PƏNCƏRƏ TAQQILTISI (Hekayə)

Hafiz Rüstəm

Tanrının əlindədir ancaq yoxdan var edə,
Bəndə nəkarədir ki,varı tarı-mar edə.
Xüsusilə lazımlı mövcud olanı yox etmək ağır cinayətə yol verməkdir.
Rəhmətlik atam deyərdi ki, labüd lazımlı varı yox edən, yoxdan var edənin (yəni Tanrının) əzəl-axır labüd qəhr-qəzəbindən, ədalət mühakiməsindən qurtula bilmir – bu günahkar bəndə əcəli çatanda dözülməz ağrılardan yerində qıvrıla-qıvrıla, əcaib səslər çıxara-çıxara, bəzən köpüklü qan qusa-qusa, “kəlmeyi-şəhadət”ə dili dönmədən, əzab və işgəncənin insan ağlına sığmayan formalarında canını tapşırır, hətta onu üzüqibləyə qoyub rahat ölməsinə şərait yaradanda da yenə müdhiş əzab-əziyyətlə ölür, daha doğrusu, ziyankar bəd it kimi ulaya-ulaya gəbərir.Bu dəhşətli aqibəti heç düşmənimə də rəva görməzdim.
Halbuki, əməlisaleh insan əksinə, son anda sanki təzə-tər qızılgül ətrini iyləyə-iyləyə, ruhu cənnət bağına uçan quş kimi bədən qəfəsini tərk edir, dünyasını sevinclə dəyişir. Xoşbəxt ölür. Füzuli demişkən bu möhnət yurdundan azad olub ərşin uçan bülbülünə çevrilir:
Bülbüli-ərşəm, Füzuli, mənzilim gülzari-qüds,
Mən bu möhnət yurduna biixtiyar düşmüşəm.
Ancaq təəssüf ki, bu iki əks aqibətdən birincisini nəzərə almayan bəzi tamahkar vəzifə sahibləri hətta lazımlı, strateji iş yerlərini, ictimai obyektləri daha da böyüdüb inkişaf etdirmək əvəzinə, onları nəyin bahasına olursa-olsun, şəxsi, özəl, daha dəqiq desək, murdar nəfslərinin qurbanına çevirirlər.
Uzun illər ibtidai, orta, peşə və ali məktəblər üçün saysız-hesabsız dərslik, dərs vəsaitləri, ümumiyyətlə, pedaqoji ədəbiyyatların nəşri üzrə liderlik edən Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif” 2004-cü ilin Novruz bayramının ertəsi günü – martın 23-də məhv edildi: 1959-cu ildən Azərbaycan SSRNazirlər Sovetinin sərəncamı ilə yaradılıb fəaliyyət göstərən bu idarənin yerləşdiyi beşmərtəbəli bina özəlləşdirildi, hər tədris ilində ənənəvi olaraq nəşri nəzərdə tutulan( neçə-neçə milyon tirajlarla) pedaqoji ədəbiyyatların nəşr hüququ əlindən alındı, təcrübəli, peşəkar işçilər zorla küçələrə atıldı.
Bəsirətli oxucu süjetini burada vaxtilə həqiqətən də real başıma gələn hadisədən götürdüyüm məhz aşağıdakı bu hekayədə həmin idarənin bir zamanlar çox tanış və doğma olan binasını da, o binada 80-ci illərin bir iş günü ərzində cərəyan edən hadisəni də, o hadisənin iştirakçısı olmuş işçilərimizin müəyyən obrazlarını da görə biləcək. Əslində “Маариф”ин gələcək süqutu onun hekayədə qabardılan boğucu ab-havası və çatışmayan normal yaradıcı mühitindən, orada hökm sürən mənəvi-əxlaqi deformasiyalardan və bu deformasiyalara qarşı təkbaşına mübarizə aparmağın mümkünsüz olmasından irəlicədən aydın görünür.
Yeni müstəqillik dövrümüzün kontrastına bax ki, keçmiş sovet məkanında vaxtilə əməkdaşlıq etdiyimiz demək olar ki, eyni işləri görən, eyniprofilli, eyniadlı “Prosveşenie” nəşriyyatı hazırda da Rusiya kimi böyük bir ölkənin xüsusilə, dərsliklərə olan tələbatını ödəyən, yüksək gəlirli, inkişaf templi, geniş, zəngin kitab bazarına və maliyyə imkanlarına sahib olan ən qüdrətli, ən öncül, ən öncül olduğu qədər də ən müasir, lazımlı, iri nəşriyyat və poliqrafiya nəhənglərindən biri olaraq günü-gündən inkişaf edir.
***
Fazil işə gecikməkdə idi.
Yenə də vaxtında gəlməyən qəsəbə avtobusu onun qanını qaraltmışdı. Nəhayət, Sumqayıtdan gələn, oğurluq sərnişin yığan “alabaş”a (kiçik fəhlə avtobusu) basabasla minmişdi.
Qəsəbədə yaşasa da, iş yeri şəhərdə idi. Hər iş günün səhərisi yarım saatlıq məsafə qət etməli olurdu.
Hələ qəsəbədən çıxarkən hava da bozarmışdı. Abşerona məxsus həftələrlə əsən, toz-torpağı, zir-zibilləri qaldıraraq istədiyi səmtlərə çırpmaqdan bezməyən xəzri də təzə-təzə baş qaldırırdı.
Qışın oğlan çağı olsa da, qar yağacağı gözlənmirdi.
Avtobus hələ Biləcəri yoxuşunu qalxıb şəhərin ilk dayanacağına yaxınlaşarkən arxa qapı tərəfdə bir-birinə preslənmiş sərnişinlər arasında çox çətinliklə durduğu yerdə üst-başını qaydaya salmağa çalışdı: bayırda güclü küləyə görə üstü mavi butalı, naxışlı qalstukunu, boynuna doladığı uzun, qara şərfini illər köhnəsi olan, rəngi solmuş mavi plaşının altında yerbəyer etdi. Düşdüyü dayanacaqda plaşın düymələrini bağlayıb yaxalarını qaldırdı, əllərini onun nimdaş ciblərinə salaraq, soyuqdan büzüşə-büzüşə kənarlarında küləklərdən yırğalanan hündür, yaşıl zeytun ağaclarının boy-boya verdiyi şəhər küçəsinin astarı çıxmış kələkötür səkisi ilə yaxınlıqdakı iş yerinə tələsdi.
Tərslikdən iş portfelini də unudub evdə qoymuşdu.
Fazil gecikdiyinə görə özünə haqq qazandıra bilməyəcəkdi. Çünki nəşriyyata 4 – 5 ay bundan əvvəl təyin olunmuş direktor dəmir intizamı xoşlayırdı.
Keçmiş rəhbərliyin səhlənkarlığı və bəzi intriqantların əl-qol açmaları üzündən nəşriyyatın adı “qara siyahı”ya düşmüşdü. Bu idarəni neqativ ünsürlərdən, antipodlardan təmizləmək və onun əvvəlki şöhrətini geri qaytarmaq üçün təzə direktora geniş səlahiyyət verilmişdi. Yaş da qurunun oduna yana bilərdi.
Əslində çox da böyük olmayan bu idarədə “komendant saatı” elan edilmişdi.
İş günləri səhər saat 9-dan axşam saat 6-ya kimi idarə divarları arxasında keçirilməli idi. İşə bir dəqiqə gecikmək də, vaxtından bir dəqiqə tez, yaxud icazəsiz işdən getmək də qətiyyən olmazdı. Bu qaydaya itaət etməyən işçilərdən birinə - Texnika dərslikləri redaksiyasının redaktoru Sadiq Ağamalıya təzə direktor bu günlərdə öz xahişi ilə, naəlac işdən çıxması haqqında “ərizəsini” yazdırmışdı. Hərçənd Sadiq bəy yaradıcılıqla məşğul olduğundan bu idarədə tutduğu kiçik vəzifədən həqiqətən də öz xahişi ilə çıxıb getmişdi. Ancaq inanmayıb bundan “öz payını” götürənlər də tapılmışdı, necə deyərlər: “Qızım, sənə deyirəm, gəlinim, sən eşit!”.
Bu kənardangəlmə direktorun nəşriyyata ayaq basdığı ilk gündən son dərəcə quru, ciddi görkəmi, daim düyünlü, açılmayan qaş-qabağı, indiyə qədər heç kəslə yaxınlıq etməməsi bütün bunların əksinə, hal-əhval tutmağa, ağır zehni iş fasilələrində təzə çıxan məzəli lətifələri bir-birindən acgözlüklə eşidib qəşş edincəyə qədər gülməyə adət etmiş bəzi zarafatcılların da qəlbinə istər-istəməz öz ağır zəhmini əyləşdirmişdi.
Nəşriyyatın da daxili ab-havası bozarmışdı.
Öz stollarını itirməkdən qorxan redaksiya və şöbə müdirlərinin əksəriyyəti direktorun iradəsini robot kimi yerinə yetirərək işçilərinin üzrlü işə çıxmamaları, şəhər nəqliyyatının nasaz işləməsini və s. həqiqət və müəmmaları eşitmək belə istəmirdilər. Yüz səksən dərəcə bucaq altında dönən müdirə məsələnin belə deyil, elə olması barəsində narazılığını bildirəndə him-cimlə direktorun kabinetini göstərib işçisini başından edirdi: “Bu məsələ mənnik deyil, onnuqdu!”. Onnuğun, yəni direktorun qəbuluna girməyə cəsarət etmək istəyəndə onun təzə işə götürdüyü sütül yaşına görə çox bilən katibəsi də gözünü açıb-yumunca qırğı kimi şığıyıb adamın başının üstünü kəsdirirdi ki, “atam, anam, məndən inciməyin, icazəsiz olmaz, özü belə tapşırıb, adınızı qəbula yazdırın, növbəylə də tək-tək içəri keçin, yoxsa anamdan əmdiyim südü burnumdan tökdürər. O gün icazəsiz bu kabinetin bir-birinə bitişik bəri qapısından keçib içəri qapısını açanda Raci müəllimin üstünə elə qışqırdı ki, yazıq kişi qorxusundan iki qapının arasında çaş-baş qaldı, bilmədi özünü necə bayıra atsın, ayaqları ilişdi, üzü üstdə yerə yıxıldı, qollarından tutub qaldırdım, axsaya-axsaya eşitdiyimə görə düz poliklinikaya getdi. Görəsən, Raci müəllimin səhhəti necədir?” Bu zavallını eşidənlər çiyinlərini çəkib qalırdılar mat-məətəl. Bu vaxta qədər direktorun qapısı üzərində ancaq müəlliflər üçün qəbul günləri və saatları lövhəsi asılardı. İndən belə bu lövhəyə idarə işçiləri üçün də qızılı çap hərflərilə yazılmış, yeni, müəyyən qəbul günləri və saatları əlavə edilmişdi.
Fazil bu məzhəkəni “Rəisin kabineti” adlı şerində ironik, sərt çalarlarla, “Olmuş və olan kimi”(Aristotel) poetik təqlid – bir var konspriativ təfəkkür, təxəyyül və hafizə məhsulu,
bir var göründüyü kimi, olduğu kimi yaxından çəkilmiş fotosurət, fakt və hadisənin işçilər üçün vizual vahiməli görüntüsü kimi təsvir etmişdi:
Geniş, mebelli otaq,
Uzunburunlu stol,
düzüm-düzüm stullar.
Tül pərdələr dalından
havanı bir sərinkeş
mələk kimi sığallar.
Solda iri, polad seyf –
içində möhür, filan...
üstündə zağlı açar.
Yiyəsindən özgəyə
nə xoş sifət göstərər,
nə sirr verər, sirr açar.
Sağda kitab dolabı –
rəflərində kitablar
dirsəklənib divana.
Divan – bir divanxana,
üstündə əyləşəni
çəkəcəkdir divana.
Arxasında kepkalı
Leninin portreti.
Fəhlə ilə kəndlinin
Oraq-çəkic vəhdəti.
Parket döşəmə üstü
elə silinibdi ki,
güzgü kimi parıldar.
Hələlik bu güzgünün
üzərində nə tavan,
nə də ayaq tozu var.
Bu qəbul hoqqabazlığını görən Fazil kimi idarədə barmaqla göstərilən, sözün həqiqi mənasında qiymətli bir işçi guya yaranmış vəziyyətlə əlaqədar olaraq hələlik tətbiq olunması lazım olan bu yeni rəsmiyyətçilik üsullarına sakit, soyuqqanlılıqla baxa bilmirdi. Çünki insanı əyilməyə məcbur edən həyat, məişət, iş qayğılarından uşaqlıqdan əziz əmanət kimi təkcə özü üçün möcüzəylə qoruyub-saxladığı azad və saf təbiətində bədii-elmi fitrəti özünü göstərirdi. O, işlədiyi redaksiyaya gələn əlyazmalara yazdığı obyektiv rəyləri ilə xüsusilə fərqlənirdi və həmin rəylər əsasında da müvafiq əlyazmalar ya nəşriyyat templanına düşmək üçün vəsiqə alır, ya da müəlliflərin “xoruzunu qoltuğuna verib” geri göndərilirdi.
Təbii ki, öz ləyaqət və sanbalını yaxşı dərk edən bir abırlı peşəkar kimi söz götürməyi də heç xoşlamırdı. Yeri düşəndə bunu ətrafdakılar bilsin deyə “Mən heç atamdan da minnətli böyüməmişəm, başıqapazlı olmamışam!”. Çünki o, atasını erkən itirmişdi, yeniyetməliyindən müstəqil həyata qədəm qoymuşdu, müxtəlif işlərdə çalışmışdı, ailəsinə dayaq olmuşdu. O, kollektivin etiraf etdyi kimi inzibati cəhətdən əvəzolunmaz bir işçi olmasa da, ixtisas və peşəkarlıq cəhətdən əvəzolunmaz idi və bir azdan tabelin üstündən kölgəsi əskik olmayan Həmkarlar komitəsinin nümayəndəsi onu ikinci cəhətdən çox, birinci cəhətinə görə qınayacaqdı – adını da artıq işə gecikənlər siyahısına salıb direktorun hüzuri-şərifinə təhvil verdiyini ona dərin hüznlə bildirəcəkdi.
Fazil bu cür təlx ovqatla iş yerinin yerləşdiyi əzəmətli beşmərtəbəli binanın dəmir çərçivəli, qalın şüşəli küçə qapısının on-on beş addımlığına çatmamış hardasa pəncərə taqqıltısı eşitdi. Dayandı. Taqqıltı gələn səmtə qulaq verdi. Pəncərə şüşələri buradan çəpəki istiqamətdə qaldığından heç kəsi ayırd edə bilmədi. Ətrafına baxındı. Külək artıq şiddətlənmişdi, yerdən qalxan tozanaq üz-gözünə təpilirdi. Bu tozanaq burulğanlarına qərq olan idarənin binası qarşısından paralel istiqamətdə geniş küçə və o küçənin ortasından da tramvay xətti keçirdi. Mikrorayonun bu “xəlvət” guşəsində, idarənin yaxınlığında nəsə bir ins-cins gözə dəymirdi. Fərqinə varmayıb yenidən yoluna davam etmək istərkən, bu dəfə aydınca məhz onun ünvanına tuşlanan daha şiddətli pəncərə taqqıltısı küçə qapısının üstündəki pəncərədən gəlirdi. Oraya boylandı. Örtülü pəncərə şüşələri arxasından Dil və ədəbiyyat redaksiyasının təzə işçisi Ağabalanın “dirijorluq etdiyini” gördü. O, göz-qaş hərəkətlərilə şəhadət barmağını dirijor çubuğu kimi qaldırıb endirərək nəyisə başa salmaqdan ötrü özünü dəridən-qabıqdan çıxarırdı. Buna “lal dili” də demək olardı. Ancaq Fazil indi nə bir “musiqi dili”, nə də “lal dili”başa düşəcək halda deyildi. “Lənət kor şeytana! Düz yolunla getməyə də qoymurlar! Bu təzə işçi də haçan başa düşəcək ki, veteranla belə zarafat etmək olmaz! Bu idarə mənim ikinci doğma yuvamdır və hər yumurtadan çıxana icazə vermərəm ki, mənimlə göz-qaşla danışsın. Sözün var, açıq danış! Yoxsa ağzını mumla!” Bir də bu əl-qol hərəkətlərində hələ özünə də tam bəlli olmayan nəsə əxlaqa müğayir bir iyrənc şey vardı ki, stajlı bir işçinin ləyaqətini onsuz da təhqir edirdi. “Dayan bir! Sən hələ adamını yaxşı tanımırsan! Mənimlə necə danışmaq lazım olduğunu sənə anladaram!”
Fazil ikrahla əllini yelləyərək gözünü pəncərədən çəkib addımlarını irəli atanda idarədən çıxan təzə, zabitəli direktorun – Sarxan müəllimin səhər günəşinin şəfəqləri altında parıldayan daz başı qapının ağzında göründü. Nahaq yerə ona haçansa “hazır Kaltenbrunner” deməmişdi. Yeni vəzifənin təsirindən bir az da şaxlaşan qəddi-qaməti, sarışın çöhrəsi, sarı qaşları, kirpikləri arxasından işıldayan iti, saymazyana gözləri, sol yanağında çapıq yeri onu “Baharın on yeddinci anı”ndakı qəddar esesçiyə oxşadırdı. Təkcə qara mundiri çatışmırdı. Ancaq mundir əvəzinə qara qalstuklu ağ köynək üstündən qara kostyum geyinmişdi ki, bu da onu tabeliyində olan işçilərə heç də Kaltenbrunnerdən az qorxunc göstərmirdi.
Fazil bir anlıq nə irəliyə, nə də geriyə addım ata bildi. Gecikdiyinə görə və ilk gündən münasibətləri korlamamaq xatirinə hiss olunacaq pərtliklə “Kaltenbrunner”ə ilk salam verməyə məcbur oldu. O da elə buna bənd imiş kimi dərisinə sığmayan alman generalı kimi qaş-qabaqlı, xüsusi əda ilə dik tutduğu başını yavaşca tərpətməklə salamın cavabını verdi və xidməti maşınına doğru tələsdi.
Fazil isə qabağına uğursuz çıxmış direktorun qarasınca deyinə-deyinə idarənin düz ikinci mərtəbəsinə doğru yönəldi. “Xeyir ola? Bu keçəl Həmzə səhərin gözü açılmamış nə poza göstərir? Elə bil, anadangəlmə üzü turşuya qoyulub. Gəldiyi dünəndir, elə dünəndən də deyəsən, bizə borc verib ala bilmir. Yoxsa köhnə işçilərə yeni qayda-qanun öyrətmək niyyətinə düşüb? Onu başa salarıq ki, əvvəla, rəhbərlik edəcəyi kollektivin üzvləri hamısı ali təhsilli, savadlı , təcrübəli adamlardır, ikinci, bizim yaradıcı işçilərlə rəsmi dildə danışmaq özünü güdaza verməkdir. Lazım gəlsə onu da özündən əvvəlkilərin getdiyi yolla “gəldiyi tərəfə” göndərərik! Necə deyərlər, burda heç ala qarğa da bala çıxara bilməz”.
Fazil elə hissə qapılmışdı ki, təsəvvüründə bir-birini əvəz edən mübaliğələrə yol verib mövcud Mənindən xeyli kənara çıxaraq fantastik Məninə qovuşduğunu tamamilə unutmuşdu. Daha doğrusu, Fazilsiz, köhnə işçilərdən bir qrupu, yəni zahirən qaragüruhlar sabiq direktoru “gəldiyi tərəfə” yola salmışdılar. Görünür, bu onun həmin qrupa yenicə əmələ gəlməkdə olan hüsni-rəğbətindən irəli gəlirdi.
Fazilin sürətlə düşünən beyni daha dərinlərə baş vururdu. “Deyək ki, bu təzə işçi ( O, Ağabalanı nəzərdə tuturdu) təzə direktorun çaldığı havaya ustalıqla uyğunlaşaraq əl-qol ata-ata, göz-qaşla oynamağa pis başlamayıb. Əslində, bu adı bəlli “çırtmaçalma” havası bütün zamanlarda, bütün sinifli cəmiyyətlərdə çalınarkən məhz bəzi adamların sümüyünə düşmüşdür. “Südlə gələn sümüklə çıxar” deyiblər. Bu yüngül və cazibədar havanın bir mütləq adı var: ƏLAHƏZRƏT AMİRLİK! Lap elə bizim yeni cəmiyyət qurmaq istədiyimiz bu mərhələdə də ƏDALƏTLİ RƏHBƏRLİK təhrif olunub şüara çevriləndə onun yerini dərhal ƏLAHƏZRƏT AMİRLİK tutur. Odur ki, gərək vəzifə nərdivanının aşağı pilləsində olanlar yuxarıların xidməti vəzifələrindən sui-istifadə etmələrinə laqeyd qalmayıb öz demokratik hüquqlarının zərrəcə pozulmasına yol verməsinlər. Əks-təqdirdə qorxaqlıq, yaltaqlıq, ağciyərlik və mütilik kimi kölə xüsusiyyətlərinə az qala analarının bətnlərində yiyələnmiş Ağabalaların yetişməsinə əlverişli zəmin yarana bilər.
Fazil Azərbaycan dili və ədəbiyyatı redaksiyasının qapısını nə vaxt açdığını belə hiss etmədi. Otağın üzüküçəyə açılan sol pəncərəsi qarşısındakı stolun arxasında oturub hələlik səhər qəzetlərini nəzərdən keçirən Ağabalaya sarı döndü. Bu dəqiqə Fazilin hirsindən alacalanmış gözləri ondan başqa otaqda uzunburunlu stol kənarında başları bir-birilə qızğın söhbətə qarışmış nə redaksiya müdirini, nə də kiçik redaktoru görürdü.
O, mümkün qədər özünü ələ almağa çalışaraq kənardan bir stul çəkib təklif gözləmədən Ağabala ilə üzbəüzə oturdu. Onun həmkarlarının diqqətini özünə cəlb eləməməyə cəhd edib salam verməyi də yaddan çıxarmadı. Ancaq Ağabala Fazilin üzündən nəsə sezibmiş kimi hələ də ona təəccüblə baxmaqda davam edərək nəzakətlə salamının cavabını qaytardı.
Fazilin bu idarədə işə girdiyi gündən indiyə qədər başı daşdan-daşa dəymişdi. Təcrübədən bilirdi ki, indi müsahibi ilə qışqıra-qışqıra söhbətə başlasa, özünə məchul qalan nataraz suallara yenə də aydın bir cavab tapa bilməyəcək. Dava-dalaşla başlanan iş ən azından rəsmi töhmətlərlə nəticələnəcəkdi. Bundan heç kimə yox, daha çox özünə mənəvi ziyan dəyəcəkdi.
Ehtimal və zərurət qanunlarına görə bayaqdan bəri içindən qopan qıy-qışqırığı, hay-harayı zorla susdurub Ağabalanın göz bəbəklərinə düşən özünün xırdaca əkslərinə baxa-baxa soruşdu:
- Pəncərəni nə üçün taqqıldadırdın?
Ağabalanın təəccübdən gözləri bir az da böyüdü:
- Necə yəni nə üçün? Səni xəbərdar etmək üçün!
- Nədən?
- Nədən yox, kimdən? Mübarək üzünü gördüyün direktordan!
- Hardan bildin ki, onunla rastlaşacağam?
- Sənə hesabat verməyə borcluyammı?
- Yoldaşlıq borcu bəlkə bunu tələb edir?
- Bu, başqa məsələ -deyə Ağabala təfərrüata keçdi – Təsadüfən Bela (katibə) otağımıza təşrif gətirdi. Bilirsən də o, bir az o söz! Hamımıza elan elədi ki, kişini (yəni direktoru) elə indicə qabağımca Nazirliyə “kişdədim”, arxayın nəfəs ala bilərsiniz. Mən də o vaxt orada - əli ilə o biri pəncərəni göstərdi – o pəncərənin qabağında durub elə təzəcə arxayın nəfəs almağa başlayırdım ki, küçədə sənin işə gəldiyini gördüm. Əgər səhv eləmirəmsə, on beş dəqiqədən bir az artıq olardı ki, işə gecikmişdin, üstəlik Sarxan müəllimlə də qarşılaşacaqdın. İndi sənin bu qəribə suallarını mənə təşəkkürünün əvəzi hesab edimmi?
- Təşəkkür etməyə hələ vaxtımız olacaq. Fərz edək ki, Sarxan müəllim idarədən çıxıb Nazirliyə gedirdi. Mən isə piyada gəlirdim. Bilməmiş deyilsən ki, şəxsi maşınım olmasa da, mən həmişə işə gecikən də deyiləm. Baxmayaraq ki, bizim yaradıcı işin keyfiyyəti vaxt arşını ilə qətiyyən ölçülmür.. Şef də, yəni direktor da xidməti maşını sərəncamında olsa da belə, həmişə vaxtında işə gəlmir.
- О, rəhbərdir!
- Bəs mən nəçiyəm?
- Sən bir redaksiyanın işçisi – redaktoru! Əcəb məzəli sual verirsən, qaqaş. Bu ki aydındır! Kimi ələ salırsan? – deyə Ağabala istehza ilə qaşlarını sual işarəsi kimi çatdı.
- Bu sualı özünə versən yaxşı olar. Yaxşı, Sarxan müəllimin nəyi bizdən artıqdır?
- Səlahiyyəti! – bunu deyərkən Ağabalanı istər-istəməz qəribə bir maraq bürüdü. Qarşısındakı “çağrılmamış qonağ”ın sərsəm suallar verməsi bir yana dursun, hələ özü haqqında da yüksək fikirdə idi bu hərif! Bunun da deyəsən ağlı – o söz! Təzə işçi olsa da, yaxşı tanımadığı köhnə işçini öz yerində oturtmaq niyyətilə fürsəti əldən vermədi:
- O, bütün idarənin ağasıdır!
- Mən də öz işimin ağasıyam!
- Ğubalı balasından eşitmişəm: ”İki ğoçun başı bir ğazanda ğaynamaz!”
- Atalar demiş: “İki qoçun başı bir qazanda qaynamaz!” Atalar bunu da demiş: “Qoç döyüşünə qoç dözər!”. Hər kəs öz yaxşı işi ilə böyükdür! Özün bilməmiş deyilsən ki, burada işləyənlərin hamısı (hətta makinaçılar da!) ali təhsillidir, ancaq hamısına da ali təhsilli demək olmaz. Elə Sarxan müəllimi götürək. O, redaktor işləyə bilərmi?
Ağabala çaşıb qaldı. Çünki özü də redaktor işləyirdi. Fazil bir oxla iki hədəfi vurmuşdu, bu naqolay sualla özü də bilmədən onun da ən zəif, yaralı yerinə toxunmuşdu. İşlədiyi qısa müddətdə kitab redaktəsinin nə qədər çətin və məsuliyyətli olduğunu görmüşdü. Nəinki görmüşdü, hətta şiddətli töhmət də almışdı. Bunun belə bir tarixçəsi vardı.
Redaksiya müdiri ona "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti"nin tərtibçisi Əbülqasım Hüseynzadənin əlyazmasını redaktə etməyi tapşırmışdı. Köhnə, qalın qovluqlarda olan əlyazma irihəcmli olmaqla yanaşı, həm də üzərində müxtəlif rənglərdə, dəfələrlə gah mürəkkəblə, gah karandaşla düzəlişlər aparılmış, çirkli xətlə yazılmışdı. O, həm əsərin 90 yaşlı tərtibçisinin, həm də onun qarşılıqlı tərcüməsini hazırlamış BDU-nun hörmətli rektoru Bayram Tahirbəyovun yaxından iştirakı ilə əlyazma üzərində bir ay sərasər və gərgin işləmişdi. Qələmlə düzəlişlər etdiyi çirkli səhifələri təzədən makinada çap etdirmiş, sonra da bir əlində qayçı, digər əlində də yapışqan üzücü “kəs-yapışdır” əməliyyatını apararkən hansı bir redaktorunsa, daha doğrusu Hikmət Seyidovun düzüb-qoşduğu aşağıdakı məşhur beytin nə demək olduğunu öz üzərində hiss etmişdi:
Yıxmazdı məni bir dağ!
Yıxdı bu kəsib-yapışdırmaq!
Bu kəsib-yapışdırmaq onu da yıxmışdı!
Kitabın kütləvi tirajla çap olunub isti-isti satışa buraxılmasından heç bircə ay keçməmiş “Literaturnaya qazeta”da həmin kitab haqqında bir mənfi rəy dərc olunmuş və həmin rəyə görə də o vaxt direktoru müvəqqəti əvəz edən nəşriyyatın baş redaktoru Allahverdi Eminov ona şiddətli töhmət elan etməkdən başqa çıxış yolu tapmamışdı.
Redaksiya müdiri də, tərtibçi və tərcüməçi də buraxılan səhvlərə eyni dərəcədə məsuliyyət daşımalarına baxmayaraq sudan quru çıxmışdılar.
Həmin ədalətsiz cəzanın göynərtisi hələ də Ağabalanın canından çıxmamışdı. O, qəti yəqin etmişdi ki, redaktor müəllifin yaxın köməkçisi olsa da, həm də bir nəşriyyat redaktoru olaraq çapa imzaladığı kitabın (korrektorların da təkrar oxuyub düzəlişlərə nəzarət etmələrinə baxmayaraq) ideya-məzmununa, dil-üslubuna, orfoqrafik normasına, fikir təkrarlarına, plagiatlığına, hətta poliqrafik xətalarına görə başı ilə cavabdehdir. Buna görə də nəşriyyatın kitab təsərrüfatının əsas ağırlığının məhz redaktorların çiyinlərinə düşdüyünü inkar etmək olmazdı.
Doğrudan da, lap babat bir redaktor olmaq hər oğulun işi deyil. Heç özünün də gələcəkdə güclü bir redaktor olacağına indidən zəmanət verə bilməzdi.
Sarxan müəllim isə mətbəə direktoru olmuşdu. Guya yüksək göstəricilərinə görə sırf istehsalatdan sırf fərqli yaradıcı təşkilata rəhbər göndərilmişdi. Lakin irəli çəkildiyi sahənin xam, təcrübəsiz adamı olduğu göz qabağında idi. Qabil demişkən:
Duman dağı dolanar
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
O, nəşriyyatda heç bir korrektor da işləməmişdi ki, bu zehni fəaliyyətin spesifik xarakteri haqqında müəyyən təsəvvürü olsun.
Amma burada qarşısında oturub yerli-yersiz suallar verən Fazil müəllim – onun 35 yaşı olmasına baxmayaraq - bütün nəşriyyat işçiləri arasında səriştəli, peşəkar bir redaktor kimi tanınırdı. Bu, hər kəsə müyəssər olmayan şərəf işi idi! Bu danılmaz həqiqəti də nəzərə alıb Ağabala şəhər uşaqlarına məxsus inadkarlıqla miyanə cavab verməyi üstün tutdu:
- Nə bilim? Deyə bilmərəm, qədeş!
- Qədeş, mən fakta əsasən deyə bilərəm ki, o, redaktor işləyə bilməz, yəni məni əvəz etməyə hünəri çatmaz. Onda mənim necə - onu əvəz etməyə hünərim çatarmı? – deyə Fazil son sualına cavab almaq istədiyini bildirərək ayağa qalxdı. Ağabala da qeyri-ixtiyari olaraq lap həqiqətən direktor qarşısında dik ayağa qalxmağa adət edənlər kimi onun qarşısında ayağa qalxaraq farağat durdu.
Fazil ondan ucaboy idi, yaşına görə saçları erkən ağarmağa başlamışdı, nüfuzedici qara gözləri bir müttəhim kimi ondan obyektiv cavab gözləyirdi. Ancaq bir çatışmayan cəhəti vardı ki, rusca zəif bilirdi. Məgər əsasən milli dilin hökm sürdüyü bu idarədə blinqivizmin mətləbə dəxli vardımı? “Yox, adamın başı üstündə Allah var. Fazil işin içindədir, ictimai vəzifələrin öhdəsindən də ləyaqətlə gəlib. O, nəinki direktorluğa, ondan da böyük vəzifələrə layiqdir.”
- Hünərin çatar, beş də artıq, Fazil müəllim!
- Əgər mənim həm redaktor, həm də direktor işləməyə hünərim çatırsa, onda nə üçün bircə direktor işləməyə hünəri çatanın qarşısında qorxub dovşan kimi qaçmalıyam?
Artıq redaksiyanın qalan işçilərinin də diqqəti bu söhbətə cəlb olunmuşdu. Kiçik redaktor Nina Vasilyevna, özü demiş “Nina xanım” uzunburunlu stola yaxın küncdə yerləşmiş vəzifəsi kimi kiçik stolu arxasında öz işini yaxşı bilənlər sayağı müdirinin əli altında əmrə hazır elə bil, tikan üstdə oturmuşdu. Müdiri Yasəmən xanımın bütün buyruqlarını cani-dildən yerinə yetirməkdə əvəzsiz idi. O, uzun müddət arzusunda olub can atdığı redaksiyaya axır ki keçmişdi. Əsl dəftərxana adamı idi. Bütün günü əsasən stolunun üstünə tökdüyü kağız-kuğuzların içində eşələnərdi, redaksiyanın “divanxana” işlərini həm səylə, həm də səliqə-sahmanla görməkdən zövq alardı.
Mütənasib bədəninə uyğun, zərif, bəyaz çöhrəsinə yaraşan ala gözlərinin müsahibindən çəkinirmiş kimi qaramtıl qaşları altından bir yerdə qərar tutmayıb tez-tez ora-bura yayınması onu yaşına görə xeyli uşaq göstərirdi. Bu sadəlövh uşaq çöhrəsinin sahibəsi üstünə yönələn baxışlara davam gətirməyib küsəyən uşaq kimi başını aşağı sallayanda adamı istər-istəməz gülmək tutardı.
O, beynəlmiləl şəhərimiz Bakıda anadan olmuşdu. Milliyyətindən, dinindən asılı olmayaraq özünün yaşadığı respublikanın rəsmi dilinə, mədəniyyətinə, adət-ənənələrinə hörmət etməklə yanaşı, onları öyrənməyi, mənimsəməyi mənəvi borcu hesab etməsə də, yerli dildə danışanların tək-tük sözlərini fəhm edirdi.
İndi o öz bucağından həmin sadəlövh gözlərilə Fazillə Ağabalanın ucundan tutub ucuzluğa gedən hardasa əsəbi danışıqlarına çox maraqla tamaşa edib nəsə anlamağa çalışırdı. Həm də deyəsən, bu xoşagəlməz danışıqların uzanması redaksiyanın ümumi iş ahəngini pozur, hamının əhval-ruhiyyəsinə pis təsir göstərirdi.
Yasəmən xanım özünü eşitməzliyə vursa da, qulaqlarını şəkləmişdi. Fazilin şəxsiyyətinə və savadına yaxşı bələd idi.
Onun təzə yaradılmış Xarici dillər redaksiyasına müdir keçməyə yeganə namizəd olduğunu bilirdi. Ancaq korrektura şöbəsindən Zakir bu redaksiyaya müdir təsdiq edildi. O, heç korrektor işləməyə belə layiq deyildi. Əvvəla, tündməcaz idi, ikinci də öz kütlüyündən xəbəri olmayan saysız-hesabsız diplomlu “savadlı”larımızdan biri idi. Partbileti olduğuna görə küt bir korrektoru Fazil kimi illərlə redaksiyada bişib-bərkimiş bir redaktorun başı üstündən redaksiya müdiri təyin edilmişdi. Bu, kadrların seçilib irəli çəkilməsində aparılan doqmatik-bürokratik-nihilist siyasətin növbəti eybəcər təzahürlərindən biri idi.
Fazilin daxili iztirabları onun üz cizgilərində - qırmızımtıl alın qırışlarında, gözlərinin göyümtül alt yarımdairələrində, qanı çəkilmiş solğun dodaqlarında özünü aydınca büruzə verirdi.
Ağabala vəziyyətin bu cür tündləşəcəyini gözləmirdi. Yox, o, Fazilə qətiyyən pislik etmək niyyətində olmamışdı:
- Fazil müəllim, mən sizi qəti təhqir etmək fikrində olmamışam!
- Бу, mənə gün kimi aydındır!
Fazilin hələ hirsi azacıq da olsa, soyumamışdı. O, şəhadət barmağını söhbətə vurulan yekunun axırında hökmən qoyulmalı olan nida işarəsi kimi yuxarı qaldırıb Ağabalanın az qala başı üstündə yellədərək hamıya məlum bir həqiqəti dilinə gətirdi:
- Ancaq burası aydın deyil ki, Sarxan müəllimin həmin vəzifədə işləməyə nə dərəcədə haqqı çatır.
- Bax, bunu sən dedin, ha, kolleqa, mən demədim! –deyə Ağabala da şəhadət barmağını tərəzi gözündə çəkiyə qoyulan yükün ağır gəldiyini göstərən əqrəb kimi Fazilin çənəsi altında ehtiyatkarlıqla yellədi.
- Bəli, mən dedim! Axı sən niyə buna görə qorxuya düşürsən? Söz o deyil ara vura, söz odur ki, haqqa vara! İndi sən heç olmasa bir anlıq özünü mənim yerimdə təssəvvür elə! Zəhmət olmasa, ardımca gəl, - deyə Fazil Ağabalanı o biri pəncərənin qənşərinə çağırdı, o pəncərənin qənşərinə ki, təxminən yarım saat bundan əvvəl Ağabala oradan onu taqqıldadıb guya xeyirxahlıq göstərmək istəyərək, əvəzində bu boyda həngamənin yaranmasına səbəb olmuşdu.
- Burada vaxtını çox almayacağam.
Fazil özü də aşkar hiss edirdi ki, əndazədən xeyli kənara çıxmışdır.
Ağabala naəlac qalıb Fazilin ardınca pəncərəyə yaxınlaşdı. Oradan küçəyə ikilikdə baxmağa başladılar. Fazil hazırda tramvayın taqqatukla keçdiyi yolun bəri üzündə qalan idarənin binasının küçə həyətini və həmin həyətdə binanın giriş-çıxış qapısına on-on beş addım qalmış “hadisə yeri”ni göstərdi.
İdarə binasının uzununa – onun bünövrəsinə bitişik bir addım eni olan səki boyunca təkəm-seyrək şam ağacları ucalırdı ki, onların da əksəriyyəti bu torpağın təbiətinə xas olan sərt küləklərə davam gətirməyib kökləri dərinlərə işləməmiş sınıq-salxaq vəziyyətə düşmüşdü. Həmin şam ağacları düzbucaq şəkilli, qara boya ilə zövqsüz rənglənmiş alçaq dəmir çəpərlərə salınmışdı. Bu çəpərlər idarənin küçə qapısı bərabərində iki hissəyə bölünmüşdü. Məhz bu bölünən yerdən küçə qapısına enli yol gedirdi. Bu yolun on-on beş addımlığında küçə qapısına qovuşuq beş pilləli ağ mərmər artırmadan əlavə gözə çarpmalı heç nə yox idi.
Fazil soyumaq bilməyən eyni qızğın inadkarlıqla əslində onu xirdalamağa təhrik etmiş Ağabalanın “yaxşılıq” etmək istədiyindən doğan hərəkətinin məğzini tam çılpaqlığı ilə qarşıya qoydu və heysiyyətinə bərk toxunmuş bu nalayiq hərəkətin sahibindən təmiz və bütöv cavab istədi:
- Tutaq ki, sən pəncərəni taqqıldatdın, mən də gözlənilən təhlükəni hiss etdim, buna görə də sənə gec də olsa təşəkkürümü bildirdim. Bəs sonrası necə olsun? Səncə, mən Sarxan müəllimlə qarşılaşmayım deyə gizlənməyə özüm üçün siçan deşiyi satın almalıydım?
Fazil ona yenə təkidlə həyəti göstərib sağ əli ilə havada qövs cızdı:
- Özü də hamının gözləri qarşısında?!
Ağabala lənətə gəlmiş küçə tərəfdən olan idarənin həyətinə gözlərini döyə-döyə baxdı və indicə sanki günaha yol verdiyini hiss etdi: “Doğrudan da, ha! Bu meydança boyda həyətdə bu boyda adlı-sanlı redaktorun qaçıb-gizlənməsi üçün heç əməlli-başlı bir siçan deşiyi də yoxdur. O, gözlərilə məzə üçün həyətdə siçan deşiyi axtarmağa çalışdı, tapa bilmədi. Çünki özünün şənbə və istirahət günlərinə haram qataraq evdə aparıb-oxuduğu, bu gün də redaksiyaya gətirib təhvil verdiyi 10 çap vərəqi (160 səh.) həcmində mətbəədən təcili tələb olunan sifariş-korrekturalar gözlərini qabar edib-sulandırmışdı. İndicə hiss etməyə başladı ki, gözləri uzağı tor görür. Gözlərinə optik eynək sifariş verməyin vaxtı çoxdan çatmışdı. Onu da yəqin etdi ki, o boyda redaktor, direktorla qarşılaşmasın deyə qaça-qaça çəpəri aşıb seyrək şam ağaclarının arxasında “gizlən-qaç” oyunu oynamalıydımı? Bu yüngüllüyü görənlər onun barəsində nə düşünərdilər? Bununla o, hamının gözləri qarşısında nüfuzdan düşməzdimi?
Bir də axı Ağabala yaxşı niyyətlə onu xəbərdar etmişdi. Bu mənada o, nə qədər təhqiq etdisə, öz hərəkətlərində “cinayət tərkibi”, alçaldıcı motiv tapa bilmədi. O, dar macalda həmkarına yaxşılıq etmək istəmişdi. Bunu kim necə başa düşür qoy düşsün! Bu, hələ onun yaxşılığının əvəzidir ki, bir müttəhim kimi bayaqdan sorğu-suala da tutulur? Ona deyən gərəkdi ki, ay əbləh, yaxşılıq etməyə adam qəhətdi? Özü də bilmədən əsəbiləşib ağzından bu sözləri qaçırtdı:
- Əşi, mənə nəye? Öz işindi! Məndən xəbərdarlıq etməkdi, eləməmiş olum!
Fazili elə bil ildırım vurdu! Bu qəfil zərbədən səndələyib güclə özünü ayaq üstdə saxlaya bildi. Başından yüksəlib-qalxan tüstü-duman içindən naməlum bir sabaha doğru yenə də, qırılmaz, qurtarmaz bir qırmızı üfüqi yol keçirdi. O, düzxətli hərəkət etdiyi bu əzablı həyat yolunda əyintilərə heç yerdə, heç vaxt dözə bilməmişdi. Başqalarından da bu xətti-hərəkəti gözləmişdi. Ancaq əsasən gözlədiyinin əksi olmuşdu. Aldığı düzgün təlim-tərbiyəyə sədaqətdən doğan yüksək bir qayənin real həyatdan uzaq sevimli köləsi kimi yaşamaqdan əl çəkə bilməmişdi. “Zəmanə sənə bab olmasa, sən ol zəmanəyə bab!” prinsipi ilə tipik şəraitə uyğunlaşmağa çalışçsa da, ona bir faydası dəyməmişdi. Bunda da işə gecikdiyi kimi kecikmişdi! Məcazı mühafizəkar irfan əhli kimi haram şeyləri və hərəkətləri qəbul etməmişdi! O, büllur kimi saf, bütöv və kövrək yaranmışdı! Heç cür özünü dəyişdirib hər fəsildə bir dona girməzdi! Qarşısındakı cılız və sırtıq adam isə tipik şəraitin tipik övladı idi! Bu şərait adamlarının yaratdığı tutqun, boz rəngli fonda Fazil kimilər tənha, yad və köməksiz idilər.
Onun sanki qırx arşınlıq quyunun dibindən çıxan çılğın səsi bu boz fonu parçalayan qatı qırmızı boya kimi ətrafa sıçradı:
- Əgər sənə dəxli yoxdusa, xəbərdarlıq da etməyəydin! Mən də səni xəbərdar edirəm: bu yaxşılığın özünə qalsın! Bu yaxşılıq deyil, pislikdir, cinayətkarı cəzasız qalan cinayətdir!
Fazil bir anda tanınmaz dərəcədə dəyişərək, rəngi-ruhu qaçmış yenilməz qəzəb və intiqam bahadırına çevrilmişdi. İçindən kükrəyib-püskürən üsyankar etiraz səsi sanki qazılmış təzə neft quyusundan ilk dəfə çıxan güclü, bulanıq neft fəvvarəsi kimi qarşısındakı bütün maneələri dəf edərək özünə sərbəst və rahat yol açırdı. Bu təbii hayqırışın, bu fışqıran fəvvarənin qarşısını hələlik heç bir qüvvə ala bilməzdi!
- Sən məni nə hesab edirsən?! Özün kimi cılız bir insan fiqurumu?! Gildən, palçıqdan yapılmış cansız bir heykəlmi?! Ya da oynanılıb-atılmalı bir uşaq oyuncağımı?! Cılız insan fiquru da, cansız heykəl də, uşaq oyuncağı da özünsən! Sənin kimilərdir! Mənim kimliyim burada hamıya bəlli olduğu kimi bütün dünyaya da bəllidir: mən tamhüquqlu vətəndaşam! Mən yer üzünün əşrəfi İNSANAM! Anam məni mərd və cəsur dünyaya gətirib! Lazım gəlsə, ölümə də mərdanə gedəcəyəm! Mən kol-kosda gizlənən ağciyərlərdən deyiləm! Mən heç kəsdən əskik oğul deyiləm! Heç bir kəsin də məni alçaltmağına yol vermərəm!
Fazil ağzını açıb, gözlərini döyə-döyə ona tamaşa edən Ağabalanın simasında plan-göstəricilərə əsaslanan mövcud köhnəlmiş əmək qanunvericiliyini ittiham edirdi:
- Çünki bura fabrik, zavod, maddi istehsalat sahəsi deyil, intellektual yaradıcılıq meydanıdır! Bu meydanda hünər standart iş vaxtı və fiziki meyarlarla ölçülmür, azadlığı zərurət kimi dərk edən zehni fəaliyyətlə ölçülür! Bu dəyəri adi gözlərlə görünməyən zehni fəaliyyət, əqli istehsal sahəsinə adicə bir məqalə yazmaq qabiliyyətinə malik olmayan sənin şefin kimi kolxoz sədri deyil, yaradıcı-istehsalatçı bir nəfər rəhbərlik etməlidir!
Zər qədrini zərgər bilər,
Nə zər alan, nə zər bilər!
Elə buna görə də o, layiq olmadığı postu bir oğru kimi tutduğuna görə məsuliyyət daşıyır! Təzəsən, qulaqlarını yaxşı-yaxşı aç, təzə söz eşit: Sarxan müəllim heç mənim atılan dırnağım da ola bilməz!
Fazilin birnəfəsə qopardığı üsyankar harayı bu otaqdan çıxıb dərhal başqa otaqlara yayılmışdı.
Kənar redaksiya və şöbələrdən bu hay-harayın qopduğu redaksiyaya xeyli adamlar axışıb doluşmağa başlamışdı. Hərənin ağzından bir avaz gəlirdi: “Nə olub?”, “Nə məsələdi?”, “Nə davadı?”. Bu da mədənimiz! Ağzının danışığını bilmir! O, elə əvvəllər də ipə-sapa yatmırdı! “Günah təzədədi!”. “Ancaq mən-mən deyir, alicənablığı, təvazökarlığı zərrəcə də yoxmuş!” “Podumayeş, belə matah çıxıb, heç kəsi bəyənmir! Adam başının böyüyünün üzünə ağ olmaz!” “Sarxan müəllimin yeri məlum, Fazil sərçəni gözündən vurur!” “Eqoistin biri eqoist!”Bu axırıncı sözləri Yasəmən xanım deyirdi.
Fazillə Ağabalaya harayçılıq edənlər də tapılmışdı. Ancaq onlar vuruşmurdular. Ağabalanın tələbəlik illərində karate seksiyasına bir müddət müntəzəm məşqə gedərək şişirdib-qabartdığı xüsusilə sağ yumruğunun sərt oynaqları gidişsə də, “cuki”ni işə salmağa əsla bir lüzum görmürdü. Lap mat-məəttəl qalmışdı. Çünki qarşısındakı affekt halına düşmüşdü.
Nina Vasilyevna bütün vacib işlərini bir kənara qoyub hadisənin səbəblərini öz bildiyi kimi maraqlananlara izah edərək, özü üçün də qaranlıq qalan bəzi nöqtələri aydınlaşdırmaq istəyirdi.
Bu qalmaqala özünü yetirən Bədii tərtibat şöbəsinin rəssamı Samir dostu Fazilin qolundan tutaraq demək olar ki, ardınca sürüyə-sürüyə onu ərklə otaqdan – adamların arasından dəhlizə çıxarıb sakitləşdirməyə çalışırdı: “Fazil, bəsdir! Məsələni başqa yerdə aydınlaşdırarıq! Burdasa dalaşmaq olmaz! Kişi ol, özünü ələ al! Dost var, düşmən var! Nə qışqırırsan südəmər uşaq kimi? Şikayət edərlər, iş rejimini pozan xuliqan kimi aktlaşdırarlar, ağına-bozuna baxmadan ya işdən qovarlar, ya da ixtisara salarlar. Fazil, özünə gəl, bu biabırçılığı qurtar!
Fazil isə qurtarmaq bilməyib dəhliz boyu Ağabalanın qarasınca meydan oxuyaraq, qışqıra-qışqıra əslində rəhbərliyin nəzərinə çatdırırdı:
- Mən heç kəsdən qorxmuram! Eşidirsənmi, bura həbs düşərgəsi deyil! Bura ideoloji cəbhədir, ədəbi-zehni fəaliyyət sferasıdır! Bura nə Bayıl türməsidi, nə də Sibir sürgünxanası! Bu qədər də adamın haqqını tapdalamazlar! Heç tabelə də qol çəkməyəcəyəm! Qoy tabeli güdən sadiq alabaş da duyuq düşsün! Hürsün! Qapsın! Cumub yiyəsinə xəbər versin! Onun yanında şələ quyruğunu yelləsin! Mən azad insanam! O da adam olsun, adamını tanısın!
Fazil təlatümə gəlmiş dəniz kimi öz məcrasına sığmaq bilmirdi. Kükrəyən qeyzi, nifrəti başlı-başına buraxılmışdı. Daxilən nə qədər cəhd etsə də, özünə gələ bilmirdi. Bir də bayaqdan bəri qulaqlarında səslənib-getməyən, əksinə daha da şiddətlənən pəncərə taqqıltısı ona rahatlıq vermirdi. Bayırda qopan külək qasırğası tez-tez qazılıb üstləri ala-bula örtülməkdən yamaq-yamaq olmuş çirkli küçələrin qum-tozunu, zir-zibillərini havaya qaldırıb burada başqa ev və idarələrlə yanaşı duran nəşriyyatın da pəncərələrinə çırpırdı. Bu taqqıltı-gurultular bir hüdudsuz həyəcan siqnalı – suri-İsrafil kimi bütün dünyanı bürümüşdü sanki. Yaxınlıqdan keçən işıq və teleqraf dirəklərinin naqilləri vıyıldayırdı. Əcaib səslərdən Fazilin qulaqları kar olmuşdu. Qiyamət qopmuşdumu?
Xasiyyətinə yaxşı bələd olan dostu Samir onu idarədən kənara çıxarıb bu xəzri qasırğasından - hər tərəfdən təpilən tozdan, tozanaq burulğanından, bulaşıq, boğucu havadan keçirərək yaxınlıqdakı kafeyə aparırdı.
Fazilin arıq, çəlimsiz vücudu hələ də tir-tir titrəyir, şişmiş, qızarmış gözlərindən hərəsi bir nar dənəsi boyda aramsız, isti yaşlar qansız yanaqları boyunca üzüaşağı diyirlənirdi.
 
1988