Qırx dörd günlük Vətən müharibəsi, əldə etdiyimiz möhtəşəm Qələbə və Zəfər günündən sonra bir-birinin ardınca müşahidə etdiyimiz qürurverici hadisələr bizim üçün bir çox mətləblərə aydınlıq gətirdi...
Bu məqamda, təbii ki, müstəqilliyimizin ilk illəri xatırlanır; 90-cı illərin əvvəllərində xalqın düçar olduğu əzablar, şil-küt edilmiş ümidlər, yurdumuzun başı üzərinə çökmüş qara buludlar, ölkədə yaşanan gərginliklər fonunda hakimiyyəti ələ keçirmək uğrunda iyrənc şəkil almış siyasi çəkişmələr, qorxunc bir kabusa çevrilmiş dövlət çevrilişləri və daha nələr.. nələr... Bu ağrılı hadisələrdən xalq yorulmuş, bezikmiş, tamamilə gücünü və taqətini itirmiş vəziyyətə düşmüşdü. Qan bahasına qazandığımız dövlətçiliyimiz gözümüzün önündə kiçikləşir, tarixi nailiyyətimiz olan müstəqilliyimiz üçün ciddi təhlükə yaranır və bu minvalla da xalqın sabaha olan inamı sarsılmaqda, ümid çırağı isə sönməkdə davam edirdi.
Ancaq həqiqətən də bir hikmətdə deyildiyi kimi, “Gün doğmadan nələr doğar”.
Nəhayət, xalqın nəinki arzuladığı, hətta çox böyük ehtiyac belə duyduğu həmin gün gəlib yetişdi. Sanki ölkəmizin səmasında Günəş doğdu, Vətən torpağına nur ələndi... İlahinin qüdrətli nəfəsi ilə xalqın ruhu təzələndi, qəlblərdə ümid çırağı şölələndi... Siyasət aləminin böyük dühası kimi tanınan Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycan dövlətinin başına keçdi və o, canından artıq sevdiyi xalqına sahibləndi; bununla da millətin sönməkdə olan çırağı alovlandı, yeni duyğular baş qaldırdı, gələcəyə inam gücləndi. Fırtına qopmuş okeanda sahibsiz yelkənə bənzər Azərbaycan adlı dünyamızın sükanı arxasında görkəmli dövlət və ictimai-siyasi xadim, dünyaca məşhur siyasətçi Heydər Əliyev inamla özünə yer aldı. Bu gedişlə də Azərbaycanı parçalayan, qanına qəltan edən, ölkənin və xalqın axırına çıxa biləcək vətəndaş müharibəsinin – qardaş qırğının qarşısı alındı. Bir sözlə, daxildən və xaricdən vətənimizə uzanalı qara əllər kəsildi, o iyrənc caynaqlar parçalandı.
Bu fikirlər Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyevin “Xarıbülbül festivalı – Qarabağımıza əbədi qayıdışımızın nişanəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Bu qayıdışla daha nələr baş vermədi; dövlətin özünə gəlməsi və güc toplaması üçün 1994-cü ilin 12 may atəşkəsi (hansı ki, bugünkü qələbəmiz üçün bu bizə hava-su kimi lazım imiş) elan olundu, mahiyyət etibarilə möhtəşəmlik kəsb edən “Əsrin müqaviləsi” imzalandı və bu sırada iqtisadi müstəqilliyimizin, iqtisadi təhlükəsizliyimizin etibarlı təməli qoyuldu. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak imkanı əldə edərək, bununla da dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzinə çevrildi və beynəlxalq əhəmiyyət kəsb edən respublika statusu qazandı.
Deməli, gələcək uğurlarımıza yetişmək üçün hələ görüləsi işlər çox idi... Ulu Öndərimiz müdrikliyin, uzaqgörənliyin bariz nümunəsi kimi ölkə iqtisadiyyatının gücləndirilməsi və bu zəmində gerçək milli ordunun yaradılması, dövlətin vətəndaşın güc yerinə, etibarlı dayaq nöqtəsinə çevrilməsi istiqamətində fədakarlıq sərgiləyir və bu yöndə inamla addımlayırdı. Hələ müdavimlər qarşısında çıxışı zamanı “Sizi görərək, mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm” deməsi də bugünkü reallıqlar baxımından bu dahi şəxsiyyətin öz yürütdüyü siyasətə inam dərəcəsinin yüksək göstəricisi kimi səslənir. Bütün bu həyati əhəmiyyətli işlərin əsasında ərazi bütövlüyümüzün təmin edilməsi, təcavüzə məruz qalmış əzəli-əbədi yurdumuzun – müqəddəs Qarabağımızın işğaldan azad olunması, dövlət sərhədimizin bərpa edilməsi dayanırdı. Bu yolda biz Heydər Əliyevin dünyanın ən qüdrətli dövlətləri ilə səbir və dözüm dolu gərgin Qarabağ danışıqlarının şahidi olduq. Bütün bu proseslərdə Heydər Əliyev böyük inam nümayiş etdirirdi. O, heç vaxt inamını itirmədi, ümiddən düşmədi. Elə son əlamətdar hadisə kimi qürurla, iftixarla, ən böyük bir vüqarla müşayiət etdiyimiz, özündə möhtəşəmlik və əzəmət kəsb edən “Xarıbülbül” festivalında Ulu Öndərin ekranda nümayiş etdirilməklə Cıdır düzünə, müqəddəs Şuşa mahalına yayılan gözəl, cazibədar, məlahətli nitqi və dərin mənalı düşüncələri ruhumuzun dərin qatlarına işləyirdi: “Arzu edirəm ki, Sizinlə birlikdə gedək Şuşaya... Gedəcəyik... İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür... Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamımız üçün əzizdir”. Bu səsdə bir əzəmət var idi, bu səs-sədada böyük inam var idi, həm də müqəddəsliyi özündə ehtiva edəsi bir vəsiyyət var idi; özü qədər inandığı övladı İlham Əliyevə ünvanlanmış bir vəsiyyət... Bu məqamda Prezidentin kövrəlməsinin səbəbləri də elə həmin ata vəsiyyətindən doğan duyğusal anların qanadlarında Ulu Öndərlə keçirdiyi o xoş anların xatırlanması və o böyük insanın Azərbaycan naminə bütün fədakarlıqlara ölümdən belə çəkinməyərək qol qoymaq iradəsinin, mübarizlik əzminin nə qədər güclü olduğunun unudulmaz anlarına şahidlik edilməsinin yada salınması idi. Həmin kövrəklikdə həm də ata vəsiyyətini yerinə yetirmiş bir oğul kimi özünü xoşbəxt saymasının, bu zəmində Ulu Öndərin müqəddəs ruhunun şad olmasına əminliyinin nişanəsi var idi...
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla davam etdirərək, Azərbaycan naminə çarpışdı-vuruşdu, mücadilə etdi, mübarizlik sərgilədi, böyük dözüm nümayiş etdirdi, mətinlik göstərdi; bütün yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi məsələsi heç vədə müzakirə mövzusu ola bilməz. Ciddi təzyiqlərə, sıxıntılara, iyrəncliklə müşahidə edilən siyasi gedişlərə, eybəcərlik zəminində baş qaldıran müzakirələrə fədakarcasına sinə gərdi, əsl dövlət xadimi necə olar qarşılığını verməklə bütün dünya siyasətçilərini mat qoydu, aparıcı dövlətlərin rəhbərlərini pat vəziyyətinə saldı, dünyanın tanınmış informasiya agentliklərinin nümayəndələrinə bəlkə də heç fəaliyyətləri boyu rastlaşmadıqları dərsi verdi.
Bütün bunlar İlham Əliyev siyasətinin parlaq təntənəsi idi; istər ölkə Prezidenti kimi, istərsə də müzəffər ordumuzun Ali Baş Komandanı kimi əldə etdiyi uğurların əzəməti idi. Mənfur düşmən tapdağından qurtulan hər bir kəndimiz, rayonlarımız, 8 noyabr Zəfəri, 10 dekabr Qələbə paradı, 12 aprel Hərbi Qənimətlər Parkının açılışı – bütün bunlar o qədər böyük və əlamətdar tarixi hadisələrdir ki... Eyni zamanda, sanki bütün bunlar bir nəhəng hadisənin hədəfləri kimi görünür. Bu hədəf isə müqəddəs Şuşamızda, Cıdır düzünün köksündə baş tutan “Xarıbülbül” festivalı oldu. Bəli, “Xarıbülbül” son dövr hadisələrin yekunu kimi səslənir; özü də möhtəşəmliyi və əzəməti ehtiva etməklə dərin bir rəmzi mənanın mücəssəməsi kimi... Himnimiz, milli marşımız, Qələbəmizin uvertürası kimi... Təbii ki, bu Qələbə qəhrəman şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Nə qədər vətənpərvər oğullarımız göz qırpmadan belə öz yaşamaq hüququndan keçərək canlarını vətən naminə qurban verdilər; ən uca məqama – şəhidlik zirvəsinə ucaldılar... Nə qədər igid oğullarımız qazi oldular... Onların fədakarlığı Azərbaycan tarixinin ən şanlı bir səhifəsi olaraq zaman-zaman xatırlanacaq və bugünkü Zəfərimizin təminatçıları kimi bu mübarizlər ordusunun mərd döyüşçülərinə hər vaxt böyük ehtiram duyulacaq, onların hər birini qürur hissi ilə yad edəcəyik.
Elə Cıdır düzündən yayımlanan festivalda dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev bir daha hamını şəhid və şəhadət ucalığına təzimə dəvət edirdi: “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” Prezidentin çıxışı daxili və xarici auditoriyaya hesablanmış bir bəyanat xarakteri daşımaqla, həm də keçmiş günlərin sonu, xoşbəxt bir gələcəyin başlanğıcının ifadəsi idi.
Festivalda ən maraq doğuran məqamlardan biri də “Xarıbülbül”ün Azərbaycanda yaşayan müxtəlif xalqların, millətlərin, etnik qrupların nümayəndələrini əhatə etməsi idi. Bunun da mühüm səbəbləri var ki, həmin səbəbləri də Prezident qürur və iftixarla bəyan etdi: “Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəkdir. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişəm, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda yaşayan bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir də onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”. Deməli, festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi heç də təsadüfi deyilmiş.
Bu festivalda nələr duyulmadı, hansı hisslər baş qaldırmadı... Səslənən hər bir musiqi parçasından nəşət edən duyğusal anların qanadlarında xəyalən vətən torpağının seyrinə daldıq; ruhumuz pərvazlandı, azərbaycanlı olmağın ən xoş anlarını yaşadıq və Ulu Öndərin qeyd etdiyi kimi, bir daha azərbaycanlı olmağımızdan qürur duyduq. Cıdır düzünü ağuşuna alan, Şuşa mahalını cənginə bürüyən musiqi nömrələrinin ünvanlarına baş vurduqca kimlər xatırlanmadı... Şuşanın səmasında sayrışan rəmzlər kimi Azərbaycanın ölməz bəstəkarlarının hamısı göz önündə canlandı; Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Müslüm Maqomayev burada – Şuşada, Cıdır düzündə idi. Bu müqəddəslərin elə müqəddəs ruhları qanad açıb dövrə vururdu Şuşamızın təmiz və aydın səmasında... Xanın, Seyidin, Bülbülün zəngulələri yenə də müqəddəs torpaqları öz ağuşuna almış, həzin layla kimi bütün vücudumuzu sarmışdı.
Prezident kövrəldən məqamlardan biri də kiçik Kənan balamızın oxuduğu “Bayatı-Şiraz” idi ki, bu səsin, bu avazın qüdrətindən sanki dağa, daşa, suya, torpağa, ümumiyyətlə füsunkar təbiət ocağının bütün guşələrinə yeni bir nəfəs yayılırdı. Bu da müqəddəs Şuşamıza, əzəli dədə-baba yurdumuz olan Qarabağımıza əbədi qayıdışımızın nişanəsi və yeni bir həyatın başlanğıcının rəmzi mənada ifadəsidir.
© 2020 - Created by İLK XEBER.