Sözlərin qocaltdı məni…

Ülvi Aydın

 

*****

Qəlbimdə döyünən, qəlbimdə vuran,

Dağ kimi vüqarlı arxamda duran.

Yolumda Fərhadtək dağları yaran,

Sənə qurban olsun, ürəyim ata!

 

Çox çəkmisən məndən ötrü zəhməti,

Verməmişəm layiqincə qiyməti,

Dizimin taqəti, qolum qüvvəti,

Həmişə dayağım, köməyim ata.

 

Ayağıma bir daş dəysin, qıymadın,

Bir kimsəyə möhtac olum, qoymadın.

Qayğı çəkdin yorulmadın, doymadın,

Hər zaman ümidim, gərəyim ata.

 

*****

Gözlərim yollarda, qulağım səsdə,

Bir dəfə yadına salmadın, zalım.

Haçandır etmisən sən məni xəstə,

Xoş sözlə könlümü almadın zalım!

 

Mən bahar vurğunu sənsə əhli yaz,

Bəs nədən bu qədər edirsən sən naz!

Mən dərddə olmayan məni anlamaz,

Dərdimin dərmanı olmadın, zalım!

 

Axır ki, Ülvini gətirdin dilə,

Zülümlər eylədin sən bilə-bilə.

Fəryadım yayılıb obaya-elə,

Bircə an boşalıb dolmadın, zalım!

 

*****

 

Gərəkdi əzəldən elə sevəsən,

Sonradan ayrılıq olmasın gülüm!

Sevib seviləsən, könül verəsən,

Gül açan arzular solmasın, gülüm!

 

Həvəslə çəkəsən işvəsin nazın,

Sevginlə açıla baharın, yazın.

Hər sevən oğlanın, hər sevən qızın,

Gözləri heç zaman dolmasın, gülüm!

 

Gecəli-gündüzlü xəyala dalıb,

Bahar çiçəyitək saralıb, solub,

Həsrətdən Ülvinin gözləri dolub,

Əlləri qoynunda qalmasın, gülüm!

 

*****

 

Ustad Sakit İlkinə cavab

 

Nə işi var, nə gücü var, nə pulu,

Nə qazı var, nə suyu var, nə yolu.

Qışda şaxta vurur, yazında dolu,

Ona görə boşalır kənd qadası!

 

Mərci, noxud heç ödəmir mayasın,

Yel aparır əsəndə ot tayasın.

Yazıq kəndçi necə dözsün dayansın?

Ona görə boşalır kənd qadası!

 

Qiymətindən ucuz çölə atılır,

Mal-qaralar nisyələrlə satılır.

Halal-haram bir-birinə qatılır,

Ona görə boşalır kənd qadası!

 

Kənd üçün Ülvinin bağrı göynəyir,

Kasıbçılıq üzün qara eyləyir.

Atam mənə,-qaç günə çıx söyləyir,

Ona görə boşalır kənd qadası!

 

*****

 

Qazaxlı dostum zəng etdi: “Şair, yolum Yardımlıyadı. Üç aydı rayondan uzaqsan, nə istəyirsən, sənə gələndə Yardımlıdan gətirim...”

 

Yolun düşüb Yardımlıya soraqla,

Yardımlıdan xəbər gətir gələndə.

O dağlarçun burnum ucu göynəyir,

Yardımlıdan xəbər gətir gələndə.

 

Yerindəmi dolaşdığım oylaqlar?

Həsrətimi çəkirmi buz bulaqlar?

Uçuqlayıb həsrət çəkən dodaqlar,

Yardımlıdan xəbər gətir gələndə.

 

Çiçək olub dağlarında bitmədim,

Bülbül olub bağlarında ötmədim.

Çox heyif ki, görüşünə yetmədim,

Yardımlıdan xəbər gətir gələndə.

 

 

*****

 

Hər görəndə mənə “Şair nə tez qocaldın sən” deyən bir xanıma…

 

Vallah, şair qocalmazdı,

Sözlərin qocaltdı məni.

Xumar-xumar baxıb süzən,

Gözlərin qocaltdı məni.

 

Söz deməyin söz yeri var,

Düz deməyin düz yeri var.

Naz etməyin öz yeri var,

Nazların qocaltdı məni.

 

Lağ eyləyirsən gör kimi,

Sən Ülvini görən kimi.

Yaradanın sənin kimi,

Qızları qocaltdı məni.

 

*****

 

Soruşma bir daha gəlib gedəndən,

Çünki ayrılıbdı, bu can o candan.

Küsmüşəm elimdən, ata anamda,

Səni görməməkçün gəlmirəm kəndə!

 

Sən uşaq olanda on beş yaşında,

Sənə vurulmuşdum bulaq başında.

Gəzsə də bu sevda hələ başımda,

Səni görməməkçün gəlmirəm kəndə.

 

Deyirlər yaşıllıq çıxıbdır dizə,

Darıxıb çiçəklər, həsrətdi bizə.

Daha yad olmuşam cığıra, izə.

Səni görməməkçün gəlmirəm kəndə.

 

Çox çətin olacaq, çıxarım yaddan,

Keçim bu alovdan, keçim bu oddan.

Olsam da qohumdan, olsam da yaddan.

Səni görməməkçün gəlmirəm kəndə.

 

Ülvi nə çəkirsə, qoy belə çəksin,

Ayrılıq həsrəti qəddini büksün.

Göz yaşı töksə də, qürbətdə töksün,

Səni görməməkçün gəlmirəm kəndə.

 

*****

 

Şəhid Sadiq Feyziyevin oğlu Tahirin dilindən…

 

Qırx dörd günlük müharibə qutardı,

Dillən ana... atam niyə gəlmədi?!

Yanağımda öpüş yeri göynəyir,

Dillən ana... atam niyə gəlmədi?!

 

Səhər-axşam gözləyirəm, gələcək,

Əlləriylə göz yaşımı siləcək,

Könlüm açılacaq, üzüm güləcək,

Dillən ana... atam niyə gəlmədi?

 

Son gedişi getmir ana,  gözümdən,

Bir başqa cür öpmüşdü bu üzümdən.

Harda qalıb, axı necə dözüm mən

Dillən ana... atam niyə gəlmədi?

 

Axşam yenə bəs yuxuma gəlmişdi.

Tahir, oğlum, gələcəyəm, demışdi.

Bəs nə oldu, nədən fikrin dəyişdi?..

Dillən ana...

Dillən ana... atam niyə gəlmədi?

 

*****

 

Qəlb oxşayar, könül alar,

Amid Segah oxuyanda.

Uçan quş da qanad salar,

Amid Segah oxuyanda.

 

İnanın ki, yüzlər, minlər,

Sevə-sevə onu dinlər…

Tar-kamanda simlər inlər,

Amid Segah oxuyanda.

 

Elə bil ki, mehdir əsir,

Qalmışam əlində əsir.

Bülbüllərdə səsin kəsir,

Amid Segah oxuyanda.

 

Qalxar zilə, enər bəmə,

Düşündürər, salar qəmə.

Dərdimizi deyər simə,

Amid Segah oxuyanda.

 

Ovsuna salar Ülvini,

Özündən alar Ülvini.

Nurlandırar can evini,

Amid Segah oxuyanda.

                      

 

*****

 

 

Gecə də gündüz də xəyalımda sən,

Dərdindən saçıma hey ələnir dən,

Alagöz, incəbel ay nazik bədən,

Sağalmır köksümdə qan verir yaram,

Mən səni sevirəm ay ürək param!

 

Sevincli günümdə, qəmli anımda,

Sanıram hər zaman sənsən yanımda,

Şəklin gözlərimdə, eşqin canımda,

Ruhum səninlədir nə qədər varam,

Mən səni sevirəm ay ürək param!

 

Çəkilir gözümdən gecələr yuxum,

Bu niskin könlümdə varım, həm yoxum,

Aldığım nəfəsim, duyduğum qoxum,

Sızlayan kamanam, inləyən taram,

Mən səni sevirəm ay ürək param!

 

Danışma Ülviylə qəzəblə, kinlə,

Eşit fəryadımı, sözümü dinlə,

Bir ömür payımı bölüşək sənlə,

Olum Xançobanın, Sən mənim Saram,

Mən səni sevirəm ay ürək param!

 

 

*****

 

Sinənə baş qoyub uyusam əgər,

Təbiət sevincdən al-əlvan geyər.

Hər dəyqəm, hər anım dünyaya dəyər,

Gülüm gözlərimi güldürə bilsən.

 

Mən çəkəm nazını, sən edəsən naz,

Hərdən inciyəsən, küsəsən bir az.

Hərdən də dilindən qopa xoş avaz,

Gülüm gözlərimi güldürə bilsən.

 

Gəl, qurtar Ülvini hicran əlindən,

Didərgin düşübdür, doğma elindən,

Ayrı düşüb sənin kimi gülündən,

Gülüm gözlərimi güldürə bilsən…