“Hesab edirəm ki, son baş verənlərin fonunda Rusiya üçtərəfli anlaşmalar üzrə bəndlərin tezliklə yerinə yetirilməsini istəyəcək. Xüsusən də, Rusiya Zəngəzur dəhlizinin açılmasına maraqlıdır və bunun sürətlə həyata keçirilməsinə çalışacaq. Çünki Rusiyanın Avropa qapısı bağlandı, Asiyada isə böyük bir bazarı yoxdur. Orada Çin amili də var. İndi cənub qapısı açıq olmalıdır ki, həm Şərqi Asiyaya, həm də Avropanın bəzi ölkələrinə çıxa bilsin. Bu da Azərbaycan və Türkiyə üzərindən mümkündür. Buna görə də, Putinin Ukraynadakı müharibədən sonra Azərbaycana münasibətinin müsbət olacağına yüz faizlik zəmanət vermək olar”.
Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağını bildirdi. O, bu məsələnin gündəliyə salındığını dedi. Sizcə, Rusiya-Ukrayna müharibəsinin getdiyi vaxtda Paşinyanın belə bir mesaj verməsinin bu proseslə bir əlaqəsi ola bilərmi?
- Birbaşa əlaqəlidir. Paşinyan gözəl başa düşür ki, fevralın 20-də Rusiya və Azərbaycan arasında imzalanmış bəyannamə bundan əvvəl imzalanmış üçtərəfli anlaşmaların bəndlərinin yerinə yetirilməsi məsələsini gündəmə gətirdi. Prezident İlham Əliyev mətbuat konfransında da bildirdi ki, Ermənistanın Qarabağdakı qanunsuz silahlı qüvvələri çıxarılmalıdır. Hadisələrin gedişi də göstərdi ki, Azərbaycan düzgün siyasət yürüdür. Azərbaycan bununla ona qarşı yönəlmiş hərbi-siyasi təhlükəni aradan qaldırdı. Belə deyək, biz 200 il ərzində Rusiyadan kifayət qədər bəla görmüşük. İlham Əliyev Azərbaycanı bu bəladan sığortalaya bildi. Bunu Ermənistan, o cümlədən Paşinyan çox gözəl başa düşür. Eyni zamanda, Qərbin Ukraynaya münasibətini və Rusiyanın nə edə biləcəyini də gördü.
Onu da yaddan çıxarmaq lazım deyil ki, burada Türkiyə faktoru da var. Türkiyə NATO üzvü olmasına baxmayaraq, alyansın bütün şərtlərini bir kənara qoyub öz milli maraqları çərçivəsində Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Məncə, doğru addım atdı. Bu kimi olaylar Azərbaycan və Türkiyənin başına gələndə Qərb haradaydı? İndi də “demokrat” olublar.
Paşinyanın açıqlamasına gəldikdə, sözün açığı, ondan belə bir addım gözləyirdim. Paşinyanın siyasi təcrübəsi nə qədər az olsa da, Azərbaycanın gücünə də bələddir. Ona görə də bu məsələni gündəmə gətirdi ki, Azərbaycan başqa addım atmasın. Burada həm də bir erməni xisləti var. Paşinyan qorxur ki, Rusiya Qarabağdakı sülhməramlılarını Ukraynaya aparar, nəticədə Azərbaycan ordusu ilə təkbətək qalar. Paşinyan bunu da nəzərə alır. Ermənistan sülh müqaviləsini imzalamaqla Azərbaycanın sərhədlərini tanıyacaq. Bu, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmək deməkdir. Bu həm də o deməkdir ki, Azərbaycan Xocalı, Xankəndi Xocavənd və Ağdərəyə də nəzarəti təmin edəcək.
Kimlər bizim qanunlarımıza tabe olacaqsa, orada yaşamağa davam edəcək. Hazırda Bakıda 30 min erməni yaşayır. İndiyədək onlara milli ayrı-seçkilik olmayıb, olmayacaq da. Əksi bizim əxlaqımıza uyğun deyil. Onlar Azərbaycan vətəndaşlarıdır və burada təhlükəsiz yaşayırlar. İndi orada nə qədər erməninin yaşayacağı onların özlərindən asılıdır. Azərbaycan qanunlarına tabe olsalar, bu hüququ qazanacaqlar. Azərbaycan çoxmillətli ölkədir, burada heç kim üçün təhlükə yoxdur, orada yaşamaq istəyən ermənilər üçün də olmayacaq.
- Ukraynaya müdaxiləsindən sonra çətin durumla üzləşən Rusiya Azərbaycan və Ermənistanla imzaladığı üçtərəfli anlaşmaların yerinə yetirilməsi prosesini tezləşdirə bilərmi?
- Rusiya Ukraynada “sürünən müharibə” aparır. Mənə elə gəlir ki, bunu da qəsdən edir. Bəli, Rusiyanın müəyyən problemləri olacaq. Amma nəzərə almaq lazımdır ki, dünyanın resurslarının 21 faizi Rusiyadadır. Bütün hallarda isə imperiya ambisiyalarını cilovlaya bilməyən Rusiya Ukraynada tora düşdü. Ukrayna isə qurbandır. Ukrayna Qərbin, Rusiya isə yeni dünya düzəni quranların qurbanıdır. Rusiya isə məcbur oldu ki, bu addımı atsın. Bjezinski “Şahmat taxtası” əsərində Rusiyanın çökdürülməsi planında üç ölkənin adını çəkir: Azərbaycan, Ukrayna və Özbəkistan. Azərbaycanla məsələ aydındır, ikitərəfli münasibətlər yüksək səviyyədədir. Yəni buradan Rusiyaya heç bir təhlükə yoxdur. Özbəkistan da heç bir problem yaratmır. İndi də Ukrayna məsələsini həll etməyə çalışır.
Rusiyanın həm hərbi, həm də siyasi elitası başa düşür ki, Azərbaycan dövləti və onun prezidenti sözünün sahibidir. Putin vaxtilə bunu Ərdoğan haqda demişdi. Hadisələrin gedişatı göstərdi ki, İlham Əliyev də Ərdoğan kimi sözünün sahibidir. Azərbaycan Rusiya üçün heç bir problem yaratmır, bunu Moskvada da bilirlər.
Hesab edirəm ki, son baş verənlərin fonunda Rusiya üçtərəfli anlaşmalar üzrə bəndlərin tezliklə yerinə yetirilməsini istəyəcək. Xüsusən də, Rusiya Zəngəzur dəhlizinin açılmasına maraqlıdır və bunun sürətlə həyata keçirilməsinə çalışacaq. Çünki Rusiyanın Avropa qapısı bağlandı, Asiyada isə böyük bir bazarı yoxdur. Orada Çin amili də var. İndi cənub qapısı açıq olmalıdır ki, həm Şərqi Asiyaya, həm də Avropanın bəzi ölkələrinə çıxa bilsin. Bu da Azərbaycan və Türkiyə üzərindən mümkündür. Buna görə də, Putinin Ukraynadakı müharibədən sonra Azərbaycana münasibətinin müsbət olacağına yüz faizlik zəmanət vermək olar.
- Ermənistan baş naziri müvafiq sənədlərdə Qarabağdakı şəhər və rayonların erməni yox, Azərbaycan toponimləri olaraq qeyd edildiyini bildirdi. Hətta Qubadlını misal çəkdi. Bəs onun bu etirafını necə başa düşmək olar?
- Ermənilər indiki Ermənistan ərazilərindəki Azərbaycan toponimlərinin hamısını dəyişiblər. 30 illik işğal dövründə Qarabağda da bunu etmək istədilər. Əslində Paşinyanın bu açıqlamasında bir erməni hiyləgərliyi də var. Bu məsələni gündəmə gətirməklə diqqətimizi Ermənistanda dəyişdirilmiş toponimlərdən yayındırmaq istəyirlər. Fikir verin ki, Azərbaycan prezidenti heç vaxt çıxışlarında “Yerevan” sözünü işlətmir, “İrəvan” deyir. İlham Əliyev hər dəfə İrəvan dedikcə, ermənilər havalanırlar.
Ermənilər arasındakı millətçilik o qədər kor-koranədir ki, Azərbaycandan verilən hər açıqlamanı qorxuyla qarşılayırlar. Onu da bilirlər ki, Azərbaycan haqlı tərəfdir. Dediyim kimi, bu açıqlaması əsasən diqqət yayındırmağa xidmət edir. Amma ona bir “sağ ol” da düşür ki, mənliyi və cürəti çatıb, bu həqiqəti gündəmə gətirə bildi.
Müəllif: Mənsur Rəğbətoğlu
© 2020 - Created by İLK XEBER.