SOVETSKİDƏ GÖMÜLƏN XATİRƏLƏR (hekayə)

Zahir Məlikli

Müharibə yenicə bitsə də Bakıda soyuq küləklər əsməkdə davam edirdi. Bu təkcə rüzgarın küləkləri deyildi, insanlar müharibənin yaratdığı xofdan, aclıq və səfalətdən hələ çıxa bilməmişdilər. Sanki hər kəs özünə qapılmış, bundan sonra necə olacağının əzabı altında əzilirdilər. Bahaçılıq, talonla ərzaq verilişi əvvəlki kimi qalırdı. Çörək dükanları qarşısında əsasən uşaqlar və qocalar növbə çəkirdilər. Əli iş tutan kim varsa işləyir, ailəsini dolandırmağa çalışırdı. Sentyabrın əvvəlləri olsa da yağışlar başlamış, xəzri də küçələrdə nə varsa o tərəf-bu tərəfə dığırladırdı. Bax belə hüznlü və cansıxıcı günlərin birində, axşam üstü Sovetskidə kirayə qaldıqları evə dönən Zeynal qaşqabaqlı halda Növrəstəyə dedi:
─Sabah işdən çıxmaq üçün ərizəni yaz, raşotunu da al. Bürüsügün rayona gedirik.
Növrəstə çaşqın halda ərinə baxdı:
─Nə olub, kənddə bir hadisəmi olub?─deyə yoldaşının iş paltarlarını asılqanda yerbəyer edə -edə soruşdu.
─Kənddə vəziyyət pisdir, təsərrüfat dağılıb gedir, kişilər azlıq edir. Çoxu müharibədən qayıtmayıb, qayıdanlar da hamısı şil-çolaq qayıdıblar. Kömək etmək lazımdır.─deyə Zeynal elə girişdəki əlüzyuyanda küləyin üz-gözünə yamadığı toz-torpağı yuya-yuya cavab verdi.
Növrəstə bir anlıq fikrə getsə də cavab vermədi. O şəhər qızıydı, ərinin doğulub boya-başa çatdığı kəndlərində olmuşdu. Kənd həyatının necə çətin, məşəqqətli olduğunu bilirdi. Amma Zeynal qərar vermişdisə, deməli belə olmalıydı. Onsuz da onun uzaq bir rayondan gələn kəndçi bir oğlanla ailə qurmasının əleyhinə olan atası bu işə nə deyəcəkdi, o naməlum idi. Növrəstənin atası Balaxanı neftçilərinin ağsaqqalı, həm də kəndin sayılıb seçilən kişilərindən biri idi. Koroğlu kimi burma bığları var idi. Amma onu tanıyanların hamısı bilirdi ki, o bu bığları Stalinə olan məhəbbətinə görə saxlayıb. Simaca da elə Stalinə oxşayırdı. Zeynal da şəhərə ilk dəfə gələndə Rüstəm kişi ilə tanış olmuş, onun yanında işləmiş, Rüstəm kişinin rəğbətini qazandığına görə onların evlərinə ayaq açmışdı. Sonra Rüstəm kişi üç qardaşın bir bacısı olan Növrəstəni də ona etibar edərək onları Sənaye Texnikumuna düzəltmişdi. Sovet- Alman müharibəsi başlayan kimi Zeynal da könüllü cəbhəyə getmiş, amma müharibə meydanlarına çatmamış təlimlərdə yaralandığına görə geri qaytarılmışdı. Ona görə Zeynal bir qıçını yüngülcə çəkirdi. Onun cəbhəyə gedib qayıtması bir il çəkdiyindən, Növrəstə məktəbi qurtarmışdı, zavodda işə düzəlmişdi. Zeynal da məktəbdə gecə şöbəsinə dəyişildi və Növrəstənin yanında işləməyə başladı. Bəzən qardaşları gələ bilməyəndə onu evə Zeynal aparırdı. Qızın ona meyli olduğunu bilsə də evlərində çörək kəsdiyindən və atasından ehtiyat etdiyindən Növrəstədən özünün də xoşuna gəlməsinə baxmayaraq bu hissləri özündən uzaqlaşdırmağa çalışırdı. Bir gün isə onun gözlədiyi şey baş verdi. Qaranlq bir yerdə qabaqda gedən Növrəstə birdən geri qayıdıb onu qucaqladı, ona sığındı və onun dolğun dodaqları astaca "Səni sevirəm" deyə pıçıldadı. Zeynal kiminsə onları görəcəyindən ehtiyat edərək onu kənara çəkdi, bir az özündən aralayaraq, onun çiyinlərindən yapışdı. Qaranlıqda sevgidən parlayan iki cüt göz bir-birinə bir müddət baxdı.
─Mən də səni sevirəm, amma Rüstəm əmi buna nə deyəcək?-deyə Zeynal dilləndi. Növrəstənin verdiyi cavab onu sarsıtdı:
─Atam yox deyəcək. Çünki çoxdan evimizə mənə görə get-gəl edən adamlar var. Axşam bilmişəm ki, hə cavabını verməsələr də atamın könlü var-deyə Növrəstə yenidən ona sığındı.─Mən o oğlanı istəmirəm, səni sevirəm, buna imkan vermə!-deyə Növrəstə hıçqırdı. Zeynal onu bərk-bərk geniş sinəsinə sıxdı.
─Narahat olma Növrəş, qoymaram!-Zeynal əminliklə dilləndi.
Axşam qız fikrini anasına bildirdi. "Biz Zeynalla bir-birimizi sevirik" dedi. Anası da yemədən-içmədən onun sözlərini işdən əsəbi şəkildə yorğun -arğın gələn ərinin ovcuna qoydu. Yenicə stola əyləşən Rüstəm kişi arvadının və Növrəstənin düşündüklərinin əksinə olaraq heç nə demədən bir müddət başını əllərinin içinə alaraq fikrə getdi və süfrəyə qoyulan yeməyə əl vürmadan durub evdən çıxdı.
Zeynalı elə dərsin ortasında bayıra çağırdılar. Sinif otağından çıxan kimi Rüstəm kişinin zəhmli gözləri ilə qarşılaşan Zeynal yerindəcə donub qaldı. Sonra özünü ələ alaraq Rüstəm kişiyə yaxınlaşıb salam verdi. Rüstəm kişi onun salamını almadı və dediyi sözlər Zeynalın başında bomba kimi partladı:
-Ədə, gədə, sən nə nənə-bacı əmcəyi kəsən adam imişsən, mən bircə qızımı sənə etibar eləmişdim,-sonra o nə dedisə artıq Zeynal eşitmirdi. Bir də ayılanda gördü ki, başını aşağı dikərək təkcə dayanıb.
Növrəstə bir də işə gəlmədi. Üstündən bir neçə gün keçmiş Zeynal ondan bir məktub aldı. Pis durumda olduğunu yazırdı və bir də evdən birdəfəlik çıxıb onunla getmək üçün görüşəcəkləri yeri göstərmişdi.
Onlar görüşərək tamam başqa ünvanda olan bir evdə kirayə yaşamağa başladılar və iş yerlərini də dəyişdilər. Ana ürəyi dözməmişdi, onları tapmışdı və Rüstəm kişini də ailədə razı salmışdılar. Həm də artıq Növrəstə ana olacaqdı. İndi də işlər yenicə qaydasına düşən vaxt Zeynalın bu qərarı Rüstəmi yenidən özündən çıxaracaq, aləm yenidən qarışacaqdı.
Onlar birlikdə Rüstəm kişigilə getdilər. Növrəstə dəqiq bilirdi ki, atası təkid eləsə Zeynal rayona getmək fikrindən əl çəkəcək. Ona görə hələ ümidliydi, yəqin ki, atası onun bu hamilə vaxtında, həm də üzü soyuğa gedən vaxt bu işə razı olmayacaqdı.
Rüstəm kişi bu dəfə onları qaş-qabaqlı qarşılamadı. Kefi kök idi, yüngülcə də kefli idi. Yemək süfrəsi yenicə yığışdırılsa da Növrəstənin anası Tamam xala süfrəyə qəşəng parçabozbaş gətirdi. Rüstəm kişi də şəstlə onlara yemək yemələrini israr elədi. Şəhərin o başına gedənəcən vaxt çox keçəcəyindən Zeynal şam yeməmişdi. Qızının gəldiyindən sevinən Tamam xala heç bilmirdi neynəsin. Kefinin kök olmasına baxmayaraq arvadının bu can-fəşanlığını Rüstəm kişi arada kinlə süzürdü. Yeməkdən sonra Zeynal qərarını açıqlayanda düşündüklərindən fərqli olaraq onun fikrini ən soyuqqanlı qarşılayan elə Rüstəm kişi oldu. Ümidlə gözaltı atasını süzən Növrəstə qulaqlarına inanmadı:
─Ağıllı fikirdir, düz edirsən, nə var şəhərdə, rayonlar xarabazara çevrilib. təsərrüfatlar çöküb, kənddə təsərrüfat dirçəlməsə aclıq bir az da dərinləşəcək. Kənd dirçəlməlidir ki, şəhər də yaşasın-deyə Rüstəm kişi bığlarını eşməyə başladı. Zeynal onun sözlərindən nə qədər sevindisə, Növrəstə ilə Tamam xala bir o qədər narahatlıqla bir-birinə qaş -göz etməyə və yerlərində narahatlıqla qurcalanmağa başladılar. Rüstəmin fikrinin acığından yox, həqiqətən ürəyindən gəldiyinə əmin olanda Tamam xala dözməyib dilləndi:
─Ay kişi, bəs bu Növrəstə bu halında kənddə nağayracaq?─deyən kimi, elə ani də cavabını aldı.
─Arvad, sən indi nə demək istəyirsən? Kişi harada, arvad da onun yanında. Bəs sevəndə xoş gün üçün sevirlər? Burda çəkdiyi zülmü getsin kəndində çəksin, onda həm özünə xeyir olacaq, həm də camaata. Mən də eşitmişəm, rayonlarda kişi xeylağı çatışmır. Gedən kimi savadlı adamdır, vəzifə verəcəklər, Zeynalı da tanıyıram, işliyən adamdır. Qoy gedib kömək eləsin camaatına, təsrrüfatı qaldırsınlar, sonra yenə istəsələr qayıdarlar.
Növrəstə ilə Zeynal bir gün sonra artıq Bakıdan çıxıb şimal -qərbə doğru yola düşmüşdülər.
Zeynalgil bacılarının vaxt-bevaxt gəlib təmizlədikləri, adam yaşamadığından soluxan kənddəki ən abad ata evlərinə yerləşdilər. İkimərtəbə, eyvanı böyük həyətə açılan ev meyvə ağacları ilə əhatə olunmuşdu. Şəhərdəki su körluğu da yox idi. Bacısı uşaqları evin arxasındakı boş qalan yerləri şumlayıb göy-göyərti əkmişdilər. Bağın budanmasından həyətdə xeyli odun tədarükü də var idi.
Bir neçə gündən sonra Zeynalı kolxoz sədri seçdilər. Kənddə demək olar ki, başbilən qalmamışdı. İşçi qüvvəsi az idi. Əsasən qadınlar işləyirdilər. Payızlıq əkin yarımçıq yerinə yetirilmişdi. Kolxozun fermasında tələfat var idi. Mal-qaranın sayı çox azalmışdı. Buna müharibə də öz təsirini göstərmişdi. Camaatı çətin vəziyyətdən qurtarmaq üçün vaxtaşırı kəsib pay-püşk eləmişdilər. Bir sözlə Zeynalın üzərində ağır bir məsuliyyət var idi. Ona görə gecə-gündüz işləyirdi, evə çox gec gəlirdi, bəzən yuxarı, dağlara-fermaya qalxanda heç gələ bilmirdi. Bu zaman qonşudakı Məlahət adlı gəlin gəlib Növrəstə ilə qalırdı. Əslində Növrəstə yeni mühitə hələ alışa bilməsə də sədrin tapşırığı ilə o daim diqqət mərkəzində idi. Şəhər qızı tam qayğı ilə əhatə olunmuşdu. O özü də xoş xasiyyət və səmimi olduğundan tez bir zamanda hörmət qazanmışdı. Zeynal çox keçmədən təsərrüfatdakı əyər-əskikləri yoluna qoya bildi. Payız əkiini tam yerinə yetirildi. Heyvanların qış tədarükü və saxlanma yerləri bərpa edildi. Təsərrüfata daxil edilən çay qırağındakı kiçik kəndin yaxınlığındakı qışlaqda sağın evi tikdirdi. Həmin kənddən yoldaşı müharibədə həlak olan Sona adlı əsgər ailəsini sağın briqadiri seçdi. Sona da sona idi ha. Gözəllər gözəli, baxışları can alan, sifəti yelləmə atdığı ağ kəlağayısından azca allanan yanaqları olmasa heç seçilməyən Sonanın elə bu zonada həm igid cüssəsi, həm mərifəti, həm də gözəl siması ilə ad çıxaran Fərhad adında həyat yoldaşı var idi. Allah qüdrətindən yaranan ən gözəl iki nəfər bir-birlərini tapmışdılar, bir-birlərinə də yaraşırdılar, bir yerdə addımlayanda kişili-qadınlı dayanıb onlara baxırdılar və bəh-bəh deyirdilər. Fərhad da elə Fərhad idi, külüngü versəydin doğrudan Bisutunu çapardı, çatma qaşlarının altındakı iri gözləri bir çox qızların ürəyinə dərd salsa da, o Sonanı tapmışdı və istəyən-istəməyən hamı elə fikirləşirdi ki, bunlar ilahi qüdrətdən elə bir-birləri üçün yaranmışdılar. Kəndin ən zarafatcıl kişisi Hacbaba dayı elə onların üzünə deyirdi ki, sizdən gör nə yarmaça-yarmaça uşaqlar dünyaya gələcək, həm gözəllikdə, həm də igidlikdə ad çıxaracaqlar. Di gəl ki, mənfur müharibə başladı və müharibəyə gedən Fərhaddan müharibənin qurtara-qurtarında qara kağız gəldi. Sonanın iç dünyası paramparça olsa da, bir qədər keçəndən sonra bunu daha hiss etdirmirdi. Danışığı, qəhqəhəsi elə həminki idi, bir az da ərköyün olmuşdu, geyinirdi-keçinirdi, kəndin bütün xeyir işlərinin yaraşığı idi. Amma kənddə hamı bilirdi ki, Sona gecələr yatmır, öz Fərhadının paltarlarına sığınaraq gecəni diri gözlü açır. Hətta o güləndə də elə bilirdilər ki, Sona əslində gülmür, içinə ağlayır və bu ağlamağının səsi gülmək kimi çıxır. Ona görə hələ ki, heç kim, hətta rayonda vəzifəli adamlar belə ona nəsə deməyə özlərində cəsarət tapmırdılar. Onun hekayəsini bilən Zeynal Sonanı sağın briqadiri həm də ona görə seçmişdi ki, vaxtı olmadığına görə az darıxsın, həm də çox qazansın. Qışlaqda şəxsən qış günləri gecə tez düşdüyündən Sona evə lap gec gedirdi. O çox əziyyət çəkməsin deyə Zeynal sağın evində əlavə bir otaq da tikdirmişdi ki, buna dincəlmə otağı deyilirdi. Sona evə gec qalanda bəzən qardaşının kiçik oğlu ilə elə burada gecələyirdi.
Yaz gəldi, kənddə hamı çox işləsə də səfasını da görürdülər. Təzə sədr hamının ürəyincə idi. Rayon rəhbərliyi də cəsarətli addımları qarşısında ona heç nə deyə bilmirdi. Hamı bilirdi ki, sədr halal adamdır, xalqın malından bir tikə belə evinə aparmaz. Zeynal bütün enerjisini, canını bu yolda qoymuşdu. Artıq onların ay parçası kimi bir qızları da olmuşdu. Növrəstə yoldaşının gün-gündən artan hörmətinə görə nə qədr sevinirdisə, onu gec-gec görməyindən və sevimli həyat yoldaşının çəkdiyi əziyyətdən dolayı narahatçılıq keçirirdi. Və bir də sözbaz arvadlar arada ona Sonadan və sədrin ona çox hörmət etməsindən yeri gəldi-gəlmədi danışmaları da bəzi hisslər yaradırdı. Növrəstə bu xain hissləri nə qədər özündən qovmağa çalışsa da, bir də görürdü ki, iş gördüy yerdə məhz bu barədə düşünür.
Ferma yaylağa köçdüyündən Sona da ferma ilə getmişdi. Ferma qayıdanacan yaylaqda qalacaqdı. Növrəstənin qulağı səsdə idi. Görən yaylaqdan nə xəbərlər gələcəkdi? Zeynal yaylaqda da sağın evi tikidirmiş, sağın briqadirinə sağın evinin yanında alaçıq qurdurmuşdu. Süd planı gün-gündən artırdı. Oğurluq halları yoxa çıxmışdı. Kolxoz süd planına görə rayonda birinci yerdəydi. Ət tədarükünü Zeynal bilərəkdən azaltsa da bu öz effektini vermişdi, kolxozun damazdıq təsərrüfatından başqa kökəltmə təsərrüfatı yaranmışdı. Tədarükə yaşlı heyvanların əvəzinə cavan erkək heyvanlar verilirdi. Zeynal əsas diqqətini əkinçilkdən çox maldarlığa yönəltmişdi. Ona görə vaxtının çoxu yaylaqda fermanın yanında keçirdi. Sonanın da başı işə elə qarışmışdı ki, gecələr ağlamağına da vaxt qalmamışdı. Başını atan kimi daş kimi düşür , sübh tezdəndən durub fermanın işləri ilə məşğul olurdu. Sağınçılar sübh tezdən gəlirdilər ki, inəklər və camışlar sağılan kimi vaxtında örüşə aparılsın. Sona sağılan südü qəbul edir, sonra maşınlarda qaymağa çevrilmək üçün aqreqatlara göndərirdi, həftədə üç dəfə isə süd və qaymaq rayon mərkəzinə süd qəbulu məntəqəsinə göndərilirdi. Ayda iki dəfə Zeynal özü Sonanı mərkəzə "atçota" aparırdı. Bütün bunların "atçotunu" isə Növrəstənin "dostları" ona vaxtında çatdırırdılar. Zeynal evdə gecələmədiyi günlərdən sonra evə gələndə arvadı və uşağı ilə çox mehriban davranır, Növrəstəyə nəsə giley etmək üçün şərait yaranmırdı. Nə qədər çox yorulsa da Zeynal bunu evində hiss elətdirmir, Növrəstəni ilk aşiq-məşuq olduqlarından da çox sevməyə başlamışdı. O başa düşürdü ki, ailəsinə çox vaxt ayıra bilmir, Növrəstənin isə bunu susqunluqla qarşılaması və heç nə büruzə verməməsi onu sevindirirdi.
Yenidən payız gəldi. Növrəstə növbəti uşağına hamilə idi. Kolxozda işlər yenidən çoxalmışdı. Əkin başlamışdı.Bu ağır bir proses idi. Traktor yenicə çıxmışdı, bu ucqar dağ kəndinə hələ gəlib çıxmamışdı. Torpaq öküzlərlə şumlandığından bir xeyli kolxozçu fermadakı işindən ayrılıb kəndə qayıtmalı idi. Hər bir kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi. Ona görə əkin kompaniyası da uğurla yekunlaşdı. Havalar da elə bil əkinə bənd idi. Sonuncu yer əkiləndə qar yağmağa başladı. Bu əkin üçün çox əhəmiyyətli olsa da soyuqlar elə bu qar ilə düşdü. Ferma əvvəlki illərdən tez yaylaqdan enməli oldu. Növrəstənin qulağına daha tez-tez Zeynalın Sona ilə münasibətlərinə aid qara-qura şeylər gəlirdi. Zeynal işdən sonra daha çox vaxtını sağın evində keçirir, sağınçılar evlərinə gedəndən xeyli sonraya qədər orada qalır, Sona da demək olar ki, artıq çox vaxt sağın evinə bitişik, əslində elə ondan ötəri tikilmiş otaqda gecələyirdi. Son zamanlar səhər tezdən işə gələn sağınçılar Sonanın gözlərini şişmiş və qızarmış görürdülər. Bu onunla bağlı idi ki, Sona yenidən səhərə qədər gecəni ağlamaqla keçirirdi. Yaxın bir qohumunun qardaşı arvadı ilə ona evlənmək təklifi göndərməsi Sonaya bərk yer eləmişdi. Fərhadın belə tez yaddan çıxarılması onu uncitmişdi. Halbuki Fərhad həmin oğlana qardaş demişdi. Son günlər Sonanın yorğun olması, işdə əvvəlki şuxluğunun olmaması və sanki hər şeyə biganəliyi sözsüz ki, Zeynalın da diqqətindən qaçmamışdı. Ona görə işdən sonra bir xeyli onunla söhbət edir, hara fırladırdısa Sona göz yaşı töksə də ona sirr vermirdi. Zeynal da onun dağdan gətirdiyi otlardan dəmlədiyi çaydan içib, "Qardaşından heç nə gizləmə ha, dərdin var de, çarə qılaq" deməsinə Sona, "Heç nə yoxdur, Fərhad tez-tez yuxuma girir, yorulmusan hə, deyə məndən soruşur, kəndimizin abadlaşmasına çox sevinir, sonra da ayılıram, nə illaf edirəm daha yata bilmirəm" desə də Zeynal bunlardan da başqa nəsə olmasına əmin idi. Fikri Sonanın yanında qaldığından Zeynal da evə fikirli gəlir, narahat yatır, vaxtından da tezdən yuxudan durub evdən çıxırdı. Get -gedə qaradinməz olmağa başlamışdı. Növrəstənin suallarını qısa, konkret cavablandırırdı. Sonanın yanında çox olması barədə çatdırılan xəbərlər artıq Növrəstənin fikirlərini yenidən altüst etmişdi. Beyninə dolan qorxunc fikirlər onun içərisini də gəmirməkdə idi.
Qızları Lətifənin ad günündən 20 gün sonra oğlanları Cahangir dünyaya gəldi. Növrəstəyə elə gəlirdi ki, Zeynal oğlanlarına görə də heç sevinməmişdi.
Bir qış axşamüstüsü, Cahangir iki aylıq olanda aldığı xəbər Növrəstənin beynində hazırladığı fikirləri tam təsdiqlədi. Sağınçı qadınlardan Növrəstənin ələ aldığı Tamam arvadın dediyi hər bir söz onun başına sanki çəkic kimi dəyirdi. "Sənin sözünə görə sağından sonra qıraqda gizləndim. Zeynal Sona ilə çay içdilər, bir xeyli söhbət edəndən sonra sədr ayağa durdu, onu ötürməyə duran Sonanı sinəsinə sıxdı, başını tumarladı, sonra onlar pəncərədən qapıya tərəf çəkildiklərindən nə etdiklərini daha görmədim, amma onu bilirəm ki, sədr bundan da sonra bir az yubanıb qapıdan çıxdı."
Zeynal evə həmişəki kimi gec gəlib çıxdı. Həvəssiz yeməyini yedi. Növrəstə dözməyib soruşdu:
─Çox fikirlisən .
Zeynal başını ovuşdurdu:
─Hə, çox yorğunam.
─Sən elə həmişə yorğunsan, amma son vaxtlar səni çox fikirli görürəm, kimi düşünürsən?─deyə Növrəstə soruşanda, yenə Zeynal soyuqqanlıqla cavab verdi:
─Növrəş, düz deyirsən, əslində işlər pis getmir, amma rahat ola bilmirəm nəsə.
─Mən builirəm sən kimi düşünürsən─Növrəstənin dedikləri Zeynalı bir az ayıltsa da fikrinə özgə şey gəlmədi. Ona görə ona əvvəlki məhəbbətlə baxıb soruşdu:
─Kimi?
Növrəstənin:
─Sən Sonanı fikirləşirsən, fikrin─zikrin onun yanındadır-deməsindən sanki Zeynal diksindi, ona elə gəldi ki, Sonanın ona demək istəmədiyi dərdindən Növrəstənin xəbəri var, odur ki, tez soruşdu:
─Sonadan sən nəsə bilirsən?
Növrəstə Zeynalın həyəcanlanmasından oxunun hədəfə dəyməsini zənn etdi:
─Hər halda sən hər şeyi hamıdan yaxşı bilərsən, təsərrüfat yadından çıxıb, az qala gecəni də onun yanında yatıb qalmaq istəyirsən─deyə Növrəstənin eyhamla danışmasından Zeynal şübhələndi.
─Sən nə axmaq-axmaq şeylər danışırsan, nə demək istəyirsən? ─deyə səsini qaldırdı.Növrəstənin:
─Mən çox şeylər bilirəm, amma üstün vurmurdum. Amma son vaxtlar evindən də, iki balandan da soyumusan, Sona ağlını başından alıb─deməsi ilə Zeynalın "Kəss!" qışqrması bir oldu:
─Sən heç builirsən təmiz, namuslu bir əsgər ailəsi barədə nə danışırsan, heç utanırsan?-Zeynalın əsəbdən dil-dodağı əsməyə başladı, -sənin bu axmaq düşüncələrin camaatın dilinə düşsə, bilirsən nə ola bilər? -deyə dəli kimi evdə var-gəl etməyə başladı.
─Artıq camaatın dilinə düşüb, sədr, mənə də deyiblər- deyəndə, Zeynal ani atılıb onun cənəsini ağır barmaqlarının arasında sıxmağa başladı. Növrəstənin dodaqları qabağa uzandı. Zeynalın gözləri hədəqədən çıxmışdı, o qışqırırdı:
─Kim deyib, kim sənə nə deyib, de, kim, tez ol de.
─Mən heç nə bimirəm, buna sən şərait yaratmısan ki, kimsə, nəsə deyir.
Zeynal stula çökdü, başını əllərinin arasına aldı, deyinməyə başladı:
─Alçaqlığa bax, vicdansızlığa bax, bədbəxt bir adama yazıqları gəlmək əvəzinə gör nə düşünürlər.- Sonra üzünü Növrəstəyə tutdu-Sən yaxşı adamsansa boş-boş sözlərə qulaq asıb doğma ərinə qarşı içində şübhələr gəzdirmək əvəzinə Sonaya yaxınlaş, onun dərdini öyrənməyə çalış, ona kömək elə.
Növrəstənin qısa və kəskin:
─Onun dərdi sənsən-deyib qonşu otaqda ağlayan körpənin yanına keçməsi Zeynalı nə qədər məyus etsə də, həm də fikirləşməyə vadar etdi. Qərara aldı ki, sabah nəyin bahasına olur olsun Sonadan içində gizlətdiyi sirri öyrənəcək, bunu həm Növrəstəyə, həm də camaata açmaqla artıq söz-söhbətə son qoyacaq.
Sabah axşam qaranlıq düşəndə körpələri qonşu qadına tapşıran Növrəstə içərisinə qar dolmasın deyə öyrəşə bimədiyi uzun rezin çəkmələri ayağına geyərək, ona daim lazım olan şeyləri çatdıran yaşlı kişi ilə aşağı, sağın evinə tələsirdi. Onlar sağın evinə çatanda Növrəstənin hesabladığına uyğun olaraq sağınçılar çıxıb getmiş, sədrin atı isə busağaya bağlanmışdı. Dincəlmə otağının akoşkasından üz-üzə oturan sədr ilə Sona aydın seçilirdi.
Zeynal üzünü Sonaya tutub ürəyindəkiləri dedi:
─Sona, bilisən ki, sən mənə bacımdan da artıq əzizsən. Ancaq sənə xüsusi münasibət göstərməyim bəzi ağzıgöyçəklərin dəyirmanına su töküb. Axşam Növrəstə də bəzi eyhamlar vururdu. Biz bunun qarşısını vaxtında almasaq sonrası pis olacaq. İndi burada olmağımın və son vaxtlar buradan gec getməyimin səbəbi səni üzən sirri öyrənmək istəməyimdir. Gəl sən qardaşından heç nə gizləmə ki, mən də sözümü hamıya deyə bilim.
Zeynalın gözləmədiyi halda Sona hər şeyi açdı:
─Sədr, siz mənə bacı deyirsiniz, mən də sizi özümə dayaq, qardaş bilirəm. Siz olmasaydınız mənim bəlkə də ürəyim partlamışdı. Mən uşaq deyiləm, siz daim çalışdınız ki, Fərhadımın dərdi məni vərəm eləməsin. Amma, mən nə hayda, bunlar nə hayda, Fərhadın ən çox hörmət elədiyi xalam oğlu mənə elçi düşüb. Fərhadın yatağına görün kim girmək istəyir. Allah sizə ömür versin, əgər mən onun yatağına özgə birini salsam, qoy onun ruhu mənə lənət eləsin, onu ölən günə qədər gözləyəcəm, bilmək olmaz bəlkə elə sağdır. Mən elə bilirəm o gələcək.-Sona danışdıqca gözlərindən yaş sel kimi axırdı. Daş kimi möhkəm olan Zeynalın da gözləri dolmuşdu. Sonanın gözlərinin yaşı burnunun suyuna qarışmışdı. Ağ kələğayısının ucları da tam islanmışdı. Qızın sanki ürəyi yerindən çıxacaqdı. Zeynal dözə bilmədi, ayağa durub onun başını özünə sıxdı, kəlağayısının üstündən başını sığalladı. Onun:
─Qurbanın olum, sakit ol, özünü bu qədr məhv etrmə, mən səhər hər şeyi həll edərəm,-deməyi ilə qapının açılıb Növrəstəninn içəri girməyi bir oldu:
─Hə, qurbanı olursan, nəyi həll edəcəksən? Bəs deyirdin aramızda heç nə yoxdur, bu qucaqlaşma, sığallaşma bəs nədir? -deyə Növrəstə özündən çıxdı. O artıq özünü idarə edəcək şəkildə deyildi. Zeynal da, Sona da yerlərində donub qalmışdılar, Növrəstə danışdıqca bir az da dərinə gedib işləri daha da korlayırdı, qışqırır, ağzına gələni danışırdı. Zeynal və Sona sanki oğurluq edən bir şəxs kimi nə edəcəklərini bir anlıq itirmişdilər. Zeynal artıq bütün səddləri aşan Növrəstəyə bir şillə çəkdi:
─Özünə gəl, sən nə səfehləmisən, bu nə tərbiyəsizlikdir, bu gecə vaxtı burada nə gəzirsən?-deyə onun qolundan tutub çölə çıxardı. Bayırda sanki bir dəstə canavar gözləri parıldayırdı. Kənddən bir xeyli adam onlara baxırdı. Zeynal bunu görüb təəssüflə başını yırğaladı. Atını çəkib mindi, sonra əlini atıb Növrəstənin qolundan yapışdı, quş kimi onu qaldırıb qucağına qoydu. Sədrin atı sürətlə qaranlıqda gözdən itdi.
Evdə Zeynal nə qədr məsələyə aydınlıq gətirsə də hiss elədi ki, Növrəstə ona inanmır.
Səhər Sona işə gəlmədi, evlərinə qapanıb bayıra çıxmadı. Kənddə üzə vurmasalar da söz-söhbət getdikcə yayılmağa başladı. Nəhayət söhbət rayon partiya komitəsinə çatdı. Onun heç kəsə əyilmədiyindən xoşu gəlməyən icrakomun sədrinin əlinə yaxşı bəhanə düşmüsdü. O 1-ci katibin kabinetində fürsəti əldən vermədi:
-Cənab Fərəcov, siz axı evli adamsız, əsgər ailəsinə bu cür münasibət yarayarmı?
Zeynal onsuz da bilirdi danışdıqlarının onun üçün əhəmiyyəti olmayacaq, ona görə o da İcrrakomun sədrini sancdı:
─Sizin kənd soveti sədrlərinin çoxu ikiarvadlıdır, hamısının da ikinci arvadı əsgər ailəsidir, qoy mən də növbəti olum. Xahiş edirəm imkan verin, 1-ci katibə ikilikdə sözüm var.
Katib başının işarəsi ilə icrakomun sədrinin çıxmasını işarə elədi. O çıxandan sonra Zeynal bütün məsələni katibə danışdı. Katib Zeynala inanırdı, ağıllı adam idi.
─Sənə özüm kimi inanıram, amma artıq burada söhbət böyüyüb, kimin ağzını yumacaqsan, öz arvadın buna şərait yaradıb. Burada yalnız bir çıxış yolu var, Sona qızımız başqasına getsə söhbət də kəsilər -deyə katib sınayıcı nəzərlə Zeynala baxdı.
─Yoldaş katib, bəs mən onun söhbətini edirdim də. Mən dəqiq bilirəm ki, Sona heç kimlə evlənməyəcək. O Fərhadın yolunu gözləyir.-deyə Zeynal dilləndi.
─Halal olsun,-gözləri dolan katib dilləndi.-Bax buna deyərəm kişi qızı. Ged Zeynal, vəziyyət bir az qəlizdir, əvvəlki kimi sakit işləyə bilməyəcəksən, amaa arxandayam, narahat olma, görək necə olur, hər şeyin dərmanı zamandır, gərək zamandan istifadə edək.
Zeynal tamamilə pərt halda rayon mərkəzindən qayıtdı. Sonagilə gedib nə qədər təkid eləsə də o bir də işə qayıtmadı. Onun yerinə təyin etdiyi adam elə ilk gün oğurluq üstündə tutuldu. O da heç nədən çəkinmədən sədrin üzünə qayıdıb Sona ilə aşqa-lojka olub dövlət əmlakını dağıtmaqda onu ittiham edərək ağzına nə gəldisə ona dedi. Zeynal əsəbi şəkildə evə gəldi. Onun əynindən çıxardığı paltosunu almaq istəyən Növrəstəni itələdi:
─Bütün bunların səbəbkarı sən oldun, gördün neylədin?-deyəndə "Mən neyləmişəm, sən Sonanı yoldan çıxaranda bilməliydin bunun sonu necə olacağını" deyərək Növrəstənin də onun üzünə qayıtması onsuz da əsəbi olan Zeynalı özündən çıxardı. O qışqıra-qışqıra otaqda var gəl eləməyə başladı: "Sən nə qəvi düşmən imişsən, sən ilan imişsən, sən mənə arxa olmaqdan, dayaq olmaqdan kürəyimdən vurmaqda davam edirsən, uşaqlarını da götür rədd ol burdan, rədd ol, gözüm səni görməsin!" Növrəstə nəsə yenə ağır söz deyəndə Zeynal qundaqda olan körpəni götürüb qarın içinə atdı."Tez yığış rədd ol, özünü də lüt-üryan bayıra atmamış çıx rədd ol, belə düşmənlə yaşamaq olmaz!". Növrəstə bu cür gözləmirdi. O:"Gedərik, qoy sənin də yolun açıq olsun" deyərək tez körpəsini qarın içərisindən götürmək üçün ayaqyalın həyətə qaçdı.
Elə həmin gün Zeynal maşın təşkil edib uşaqlarını və Növrəstəni Bakıya yola saldı.
Haqqında çıxan söz-söhbətdən çox pis olan Sona evə qapandı, deyən-gülən, kəlağayısını yelləmə atıb kənddə şux gəzən, xüsusilə xeyir işlərin yaraşığı Sonanı bir də kəndin içində görən olmadı. Get-gedə inanmayanlar da bütün günahları Zeynalda görməyə başlayırdılar. Zeynal daim bu qınaq baxışları üzərində hiss edirdi. Ona görə nə əvvəlki Sonadan, nə də əvvəlki Zeynaldan əsər-əlamət qalmamışdı. Zeynal çox sərt və əsəbi olmuşdu. Və... bir gün gündüz günorta çağı sədr Sonanın qapısını döydü, içəri girdi, söhbətləri çox uzun çəkdi, ağzıgöyçəklərin diqqəti Sonanın qapısında idi. Onlar nə danışdılar, nə danışmadılar və qapını busanlar bir də gördülər sədr Sonanın əlindən tutub evinə apardı. Yenə pıçhapıç başladı."Fərhadçun göz yaşı tökən qız, bəs nə oldu?", "Nə tez sərəvanı yelə verdi?", "Elə iki gündən sonra qarnı da qalxar." və başqa sözlər ağızdan-ağıza gəzməyə başladı. Sədr kəndin ağsaqqallarını kabinetinə çağırdı, onlarla söhbəti qısa və konkret oldu: "Biz Sona ilə evlənmişik. Əvvəlki yoldaşımdan da boşanmışam. " Vəssalam. Danışılan kimi də olmadı, Sonanın qarnı heç vaxt qalxmadı. Nə əvvəlki şuxluğu bərpa oldu, nə də ki, əvvəlki şaqraq gülüşünü eşidən oldu. Gün-gündən solub qocalmağa başladı. Bir neçə ildən sonra əvvəlki Sonadan əsər əlamət qalmamışdı. Zeynal da sanki bir az da nəhəngləşmiş, sərt və qaba olmuşdu. Artıq kənd camaatı ilə onun arasında xətir-hörmətdən çox bir qorxu var idi. Təsərrüfat işlərində səhv edənlər bağışlanmırdı, kolxoz işləri sərt qayda -qanun çərçivəsində idarə olunurdu. O xeyir-şər məclislərinə gedəndə əvvəlki tək hamının sifəti açılmır, sədrin gəlişindən şad olmur, əksinə hamı özünü yığışdırırdı. Sona demək olar ki, heç xeyir-şərə də getmir, ancaq evdə olur və yalnız həyət-bacada görsənirdi. Axır vaxtlar da xəstə olmağa başlamışdı.
Növrəstə işə düzəlmişdi. Uşaqlar da artıq böyümüşdülər, məktəbə gedirdilər. Zeynal uşaqlarının bütün xərclərini vaxtı-vaxtında göndərirdi. Amma bir dəfə də olsun onları görməyə getməmişdi. Növrəstə bir dəfə rayona gedən tanış bir adama uşaqları qoşub atalarının yanına göndərmişdi və onlar qayıdandan sonra uşaqlardan aldığı xəbərlər onu düşünməyə vadar eləmişdi. Sona evdə Zeynala qardaş, Zeynal da ona bacı deyə müraciət edirmişlər. Uşaqlar orada olanda Sona xəstələnibmiş. Zeynal onun çarpayısının yanında oturub, "Bacı, belə etmə, nə olar, özünə bu qədər zülm etmə" deyərək ağlayırmış. Sonanın otağı da ayrı imiş. Sonra Növrəstə imkan düşən kimi uşaqları atalarının yanına göndərirdi və hər dəfə onlar qayıdıb gördüklərini danışdıqca, o etdiyi əməllərin nə qədər səhv olduğunu anlamağa başlamışdı. Əslində kənddə də hamı nələrin baş verdiyini başa düşmüş, şəxsən Sonaya etdikləri haqsızlığa görə peşiman olmuşdular. Bunun əvəzini çıxmaq üçün kəndin bütün qadınları onu yoxlamağa gedir, kefini açmağa çalışırdılar. Sona isə solmaqda davam edirdi.
Heç cür Zeynalı görüb ondan üzr istəyə bilməyən Növrəstə bir gün kəndə getməyə qərar verdi. Sona onu səmimi qarşılasa da, onun gəldiyindən xəbər tutan Zeynal evə gəlmədi. Növrəstə kor-peşiman geri qayıtdı.
Cahangirlə Lətifə orta məktəbi bitirdilər. Hər ikisi ali məktəbə daxil oldular. Lətifə elə tələbə vaxtı ailə həyatı qurdu. Toyuna atası gəlmədi. Bunu bildiyindən Lətifə nişanlısı ilə əvvəldən atasından xeyir-dua almağa kəndə getdi. Zeynal onların bütün ehtiyaclarını və qızının cehizinin pulunu Lətifəyə verdi.
Bir gün kəndə acı bir xəbər yayıldı. Sona qəfil dünyadan köçmüşdü. Kənd onun vəfat etməsindən çox, ona etdikləri haqsızlığa görə üzülürdü. Hamı özünü günahkar sayırdı. Çünki artıq hamının Sona ilə Zeynalın bacı-qardaş kimi yaşamasından məlumatları var idi. Onun dəfnindən bir müddət sonra məzarının baş daşında belə yazılmışdı: "Fərhadına sona qədər sadiq qalan Sonaya qardaşı Zeynaldan xatirə".
Zeynal həmin gündən tək yaşamağa başladı.
Cahangir ali məktəbi bitirdi, əsgəri xidmətini çəkdi, anasının Baksovetdə işdən aldığı bir otaqlı mənzildə birgə yaşamağın mümkün olmadığını görüb sevdiyi qızla toy etmədən evlənərək kirayədə yaşamağa başladı. Sonra atasının ona toyuna görə verdiyi pulla Sovetskidə ikimərtəbəli binanın ikinci mərtəbəsində ikiotaqlı mənzil alıb ora köçdülər. O neftdə, yoldaşı isə kondisionerlər zavodunda işləyirdi. Hər ikisinin ev növbəsi var idi. Növrəstə də xəstə idi. Axır vaxtlar boğazından yemək belə keçmirdi. Ölüm yatağına uzanan Növrəstə oğlunu yanına çağırdı: "Atan sənin sözündən çıxmaz, mən ölürəm, onu bir təhər gətir mənim yanıma, halallaşmaq istəyirəm". Cahangir kəndə getdi. Atası xeyli qocalmış, öz təkidi ilə sədrlikdən də çıxmışdı. Tək-tənha özünə qapılaraq az qala uçub dağılmaq üzrə olan evində yaşayırdı. Cahangir gəlməsinin səbəbini ona açıqladı. Atası:"Yaxşı sən ged, gələrəm" desə də Zeynal Bakıya getmədi. Növrəstə dəfn olunan günün səhəri Cahangir yoldaşına "Yığış, kəndə gedirik, həmişəlik" deyəndə Solmazın nitqi qurudu: "Sən nə danışırsan Cahangir, ev növbəmiz çatır, heç olmasa sən qabaqdasan, birini alaq, gedək də" desə də, Cahangir sözündən dönmədi: "Atam tək qalıb orada, qoca kişidir, onun qulluğunu tutmaq lazımdır, raşotunu al, iki günə gedirik!".
Cahangirlə Solmaz Zeynal ölən günə qədər onun qulluğunda durdular. Hamı təəccüb içində idi. Qundaq vaxtı qarın içinə atılan oğlan işini-gücünü atıb atasının qulluğunda durmaq üçün kəndə gəlmişdi. Şəhərdə böyüyən Cahangir üçün kənd həyatı ağır olsa da, o buna tez öyrəşdi. Həyəti-bacanı sahmana saldı, uçub -dağılan evi dirçəltdi. Solmaz da bir-neçə ildən sonra əsil kənd qadını olmuşdu. Zeynal kişi ölmədən iki nəvə də gördü. Nazim və Xatirə babaları ilə xoş günlər keçirirdilər.
...Sovetskidə söküntünün artıq dirəndiyi binanın ikinci mərtəbəsində xarabazara çevrilən Sovetskinin dağınıq daş kəsəyinə baxa-baxa bu hekayəni mənə danışan Nazimin yol çəkən gözlərini görməyə ehtiyac yox idi. O vaxtilə ayaq üstə olan binaların Bakının sinəsinə yayılan daş-kəsəklərinə kədərlə baxdıqca danışdıqlarının mənə necə təsir etməsindən çox həyatlarının necə də bu daşlarla həmahəng olması barədə düşünürdü.
─Hə, əmi, babam vəfat edəndən sonra atamla-anam da çox yaşamadılar. Nə mənim, nə də bacımın toyunu görmədilər. Mən institutu bitirən ili atam, ondan bir il sonra isə anam dünyalarını dəyişdilər. Onlardan mənə qalan yadigar isə yalnız bu ev idi, onu da bugün-sabah sökəcəklər. Olan -qalan xatirələr də həyatımız kimi darmadağın olacaq. İndi bildiniz mən niyə ata rayonumuzdan çox, yoldaşımın rayonuna getməyə üstünlük verirəm?
-Hə mən elə bilirdim sən Qaxlısan.-deyə güclə də olsa gülümsəməyə çalışıram.
-Oradakı evimiz, həyət-bacamız da durur, yaxşı da təmir elətdirmişəm. Sizi də aparacam ora, görəcəksiz, amma orada nəsə ağır bir aura var, elə bilirəm sizə haqlarında söhbət açdığım insanların narahat ruhlarının hamısı orada, o həyətdə dolaşırlar. İnanın tək heç vaxt gedə bilmirəm. Ayıb da olsa boynuma alıram ki, o həyət-bacada qorxuram belə.
Nazim danışdıqca mənim diqqətim çalovu düz bu evə tərəf yerə söykənmiş ekskvatorda idi. Sabah bu nəhəng texnika böyük xatirələrin yaşadığı bu evi də darmadağın edəcəkdi.
 
Dekabr 2021, Bakı
Bir 1 kişi, ağaç ve açık hava görseli olabilir