Xanoğlan Əhmədov
Bu gün tanınmış şair, publisist, yaxın dostum, mərhum Elbəyi Cəlaloğlunun ad günüdür. Allah şahiddir ki, Elbəyi bu fani dünyanı tərk edən gündən-ötən ilin mart ayının 8-dən onun barəsində nə qədər yazmaq istəmişəmsə də alınmayıb. Çünki onun ölümü ilə barışmamışam, haqqında keçmiş zamanda yazmaq istəməmişəm. Elbəyi Cəlaloğlu cəmiyyətimizdə yurd təəsübkeşi, xeyirxah, dəyərli ziyalı kimi tanınır, sevilirdi. Ona görə çox sevilirdi ki, o, yurdunun insanlarını çox sevirdi, onun mayası sanki yaxşılıqlardan yoğrulmuşdu, etdiyi yaxşılıqları dilinə gətirməzdi. Elbəyinin comərdliyinin hüdudları sərhədsiz idi, onu yaxından tanıyanlar nəcib və üstün keyfiyyətlərindən bu gündə ağızdolusu danışırlar. Elbəyi Cəlaloğlu Azərbaycanın adamıdır. Bizim ona olan mənəvi borcumuz, onun fəaliyyətinə verdiyimiz dürüst qiymət ola bilər. Elbəyi ilə ilk tanışlıq onunla ömürlük dost olmağa yetərdi və ömrünün sonuna kimi də səmimiyyətini, saflığını qoruyub saxlaya bilmişdi.
Elbəyi gözəllik aşiqi, həyat dolu bir insan idi. 2007-ci ilin martında qələmə aldığı “Ömrümün yarpaqları” adlı publisist məqaləsində özünün dünyaya gəlişini belə təsvir edirdi: “1965-ci miladi ilin 15 yanvarında təxminən saat 16.30-da atam aşıq Cəlalı, oğlu və həm də ilk övladı olması münasibətilə muştuluqlayırlar. Onda atam kəndimizin yaxınlığında Kür çayının üstündən salınan piyada keçidi körpüsünün tikintisində çalışırmış. Yeri gəlmişkən bu körpü Kür çayının sağ və sol sahilində yaşayan türklərin münasibətlərini daha da sıxlaşdırırdı. Bir-birinə alaq-culaq qohum olan bu əhali körpünün tikintisindən sonra daha tez-tez görüşürdülər. Bəli, təzə doğulan uşağın gələcəyi bir yana, heç bir saat bundan sonrası məlum olmasa da, bu doğulan-indi Elbəyi Cəlaloğlu kimi tanıdığınız, ürəyi təmiz, qəlbində tanrı gizlətmiş, imkan daxilində hay deyənin hayına, huy deyənin huyuna yetən, onu tanıyanların hamısına dostcasına yanaşan insandır. Bir dəqiqə-bir dəqiqə... Anadolu türkləri demiş-pardon... Axı, deyəsən o mənəm...”.
Bəli, bu o Elbəyidir. Həyatında söz düşəndə deyərdi ki, bütün ömrü boyu həm böyüklərin, həm də kiçiklərin içində özünü sadədən sadə aparıb. Axı insanlar dünyanın ali varlığı olduğu üçün hər kəsə və hər şeyə düzgün qiymət verə bilirlər. Ona görə də özünü tərifləməkdənsə, tərifə layiq işlər görüb, əməli saleh yaşamağı daha gözəl sayardı, Elbəyi: “İnsan daim yaxşı hallar üçün düşünərsə, pis və ya neqativ fikirləri özünə yaxın buraxmazsa, Allahın ona verdiyi müvəqqəti ömrü layiqincə və sonrakı nəsillər naminə səmərəli yaşamağa çalışarsa və dünyanı daha da gözəl eləməyə can atarsa, bütün bu gözəlliklər onun çöhrəsində, boy buxununda, yerişində, danışığında və s. büruzə verər, hətta insan özünün Tanrı tərəfindən qorunduğu haqqında inanmla düşünər...”.
Elbəyi Borçalının tanımış sənətkarlarından olan Aşıq Cəlalın sazının, oxuduğu mahnıların, danışdığı rəvayətlərın və dastanların, el məsəllərinin, şerlərin və nağılların sehrində böyümüşdü. Eləcə də özünün dediyi kimi Aşıq Əmrah laylası ilə yatıb, Aşıq Kamandar avazilə oyanmışdı. Xəstə Qasımın, Qurbaninin, Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Şenliyin, Faxralı şair Nəbinin, Səməd Vurğunun, Hüseyn Arifin, Osman Sarıvəllinin və saysız hesabsız yaradıcıların bal kimi şirin, qayalar kimi mətin, bulaqlar kimi şəffaf, dəryalar qədər mənalı şerlərini dinləmiş və yeri gəldikcə əzbərləmişdi. “Bir vaxtlar Aşıq Kamandarın reportuarında kütləviliyə keçmiş Zəlimxan Yaqub şerlərində yaşayıb, Osman Əhmədoğlu poyeziyasında vurnuxmuşam. Bu mənim üçün əvəzsiz bir mühit idi və o mühiti yenidən yaşaya bilsəydim, dırılık suyundan içdiyimi sanardım. Bu ab havadan mayalanan insan böyük mütəfəkkir ola bilərdi, amma, görünür neqativ hallar da istisna deyilmiş və bunun da nəticəsidir ki, mən ali təhsil ala bilməmişəm. Lakin, hərdən mənə elə gəlir ki, rəhmətlik ustad Nəsimi demişkən “mən bu cahana sığmıram”. İç dünyam böyükdür, onu özümlə aparmayıb, oxucularıma nə qədər çatdıra biləcəyimi Tanrı və zaman bilər”- Elbəyi deyərdi.
Bəlkə də, Elbəyi ömrünün yarıda qırılacağını bilirmiş deyə bu fikirləri səsləndirib. Ola bilər...
Elbəyi ilə uzun illər dost olmuşuq, birgə səfərlərə çıxmışıq. Qarayazı meşələrində, Tbilisidə, İlməzlidə, Masallıda, lerikdə, Məşhəddə, Yardımlıda keçirdiyimiz günlərin xatirəsi yaddaşlardan silinən deyil. İlməzlidə Qənirə ananın açdığı süfrə, Aşıq Cəlalın şirin söhbətləri elə bil dünən idi.
Kəndimizin fəxri vətəndaşı idi, Elbəyi, hamı tanıyırdı. Ölüm xəbərini eşidən kimi kənddəkilər demək olar ki, hamısı zəng edib dəqiqləşdirmə aparırdılar: Elbəyi barədə yazılanlar düzdür?
Nə vaxtsa, Elbəyi barədə geniş xatirəmi yazacağam. Hələlik əziz və unudulmaz dostumun ciyərparaları-balalarım qədər sevdiyim Humayı, Rufanəni, Elgünü Elbəyinin ad günü münasibətilə təbrik edirəm. Qənirə anamın, aşıq Cəlalın yanında nə qədər suçlu olduğumu isə özüm və bir Allah bilir...
Sonda Elbəyinin iki şeirini sizinlə bölüşürəm. Hər iki şeirin maraqlı tarixçəsi var.
2004-cü ildə də yenidən dostlarla birlikdə Yardımlıya, kəndimizə getmişdik. Həyətimizdəki bağda Elbəyi saz çalırdı, əvvəl “Dilqəmi” ilə başladı. Bir də gördük bir bulbul gəlib qənşərimizdəki ağacın budağıan qondu. Elbəyi “Ruhani” havasına keçəndə bulbul uğub özünü saza elə çırpdı ki, hamımız heyrətdən donub qaldıq…
YAZDIMI, BÜLBÜL?
Yardımlı rayonunun Şıləvəngə
kəndində çaldığım saz havasının
səsinə uçub gələn bülbülə.
Deyirlər çoxdandı düşmüsən perik,
İlhamın qəlbində azdımı, bülbül?
Mənim tək sənin də damarlarında
İnləyən, gurlayan sazdımı, bülbül?
Gəzdin sədəfləri hey sətir-sətir,
Duydunmu tellərdə sirli bir ətir?
Bəlkə də gözlərin butanı gəzir,
Röyada gördüyün qızdımı, bülbül?
Tapdın “Dilqəmi”də gülü-gülşəni,
Necə ovsunladı “Ruhani” səni?
Sevgini, eşqini, məhəbbətini
Ruhun aradımı, gəzdimi, bülbül?
Gəlib görüşünə işvə də, naz da,
Borçalı elindən bu telli saz da.
Coşub vəsf etdiyin sərxoş avazda,
Bir başqa baharmı, yazdımı, bülbül?
Sirayət eylədin hər ahəngə də,
Tanrınımı tapdın Şiləvəngədə?
Yoxdu bu əsrarın inan, özgədə
Güllər xiffətinə dözdümü, bülbül?
Gəl otur qarşıma, gözün gözümə,
Mən sazı götürüm, sən vur zümzümə.
Elbəyidən kənar dolanlıb gəzmə,
Təbim doxsandımı, yüzdümü, bülbül?
Şiləvəngə, 10 avqust 2004-cü il
Bir gün kəndimizə yenicə çatmışdım ki, elbəyi zəng edib harada olduğumu soruşdu. Kənddə olduğumu dedikdə təəssüfləndi, dedi bilsəydim səninlə gedərdim. Və axşam bu şeiri mənə oxudu.
DOSTUM XANOĞLANA
Ay Xanoğlan, kəndinizdən gələndə,
Dağ havası, bulaq suyu gətir gəl!
Mənsiz getdin o dağlara yenə də,
Təkmi gəldi uğuruna səbir, gəl?
Dağ havası, bulaq suyu gətir gəl!
Güllər səni ağuşuna aldısa,
Sarı bülbül xəyallara daldısa,
Arılardan bircə damla qaldısa,
Al canına çiçəklərdən ətir, gəl,
Dağ havası, bulaq suyu gətir gəl!
İgid gördüm coşqun, cəsur o yerdə,
Çılğın orda, dəli orda, kür orda.
Həzrət Əli izləri var o yerdə,
Torpağından tütyə kimi götür gəl,
Dağ havası, bulaq suyu gətir gəl.
Bulaqları qaynaşırmı, coşurmu?
Gün işığı yarpaqlardan aşırmı?
Əfsunlarda arzuların daşırmı?
Bu ilhamdan alıb bircə sətir gəl,
Dağ havası, bulaq suyu gətir gəl!
Xanım ana həsrətdən oysandımı?
Dağlar, daşlar hiddətindən yandımı?
Hüseyn əmi Elbəyini andımı?
Nurlarından bir mənə də ötür, gəl,
Dağ havası, bulaq suyu gətir gəl!
Bakı, 26 may 2007-ci il
© 2020 - Created by İLK XEBER.