Aydın Canıyev
Biz "ikimiz" də sizi çox sevirik, Fuad Poladov!
Təbəssümünün yüzdə onunu "bizə" bəxş edən Şəxsiyyətin AD GÜNÜ təbriki əvəzi
Bir 25 ilin söhbətidir! Lənkəran Dövlət Dram Teatrının bu yaxınlarda rəhmətə gedən təmsilçisi əməkdar artist Adil Zeynalov məni uzaqdan görüb hay-huyla işarə elədi ki, gəl bura, sözüm var! Yaxınlaşdım, hövlnak, həm də o qədər həyəcanla, elə yanğıyla başladı ki, danışmağa:
- Bayaq Lənkəranda ağsaqqal kişilərdən birini prokurorluqdan çıxanda gördüm. Əhvalı pisləşmişdi, yaxınlaşdım, qoluna girdim, ötürdüm, yolda mənə deyir ki, nəvəmi şərləyib gətiriblər bura, gəldim görüşdüm prokurorla, başa salmağa çalışdım ki, ağsaqqal adamam, yaraşmaz mənə nəvəmin o adla tutulmağı-filan, etməyin belə! Prokuror geri çəkilməkdənsə, bir addım da irəli atdı: "A kişi, artistlik eləmə!". Necə pis təsir elədi mənə, xahişə gəlməyim də yadımdan çıxdı. Onsuz da ağzını qaşıyacam bunun (lənkəranlılar həmişə İsmət Qayıbovun oğluna bel bağlayıblar belə məsələlərdə - qohumluğu vardı rəhmətlik İsmət Qayıbovun lənkəranlılarla), amma bu zırramaya sözümü dedim, qalmadı içimdə: səni kimi yüz, min prokuror ola bilər, amma Ədil İskəndərov kimi aktyor heç yüz ilə də dünyaya gələsi deyil, şəxsiyyətdir!
Həə, sonra o ərəfələrdə mən Lənkəran Dram Teatrının aktyoru, əməkdar artist rəhmətlik Əli Salahlıdan yazanda prokurora o sözü yedirtdim... Prezident Aparatının təsisçisi olduğu "Xalq qəzeti"ndə: "bu gün ixtisası, işi artistlik olan Əli Salahlı səhnədə artistlik etmirdi, amma polis rəisi, prokuror və başqaları artistlik edirdi!"
Deməyim nə və nə üçün, kimə görə? Əlbəttə ki... Fuad Poladova görə! Ad günüdür! Əvvəlcə cismən yoxluğunu bir dəqiqəlik sükutla yad edib keçim əbədi var olacağı haqqında sözümün canına!
... Ölkəmizin sözündə, şeirində, ədəbiyyatında, mədəniyyətində bilgiləri gözəl və yeri olan xanımlarından biri ilə "Gənclik" metrosundan çıxıb "Ayna xala"nın yaxınlığındakı klinikaya gedirdik, səhv etmirəmsə, Mətanət İsgəndərlinin olduğu deyilirdi. Elə metrodan təzəcə çıxıb tunellə avtobus dayanacağına addımlayırdıq ki, qarşımızda... Fuad Poladovu adi geyimdə (yəni: brend və bərbəzəkli yox da, amma həm də səliqəli) və piyada keçən gördük. Xanım da mənə qayıdasan ki, bura bax e, Mətanət klinika işlətsin, Fuad Poladov da... metroyla piyada gəzsin!
Əlbəttə ki, ikimiz də... o qədər böyük sevgiylə, məhəbbətlə, rəğbətlə, sayğıyla görkəmli sənətkarımız Fuad Poladova yaxınlaşıb salam verdik ki, təbəssümünün yüzdə onunu (yəni: xəfif təbəssüm - ağayana, kişiyana, "köhnələr" sayaq) bizə bəxş etməklə sevgimizə, sayğımıza, rəğbətimizə qarşılıq verdi! Və... mənim içimdən şəlalə kimi çağlayan bir nida qopdu: "biz bir-birimizi və ikimiz də sizi sevirik"...
Yooox, demədim e, dilə gətirmədim e, sadəcə, ürəyimdən vulkanik, titanik bir sürətlə keçdi, Fuad Poladov göydə aldı o sevgini və təbəssümünün yüzdə onunu bəxş edib, məmnunluqla başını aşağı salıb yoluna davam elədi, mənsə... deməyə gecikdim! Elə bilərsiniz pis oldum? Əsla! Çünki mən onun ŞƏXSİYYƏT olduğunu bilirdim, adamı bir baxışından göydə tutduğunu da! Təsdiqi üçün deyim ki, bu yaxınlarda fb-də kiminsə statusundamı, ya yazısında oxudum ki, metronun ta axırıncı stansiyasına qədər babayla nəvənin seyrini vurub! Fiziki çatışmazlığı olan nəvə ilə qayğıkeş Babanın pantomim dialoquna tamaşa edib və düşməli oldğu stansiyanı keçib!
Bəli, bildiyiniz kimi, Fuad Poladov şəxsiyyət idi!
Mənim əlavə edəcəyim budur 35 illik Bakı (eləcə də adına dünya deyilə biləcək digər şəhərlərdəki müşahidələrimin nəticəsi olaraq) həyatımda: bu ölkədə ixtisası artistlik-aktyorluq olanlar həyatda ƏSL ŞƏXSİYYƏT oldular, artistlik eləmədilər həyatda, amma ixtisası, peşəsi, məşğuliyyəti şəxsiyyət nümunəsi sərgiləmək olanlar ARTİSTLİK ELƏDİLƏR: obrazları oynadılar - komik, tragikomik obrazları! Obraz yarada bilmədilər Fuad Poladov kimi şəxsiyyətlərin səhnədə canlandırması üçün!
Sağ ol ki, Yaradana bu dünyaya gəlməyə razılıq vermişdin, MƏLƏK KİŞİ - xalqını tamaşaçılarının, fanatlarının, ziyalılarının timsalında bir baxışla anlayan Böyük İnsan! Əbədi rahatlığını FANİ DÜNYADA yaşamıyla, şəxsiyyətiylə qazanan Ruh Adamı, sevgilər və səcdələrlə... Sizə HƏMİNKİ BAXIŞLA baxmaqda davam edirik!
Biz "ikimiz" də və BİZ (xalq olaraq) Sizi sevirik!
Nə yaxşı ki, bunu bilib getmisən!
p.s. etiraf edim ki, "biz" ikimiz də bir-birimizə qarşı həddən artıq qısqanc yanaşırdıq, az qala uşaqlarımıza, valideynlərimizə sevgi ifadə etmək də problemə çevrilirdi, amma... amma... amma... Fuad Poladovu görəndə unutduq o qısqanclığı! Sevilməyi İlahi hikmət və məsləhət olan BELƏ KİŞİLƏR bu ölkədə milyondabir olur! bəlkə də... o qısqanclığın qadağasıydı "dəlilik" etməyə qoymayan! Ki... gedib yaxasından tutub Fuad Poladovun və deyək: "biz ikimiz bir-birimizi, ikimiz də Sizi sevirik!"
p.p.s. baxmayaraq ki, indi daha biz "ikimiz" bir-birimizi sevmirik, amma adım kimi əminəm ki, "o" da Fuad Poladovu sevməkdə davam edir: bizi birləşdirən dəyərdir Fuad Poladov!