ƏLİYEVİN, YOXSA PAŞİNYANIN YANINDA?

Elxan Şükürlü
 
Ermənistanda KTMT-dən və Avrasiya İttifaqından çıxmaq çağırışlarının yenidən gücləndiyi, Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dönəmdə Azərbaycandan da Rusiyaya qarşı cəbhə açmaq, anti-rus isterikasını körükləmək heç də ağıllılıq və ya vətənpərvərlik əlaməti deyil.
Əksinə, aşkar görünür ki, Paşinyan hakimiyyətinin varlığına Ermənistandakı son qalası kimi baxan Qərb, Azərbaycanda illər uzunu yedirib-bəslədiyi şəbəkəsini də çox aktiv şəkildə hərəkətə gətirməklə, emosional millətçi-vətənpərvər kəsimin Rusiyaya qarşı ənənəvi mənfi münasibətini qızışdırmağa, münasibətləri qəsdən gərginləşdirməyə və beləliklə də, Rusiyanın Azərbaycan vasitəsiylə Paşinyan hakimiyyətinə növbəti təzyiq dalğasını neytrallaşdırmağa çalışır.
Baxın, indi Paşinyana ən böyük ictimai dəstəyi və rəğbəti Azərbaycandakı Qərb şəbəkəsi ifadə edir: Demokratiya Sammiti və sülh danışıqları öncəsi Paşinyandan “böyük demokrat” və “Rusiyaya qarşı dirəniş göstərən qəhrəman”, Əliyevdən isə “Putinə xidmət edən avtoritar lider” obrazı yaratmağa çalışaraq, Qərbin qarşıdakı dönəmdə Azərbaycan hakimiyyətini sıxışdırması və əlinin zəiflədilməsi üçün bütün variantlara əl atır, təkzibedilməz “dəlil-sübutlar” hazırlayırlar...
Təəssüf ki, hakimiyyətin korrupsioner və ədalətsiz mahiyyəti, bərbad imici bu şəbəkəyə ictimai rəyi çox asanlıqla öz xeyrinə dəyişməkdə, düşünmə hissindən məhrum kütləni populist çağırışlarına və ssenarilərinə inandırmaqda az rol oynamır...
Adamların bir çoxu hələ də anlamaq istəmir ki, son 30 ildə ilk dəfədir, Rusiya ilə Azərbaycan arasında maraqların üst-üstə düşməsi sarıdan bu qədər yaxınlıq müşahidə edilir. Və məhz bu üst-üstə düşən maraqlar səbəbindən 44 günlük Qarabağ savaşında Rusiya nəinki öz hərbi müttəfiqi Ermənistanın arxasından çəkildi, ta Şuşa işğaldan azad edilənədək prosesə müdaxilə etmədi, hətta hərbi əməliyyatların gedişi dövründə prezident Putin səviyyəsində “Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparır” bəyanatını səsləndirməklə tarixi müttəfiqindən aşkar dəstək gözləyən Ermənistana çox ciddi psixoloji zərbə vurmuş oldu...
İndi sülh danışıqlarının da ən kritik, həlledici mərhələsi başlayıb, “Qarabağ ittifaqı” - Rusiya-Türkiyə-Azərbaycan üçlüsü bu prosesi tezliklə sülh sazişiylə yekunlaşdırmağa çalışır. Yenə də Rusiya və Türkiyə Azərbaycanla, Qərb isə Ermənistanla bir hərəkət edir. Daha konkret desək, bu danışıqlarda Azərbaycanın uğurunu istəyənlər Əliyevlə birgədirlər, Ermənistanın uğurunu istəyənlər isə Paşinyanın yanında...
“Demokrat Paşinyan”ı müdafiə etmək, "avtoritar Əliyev"ə qarşı çıxmaq adı altında erməni dəyirmanına su tökənlərdən olmayın! İnanın, bir gün bunun da hesabını verməli olacaqsınız!