Xalq artisti Flora KərimovanınTeleqraf.com-a müsahibəsini təqdim edirik:
- Flora xanım, bu gün dünyasını dəyişən xalq şairi Fikrət Qocanın şeirlərinə bəstələnmiş mahnıları siz də ifa etmisiniz. Bu mənada xalq şairi ilə bağlı sizin təəssüratlarınızı bilmək istərdik.
- Fikrət Qocanın ölümü mənə pis təsir etdi. Allah o dünyasını versin. Biz dost idik. Bir xatirəni bölüşmək istəyirəm. Deməli, bir dəfə Ramiz Mirişli, Firkət Qocadan mahnı xahiş etdim. Mahnının isə sevgi haqqında yazılmasını rica etdim. Fikrət Qoca mahnını yazdı, Ramiz Mirişli musiqini bəstələdi. Mənə mahnı təqdim ediləndə gördüm ki, başqa mövzuda yazılıb. Bir az incidim. Rəhmətlik Ramiz Mirişli dedi ki, Fikrət Qoca "Günayım" mahnısını öz qızına həsr edib. O zaman susdum, əks halda küsürdüm. "Günayım" mahnısından sonda bu ad çox populyar olmağa başladı. Fikrət müəllim məndən xahiş etmişdi ki, mahnı övladını sevdiyi qədər insanlar tərəfindən sevilsin.
- Fikrət Qocanın "Qaytar eşqimi" mahnısını da siz ifa etdiniz...
- Şairlər sevməyəndə yaza bilmirlər. Görünür ki, kimsə Fikrət müəllimin ürəyinin sarı siminə toxunmuşdu. O zaman gənc idi. Çox ifaçı bu mahnını oxumuşdu, amma mənim ifamı xüsusi bəyənirdi. Görünür ki, onun əhval-ruhiyyəsini çatdıra bilirdim. Emosiya mənim ifamda fəqli idi. İfamdakı kəskinlik, alovlu gözlər, parçalayan obraz çox xoşuna gəldi. Rəhmətlik hər zaman da ifa etdikdən sonra zəng edib, təşəkkür edirdi. Çox sadə, səmimi insan idi. Sonra xəstələndi, səsi tutuldu. Çox fikir çəkdi, səsi xırıldayırdı. Mənə zəng edib, danışanda deyirdi ki, nə dediyimi başa düşürsən, sözləri aydın eşidirsən? Deyirdim ki, Fikrət müəllim, bu nə sualdır, başa düşürəm, duyuram, Allaha yalvarıram ki, səsiniz sağalsın.
- İllər əvvəl "Qaytar eşqimi" mahnısına görə problem yaşamısınız. Hətta sizə efir qadağası qoyulub...
- Bəli, böyük problem yaşadım. İradəli olduğuma görə, dediyimi etdim. O zaman sədr müavini zəng etmişdi ki, siz sanki davaya çıxmısız, deyirsiniz ki, eşqimi qaytar. Qadın o dərəcədə aqressiv ola bilməz. Mən də dedim ki, duyduğum kimi oxuyuram. Sədr müavini isə cavabında ya mən duyan kimi oxuyacaqsınız, ya da sizi efirdən uzaqlaşdıracam. Bir il yarım bu mahnının əziyyətini çəkdim, efirə qadağa qoydular. Amma mənim qadağalar olanda xəbərim olmurdu.
- Bir insan kimi Fikrət Qocanı necə xarakterizə edərsiniz?
- O, əsl kişi idi. Onun haqqında haqsız danışmaq böyük günahdır. Heç kimə zərəri dəyməyən insan idi.
© 2020 - Created by İLK XEBER.