Azərbaycan Texniki Universitetində (AzTU) Xalq yazıçısı Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Bu barədə İlkxeber.org-a AzTU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev görkəmli yazıçının zəngin yaradıcılığından söz açıb. Qeyd edib ki, tarixi romanlar müəllifi kimi tanınan Xalq yazıçısı Əzizə Cəfərzadə yaradıcılığının müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Onun ərsəyə gətirdiyi hər bir əsər vətənpərvərlik və qəhrəmanlıq duyğularının daşıyıcısı rolunu oynayıb. Həmin əsərlər bu gün də oxucuların mütaliə etdiyi ədəbiyyatlar sırasındadır.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir, Azərbaycan Radiosunun “Ədəbiyyat və incəsənət” redaksiyasının baş redaktoru Şəfəq Sultan Əlixanlı, Bakı Dövlət Universitetinin dosenti Kəmalə İslamzadə çıxış edərək yubiley tədbirini həm Əzizə Cəfərzadə timsalında yazıçılara ehtiramın təntənəsi, həm də azərbaycançılıq ideyalarının təbliği istiqamətində əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, Əzizə Cəfərzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirməyi bacarıb.
Tədbirdə tanınmış xanəndə Malik Həsənovun, Vətən müharibəsi qazisi, xanəndə Məbud Əhmədovun, Şirvan aşıq məktəbinin yetirməsi İsgəndər Əzizovun ifasında mahnılar səsləndirilib.
Daha sonra Əzizə Cəfərzadənin dəyərli fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.
Sonda görkəmli ədibin oğlu, Əzizə Cəfərzadə irsinin qorunub saxlanmsında böyük xidmətləri olan Turan İbrahimov yubiley tədbirinin təşkilinə görə AzTU-nun rəhbərliyinə təşəkkür edib.
© 2020 - Created by İLK XEBER.