Hacı Mirsəfər Fətiyev çağdaş poeziyamızın gözəl könül şerləri yazan, duyğusal, həyatın incəliklərini vəsf edən şairlərindəndir.
Şairin lirikasının nüvəsini həyatın kəşməkeşləri, sevgi, məhəbbət, öyüd-nəsihət tutur, oxucularına təqdim etdiyi şeir kitabları sanki bir könül kəhkəşandır. Mirsəfər ağanın şeirlərində ifadə etdiyi duyğular, düşüncələr oxucularını həm kövrəldir, həm də onların könlünün sarı siminə toxunur. Onun yazdığı qoşmaların da əksəriyyəti könül əsərləridir.
Poeziya qəlblə ağıl birliyinin sözlə ritmik ifadəsidir.
Hacı Mirsəfər ağanın poeziyasında ifadə edilmiş düşüncələr daima müdrikliyi özünə ölçü vahidi götürür.
Şairin lirikası yüksək bədii- estetik-fəlsəfi effekti ilə yanaşı poetik gözəĺiyi, estetik cazibəsi və mənəvi-əxlaqı məzmunu ilə seçilir. Eyni zamanda, onun lirikasındakı axıcılıq, aydınlıq, didaktika oxucunu öz cazibəsinə salaraq həyata bağlayır, həyatın psixologiyası oxuculara bədii cəhətdən mükəmməl bir tərzdə çatdırılır.
Hacı Mirsəfər ağaya cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə, Nəsib Abidinli
Göndər...
Gəzirsən çiçəkli çəməndə düzdə,
Qönçə güllərindən dər mənə göndər,
Səhərin mehindən,gül qoxusundan,
Əsən küləklərə ver mənə göndər.
Həsrətin çəkdiyim gözəllər üçün,
Güllü laləzarli çəmənlər üçün,
Ömürdən verdiyim o günlər üçün,
Günəşi yoluma sər mənə göndər.
Hacının ruhunda cənnət qoxusu,
Allahın izniylə yoxdur qorxusu,
Bilmək istəyirsən sözün doğrusu,
Qarşıma çıxmağa ər mənə göndər,
İgid mənə göndər, nər mənə göndər...
Sevəcəm...
Düşmüsən yenə də yadıma bu gün,
Dualar edirəm adına hər gün,
Yarımçıq eşqindən düşsəmdə sürgün,
Gizlicə sevəcəm səni həmişə.
Kölgətək xatirən ötüb keçsədə,
Yaş ötüb qocalıb sonum yetsədə
Səni gözləyəcəm ömür bitsə də,
Bu sevgi tükənməz illər ötsədə,
Gizlicə sevəcəm səni həmişə.
Yuxuna gələcəm tənha olanda,
Təklikdən qəlbinə dərd qəm dolanda,
Sənsizlik hökm edib səsiz qalanda,
Qocalıq cəncliyi səndən alanda,
Gizlicə sevəcəm səni həmişə.
Bu xəstə Hacıya etsən də nazı,
Bu tale qisməti bir alın yazı ,
Yarımçıq sevgidən kim olar razı?
İzin ver əlinə toxunum azı,
Beləcə sevəcəm səni həmişə ...
Axtarıram...
Dostları ələyib seçirəm bir-bir,
Sözüylə bir olan üz axtarıram,
Pisi qayçılayıb kəsirəm bir-bir,
Əyrisin silirəm , düz axtarıram.
Mərdləri zalıma əyən adamlar,
Yalanı böyüdüb deyən adamlar,
Qiyməti qəpiyə dəyən adamlar,
Dilinə basmağa köz axtarıram.
Səhvləri düzəldən imandı, dindi,
Düzünə yaşamaq bu gün çətindi,
Özümü axtarıb tapıram indi,
Əllini keçirdib yüz axtarıram.
Ay Hacı, de sözü, özü biləcək,
Sənin istədiyin o gün gələcək
Sənintək aşiqin üzü güləcək,
Bir könül almağa söz axtarıram.
Yadıma düşüb
Anamın dad-tamlı kutu çörəyi,
Cücəli şorbası, sulu xörəyi,
Uşaqlıq istəyim, arzu-diləyi,
Anamın təndiri yadıma düşüb.
Dərərdim bostandan göy soğanları,
Təndir çörəyindən həzz alanları,
Yığardım bir yerə dost olanları,
Nənəmin pendiri yadıma düşüb.
Dərz-dərz bağlayardım quru otları,
Çiynimi kəsərdi şələ qatları,
Unutmaq olarmı həmin vaxtları,
Babamın kəndiri yadıma düşüb.
Kəsib çıxarardı atam şanları,
Qonaq eləyərdi dost insanları,
Unuda bilmirəm həmin anları,
Atamlı günlərim yadıma düşüb.
Bu dünya nə verib, geri alıbdı,
O, çox atlıları atdan salıbdı,
Ay Hacı, vədənə lap az qalıbdı,
Ömrün xeyir-şəri yadıma düşüb.
Küsmüşəm...
Körpəliydən qəlbim, könlüm tox oldu,
Yürüməmiş uşağlığım yox oldu,
Necə keçdi qaça-qovlar çox oldu,
Uşağlığın bələyindən küsmüşəm.
Başımin üstünü aldi çən, duman,
Yaşamaq ümidin itirdim tamam,
Tanriya şükrümü etdim hər zaman,
Mənlə gəzən ürəyimdən küsmüşəm.
Əhdə peyman ilqarında düzəm mən,
Tərəzi mən, hər çəkidə mizan mən,
Açan olsa sinəm dolu sözəm mən,
Vədlə gələn küləyindən küsmüşəm.
Başım üsdə ələnibdir xəlbirim,
Vurulubdur keçən ömür təbilim,
Keçib gedir hər günümdə bir ilim,
Bu dünyanın kələyindən küsmüşəm.
Hacı yaşatmağa başı nə varki,
Çiynindəki dağı daşı, nə varki,
İstər yüzə çatdır yaşı, nə varki,
Arzusundan, diləyindən küsmüşəm,
Bu dünyanın kələyindən küsmüşəm....
Dostum...
Gecəni yuxusuz açdım səhəri,
Sağalmaz ağrılar gələndən bəri,
Boğulub sinəmdə hicran qəhəri,
Gəl məndən halımı soruşma dostum.
Ölüyəm bilmirəm yoxsa diriyəm,
Könüldən yaralı dərdli biriyəm ,
Məndə bu dünyanın dərd əsəriyəm,
Gəl məndən halımı soruşma dostum.
Yenə də harayım qalxıbdır ərşə,
Elə bil xəstəlik olubdur peşə,
Az qalır ağrılar qəlbimi deşə ,
Gəl məndən halımı soruşma dostum.
Ay Hacı tutmusan yenə haqq yolu
Səbirlə, təmkinə özünü qoru,
Başına hər zaman döysədə dolu,
Mənasız dünyayla barışma dostum,
Gəl məndən halımı soruşma dostum...
Dəyməyəydi kaş
İllərlə gözlədim, gələcək zaman,
Mən də böyüyəcəm, olacam cavan,
Ömrümün baharı tez keçdi yaman,
İllər gəncliyimə dəyməyəydi kaş.
Ömrün gənclik adlı karvanı keçdi,
Məni ahıllığın sarbanı seçdi,
Həyat bulağından de, nələr içdi?!
İllər gəncliyimə dəyməyəydi kaş.
Axtardım gəncliyi tapam özümdə,
Həsrətin izləri qaldı gözümdə,
İllərin qırışı qaldı üzümdə,
İllər gəncliyimə dəyməyəydi kaş.
Sözümdə doğruyam, gözləri toxam,
Yalançı, namərdlə arası yoxam,
Bil yadın-yağının gözünə oxam,
İllər gəncliyimə dəyməyəydi kaş.
Hacı, sən sözünü demədin boşa,
Bir ömür gətirib çıxartdın başa,
Ömrün az olsa da, kişitək yaşa,
İllər gəncliyimə dəyməyəydi kaş.
Qəm içindədir...
Keçirəm yanindan bir köhnə evin,
Qapı pəncərələr qəm içindədir,
Qapinin ağzinda bir yaşli qadin,
Gözləri yol çəkir nəm içindədir.
Pis yaxşi keçirib ötən illəri ,
Qar kimi ağardib qara telləri,
İndi qocalibdir əsir əlləri,
Gözləri yol çəkir qəm içindədir.
Atasiz böyüdüb övladlarini,
Onlarin yolunda qoyub canini,
Tək tənha yaşayir son anlarini,
Gözləri yol çəkir nəm içindədir.
Hər zaman görünər ananin yeri,
Həzin laylalari o şirin dili ,
Qaytara bilmərik zəhmətin geri,
Gözləri yol çəkir qəm içindədir.
Ay Haci yenə də gözlərin dolur,
Anasiz yaşamaq çox çətin olur,
Ürəyin sinəndə dərddən qovrulur,
Gözlərin yol çəkir, nəm içindədir...
Möhtac et İlahi, özünə bizi
Göy üzün bürüyüb yenədə duman,
Yox olub qəlblərdə görünmür iman,
Daha bir kimsəyə qalmayıb güman,
Bu zaman öyrətdi dözümə bizi,
İlahi, möhtac et özünə bizi.
Hamı gileylidir biri- birindən,
Satqınlıq eyləyir duran yerindən,
Durub düşünəndə biraz dərindən,
Büküblər yalanlar bezinə bizi,
İlahi, möhtac et özünə bizi.
Şeytanlıq edənlər danışır haqdan,
Şər böhtan atılır düzə nahaqdan,
Dinimiz laxlayıb çıxıbdır oxdan,
Yandırır namərdlər közünə bizi,
İlahi, möhtac et özünə bizi.
Hacı , keçənlərə əl eylə getsin,
Qədr bilməyəni ver selə getsin,
Boşa ver bir ildə qoy belə getsin,
Yönəlt gerçəyinə, düzünə bizi,
İlahi, möhtac et özünə bizi.
Getməyim gəlir...
Sıyrılıb arada qəmdən kədərdən,
Durub Perimbelə getməyim gəlir
Dırmaşıb uşaqtək dağlara hərdən,
Qaçıb dumanında itməyim gəlir,
Durub Perimbelə getməyim gəlir.
Daşların üstünə cızam adımı,
Çıxardam o vaxtın qalan dadını,
Çağırıb ucadan yoldaşlarımı,
Yenədə şıltaqlıq etməyim gəlir,
Durub Perimbelə getməyim gəlir.
Hacıyam, darıxdım o çağlar üçün,
Qoynunda gəzdiyim o dağlar üçün,
Gözündən içdiyim bulaqlar üçün,
Dağların qoynunda bitməyim gəlir,
Durub Perimbelə getməyim gəlir...
Görəsən bu bəxtim nöşün oyanmey?!
Bir dostun xahişiylə öz ləhcəmizdə
Gəlmişəm evimə yanmey sobam da,
Atiyəm yaği da ,doney tavamda,
Qar yağey qəlbimə soyuq obamda,
Görəsən bu bəxtim nöşün oyanmey?!
Siney çerçivələr, taxçə açilmey ,
Soyuqdan əlim də heç nəyə yatmey,
Bi yerə getməyə ürəyim atmey,
Görəsən bu bəxtim nöşün oyanmey?!
Üşüyəm elə bil göydən buz gəley,
Torpağın üstində sazaq əriyey,
Dağlara düzlərə qar yorğan sərey,
Görəsən bu bəxtim nöşün oyanmey!
Geliyəm, duruyem , baxiyəm gennən,
Gözümnən yaş gəley, bilmiyəm nədən,
Elə kövrəliyem, ağliyəm hərdən,
Görəsən bu bəxtim nöşün oyanmey!
Haciyəm, biyaz da dolu dəliyəm,
Haqla yol gediyəm gerəy düz deyəm,
Neyleyim axi mən? mən də beliyəm,
Görəsən bu bəxtim nöşün oyanmey!
Gülüm səni...
Əhd peymana vədə xilaf,
Gir yuxuma görüm səni,
Heç olmasa bircə dəfə,
Gəl yuxuma görüm səni.
Sevgi tufan boran imiş,
Sevən qəlbdə qalan imiş,
Leyli- Məcnun yalan imiş,
Kimlə, necə bölüm səni?.
Hacı eşqdən yansada çox,
Sinəsinə sancılıb ox,
Dünya fanı etibar yox,
Xatırladım gülüm səni...
Ola ay qağa
Yenə də qar yağır dərəyə, dağa,
Yamanca soyuqdur bura ay qağa,
Odun da qurtarıb ataq ocağa,
Sobada qalmayıb qora ay qağa.
Bir cığır açmışam meşəyə sarı,
Küləkdə üzümə sovurur qarı,
Bilmirəm fələyin nədir azarı,
İzimi salmışam yola ay qağa.
Çətindi saxlamaq inəyi, atı,
Yemir yerə tökür qalır boyatı,
Çatdırmaq olmayır heyvana otu,
Hər şey bağlanıbdır pula ay qağa.
Nə yaxşı unnuğda ələyimiz var,
Yaşayıb dözməyə ürəyimiz var
Hələki yeməyə çörəyimiz var,
Yenə bağlanmışıq şora ay qağa.
Ay Hacı, Tanrıdan istə dayağı,
Yorğanına baxıb uzat ayağı,
Arzu et, qonşunun yansın çırağı,
Köhnə mehribanlığ ola ay qağa.
Yadıma düşdü!
Qaçaraq qovardıq bir-birimizi,
Tez keçsin istərdik ğünlərimizi,
Bölərdik bir yerdə sirrlərimizi,
Gözəl günlərimiz yadıma düşdü!
Deyərdik,gülərdik bilməzdik qəmi,
Sən idin uşaqlıq dostluq həmdəmi,
Kim nə söyləsəydi deyərdik bəli,
Dərsə getməyimiz yadıma düşdü!
Quzu otarardıq dağın döşündə,
Çatdırıb edərdik həyət işin də,
Daşların çapığı,qalıb başımda,
Qaçıb ötməyimiz yadıma düşdü!
Yığılıb oynardıq çiling ağacı,
Gəzib dolanardıq çölü-yamacı,
İndi bu yer olub dərdim əlacı,
Bostan ğüdməyimiz, yadıma düşdü!
Çıxardıq gəzməyə çölü-meşəni,
Ləzətlə yeyerdik odda bişəni,
Yazıram həsrətlə yada düşəni,
Göy ot biçməyimiz, yadıma düşdü!
Hacı, qardaş seçib,əzəldən səni,
Qorxmadan gəzərdik bütün gecəni,
Qaytara bilmərik olub keçəni,
Ulduz saymağımız,yadıma düşdü!
© 2020 - Created by İLK XEBER.