Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti Murad Ağayev Vətən Müharibəsində Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında igidliyinə, xidməti vəzifələrini yerinə yetirərkən fədakarlıq və şəxsi sücaəti ilə nümunə göstərdiyinə görə “Emedia Group”un “DƏMİR YUMRUQ” Milli mükafatına layiq görülüb.
Füzulidən Şuşayadək döyüş yolu keçmiş Murad Ağayev ona təqdim edilən bu mükafata görə “Emedia Group”a və bu münasibətlə onu təbrik edən teatr kollektivinə minnətdarlığını belə ifadə edib:
"Mən bir vətəndaş kimi, xüsusilə də Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi könüllü olaraq döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram. Ona görə də mənə təqdim edilən bu mükafatı kollektivimizə aid edirəm. Bu sözləri əbəs yerə demirəm. Kollektivimizin üzvləri muharibə dönəmində arxa cəbhədə daima bizim ailələrimizin yanında oldu, ön cəbhədə fəallıq göstərdi, döyüşdü… Teatrımızın işıqşısı Əliağa Məmmədov şəhid oldu... Bütün şəhidlərimizlə qürur duyuram. Biz bu haqq savaşımızda, müqəddəs amalımız uğrunda böyükdən-kiçiyə - dəmir yumruğa dönməyi, həmrəyliyimizi dünyaya nümayiş etdirməyi bacardıq! Böyük Qələbəmiz birliyimizin təntənəsidir. Allah cəmi şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının kollecini bitirən Murad Ağayev 2015-ci ildən Akademik Musiqli Teatrda çalışır, indiyə qədər teatrın repertuarında olan əksər tamaşalarda iştirak edib və bu ildən şanlı döyüşdən qayıtdıqdan sonra ona baletmeyster assistenti vəzifəsinin icrası da həvalə olunub.