Az.TV-nin dağılan tifaqı...

Azərbaycanda 10-15 televiziya var. Amma bu televiziyalar arasında Az.TV  hər zaman diqqət mərkəzində olub. Bəlkə də ona görə ki, o biri televiziyalara tamaşaçılar bir növ “zəmanə uşaqları” kimi baxıblar. Ona görə də daha çox 65 yaşlı Az.TV-dən umulub, küsülüb. Amma neyniyək ki, zəngin keçmişi və gözəl ənənələri olan bu qocaman televiziya bu gün “kreativ düşüncəli” Rövşən Məmmədovun sərəncamındadır. O da 2 min 500 nəfərlik kollektivə malik Az.TV-ni öz bildiyi kimi “idarə edir”. 3 televiziya və 1 radionu özündə birləşdirən bu mediaqurum bu gün eksperimentlər poliqonuna və özünün biznes sahəsinə çevrilib. Və iki ildir ki, qaz vurub qazan doldurur. Rövşən Məmmədov Az.TV rəhbərliyinə keçdiyi günün elə sabahısı onun ilk işi televiziyanın yeməkxanasında “islahatlara” başlaması oldu. Yaxın dostu və biznes ortağı Sərvər Bayramovla birgə yeməkxanada yeni qaydalar tətbiq elədi. Rövşən Məmmədovun ilkin hesablamalarına görə hər ay yeməkxanadan 15-20 min manat pul “tutmaq” olardı. Ona görə də bütün diqqətini yönəltdi yeməkxanaya. Amma o bir şeyi unutdu ki, Az.TV-də çalışan 2500 adamın heç də hamısı gündə yeməkxanada 5-10 manat  xərcləmək imkanında deyildi. Çünki, burda işləyənlərin bir qismi 300-400 manat maaşla, bir qismi isə təsadüflərlə keçinib gedən insanlar idi. 

Rövşən Məmmədovun gəlişindən sonra işçilərin təsadüfləri kəsildi. Hamı məcburən gözünü maaşa dikdi. 300-400 manat maaş alan jurnalist təbii ki, naharı “suxoy payoxla” keçirmək məcburiyyətində qaldı. Ona görə də Rövşən Məmmədovun yeməkxana biznesi o qədər də uğurlu olmadı. Tez-tez yeməkxana kollektivini dəyişsə də istədiyi qazancı götürə bilmədi. Ona məcbur olub televiziyadakı 2 yeməkxananı iaşə sahəsində böyük təcrübəyə malik Sərvər Bayramova həvalə etdi. Amma iştah diş altındadı. Ayda 3 milyon manatın “rasxoduna” qol çəkən Rövşən Məmmədov Sərvər Bayramov və Ranar Musayevin “səmərəli” təkliflərinə əsasən Forma-2 əməliyyatına başladılar. Və qısa zamanda Rövşən Məmmədov milyonçuya çevrildi. 

Bu yolda ilk layihələr studiyaların yenidən qurulması oldu. Belə ki, tikintisinə 2019-cu ilin avqustunda bəşlanılan “Hədəf”, “Görüş yeri” və “Çıxışa doğru” studiyalarında işlər oktyabr ayında yekunlaşdı və artıq elə həmin tarixdən etibarən hər üç studiyada verilişlər yayımlandı. Amma  2019-cu ilin 26 noyabrında Rövşən Məmmədovun imzası ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiə Komitəsinə yuxarıda adları qeyd olunan studiyaların inşaası ilə bağlı “Universal Poliqraf” MMC ilə birbaşa müqavilənin bağlanmasına icazə üçün məktub göndərilmişdir. Bununla da Azərbaycan Respublikası “Satınalınmalar haqqında” qanununa zidd olaraq (nəzərə alsaq ki, burada heç bir spesefiklik yoxdur, respublikada bu fəaliyyətlə məşğul olan yüzlərlə şirkət mövcuddur) heç bir açıq tender və katirovka sorğusu keçirilmədən Az.TV və  “Universal Poliqraf” MMC arasında 160 min manat məbləğində birbaşa müqavilə imzalanmışdır. Məlumat üçün qeyd etmək lazımdır ki, yuxarıda adı qeyd olunan hər üç studiyanın tikintisi faktiki olaraq müxtəlif şirkətlərdən qanunsuz yolla nəğdləşdirilmiş 120 min manat pul vəsaiti hesabına Az.TV-nin bədii rəhbəri olan Ranar Musayevin dostu Emil Mirzəyevin “Paradox” MMC şirkəti tərəfindən  inşa olunmuşdur. Buradan da göründüyü kimi “Universal Poliqraf” şirkətinin bu studiyaların tikintisində heç bir rolu yoxdur və bu şirkət vasitəsi ilə diğər bir çox şirkətlərlə olduğu kimi pul vəsaitlərinin nağdlaşdırılmasına gedilmişdir. Etibarlı mənbələrdən alınan məlumata görə bu şirkət heç zaman Az.TV-nin ərazisində olmamışdır və inşa olnan studiyaların harada , hansı inzibati binada yerləsdiyini belə bilmir. Bundan əlavə bu 2020-ci il ərzində də keçmış ildə olduğu kimi təkrarən Ranar Musayev və Emil Mirzəyev birliyinə məxsus olan “Paradox” şirkəti ilə Az.TV arasında yeni beş ədəd studiyanın tikintisi üçün birbaşa müqavilə bağlanmışdır.
Az.TV-də baş verən qanunsuzluqlar bununla yekunlaşmır. Belə ki, cari və əsaslı təmir adı altında külli miqdarda pul vəsaitləri mənimsənilir.
Buna misal olaraq 2019-cu ildə  bir neçə fakt mövcuddur. Belə ki, Rövşən Məmmədovun təşəbbüsü va başçılığı ilə formal olaraq katirovka sorğusu keçirilmiş, 25 sentyabr 2019-cu ildə bu sorğunun nəticəsi olaraq “Piramida” MMC qalib edilmiş və onunla 48 min manat məbləğində müqavilə bağlanılmışdır. Lakin bir çox müqavilələrdə olduğu kimi göstərilən şirkət heç bir cari təmir aparılmadan 48 min manat mabləğ  nağdlaşdırılmış və Rövşən Məmmədovun “qara kassasına” daxil edilərək mənimsənilmişdir. Qeyd etmək lazımdır ki,  “Piramida” MMC-nin adı bir sıra qalmaqallarda və ciddi maliyyə pozuntularında hallanır.
R.Məmmədovun növbəti maxinasiyalarından biri Az.TV-na “Kompyuter və televiziya avadanlıqlarının satın alınması” ilə bağlıdır. Belə ki, Az.TV-nin “adətinə uyğun olaraq növbəti dəfə heç bir açıq tender elan etmədən birbaşa üsulla 06.04.2020-ci il tarixdə R.Məmmədovun yaxın qohumu Ramil Məmmədova məxsus “Elita Advestinq” MMC ilə 509 min 633 manat məbləğində müqavilə bağlanılmışdır. Belə ki, buradan da görmək mümkündür ki, heç bir açıq tender keçirilmədən birbaşa üsulla satınalma qanunvericiliyinə zidd olaraq (nəzərə alsaq ki, bu sahədə bir çox şirkətlərin olmasına baxmayaraq) “Elita Advestinq” MMC ilə  qeyri-qanuni olaraq müqavilə imzalanmışdır. Qeyd etmək yerinə düşərdi ki, “Elita Advestinq” MMC ilə Az.TV arasında ilk müqavilə deyil. Belə ki, 01.05.2019- cu il tarixdə Az.TV və bu MMC arasında 240 min manat məbləğində müqavilə bağlanmışdır. Buradan göründüyü kimi bu MMC artıq ikinci ildir ki, Az.TV-ni müxtəlif televiziya avadanlıqları və kompyuter texnikası ilə təchiz edir. Qeyd etmək lazımdır ki, bu yeganə fakt deyil, belə təkrar müqavilələr saysız hesabsızdır. Bu da korrupsiya faktlarına rəvac verir.
QSC-də növbəti maxinasiya Yanğından mühafizə vasitələrinin keyfiyyətinin bərpası məqsədi ilə yanğınsöndürmə balonlarının doldurulması ilə bağlıdır. Belə ki, 2019-cu ildə Az.TV ilə “Red Line” MMC arasında 12 min manat məbləğində müqavilə bağlanmışdır. Lakin balonların yenidən rənglənərək üz qabığının yeni tarixlə yapışdırılmasını nəzərə almasaq heç bir balonların yenidən doldurulmasıdan söhbət getməmişdir və burada da Rövşən Məmmədovun “otkat” əməliyyatı icra olunmuşdur.
Az.TV rəhbərinin növbəti maxinasiyalarından biri də 2019-cu ildə yenə də heç bir açıq tender elan etmədən, birbaşa  “Sistem Haus BUSINESS PARTNERS” MMC ilə televiziya avadanlıqlarının alınması və yeni server otağının qurulması ilə bağladığı 198 min AZN manatlıq müqavilədir.
Bundan bəsqa ölkə Prezidentinin çıxıslarının və səfərlərinin çəkilişlərində montaj işinin aparılması üçün nəzərdə tutulmuş xüsusi otağın müxtəlif televiziya avadanlıqları ilə təchizi  məqsədlə elə o ərəfədə “Ştrix” MMC ilə yenə də qeyri-qanuni olaraq əsaslandırılmamış şəkildə, birbaşa   500 min manat məbləğində müqavilə imzalanıb.
Bundan əlavə R.Məmmədov yuxarı dairələrin yanında özünü Az.TV-yə başçılıq etdiyi qisa müddətdə “Yenilikçi” kimi təqdim etmək üçün 2019-cu ilin sonlarında qeyri qanuni olaraq “Nurgün” şirkəti ilə iş birliyi quraraq oradan lizinq vasitəsi ilə on ədəd “Şkoda” markalı avtomobillər almışdır. 2020-ci ilin ortalarına qədər sözü gedən bu maşınların alınmasına görə  Nurgün şirkətinə Az.TV-nin “qara kassasından” müyyən məbləğdə faizlər ödənilmişdir. Sonra isə yenə də Az.TV ilə Nurgün motors şirkəti arasında birbaşa müqavilə bağlanaraq  maşınlar Az.TV-nin balansına alınmışdır. Bu isə bir başa olaraq Azərbaycan Respulikasının “Satınalma” qanununa ziddir.  Belə ki, dövlət büdcəsindən maliyyələşən Az.TV üçün bu qeyri-qanuni əməl yolverilməzdir.

Qeyd edək ki, bu avtomobillər “Nurgün” şirkətindən bir müddət ərzində Lizinq yolu ilə alındığı üçün qanunla bu avtomobillərin mülkiyyətçisi hamin şirkət olmuşdur. Ona görə da bu dönəmdə sozü gedən 10 ədəd Şkoda Rapid markalı bu avtomobillər Az.TV-nin balansına daxil edilməmişdir və onların istismarı zamanı istifadə olunan yanacaq, eləcə də sıradan çıxmış ehtiyyat hissələri, Az.TV-nin balansında olan digər müxtəlif markalı avtomobillərin üzərinə sənədləşdirilirək əldə olunmuşdur.
Az.TV ərazisində iki qapalı və bir açıq tipli (mövsümi olaraq) yeməkxana qeyri-qanuni fəaliyyət göstərir. Belə ki, hər üç yeməkxana qeyri-qanuni olaraq, Az.TV ilə heç bir istifadə barədə müqavilə olmadan və dövlət büdcəsinə bir manat pul ödəmədən fəaliyyət göstərir.

Baxmayaraq ki, hər üç yeməkxanada hər gün, 24 saat Az.TV-nin yüzlərlə əməkdaşı öz şəxsi vəsaitləri hesabına çörək yeyirlər. Bu yeməkxanalara Rövşən Məmmədovun yaxın adamlarından biri Sərvər Bayramov nəzarət edir və oradan əldə edilən, vergidən yayınan qanunsuz gəlirlər Rövşən Məmmədovun cibinə axır. Sərvər Bayramovun Az.TV-də “xidmətlərindən” biri də QSC -də verilişlərə dəvət olunan müxtəlif dövlət  təşkilatlarından gələn qonaqlardan “şirinlik” və “hədiyyələrin” qəbul edilərək Rövşən Məmmədova çatdırılmasıdır.
Az.TV-də olan növbəti qanun pozuntularından bir neçəsi də QSC-nin Kadrlar Departamentində baş verir. Belə ki, Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin müddəaları hər addımda pozulur. Məcəlləyə görə, yeni işə götürülən işçi ilə Az.TV arasında ilkin olaraq  3 aylıq, 6 aylıq və 1 illik müddətə ardıcıl, daha sonra isə müddətsiz müqavilə bağlanılmalı olduğu halda bütün işçilərlə bir qayda olaraq 3 aylıq müqavilə bağlanılır. Bu isə Rövşən Məmmədovun istənilən Az.TV əməkdaşını müxtəlif şər-böhtanla vasitəsilə, asanlıqla onların hüqquqlarını pozaraq işdən azad etməsinə zəmin yaradır.
Az.TV-də İdarəçilik faktiki olaraq sədrin həyat yoldaşı Ramilla Məmmədova və onun yaxın rəfiqəsi –  Kadrlar departamentinin rəisi İlhamə Hüseynova tərəfindən həyata keçirilir. Onların xoşuna və maraqlarına uyğun gəlməyən işçilər bir göz qırpımında müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır.
Rövşən Məmmədov Az.TV-ni qohum, ailə (əsəsən də arvad qohumlarının) məhəllə uşağı və dost təşkilatına çevirib. İş o yerə gəlib çatıb ki, aşpaz dostu Vüqar Bəşirovu Təsərrüfat Departamentinə, məhəllə uşağı Müşviq Ibrahimovu isə Təchizat və Istehsalat Departamentinə rəhbər təyin edib. Bu faktlardan biri də QSC-nin Texniki Istehsalat birliyinə özünün məhəllə uşağı, bu sahədə heç bir şəriştəsi olmayan, adı bir neçə qaranlıq məsələlərdə hallanan Elnur Əliyevin təyin olunmasıdır. Elnur Əliyevin müavini isə sədrin həyat yoldaşının doğmaca əmisi, vaxtı ilə müxtəlif saxtakarlığa yol verərək keçmış sədr Arif Alışanov tərəfindən işdən qovulmuş Xəlil Məmmədovdur. Xəlilin Az.TV-də əsas “fəaliyyəti” QSC-nin balansında olan müxtəlif invertarların talanmasıdır. Belə ki, Xəlil bəy qeyri iş günlərində QSC ərazisindən müxtəlif tikinti materiallarını (sement, kraska, taxta, dəmir və sairə), təsərrüfat və məişət avadanlıqlarını (buraya stol, stul, xalça, kovralit və sairə) gizli yolla talayaraq Az.TV yaxınlıĝında yerləşən öz evinə daşıyır. Eləcə də Az.TV-nin fəhlələrini evinin təmirində aylarla istismar edir.
Xüsusi qeyd: Elnur Əliyevin fədakar “əməyi”nin nəticəsi olaraq 2019-2020-ci illər ərzində  cənab Prezidentin diqqət və qayğısının nəticəsində Az.TV-nin yayımının HD sisteminə keçirilməsi üçün 3 milyon manatdan çox vəsait ayırılmasına baxmayaraq hələ də Az.TV-nin hər üç kanalı (Az.TV, Mədəniyyət, Idman kanalları) köhnə sistemlə yayımlanır. Bundan əlavə Rövşən Məmmədov QSC-nin maliyyə departamenti rəhbərliyinə arvadının dayısı oğlu olan Niyamməddin Quliyevi təyin etməklə bütün maliyyə və təchizat məsələlərini bir əldə cəmləyib. Niyaməddin Quliyev isə maliyyə məsələlərində kifayət qədər səriştəli olmadığından müavini tərəfindən idarə olunur. Bundan başqa Rövşən Məmmədovun müxtəf qonarar “Otkat” və “Ölücanlar” əməliyyatları mövcuddur. Yaxın adamları Nazilə Babayevaya, Ranar Musayevə, həyat yoldaşının əmisi Xəlilə və onların tabeçiliyində çalışan işçilərə  böyük miqdarda qonorarlar yazdırlmaqla özbaşınalıq edir. Demək olar ki, hər ay bu artıq yazılan saxta qonarar və “ölücanlar” əməliyyatlarından maliyyə departamentinin rəhbəri tərəfindən Rövşən Məmmədovun “qara kassası”nın bir qismi təşkil olunur. Hətta 2020-cu ildə daxili audit yoxlaması aparan və bu faktları aşkar etməyə çox yaxın olan QSC-nin Daxili nəzarət və audit departamentinin rəisi Seymur Mansurov sərt təpkiylə üzləşmiş, tabeçiliyində olan işçiləri isə dərhal qeyd şərtsiz işdən azad olunmuşlar.
Az.TV sədrinin daha bir qanunsuz əməlləri sözü gedən televiziyada reklamlar vasitəsi ilə əldə olunan gəlirlərin mənimsənilməsidir. Belə ki, müvafiq orqanlar tərəfindən hər üç kanalda ciddi təftiş aparılarsa orada efirə gedən müxtəlif reklamlardan gələn gəlirin bir qisminin nə dövlət büdcəsinə, nə də Az.TV-nin büdcədən kənar gəlirlər fonduna daxil edilmədiyi aşkarlanar. Bu büdcədən kənar gəlirlər isə Rövşən Məmmədovun əlavə gəlir mənbəyidir. Reklamdan gələn gəlirin 75 faizi birbaşa Rövşən Məmmədovun cibinə axır.
Ümumiyyətlə, QSC-nin maliyyə fəaliyyətində yetərincə ciddi qanun pozuntuları və mənimsəmələr mövcuddur. Bunun da tək səbəbi Rövşən Məmmədovun Azərbaycan dövlətinə və Ölkə rəhbərliyinə sədaqətsizliyidir. Çünki, Rövşən Məmmədov Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün layihəsidir. Bu adamlarınsa 5-ci kalonun ölkəmizdəki liderləri olduğu heç kimə sirr deyil. Bu gün də Rövşən Məmmədov Əli Həsənovdan tövsiyyələr alır. Onun göstərişi ilə vaxtilə və elə bu gün də qatı anti-Əliyevçi olan adamlara eninə-boyuna efir verir. Onların imicmeykerliyini həyata keçirir.

Rövşən Məmmədov “xaç atası” Əli Həsənovun vurulmasından sonra yaradıcılığı bir kənara qoyub, sırf bizneslə məşğuldur. Forma-2-lərlə, saxta sənədlərlə hər ay yüz min manatlarla dövlət vəsaitini mənimsəyir. Çünki, bilir ki, onun sədrlik karyerası Əli Həsənovsuz uzun çəkə bilməz. Ona görə Sərvər Bayramovu, Ranar Musayevi, Xəlil Məmmədovu, İlhamə Hüseynovanı və Zemfira Əliyevanı başına toplayıb milyonların arxasına düşüb. Bəs, Rövşən Məmmədov milyonları bu adamların əli ilə necə “həzm-rabedən” keçirir?  Bu barədə daha ətraflı növbəti yazımızda.

 

BakuExo.az

Qeyd: İlkxeber.org saytı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.