Xanoğlan Əhmədov
Bilmirəm nədənsə, hər dəfə Sabir Rüstəmxanlının yubileyi yaxınlaşanda qəribə bir kövrəklik bürüyür məni. Ömrünün böyük bir hissəsini Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş bir ictimai xadimin yola saldığı ötən illərini xatırlayanda, nurlu çöhrəsindəki xəfif cizgiləri gəzəndə istər-istəməz kövrəlirəm. Həmin cizgilərdə sanki Sabir bəyin 75 ilin arxasından boylanan və ürəyində dil açan çoxillik arzuları, eləcə də, yola saldığı və qazandığı bugünki uğurlarını götür-qoy etdiyi həkk olunub.
Sabir Rüstəmxanlını yaxından tanıyan bir şəxs kimi onun haqqında yazmaq mənim üçün həddən artıq xoşdur. Sabir bəylə qiyabi tanışlığım, orta məktəb illərinə təsadüf edir, təbii ki, şeirlərinə görə. 80-ci illərin tələbəçilik günlərində onu daha dərindən tanıdım, yaradıcılığı ilə tanış oldum. Bir dəfə Sabir adına kitabxanada praktikada olarkən direktor kitabxananın pilləkənləri ilə aşağı düşən cavan oğlanı nişan verib dedi: "yerlindir, şair Sabir Rüstəmxanlı". İlk dəfə orada yaxından görürdüm, Sabir bəyi. O dövrdə Sabir bəy gənclərin ən sevimli şairlərindən sayılırdı, o sırada rəhmətlik Nüsrət Kəsəmənli və Çingiz Əlioğlu da vardı. Mənim Yardımlıdan olduğumu bilən hər kəs "Sabir Rüstəmxanlının qohumusan?"-deyə sual edərdi. Amma bu suallar məni yormazdı, əksinə qürurverici idi. Sabir bəylə qohumluq bağlılığımız olmasa da, onunla ruhən çox yaxın olduğumuzu gənc yaşlarımdan hiss etməyə başlamışdım. Özüsə təsdiqini 2001-ci ilin fevralında verdi, Səidin kiçik toy məclisindəki çıxışında "Qələm qohumluğu da, qan qohumluğu kimidir" deməsiylə. İllər sonrası Sabir bəy siyasətə döndü, mən də rayondan Bakıya köçüb jurnalistika ilə məşğul olmağa başladım. Elə o zamandan isti münasibətlərimiz davam etməkdədir...
S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatı və siyasətində, eləcə də, bütün türk dünyasında yaxşı tanınan, ləyaqətli, nurlu şəxsiyyətlərdəndir. Ötən əsrin 80-cı illərinin sonunda meydana şair kimi daxil olan Sabir Rüstəmxanlı oradan siyasətçi kimi çıxdı. Cavanlığını meydanlarda millətimizin haqq işi uğrunda mübarizəyə həsr edən Sabir bəy bu gün artıq yetkin siyasətçi, ictimai xadimdir. Bu gün Türkiyədə onu məhz "dövlət adamı" kimi təqdim edirlər. Vaxtilə Rəhmətlik Xəlil Rza Ulutürk Sabir bəyin cavanlığına işarə edərək yazmışdı: "Sabirə cavanlığı da qıymadıq, qoymadıq cavanlığını eləsin. Cavanlığını, yeniyetməliyini əlindən alıb meydana dartdıq".
Azərbaycanda siyasətlə məşğul olmağın çətinliyini hamı başa düşür. Vətəndaş Həmrəyliyi adlı bir partiyanı təsis edib, onu ayaq üstə saxlamaq, üstəlik, 20 ildən artıq bir müddətdə Milli Məclisin deputatı kimi millətin haqqını tribunadan dilə gətirmək qəhrəmanlıq, cəsarət tələb edirdi.
Yardımlının dağ kəndində anadan olan Sabir Rüstəmxanlı üçün kəndin ilk möcüzələrindən biri yol olub. O, uzun illərdən bəridir ki, elə həmin möcüzəli yollarla da gəlir. Şeirlərinin birində özü məhz belə yazıb: “Bəlkə yol deyildir, buluddan düşüb, şaxəli ildırım sərilib yerə”. Dağların yamaclarına aparan yolları ildırıma bənzədən şair-siyasətçi həmişə düşünürmüş ki, bu yollar onu aparıb suallarımızın cavablarını axtardığı yerə çıxaracaq: "O yollar doğurdan da, məni dünyanın çox yerinə aparıb çıxardı və babalarımızın ayağı dəyən yerlərin hamısını gördüm. Çin səddinin üstünə çıxanda heyrətə gəldim: bu səddi bizə qarşı çəkiblər. Dedim, səddi yaradanlara min alqış, amma onu yaratdıranlar var, onlara da min alqış".
Sabir bəy Monqolstanda Orxon-Yenisey abidələrinin üstündəki yazıları oxuyanda diz çöküb o daşların önündə. Əlini daşların üstündəki yazılarda gəzdirəndə elə bilib bir ürək döyünür əlinin içində. Çünki Sabir bəy fikirləşib ki, o daşların üstündə vətən, millət, bizim taleyimiz yazılıb. Akademik, millət vəkili Rəfael Hüseynovun təbirincə desək, S.Rüstəmxanlının ruh dünyası heç vaxt Azərbaycan Türklüyü ilə məhdudlaşmayıb: "Ruh dünyası təlatümə gələndə Rüstəmxanlı Monqolstana gedib əski Türk yazılı abidələrinin önündə baş əyib. Heç kimin qabağında əyilməyən Sabir Rüstəmxanlının daşın önündə baş əyməsi sizə təəccüblü gəlməsin, Rüstəmxanlı daşın içindəki Türk ruhunun önündə əyilib".
Sabir bəy uzun illər əhd eləyib ki, Təbrizə gedəndə diz çöküb o yerlərin torpağın öpsün. Amma Təbrizə yolu qarlı gündə düşdüyündən qarı üzünə tutub ağlayıb ki, görməsinlər. Axı yanındakılar onun diz çökməyini, ağlamağını çətin anlaya bilərdilər.
Və nə qədər qəribə olsa da, Sabir bəy gəzdiyi yerlərin hamısının bizim izimizlə dolu olduğunu görüb: "Hara getdimsə azərbaycanlı gördüm. Nə olub...Niyə görə bu millət didərgin düşüb, niyə öz məmləkətində yaşaya bilməyib. Millətimizin dil tapa bilməməsinin səbəbi nədir? Nə qədər ki, müstəqilliyimiz var, kərpic-kərpic hörməliyik birlik divarını. Birləşməsək bizə çarə yoxdur, qurtuluşumuz millətin öz əlindədir.
Biz hara qaçsaq, bu dünyanın içindəyik. Bakıda çıxan qəzetlərdə dünyanın bütün dərdlərindən yazılar verilir. Kim-kimdən danışdı, hansı müğənni hansı paltarı neçəyə aldı, kim başını harda qırxdırır yazırlar, amma Güney barəsində normal yazılar yoxdur. Millətin o boyda dərdindən yazan yoxdur. Jurnalistlərimiz Ermənistana gedir, Güneyə yox. Nə qədər unutqanlıq olar? Dərbəndi, Borçalını unutduq, İraqda 4 milyon türkə biganə qaldıq. Yazılarda heç olmasa siyasi coğrafiya unudulmasın".
Yadımdadır, Sabir bəyin 50 illik yubileyində rəhmətlik Mikayıl Mirzə çıxış edərkən Xəlil Rza Ulutürklə birlikdə Yardımlıya səfərlərindən danışırdı: "Biz Yardımlıya gedəndə yolda fikirləşirdik Sabirə nə aparaq ki, onun кönlünü yerindən oynada bilək. Şəlaləyə çatanda soyunub kəl kimi çimdik və heç kəsdən icazə almadan cəsarətlə bu şəlaləyə "Rüstəmxanlı şəlaləsi" adını verdik".
Əslində, Sabir Rüstəmxanlı siyasətçi olmaqdan savayı, həm də bir Azərbaycan vətəndaşı, şairidir. Dediyinə görə, Füzuli Allaha da, peyğəmbərə də üsyan edirdisə, onun ruhu peyğəmbərlərə üsyan ruhudur.
Bəli, Sabir Rüstəmxanlı söz adamıydı, zorən siyasətçi olub və özünün dediyi kimi onu siyasətə həvəs gətirməyib. 1988-ci ildə Azərbaycanda xalq hərəkatı başlayanda, o da cavanlara qoşulub meydanlara getdi. Axı o vaxt ziyalılarımızın meydana gəlməməyini onlara irad tuturdular: "hanı bizim ziyalılarımız, niyə meydanlara gəlmirlər". Amma sonralar Sabir bəyə "siyasət şairlərin işi deyil" "ittihamı" ilə irad tuturdular.
Sabir bəysə deyirdi: "Nə siyasətçi, nə ədəbiyyatçı, bunları qoyuram bir kənara. Mənim yazdığım, dediyim sözlərin arxasında bir şey dayanır. Həmin mənada özümü nə şair, nə də siyasətçi hesab etmirəm. Mən özümü əkinçi hesab edirəm, haradasa müəyyən sözü səpirəm, cücərsə xoşbəxtliyimdir".
S.Rüstəmxanlı 2003-cü ildə prezidentliyə namizəd kimi seçicilərlə çox maraqlı görüşlər keçirirdi. Mən də jurnalist olraq həmin görüşlərin bir çoxunun iştirakçısı olmuşam. Seçicilərlə görüşlərin birində Qazaxın Yuxarı Salahlı kənd sakini Cavad Məmmədov maraqlı bir çıxış etdi. Sən demə, Sabir bəy Yardımlıda orta məktəbdə oxuyanda C.Məmmədov onun müəllimi olubmuş. Cavad müəllim deyirdi ki, keçmiş şagirdinin vətənə sevgisini hələ məktəb illərindən hiss edibmiş: "Bizim Sabirimiz onda balaca olmasına baxmayaraq, müəllimlərinə ikiyə bölünmüş vətənin taleyindən danışırdı. Onun ruhunu yaşadan saf, təmiz ideyalardır. Onun gözəlliyi sadəliyindədir. Ancaq bunu da deyim ki, lazım gələn anda Rüstəmxanlı poladdan sərt, ipəkdən yumşaq olur".
Bəli, indiyədək Sabir bəy milli maraqlar naminə çox şeylərdən imtina etməyi bacarıb, çoxlu güzəştlərə gedib. Ancaq başqalarının bu cür şansları olsaydı, heç vaxt əldən verməzdilər. Elə buna görədir ki, bu gün bütün Azərbaycan onu "Bizim Sabir" deyə çağırır. Sabir bəy həmişə mübarizənin önündə olub, Vətən, xalq yolunda qorxu nə olduğunu bilməyib. "Gəncə" adı yasaq olanda Kutaisidə saxlanılan qədim "Güney qapıları"nı görüb təsirlənərək "Gəncə qapısı" kitabını çap etdirib. Hamı rusca danışanda, bu millətin tarixini onu unutduranda "Sağ ol, ana dilim" şeirini, "Qan yaddaşı" kitabını, erməni, rus, gürcü, Avropa alimləri bizə çirkab atanda "Ömür kitabı"nı yazıb.
S.Rüstəmxanlını digər siyasətçilərdən fərqlərdirən əsas сəhətlərdən biri onun millətə yumruq və qılınc əvəzinə sevgi təklif etməsidir: "Mən millətə sevgi verəcəm. O sevgiylə bu milləti böyüdəcəm".
Rəhmətlik yazıçı Əlibala Hacızadə qeyd edirdi ki, Sabir bəy millətin deyə bilmədiyini vaxtında kağıza köçürüb dünyaya yayıb O, ədəbiyyata və siyasətə dərdli olduğu üçün, kiminsə himayəsi olmadan, "dayısız" gəlib, ədəbiyyatdakı uğurlarını dişi və dırnağı ilə qazanıb. Dərdsiz adam şeir yaza bilməz, siyasətə gələ bilməz. Yazıçı dərd deyəndə şəxsi yox, ictimai dərdi nəzərdə tuturdu. Onun fikrincə "Ömür kitabı" təkcə Sabirin deyil, hamının ömür kitabıdır. Sabir bəy bu kitabı və publisist yazıları ilə xalqın ürəyində özünə çoxdan heykəl qurub və bu heykəli heç kəs uçura bilməz. Sabir bəyin adamlara qarşı qəribə bir sevgisi var ki, bəziləri onu başa düşmür və soyuqluq kimi yozurlar. Ancaq Əli Kərim demişkən, bu sevginin soyuqluğu insanları üşütmür, əksinə "təzə əkini hər bəladan hifz eləyən qalın qar kimi" olur...
Rüstəmxanlı təmkinli, ədalətli kişi olduğunu ötən əsrin 90-cı illərindən üzü bəri sübut edib. Vurulan zərbələrə də kişi kimi dözüb: "Sabir həmişə ədalətli olub. Şairlər həmişə ədalətli, dərd başa düşən olub. O kişilik nümunəsidir. Ona işi düşənlərə də bu nümunəni göstərir. Sabir yanına əyilə-əyilə gələnlərə "qayıt kişi kimi içəri gir" deyir".
Bir dəfə Sabir bəydən müsahibə götürəndə dedim ki, şairliyinizə görə, bəziləri sizi siyasətçi kimi qəbul etmək istəmir, deyirlər, şairdən siyasətçi çıxmaz. Sabir bəy bildirdi ki, türk hökmdarlarının böyük əksəriyyəti qələm əhli olublar. Və başqaları ilə müqayisədə ölkəni heç də pis idarə etməyiblər. Sonra onların adlarını Xətaiyə qədər sıra ilə çəkdi. Dedi ki, dünyada hakimiyyət başında duran yazıçıların sayı yetərincə olub: "Bəlkə onlar zəif yazdıqlarına görə yazıçı olduqlarını gizlədiblər... Şah İsmayıl Xətaidən başlamış Osmanlı imperiyasının başında duran 28 nəfərin hamısı qələm əhli olub".
Bəli türk hökmdarları bir əlində qələm, bir əlində qılıncla ölkəni idarə ediblər. Sabir bəy isə sözünə güvənir, əlində yalnız qələm var, onun qılıncı elə sözüdür: "Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər…"
Bu gün Sabir bəyin 75 yaşı tam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, yaradıcılıq uğurları və ictimai-siyasi fəaliyyətində nailiyyətlər arzulayır, yazımı çox hörmət etdiyim professor Kamil Vəli Nərimanoğlunun "Bizim Sabir" məqaləsindən sitat gətirməklə tamamlayıram: "Artıq ömrün bu vaxtında hər kəsə öz dəyərini vermək lazımdır. Fəxri adları alan, o adları atan da, böyük vəzifələrdə işləyən də, (o işlərdən çıxarılan da) bizim Sabirdir, meydanda başı sarılmış yaralı da bizim Sabirdir, Təbrizdə Azərbaycan dərdini, Ankarada Türklük faciələrini doğuran səbəbləri söyləyən də bizim Sabirdir. Unutmayaq ki, gözəl silahla həmişə 10-luqdan vurmaq olmur. Bunu da unutmayaq ki, missiyalı insanlara başqa yöndən, dəyər qiymətləriylə yanaşmaq doğru sayıla bilməz.
…Dünya belə gəlib, belə də gedəcək. Və dünya qan yaddaşında o zorbaları, ehkamçıları, hökm verənləri saxlamayacaq. Yadda elə Sabir qalacaq. Çünki yalan dünyanın gerçək dostlarından biri də Sabirdir. Bizim Sabir… ".
© 2020 - Created by İLK XEBER.