarixi dövrü və mədəniyyəti möhürlədiyindən çox qiymətli və əhəmiyyətlidir. Bu baxımdan bəzi mütəxəssislər əsərin izah və şərhlərlə verilməsinə üstünlük verirlər. Məsələn, “Şikayətnamə”nin əsasən ana dilimizdə anlaşılan, başa düşülən II hissəsi professor Əlyar Səfərlinin tərtibində (10, s.240, 241) özünü doğrultmuşdur. Tərtibçi həmin mətndə ərəb, fars dillərində olan, anlaşılmayan 26 söz və söz birləşməsinin ( o cümlədən, bir cümlənin isə bütöv tərcüməsi ) tərcüməsini vermişdir. Bununla da əsər həm ilkin məzmununu və formasını (vəzn, qafiyə sistemi) qoruyub saxlamış, həm də müasir oxucularımızın asanlıqla başa düşəcəyi dildə olmuşdur. Bundan fərqli olaraq, etiraf edək ki, əsərin digər hissələrinin ən azı filoloji-sətri tərcüməsinə, eyni səviyyədə bədii tərcüməsinə kəskin ehtiyac hiss olunur. Açığı, bu gün ərəb və fars dilləri üzrə ən sanballı mütəxəssislər belə bu əsəri olduğu kimi anlamaqda çətinlik çəkirlər. Bunu da nəzərə alıb ədəbi-bədii tərcümədə kifayət qədər təcrübəsi və səriştəsi olmayan, ümumiyyətlə, əslində bir tədqiqat institutun görə biləcəyi mühüm bir işi – “Şikayətnamə” məhz bu dərəcədə böyük əhəmiyyətə malik əsər olduğundan – onu təsadüfi adamların öhdəsinə buraxmaq olmaz.
Çünki “ Füzuli nəsrində xüsusi "Şikayətnamə" dili var. Bu, sinkretik mətn dilidir: nəsr və şeir, müəllif dili və dialoq, ərəbcə ifadə və cümlələr. Buradakı dialoq dili kütləvi ünsiyyət dilinə çox yaxındır. Bu nəsrin dilini yalnız mükəmməl ərəb təhsili görmüş elm adamları başa düşə bilərlər(6).
Bu düz sözü də nəzərə almaqla N.Hadi tərəfindən qol-qabırğası sındırılmış, şikəst edilmiş, tanınmaz hala salınmış bütün “Şikayətnamə” mətninin tərcüməsini geniş təhlil spektrinə çəkməyib, bir neçə xarakterik qələti-kəbirləri göstərməklə kifayətlənəcəyəm. Bu tərcümə çox təəssüf ki, nə fililoji-sətri, nə də bədii tərcümənin yüksək tələblərinə cavab vermir. Çünki N.Hadinin özünün də bilmədən buraxdığı fonetik-leksik-qrammatik səhvlər nəticə etibarilə, ideya-məzmun, dil-üslub xətalarına yol açmışdır. Məsələn, tərcüməçi mətndən istər-istəməz, asanlıqla anlaşılan, indi də dilimizdə işlənən, həm də əsərin əsas məfhumlarından övqafı – savab iş üçün ayrılmış pay (mülk), baratı – peyğəmbərlik xəbərinin verilməsi kimi səciyyələndirir. Bununla da əsərin əsas ideya-məzmununun dolaşıq düşməsinə, nəyin bahasına olursa-olsun, onu öz təsəvvüründə canlandırdığı yanlış ideyaya (Quran və peyğəmbərlik xəbəri) tabe etdirməyə cəhd göstərir. Halbuki, yuxarıda xatırlatdığım kimi övqaf (indi də bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirliklərində vəqf idarəsi – xeyriyyə idarəsi adlanır) – xeyriyyə idarəsi, barat isə hökmdar fərmanı (əmri, sərəncamı) mənasındadır. Təsadüfi deyil ki, Füzuli övqaf idarəsinə baratı – hökm (yəni fərmanın sinonimi olaraq) kimi göstərir:” Hökm göstərdim- faidəsizdir , deyə mültəfit olmadılar”. Eləcə də bulub (feli bağlama) – bulud, şəmme (bir kərə qoxulama) – şam, çıraq, vəzifə (maaş) – vəzifə, ərz (ərizə) – genişlik kimi tərcümə edilərək heç şübhəsiz, kobud leksik-semantik səhvlərin yaranmasına səbəb olmuşdur.
Ayrı-ayrı nitq hissələrindən təşkil olunan, qrammatik normaya birbaşa təsir göstərən izafət zənciri, yəni təyini söz birləşmələri (ümumiyyətlə, mürəkkəb mübtəda, xəbər, təyin, tamamlıq və zərfliklər kimi cümlə üzvləri - sintaktik vahidlər yaradan ismi və feli birləşmələr) fonetik-leksik normaların pozulması üzündən təhrif olunub, sonda epistolyar-elmi-bədii üslubların sintezindən ibarət olan “Şikayətnamə”nin bütövlükdə ecazkar bir sənət abidəsi kimi mükəmməl konstruksiyasına, əbədi mövcudluğuna, ululuğuna, ülviyyətinə xələl gətirmişdir. Çünki dünya durduqca nə qədər bürokratiya, rüşvətxorluq hökm sürəcək, bir o qədər də yüksək sənət dililə bu neqativ hərəkətlərin kökünü kəsmək istəyən, bu mənfur halları qamçılayan, kötəkləyən, lənətləyən “Şikayətnamə” də insanların yanında olacaqdır.
Fikrimə aydınlıq gətirmək üçün əvvəlcə əsərdən konkret bir parçanı oxuyaq, sonra da həmin parçanın həm tanınmış şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov tərəfindən, həm də N.Hadi tərəfindən tərcümələrini müqayisə edək:
“Əlqissə bu təhrik ilə dərgahi-müəlladən bir nəsibə talib olub və ərkani-dövlətdən səadəti-imdad və şərəfi-isad bulub doqquz əflakə payi-istiğna vururkən ovqafdan doqquz aqça vəzifəyə qənaət qılıb ərz aldım. Və bərat üçün dərgahi-aləmpənaha irsal edib visulinə mütərəssid oldum. Müddəti-tərəssüd münqəzi olduqda və əyyami-intizar sərəncam bulduqda mübəşşirlər ki, müjdeyi-hüsuli-məqsəd yetirdilər. Mənə bir misali-meymun və bərati-hümayun gətirdilər”.
Ə.Bağırovun tərcüməsi: “Xülasə, bir təhrik ilə ali dərgahdan bir ruzi tələbində olub, dövlət ərkanından imdad səadətinə və kömək şərəfinə yetişib 9 fələyə etina etmədiyim halda 9 ağça maaşa qane olduğuma ərz (ərz etmək hüququ) aldım. Bu ərzimi barat (əmr qəbzi) almaq üçün sultana (aləmpənahın dərgahına) göndərib ona yetişəcəyini gözlədim. Gözləmə müddəti bitdikdə və intizar günləri başa çatdıqda mənim məqsədə çatmağım haqqında müjdə verənlər (muştuluqçular) mənə xoşbəxtlik timsalı mübarək barat (əmr qəbzi) təqdim etdilər”.
Göründüyü kimi Ə.Bağırovun tərcüməsi orijinalla üst-üstə düşür.
N N.Hadinin tərcüməsi: “Sözün qısası, bu təhrik ilə uca dərgahdan bir əsl nəsəb qismət olub və böyüklərin dövlətindən köməyə yetişmək səadəti və xoşbəxt etmə şərəfi olan haqqın rəhmət yağdıran buludu doqquz fələyə ehtiyacsızlıq ayağını vururkən savab iş üçün ayrılmış paydan doqquz ağça vəzifəyə (yəni doqquz göyə) qane olub genişlik aldım. Və qiymətli hədiyyə üçün aləmlərin pənahının dərgahını müşahidə edib oraya yetişmək istəyi ilə səbr edən oldum. Səbr tükənəndə və intizarlıq əyyamı dövründə muştuluqçular məqsədin hasil olması müjdəsini yetirdilər. Mənə uğur, səadət və hökmdara məxsus bərat (İslam dininə görə Muhəmmədə (s.ə.v.) peyğəmbərlik xəbərinin verilməsi) gətirdilər”.
Yuxarıdakı heç bir hərfinə və imlasına toxunmadan sitat gətirdiyim N.Hadinin tərcüməsində qara kursivlə verilənlərin demək olar ki, əsərin orijinalına qətiyyən aidiyyəti yoxdur. Bu qara kursivlər sağlam Füzuli fikrinə və ruhuna faciəvi, dağıdıcı təsir göstərmiş təhlükəli viruslar kimidir. Göründüyü kimi bu viruslar nəinki əsərin orijinalını sətri, yaxud bədii tərcümənin obyektinə çevrirmiş, əksinə onu diri-diri darmadağın etmişdir. Misal gətirdiyim xarakterik səhv nümunələri kifayət edir ki, əsərin əsas ideyasının təhrifi, həmçinin dil-üslub keyfiyyətlərinin bərbadlığı haqqında obyektiv təsəvvür yaransın. Bu misallardan aydın görünür ki, N.Hadinin “Quranın endirilməsi” ideyası cəfəng və “Şikayətnamə” nin tərcüməsi qeyri-məqbuldur və belə bir qüsurlu əsərin təkrar çapına qətiyyən qrif vermək olmaz! Bir də zatən ona görə ki, “Müəyyən mənada sənət zamansızdır və sənətin inkişafı texnoloji məntiq və ya elmi-tarixi məntiq üzrə getmir və getməyi də imkansızdır.
“Üzündə göz izi var, Sənə kim baxdı, yarım?!” misralarındakı abstraksiyanın və ya Füzuli metaforlarında ağlagəlməz müqayisələrin, təlmihlərin, simvolların, istiarələrin varlığı qeyri-səlis məntiqin sənətdə çoxdan kəşf edildiyi və xəyali dünyanın dilinin nə qədər mürəkkəb, mücərrəd olduğunu göstərmirmi? Amma bu mürəkkəbliyin ana qaynağı sadəlik, mücərrədliyin çıxış nöqtəsi aydınlıq, konkretlikdir.
Sənətin (söz, səs, rəng, naxış...) abstraksiya yolu elmin abstraksiya yolundan əsaslı şəkildə fərqlənir. Bu mənada elmin XX əsrin ortalarından sonra gəldiyi həqiqətə sənət çox-çox öncələr gələ bilmişdir. “Ovu öldürən elm” və “ovu diri tutan sənət” (ifadələr V.N.Bedinskinindir) ayrı-ayrı yollarla hərəkət edən nəhəng idrak mexanizmləridir (13).
Bu baxımdan “Şikayətnamə” nin müasir dilimizə tərcüməsini - “ovu öldürən” makulatura qəbristanlığına deyil, orijinalında olduğu kimi “ovu diri tutan” canlı sənət əsərinə çevirmək lazımdır.
P.S: Bir neçə il əvvəl “Kredo” qəzetində şair N.Hadinin “Məhəmməd Füzulinin mübahisə doğuran qəzəllərindən birinin şərhi” adlı yazısına cavab olaraq N.Mikayılzadənin “Gözəlin bədənini örtən araq” (“Kredo” qəzeti, 13 iyul 2013) adlı yazısı dərc olundu. Ə.Xələfli “Füzuliyə qeyri-elmi münasibət”ində (“Kredo” qəzeti, 7 sentyabr, 2013) Füzulişünaslardan həm də N.Mikayılzadənin adı çəkilən məqaləsinə obyektiv münasibət istəyir. Bir Füzulisevər kimi yaxın gələcəkdə Füzulinin Hüsn və Eşq fəlsəfəsinə bağlı olan bu məsələyə yəqin ki, münasibətimi bildirəcəyəm.
Mənbələr:
1. Araslı Həmid. Böyük Azərbaycan şairi Füzuli. Bakı, 1958, s.4
2. Əhdi Bağdadi. Gülşəni-şüəra. S.Peterburq Universiteti Kitabxanası, əlyazma kataloqu, n.16
3. Əliyev S. Füzulinin poetikası. Bakı, 1985, s. 143
4. Əlizadə S.Azərbaycan ədəbi dili tarixindən praktikum. Bakı, 1983, s.6
4a. Ərəb və fars sözləri lüğəti. Bakı, 1985, 51
5. Füzuli. Türkcə divan. Tehran, 1996, s.ö
6. Hacıyev T. Azərbaycan ədəbi dilinin norma və üslubları. “Azərbaycan” jurnalı”, 2008, n 1
6a. Hüseynli S. Bayquşlu mesajın cəzası. Kulis.lent.az. internet dərgisi
7. Xasanxodja M. Fizuli i uzbekskaya literatura. Avtoreferat kand.dis. Taşkent, 1972, s.95
8. Kərimli Teymur. Füzuliyə fərqli baxış. Bakı, “Kredo” qəz., 29 iyun 2013
9. Lətifi təzkirəsi. İstanbul, 1314-cü il hicri, s. 265
10. Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı, “Maarif” nəşriyyatı, 1983, s.240, 241
11.M.Füzuli.Əsərləri. 6 cilddə, 2-ci cild. B.: “Şərq-Qərb” nəşriyyatı, 2005, s.296
12. Mirzəyev Ataəmi. N.Hadinin “Mövlana Füzulinin türk paşası Nişançı paşaya məktubunun şərhi”. “Kredo”qəz., 29 iyun 2013
13. Nərimanoğlu K.V. Qeyri-səlis məntiq və ədəbiyyat haqqında düşüncələr. B:Sosial şəbəkə
14. Novruzoğlu Rövşən. Kod: qarğa təbəssümü. Bakı, “Kredo” qəz. 22 iyun 2013
15. Utkan Qocatürk. Atatürk. B.: 1991, s.158
“Kredo” qəzeti, 12 – 15 – 21. IX. 2013
© 2020 - Created by İLK XEBER.