Rusiya və Britaniya Xəzər qazına görə “toqquşdu”

Bp “LUKoil”un “Şahdəniz”də payını artırmasını necə önlədi? 

Rusiyanın “LUKoil”şirkətinin “Şahdəniz” yatağında əsas pay sahibi olması niyyəti baş tutmayıb. Bu barədə “Kommersnt” nəşri yazıb. Nəşrin məlumatına görə, Bp Malayziyanın “Petronas” şirkətinin “LUKoil”ə satmağa vəd etdiyi 15,5%-in 1%-dən bir qədər çoxunu alıb. Bu isə o deməkdir ki, “LUKoil”un “Şahdəniz”dəki yekun payı 25%-dən çox olmayacaq. 

“Petronas” şirkətindən 1,16% alınan pay üçün Bp 168 milyon dollar ödəməli olacaq ki, tərəflər 2022-ci ilin yanvar ayının sonuna qədər sövdələşmə ilə bağlı qarşılıqlı öhdəlilikləri bitirəcəklər. Bu sövdələşmə nəticəsində isə layihənin operatoru olan Bp öz payını 29,99%-ə çatdıracaq.

Ekspertlər hesab edirlər ki, sövdələşmə BP-nin “Şahdəniz” konsorsiumunun idarəetmə orqanlarında nəzarəti itirməsinin qarşısını almaq məqsədi daşıyır.

“LUKoil” Malayziya şirkətinin payını təqribən 2,25 milyard dollara almaqla bağlı vədləşmişdi, amma bəzi yubanmalar səbəbindən göründüyü kimi, müqaviləni bağlaya bilmədi. Noyabrın sonunda “Petronas”ın rəhbəri Məhəmməd Taufikin verdiyi məlumata görə, “LUKoil” gələn ilin birinci rübündən gec olmayaraq şirkətin 25,5% payını satın almalı idi. Amma ləngimələr səbəbindən indi şirkətin yalnız 24,34% payına sahib olacaq. “LUKoil” bununla bağlı sövdələşmənin məbləğinə yenidən baxılıb-baxılmayacağını şərh etmir.

“Şahdəniz”in işlənməsi 1996-cı ildə başlayıb. Layihənin iştirakçıları 28,8% payla BP, “Petronas” (15,5%), SOCAR (16,7%), “LUKoil” və NICO (hər biri 10%) və TPAO (19%) olub. Daha sonra Azərbaycan Avropa üçün alternativ qaz tədarükü mənbəyi elan edildi və Aİ bu marşrutun imkanlarını artırmaq üçün fəal iş apardı. 2020-ci ildə layihə üzrə hasilat 18,1 milyard kubmetr qaz (artım 7,7%) və 3,6 milyon ton kondensat (artım 2,8%) təşkil edib. 2022-ci ildə 22,8 milyard kubmetrə çatacağı gözlənilir ki, bu da 2021-ci il üçün proqnozdan 7% çoxdur.

““Bp-nin “LUKoil”un payının 25%-dən yuxarı olmasına imkan verməmək qərarı, görünür, layihə üzərində nəzarəti saxlamaq zərurəti ilə bağlıdır” deyə, “Kommersnt” yazır.  Baxmayaraq ki, Bp istənilən halda əsas operator səlahiyyətin özündə saxlayacaqdı. Ancaq konsorsiumunun Direktorlar Şurası səhmlərə mütənasib formalışır. İllik investisiyaların səviyyəsi, mənfəətin bölüşdürülməsi və s. mühüm qərarları Direktorlar Şurası qəbul edir. “Ola bilsin ki, “LUKoil” 25%-lik səhm həddini keçərdisə, idarəetmə orqanlarında Bp-ni təmin etməyən dəyişiklik olmalı idi”, - deyə, nəşr ekspertə istinadən yazır. Ekspertlərin rəyinə görə, “LUKoil” “Şahdəniz”in digər səhmdarları ilə hər hansı münaqişədə maraqlı ola biləcəyi inandırıcı deyil. 

“Fitch”in eksperti Dmitri Marinçenko deyib ki, Britaniya şirkəti onsuz da layihənin operatoru olaraq qalacaqdı, heç kim, o cümlədən “LUKoil” bu rolu öz üzərinə götürmək niyyəti olmayıb. “Çətin ki, Rusiya şirkətinin alacağı payın bir qədər azalması onu əvvəlcə ümid etdiyi bəzi imkanlardan məhrum etsin” deyə, ekspert bildirib. Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz” yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixra edən ölkə kimi tanıdıb.

Orxan ƏLİYEV, 
Musavat.com