“Sahibkar güzəşt etməyi bacarmalıdır”
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayında ciddi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin illik hesabatına görə, əvvəlki illərlə müqayisədə bu il biznes fəaliyyəti ilə məşğul olan xanımların sayı 20 faiz artıb. Sahibkar xanımlar yalnız xidmət və istehsal sahəsində deyil, həyatımızın ən müxtəlif sahələrində uğurla təmsil olunurlar.İlkxeber.org xəbər verir ki, meyvə-tərəvəz məhsullarının topdan satışını,həyata keçirən bir sahibkar xanım. Gülpəri Bayramova “Agro Mix” şirkətinin təsisçisi və direktorudur. Bu şirkəti çoxdan qurmağı xəyal etsə də, uzun müddət bu istəyinə nail ola bilməyib. İlk illərdə isə çox ciddi çətinliklərlə qarşılaşıb. Lakin vaz keçməyib… Bu barədə daha ətraflı özü danışacaq.
– Necə oldu ki, “Aqro Mix”lə sahibkarlıq fəaliyyətinə başlamağa qərar verdiniz?
– Qeyd edim ki, ali məktəbi bitirəndən sonra ailəmlə birlikdə Moskva şəhərinə köçdük. Orada atam və qohumlarım meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşğul idi. Sirr deyil ki, Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan soydaşlarımız əsasən bu fəaliyyətlə məşğuldur. Onu da deyim ki, qida biznesi mənim üçün hər zaman maraqlı olub. O zaman tez-tez topdansatış anbarına gedir, onların fəaliyyətini yaxından izləyirdim. Nəhayət günün birində meyvə-tərəvəzin topdan satışı ilə məşğul olmağa qərar verdim. İlkin dövlərdə bu istəyimi top-tüfənglə qarşıladılar (gülür). Baxmayaraq ki, Rusiyada meyvə-tərəvəz məhsullarının topdansatışı üçün münbit şərait var və bazar təkcə paytaxtla yekunlaşmır, fəaliyyətimi Azərbaycanda davam etdirmək qərarını verdim. Halbuki, Rusiyadan fərqli olaraq ölkəmizdə yalnız paytaxt Bakıya məhsul təklif etmək mümkündür. Regionlar isə öz daxili bazarı hesabına meyvə-tərəvəz məhsullarını istehlak edir.
– Moskvadan Bakıya bir yol uzandı. Sizi bu yolu qət etməyə vadar edən səbəblər bəllidir. Gələcəyin biznes-ledisi nədən başladı?
– Təbii ki, arzu və istək ayrıdır, reallıq isə ayrı. Lakin bir məsələ də var ki, inam və təşəbbüs işin yarısıdır. Açığını deyim ki, bu istəyimi sürətlə həyata keçirməyə tələsmədim. Əvvəlcə “Meyvəli”, “Vasmoy”, “Yaşıl” və digər bazarları gəzib təhlillər apardım, araşdırdım. Burada fəaliyyət göstərənlər nə qədər icarə haqqı verir? Nə qədər işçiləri var? Əsasən məhsullarını kimlərə satırlar? Gəldiyim ilk qənaət bu oldu ki, paytaxtda meyvə-tərəvəz məhsullarının əsas alıcıları böyük marketlərdir. Bundan sonra şəbəkə marketləri araşdırmağa başladım. Bəzi məhsulların qiyməti sürətli şəkildə dəyişirdi və əsas diqqətimi də qiymətləri oynaq tərəvəz məhsullarına yönəltdim. İlkin dövrlərdə nə anbarım vardı, nə də işçilərim. Sadəcə əkinçilərlə şəbəkə marketləri arasında vasitəçilik edirdim və demək olar ki, hər şey burdan başladı. Ucuz qiymətə məhsul təklifi bazarda bizə böyük etimad yaratdı və beləcə, bu işlə daha geniş və daha ciddi məşğul olmağa başladıq.
– Bu gün fəaliyyətiniz nə yerdədir? “Aqro Mix” gərgin rəqabətin hökm sürdüyü kənd təsərrüfatı məhsulları bazarında necə ayaqda dayana bilir?
– Bilirsiniz, meyvə-tərəvəz gündəlik tələbat məhsullarıdır. Bu təbii vitaminlərə hər yerdə, hər evdə ehtiyac, hər bir insanın hər zaman tələbatı var. Bu baxımdan nə qədər kəskin rəqabət də olsa, kənd təsərrüfatı məhsullarının istehlakı aktuallığını saxlayır. Bu baxımdan konkret məqsədlər yetər ki, ayaqda durmağı bacarasan. Həm də Allahın bizə lütf etdiyi bu təbii vitaminləri sağlam, təzə, orqanik formada insanlara çatdırmaq özü də ayrı bir zövqdür. Nəticədə bu vitaminləri insanlar istifadə edir və bir növ sağlamlıqlarını qorumuş olurlar. Dolayısıyla bu da insanlara xidmətin bir formasıdır. Hazırda bizim fəaliyyətimiz əsasən üç istiqamət üzrədir. Bunlardan biri idxal, digərləri isə əkinçilərlə ortaq fəaliyyət və tərəvəz məhsullarının yetişdirilməsidir. İrandan, Türkiyədən, Hollandiyadan və digər dövlətlərdən Azərbaycana meyvə-tərəvəz məhsulları gətiririk. Bu məhsulları paytaxtın aparıcı supermarketlər şəbəkəsində satışa çıxarırıq. Əkinçilərə subsidiyalar ayırır, onlara dəstək olur və istehsal olunan məhsulların satışını təşkil edirik. Saatlı rayonunda 40 hektar ərazidə mövsümi və orqanik tərəvəz məhsulları istehsal edirik. Kartof, soğan, pomidor, xiyar, bibər, badımcan, çiyələk, portağal və digər məhsulları həm idxal edir, həm də daxili bazarda yetişdiririk. Daimi işçilərimizin sayı isə 10 nəfərdir, mövsümü İşlərdə isə bu say dəyişir. “Meyvəli” Ticarət Mərkəzində böyük anbarımız mövcuddur. Eyni zamanda daşınmanı həyata keçirən avtomobillərimiz və satış təmsilçilərimiz var. Bəzən sifarişlər o qədər çox olur ki, müştərilərimizin məhsul təminatında gecikmələr baş verir. Amma biz insanların meyvə-tərəvəz tələbatında problem yaranmamasına maksimum çalışırıq. Bu səbəbdən də nəsib olarsa, gələcəkdə fəaliyyətimizi genişləndirməyi düşünürük.
– Aqrar sektorla bağlı maariflənmə səviyyəsi yüksək deyil. Məhsulların çeşidlənməsi, saxlanılması, faydası barədə az məlumatlıyıq…
– Tamamilə düzgün vurğulayırsınız ki, bu gün Azərbaycan əhalisi meyvə-tərəvəz məhsulları ilə bağlı yetərli informasiyalara malik deyil. Hətta nəinki istehlakçılar, bu sahədə fəaliyyət göstərən şəxslər də yetərincə məlumatlı deyil ki, hansı meyvə hansı vəziyyətdə, necə saxlanmalıdır. Əslində kənd təsərrüfatı məhsulları gündəlik istehsal etdiyimiz, qida rasionumuzda müstəsna əhəmiyyətə malik qidalardır. Məhz bu səbəbdən meyvə-tərəvəz məhsullarının yetişdirilməsi, çeşidlənməsi, daşınması, düzgün saxlanılması, orqanik olması, qulluq edilməsi və satışdan çıxarılması diqqət yetiriləsi məqamlardır. Hesab edirəm ki, bu gün Azərbaycanda aqrar mütəxəssislərin yetişdirilməsinə çox ciddi ehtiyac var. Gəncədə Azərbaycan Aqrar Universiteti mövcud olsa da, ölkədə bu sahədə mütəxəssis qıtlığı hökm sürməkdədir. Beynəlxalq təcrübədən istifadə isə yox dərəcəsindədir. Avropa ölkələrində, xüsusən Hollandiyada aqrar mütəxəssislərin hazırlandığı qabaqcıl universitetlər fəaliyyət göstərir. Yaxşı olardı ki, bizim də gənclərimiz Avropanın məhz bu kimi universitetlərində təhsil alsınlar, peşəkar aqronomlar kimi formalasınlar. Əlbəttə, bu məsələdə müvafiq qurumlar da, sahibkarlar da maraqlı olmalıdır.
– Uğurlu iş xanımı olaraq qənaətiniz nədən ibarətdir: Azərbaycanda qadın sahibkarlığı üçün münbit şərait varmı?
– Müasirləşən cəmiyyətimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu dövrdə artıq cins fərqinin elə də ciddi fərqi yoxdur. Bu gün xanımlarımız təhsil almaq, karyera qurmaq, inkişaf etmək, eləcə də bizneslə məşğul olmaq üçün bütün imkanlara sahibdir. Çox sevindirici məqamdır ki, artıq müasir ailələr də bunu anlayışla qarşılayırlar, nəinki mane olurlar, əksinə, dəstək də göstərirlər. Bizneslə məşğul olmaq, biznes yaratmaq, yeni iş yerləri açmaq, müəssisəni ayaqda saxlamaq çətindir. Bu hamı üçün çətindir, kişilər üçün də, qadınlar üçün də. Kişilərin bəzi üstünlükləri olduğu kimi, xanımların da müəyyən üstünlkləri var. Əsas odur ki, sistemi düzgün qurasan, normal idarəetmə mexanizmi yaradasan, bazarı təqib edə və baş verən dəyişikliklərə uyğunlaşa biləsən. Bunlar əsas komponentlərdir. Sahibkar güzəşt etməyi bacarmalıdır, həm kollektivinə, həm də müştərilərinə. Eyni zamanda maliyyə-müsahibat sisteminin düzgün qurulması, xərclərə nəzarət mexanizmi də vacib məqamlardandır. Aqrar sektorda fəaliyyət göstərmək çətin, lakin maraqlıdır. Hesab edirəm ki, “Aqro Mix” ailəsi olaraq əsas çətinlikləri arxada qoymağı bacarmışıq.
– Gənc yaşında uğur qazanmış bir xanım sahibkar üçün “uğur formulu” nədir?
– Allah hər bir insanı fərdi yaradıb. Elə bir insan yoxdur ki, onun istedadı olmasın. Həyatda ən dəhşətli şey odur ki, layiq olduğun yerdə özünü tapmayasan. Və ya bacardığın sahələrdə uğur əldə edə bilməyəcəyini düşünüb geri addım atasan. Mənə görə “Uğur formulu” yekcins deyil. Müxtəlif komponentlər var. Əsas məsələ onların arasında körpü yaratmaq bacarığı, nəzəri mərhələdən praktik mərhələyə keçid və daim öz üzərində işləməkdən ibarətdir.
© 2020 - Created by İLK XEBER.