İkxeber.org Respublikanın əməkdar artisti, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltanın conflict.az-a müsahibəsini oxuculara təqdim edir:
- Necəsiniz İntiqam müəllim!
- Təşəkkür edirəm. Yaxşı olun.
- Nəhayət ki, TXİ-dən sizin müraciətinizə cavab gəldi. Bu haqda soruşmaq istərdim.
- Nə soruşmaq istərdiniz ki? Hər kəs öz səviyyəsində danışır zatən.
- Yəni onların cavabı sizi qane etdimi?!
- (istehzalı gülür - Conflict.az) Çox təəssüf edirəm ki, vaxtilə mötəbər sayılan bir qurum olan Teatr Xadimləri İttifaqı indi kapitansız gəmiyə bənzəyir. Mən rica edirəm onların mənə ünvanladığı cavab məktubunu dərc edəsiniz. O zaman ölkədə olan bütün teatr adamları və teatr həvəskarları mənim deyəcəklırimin şahidi olacaqlar.
- Bir az incələsək...
- Zatən incələməli bir şey qalmır. Bu məktubla Teatr Xadimlərinin binasını zəbt etmiş qurum özünü rüsvay edir. Əvvəla nə az, nə çox beş nəfərin imzası ilə həyata vəsiqə almış məktubun birinci cümləsində olan məntiqi səhv hər şeyi aydın göstərir.
- Yəni?
- Yəni özlərinin qeyd etdikləri kimi "teatrınızın ... etirazı" fikri göstərir ki, onlar bütün kollektivin fikrini heçə sayırlar. O kollektivin ki, bu yaxınlarda ölkə başçısına məlum problemlə bağlı müraciət ünvanlayacaq. Və o zaman kollektivin fikrinə hörmətlə yanaşmağın nə demək olduğunu ölkə başçısının nümunəsində görəcəklər.
- TXİ-nin festival zamanı, sizin təəbirinizcə desək özbaşınalıqlarına etiraz əlaməti olaraq ölkə başçısına müraciət ünvanlamaq niyyətindəsiniz?
- Qəribə də olsa bəli. Həm də bütün kollektivlə birlikdə.
- Sizcə bu nəyisə dəyişəcəkmi?
- Yox!
- Yox?[/b]
- Bəli, ilk baxışda, yox. Çünki, TXİ vaxtilə pulunu köçürüb "otkat" almış, bütün sənədləri qaydasında olan dələduz təşkilatlar kimi (İraq TXİ-dən - İ.S.) onların əmrinə müntəzir dayanmaq məcburiyyətində olan, ayrı-ayrılıqda sənətlərinə hörmət etdiyim münsiflər heyətinin imzaları arxasında gizlənib. Belə olduğu halda TXİ özü faktiki heç bir "məsuliyyət daşımır". Münsiflər heyətinin ayrı-ayrı üzvləri isə bir-birilərinin imzaları arxasında gizləniblər. İmzalar sahiblərinin titulları arxasında, titullar isə nə vaxtsa onların adını dövlət başçısının qarşısına qoymuş, özü isə hansısa əməllərinə görə, türkün sözü, görəvdən alınmış məmurun arxasında. Bu məntiqi TXİ yaxşı bilir. Ona görə də belə arxayıncasına və ilk üzdən bütün etiket qaydalarına riayət etməklə, əslində təhqiramiz məktubla bizim narazılığımızı cavablandırıblar. Mən birinci günkü müsahibəmdə dediyim sözün üstünə qayıdıram. Bizim etiraz etdiyimiz məsələ "VİCDAN"a bağlı məsələdir. Fərz edək ki, onlar haqlıdırlar. Və mən cığallıq və ya şıltaqlıq edirəm. O halda məni yerimdə otuzdurub "ağzımı bağlamağın" çox sadə bir yolu vardı. (hərçənd ki, bunlar çox məmnuniyyətlə başqa yollara üstünlük verərdilər - İ.S.) Sözü gedən həmin tamaşaları təkrar nümayişə çıxarıb möhtərəm münsiflər heyətinin şahin gözlü baxışlarını təstiq etdirmək. Vəssalam. Buna getmədilər, çünki qorxurlar. Əməllərinin nəticəsinə arxayın deyillər. Saxtadırlar. Əllərində olan "silaha" arxayındırlar. Bir-birinə güvənirlər. Əslində isə cəsarətsizdirlər. Qəhrəmanlıqları yalnız yazdıqları, qurduqları, oynadıqları, tamaşalarda mümkündür. Həqiqəti yalnız teatr-kino əsərlərində bağıra bilərlər. Özü də "straxovka" üçün, ikibaşlı. Bu adamlar dostlarını son mənzilə yola salmağa gəlməyən etibarda, xarici ölkədə oturub burada tamaşalara münsiflik etmək "bacarığında" olan korifeylərdir. "Saxta imzalara" qədər heç kəsə bir kəlmə belə hörmətsizlik eləməmişdim. Hansı ki, bəziləri öz sahiblərinə belə aid olmayan imzaların, o mövzulu məktubun altında olması nə hüquqi, nə mənəvi, nə məntiqi qaydalara sığmır.
Məktubda heç bir titulu mənim gözümə soxmağa gərək yoxdur. Deyəsən axı TXİ unudur ki, ölkədə 60 yaşdan gənc "sənətkar" medalına layiq gördükləri yeganə sənətçi İntiqam Soltandır. Əgər mənə verilən o "sənətçi" medalı saxtadırsa demək ki, onların (TXİ-nin - İ.S.) bütün işləri saxtadır. Saxta deyilsə, o zaman özlərinin ən yüksək sənətçi hesab etdikləri adam festivalın nəticələrinə öz etirazını bildirir. Və onu nəzərə almamağa mənəvi haqqları yoxdur.
[b]- Az əvvəl dediniz ki, ilk baxışda heç nə dəyişməyəcək. Bəs sonra? Nəsə dəyişəcıkmi?
- Sonra isə onların "müqəddəslikləri", "toxunulmazlıqları" çilik-çilik olaraq ayaqlar altına səpələnəcək. Azından bu müsahibələrdəki fikirləri oxuyan onların öz tələbələri, sabahın sənətçiləri onları bütləşdirə bilməyəcəklər. Mənə gələn zənglər, mesajlar çox "sözlər" deyir. Bir haşiyə çıxım. Gələcəkdə bu müsahibələrdən ibarət bir broşur da çap etdirəcəm. "TXİ-nin tarixi" səhifələrində yerləşdirəcəm ki, lazım gələrsə gələcəkdə yazılacaq TXİ haqqında olan elmi işlərdə istifadə olunsun. Bax bu olacaq onların kollektiv işə qarşı etdikləri haqsızlıqlara görə "qazancları". Mən onlara dəfələrlə demişəm: Mənə arxalanan gənclərə edəcəyiniz haqsızlığın bədəlini ödəməli olacaqsınız. Mən onları müdafiəsiz qoymayacağam. Dövlət bu işi mənə həvalə edibsə, mən o işin öhdəsindən canım, qanım bahasına da olsa gələcəm. Yenə deyirəm görünür ki, onlar məni yaxşı tanımırlar. Yolunuz düşəndə koridorda baxın, görün bizim kollektivin bir dənə işini əks etdirən fotoşəkil görə biləcəksinizmi? Və yerində də sual verin. Bu neçə ildə Bakı Uşaq və Gənclər Teatrından daha fəal sizinlə əməkdaşlıq edən ikinci bir kollektiv olubmu?
- Sizin koridorda?
- (Gülür - Conflict.az) Bizim gorumuz var ki, kəfənimiz də olsun? Bizim yerimiz var ki, koridorumuz da ola. TXİ-nin rəhmətlik H. Əliyevin şəkilləri ilə bəzədilmiş koridorunda teatrlara aid guşəsindən söz açıram. O Heydər Əliyev ki, deyirdi: "Dövlət iki şeydən sarsıla bilər, cinayətkar cəzasız qalanda, bir də günahsıza cəza veriləndə!."
- İmzalar haqqında danışırdınız.
- Neçə yüz il əvvəl Qaliley "dünya fırlanır" deyəndə, dünyanın bütün "başbilənləri" "yox" deyib, onu diri-diri ocaqda yandırdılar. Amma bu nə dünyanın fırlanmasını dayandırmadı, nə də fırlanmaması demək deyildi. İndi beş nəfərin mənə kütləvi şəkildə ƏZƏLƏ NÜMAYİŞİnə bənzər imza nümayişi heç nəyi dəyişmir. İmza çox şeyi olsa da, hər şeyi həll etmir. Xüsusilə manatın miqdarına görə öz formasını dəyişən imzalar.
- Yəni?
- İmza hər kəsin namusu, vicdanı, ləyaqəti qarşısında verdiyi bir hesabatdır. Onu (imzanı - İ.S.) harda gəldi atmazlar. Mənim imzam (Söhbət İntiqam-Soltandan yox, hər hansı bir fərddən gedir - İ.S.) dünyada milyardlarla insanın arasında, mən olmadığım yerdə "məni" əvəz edən yeganə simvoldur. "İmzam olan yerdə mənim başım var" - deyərlər. Öz imzasına hörmət edən kəs onu hara gəldi "atmaz". Bir imzanın ki, dəyəri 300-500 manat oldu, o zaman o imza daş atılması mümkün olmayan bataqlığa bənzər. Hansı ki, daş atarsan, çirkab üstünə sıçrayar.
- Maraqlı yanaşmadır.
- Məktubdakı ikinci cümləyə diqqət etsəniz (doğrusu bilmirəm bu hansının fikridir. Çünki məktuba beş nəfər imza atıb İ.S.) görərsiniz ki, münsiflər heyətini "milli teatr prosesində fəal iştirak edən" şəxslər kimi təqdim edirlər. Diqqət edin, "milli teatrın inkişafı" ifadəsini işlətmirlər. Bilirsinizmi niyə? Çünki bu komandanın fəaliyyəti dövründə TXİ milli teatrımızı inkişafa meylləndirən bircə addım belə atmayıb. Və bunu təhtəlşüur olaraq özləri də etiraf edirlər. "Azərbaycan mədəniyyətində UZUN İLLİK müstəsna xidmətləri olan" ifadəsini anlamadığım üçün onu şərh etməkdən vaz keçirəm.
Diqqət edin. İkinci abzasın sonunda etiraf edirlər ki, "bizim tələb etdiyimiz kimi tamaşalar təkrar oynanılarsa" festivalın nəticələrinə təsir edəcəkdir. Haqsızlıqlarını bilirlər. Sonuncu abzasa gəldikdə isə diqqətinizə bir şeyi çatdırmaq istəyirəm. Ümumiyyətlə dünyada hər hansı bir layihə həyata keçirilirsə, ilk növbədə o layihənin uğuru həmin LAYİHƏNİN DAVAMLILIĞI ilə ölçülür. Münsiflər heyəti ilk növbədə həm də ona diqqət yetirməli idi ki, festivala təqdim olunan hansı tamaşa repertuarda qalacaq və tamaşaçılara zaman-zaman təqdim olunacaq. İstəsəniz ilin sonunda belə bir araşdırma apara bilərsiniz. Və o zaman görəcəksiniz ki, bu dörd tamaşadan hansı tamaşaçı qarşısına çıxarılacaq. Yeri gəlmişkən deyim ki, bizim "Cənnətə bilet" tamaşası artıq ona çəkilən xərci çıxarıb. Buradan münsiflər heyətinin diqqətinə çatdırmaq istəyirəm ki, Bakı Uşaq və Gənclər Teatrı məlum tamaşanı hazırlayarkən hətta bu "layihənin davamlılığını" da nəzərə almışdı. Bu isə bəlkə də Sizlərdən bəzilərinin heç ağlına da gəlməmişdi. Çünki (hamınıza aid olmasa da - İ.S.) bəzilərinizin "layihənin davamlılığı" siyasətindən xəbəri yoxdur. Əvəzinizə imzanızın kim tərəfindən çəkildiyindən xəbərinizin olmadığı kimi.
- Məktuba cavab vermisiniz.
- Bəli. Bircə cümlə ilə. Yazdım ki, "Bizim qaldırdığımız məsələ vicdan məsələsidir."
- Planlarınız?
- Ölkə üzrə yeni, "uşaq tamaşaları" festivalına start verdik. İndi kollektivdə buna hazırlıq işləri gedir. Yəqin ki, milli teatr günü ərəfəsində keçirəcəyik. Maraqlı təqdimat forması düşünmüşük. Bununla bağlı Mədəniyyət Nazirliyində və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət hazırlayırıq. Düşünürəm ki, Teatr Xadimləri İttifaqının fəaliyyətsizliyini öz işimizin fonunda daha aydın göstərə bilərik. Yaxşı olar ki, gəlsinlər əl-ələ verək və ölkədə məhvə sürüklənən peşəkar teatrın qeydinə qalaq. Peşəkar teatrı həvəskar teatrın ayaqları altına sərənləri peşəkarlığa dəvət edək!
- Əlavə sözünüz varmı?
- Var!
- Buyurun!
- Mən Teatr Xadimləri İttifaqını dəvət edirəm!
- Bilmək olar hara?
- Özünün yüksək mədəniyyəti ilə hər zaman gənclərə nümunə olmuş, hal hazırda uzun zamandır xəstəlikdən əziyyət çəkən sevimli sənətkarımız Novruz Qartalla maraqlansınlar. Heç olmazsa insanlıq xatirinə. Dünən özündən soruşdum, dedi, maraqlanan olmayıb.
© 2020 - Created by İLK XEBER.