"Qərb Ukraynaya əsgəri yardım etsələr belə, müharibəni uduzacaqlarından qorxurlar..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:

 

- Qüdrət bəy, Rusiya ilə Ukrayna arasında münasibətlər gərginləşəndə hadisələrin böyük müharibəyə gətirib çıxarmayacağını, sonda sağlam düşüncənin, diplomatiyanın qalib gələcəyini söyləmişdiniz. Donbasda baş verən son hadislər fikrinizin dəyişməsinə səbəb olmayıb ki?

 

- Əvvəllər də qeyd etdiyim kimi həm ABŞ, həm də Rusiya beynəlxaq arenada mövqelərini gücləndirmək istəyir, ona görə də tərəflər maksimalist mövqe sərgiləyir və hələlik heç kim güzəştə getmək istəmir. Müharibə olarsa hər iki tərəfdən on minlərlə gəncin həyatını itirməsi, 100 minlərlə insanın əlil olması, iztirablı və məşəqqətli həyata düçar olması proqnozlaşdırılır. Ona görə də bu gün də sağlam düşüncənin qalib gələcəyinə inamımı itirməmişəm. Rusiya ilə Ukrayna arasındakı mümkün müharibəni qardaş qırğını kimi də xarakterizə etmək olar. İki slavyan xalqının müharibəsi 100 illər ərzində sağalmayan izlər buraxacaq, əsrlərlə davam edəcək bir düşmənçiliyin əsasını qoyacaq.

 

Qərb Ukraynaya müəyyən silahlar verməklə hərbi dəstək görüntüsü yaratmağa çalışsa da Rusiyanı böyük müharibədən çəkindirə biləcək "Patriot" `hava hücumundan müdafiə sistemləri, "STEALTH" və digər müasir döyüş təyyarələri vermir. Hətta həmin silahları uzunmüddətli kreditlər ayırmaqla  sata da bilərdi. ABŞ  bəyan edir ki, Rusiya Ukraynaya hücum edəcəyi halda əvvəllər heç vaxt tətbiq olunmamış ağır sanksiyalar tətbiq edəcək və tərəflər bundan ciddi ziyan görəcək. Olmazmı ki, həmin ziyanın və insan itkisinin qarşısını almaq üçün ehtimal olunan  ziyanın  qarşılığında Ukraynaya qeyd etdiyim silahlar verilsin. Rusiyanın hərbi gücü qarşısında hazırda edilən kömək insanlarda yalnız acı təbəssüm və istehza doğurur. Eyni zamanda, Ukrayna tələb etsə də ki, müharibə başlayandan sonra sanksiyaların tətbiqi müharibəni dayandırmayacaq, ona görə də sanksiyaların  nədən ibarət olacağı indi açıqlanmalıdır, bu da edilmir. Adama elə gəlir ki, Qərb Ukraynanı köməksiz qoymaqla 2014-cü ildə olduğu kimi Rusiyanı hərbi müdaxilyə təhrik etmək istəyir. 1994-cü il Budapeşt memorandumu ilə Böyük Britaniya və ABŞ Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təminat verməklə  onu aldadıb, malik olduğu nüvə silahını əlindən alıb  veriblər Rusiyaya. İndi isə beynəlxalq öhdəlikdən doğan dövlət ləyaqəti bir kənara atılıb və hər dəqiqə bəyan edirlər ki,onlar müharibəyə qatılmayacaqlar. ABŞ və müttəfiqləri dünyanın ən böyük hərbi gücünə sahib olub ,demokratiyanı müdafiə edəcəklərini bəyan etsələr də sanki başqalarından kömək istəyirlərmiş kimi dünyanın  demokratik bir dövlətinin məhv ediləcəyindən "üzüntü" ilə danışırlar, amma Rusiyanın təhlükəsizliyinə  təminat verilməsi məsələsində geri çəkilməyəcəklərində israr edirlər. Ukraynanın məğlub olacağını hər addımları ilə nümayiş etdirsələr də  müharibədən qaçmaq üçün bu istiqamətdə addım atmağa  Ukraynaya imkan vermirlər. Elə-belə demirlər ki, ABŞ-la düşmən olmaq təhlükəli, dost olmaq isə ölümcül təhlükəlidir. Belə görünür Ukraynada bunu nəzərə almayıblar və indi acısını yaşayırlar. Müşahidə etdiklərimiz nə qədər ağır olsa da sonda böyük müharibədən qaçmağın mümkün olacağına inanıram. ABŞ və Rusiya qaşılıqlı güzəşt yolu ilə müharibədən qaçmalıdırlar.

 

- ABŞ niyə Ukraynaya Rusiyanı düşünməyə vadar edəcək və dayandıra biləcək qədər hərbi yardım etmir?

 

- ABŞ və müttəfiqləri əsgəri yardım edərlərsə belə müharibəni uduzacaqlarından qorxurlar. Həm də qorxurlar ki, Rusiya nüvə zərbələri endirə bilər. Putinin buna qadir olduğuna əmindirlər. Onlar Ukraynada partizan müharibəsi təşkil etməklə, Əfqanıstanda olduğu kimi, Rusiyanı məğlub etmək, həm də ola bilsin Federasiyanı parçalamaq istəyirlər.

 

- Çin niyə müharibəni önləmək üçün hadisələrə müdaxilə etmir?

 

- Ola bilsin düşünürlər ki, bu müharibədə həm Qərb zəifləyər, həm də Rusiya Federasiyası dağılarsa Sibirə də onlar yiyələnər.

 

- Prezident İlham Əliyevin Moskvaya səfərini necə qiymətləndirirsiniz?

 

- Bu səfərdən öncə Prezident Ukraynaya səfər etmişdi. Həmin səfər də çox əhəmiyyətli idi. Azərbaycan və Türkiyə məhdud imkanlar çərçivəsində Ukrayna böhranının sülh yolu ilə həllinə tövhə verməyə çalışır. Biz Qarabağ məsələsində Rusiyadan müəyyən məslələrdə narazı qalsaq da dostluq və əməkdaşlıq siyasəti inkişaf etdirilməlidir. Bunu Azərbaycanın milli və dövlət maraqları tələb edir. Səfər çərçivəsində müzakirə olunacaq ən mühüm məsələlər  yəqin ki, Ukrayna böhranı ilə yanaşı Ermənistanla münaqişə və bu münaqişədə Rusiyanın rolu, iqtisadi əməkdaşlığın genişləndirilməsi  və təhlükəsizlik məsələləri  olacaq.