Şuşaya “İsgəndər”-i kim atıb?

Deyəsən,bu xəmir çox su aparacaq

Son günlərin ən çox dartışılan və hətta dünyanın siyasi  gündəmini zəbt edən qalmaqallı mövzularından biri, bu gün də hələ cavabsız qalan, Şuşaya atılan “İsgəndər M” taktiki ballistik raket mövzusudur. Ümumiyyətlə, hesab edirəm ki, bu maraqlı mövzuya  5 sual ətrafında müəyyən qədər aydınlıq gətirmək olar.

Birincisi, “İsgəndər M” son model raketinin  satışı qadağandır. 1987-ci ildə SSRİ və ABŞ arasında bu  barədə müqavilə var. Belə olan şəraitdə “İsgəndər M” raketini  Rusiya Ermənistana necə və nəyə görə verə bilər?

İkincisi, Rusiya mətbuatından  sızılan məlumata görə, Rusiya tərəfi  “İsgəndər M” raketini Ermənistana 2017-2018-ci illərdə Ermənistana verib. Bunun özü bir sualdır ki, niyə məhz həmin illərdə?

Üçüncüsü, istər-istəməz sual yaranır ki, Şuşaya atılan “İsgəndər M” raketindən  Azərbaycan hakimiyyətinin xəbəri yox idi? Halbuki, özümüzün peykimiz ola-ola bunu müəyyənləşdirmək  bəlkə də olardı. Faktoloji olaraq, “İsgəndər M” raketinin atılmasını Paşinyan və dünya mətbuatı işıqlandırdı. Digər tərəfdən qadağan olunmuş raket niyə Şuşaya atılıb? Raketin Şuşaya atılması əmrini kim verib?

Dğrdüncüsü, Rusiya  “İsgəndər M” raketinin atılmasının üstünün açılmasından doğrudanmı narahatdır? Yoxsa ki, artıq “İsgəndər M”-in də yararsız, köhəlmiş bir raket kompleksi olduğundanmı narahatdır? Halbu ki, Paşinyan demişdir ki, “biz bu raketdən də istifadə elədik açılmadı”.

Beşincisi, Şuşaya atılan “İsgəndər M" raketləri ilə bağlı Azərbaycan hakimiyyəti hansı tədbirləri görə bilər?

Yuxarıda qeyd elədiymiz brinci suala aydınlıq gətirək: Ümumiyyətlə, tarixi boyu Rusiya ilə bağlanmış hər hansı müqavilə kağız parçasından başqa bir şey olmayıb. O,  üzdən Rusiyanın qadağan olunmuş silahları  satması problem deyil. Rusiyanın qadağan olunmuş “İsgəndər M” raketini Ermənistana verməsinin və yaxud da satmasının sadə bir cavabı var. Ermənistan Rusiyanın Cənubi Qafqazda hərbi dayaq məntəqəsidir, eyni zamanda həm də, quberniyasıdır.

İkinci suala  aydınlıq gətirək: Rusiya mətbuatından sızılan məlumata görə  “İsgəndər M” raketləri Ermənistana 2017-2018-ci illərdə verilib. Hesab edirəm ki, bu, Ermənistanda Qərbyönümlü Paşinyan hakimiyytinin  həmin ildə hakimiyyətə gəlməsi ilə də əlaqəsi ola bilərdi. Çünki hətta,  Paşinyan hakimiyyətə gələn gündən Ermənistanı qərbə doğru və NATO-ya inteqrasiyası məsələsini gündəmə gətirmişdi. Üstəgəl, Ermənistanda, əhalini Rusiyanın 102-ci bazasının çıxardılması ilə bağlı etirazlara səsləyirdi. Həmin dövürdə yaranmış belə bir situasiyada Rusiya üçün Ermənistanda mürəkkəb bir dönəm yaranmışdı. Mahiyyət etibarı ilə  o dönəm Rusiya  Cənubi Qafqazda özünün son qalası sayılan Ermənistanın taleyindən çox tərəddüd edirdi. Hesab edirəm ki, bu  nöqteyi-nəzərdən,  həmin illərdə Rusiya  gələcəkdə NATO-ya  qarşı və eyni zamanda bölgə dövlətlərini təhdid altında saxlamaqdan ötrü, özünün hərbi sənayesinin   qüruru sayılan “İsgəndər M” raketini Ermənistandakı 102-ci hərbi bazada tərəddüd etmədən  yerləşdirə bilərdi və yerləşdirdi.

    Üçüncü suala aydınlıq gətirək: Məsələnin ən maraqlı tərəflərindən biri budur ki, Şuşaya atılan “İsgəndər M” raketi barədə Azərbaycan hakimiyyətindən qabaq N.Paşinyanın və dünya mətbuatının bu hadisəni işıqlandırmasıdır. Zənnimcə, mümkün deyil ki, Azərbaycan hakimiyyəti bu hadisəni bilməsin. Prosesləri diqqətlə izlədikdə aydın olur ki, Şuşaya “İsgəndər M” raketi Şuşa işğaldan azad olunandan sonra atılıb. Bundan əlavə Qarabağda savaş başlayandan  bir neçə həftə sonra artıq Qarabağın hava məkanı tam  Azərbaycan nəzarətində idi. Üstəgəl, öz peykimiz vasitəsiylə atılan 500 km -lik hədəfi dəqiq vuran raketi müəyyənləşdirmək hesab edirəm ki, bəlkə də ola bilərdi. Fikrimcə, Azərbaycan hakimiyyəti  bu məsələdə  siyasi taktiki gediş edb. Dolayısı, əgər 2-ci Qarabağ savaşında Rusiya -Ermənistan tandemi, Türkiyə -Azərbaycan tandeminə məğlub olubsa, belə bir vəziyyətdə bunların bir-birini dərindən ittiham etməsi və sonda Paşinyanın verdiyi “İsgəndər M”-i də atdıq açılmadı deməməsi  görünür, qaçılmaz idi. Bundan əlavə həm də,  Paşinyan erməni xalqının qarşısında məğlubiyyətin  hesabatını verməliydi. Təbii ki, hesabatda qismən özü günahkar, böyük ölçüdə keçmiş hakimiyyət, daha böyük ölçüdə rus silahları  və onun “İsgəndər M” raketi tənqid olunmalıydı. Digər tərəfdən hesab edirəm ki, N.Paşinyanın “İsgəndər M” raketinin keyfiyyətsiz, yararsız, vaxtı keçmiş silah olması məsələsini qabartmasının arxasında Qərbin  siyasi dairələri durur. Bütün bunların fonunda Azərbaycan hakimiyyətinin gözləmə mövqeyində durmasını siyasi diplomatik gediş kimi də qiymətləndirmək olar.

Yuxarıda qeyd  elədiyim üçüncü sualın tərkib hissəsi olaraq, məsələnin maraq doğuracaq tərəfi ondadır ki, “İsgəndər M” raketi  niyə Şuşaya atılıb və bu əmri kim verib. Düşünürəm ki, bütün bunların arxasında birbaşa rəsmi Moskvanın əli var. Xüsusi ilə də məsələ “İsgəndər M” məsələsidirsə. Şuşa şəhərinin azad olunması artıq Ermənistanın müharibədə taleyinin həll olunması idi. Eyni zamanda Rusiyanın da. Düşünürəm ki, burada iki variant var: Şuşa şəhərinin itirilməsi ilə barışa bilməyən düşmən Şuşaya  iki ədəd “İsgəndər M” atmaqla şəhəri altını üstünə çevirmək və artıq müharibənin bu şəkildə gedişatını həzm edə bilməyən Rusiyanın Ermənistandan Şuşaya “İsgəndər M”-i atmaqla “dayan, mənim də,  maraqlarım təmin olunmalıdır” mesajı  da ola bilər. Hesab edirəm ki, hər iki variant Rusiyanın iradəsindən kənarda ola bilməzdi.

Dördüncü suala aydın lıq gətirək. Rusiya “İsgəndər M” raketinin atılmasının üstünün açılmasından narahatdırmı? Düşünürəm ki, Rusiya bundan o qədər də narahatçılıq hissi keçirmir. Mahiyyət etibarı ilə bu məsələyə görə Rusiyanı heç kim cəzalandırmayacaq da. Hesab edirəm ki, Rusiyanın narahatçılıq keçirdiyi əsas məqam hərb sənayesinin qürur mənbəyi olan “İsgəndər M”-in artıq yararsız raket kompleksi olması məsələsidir.  Üstəlik, ”İsgəndər M” raketlərinin yararsız olması və  bütün dünyada ifşa olması, Rusiyanın silah ticarətinə təsirsiz ötüşməyə bilməz. Rusiyanı da,  zənnimcə elə ən narahat edən məsələ də bax elə budur.

Nəhayət, beşinci suala aydınlıq gətirək. “İsgəndər M” raketinin Şuşaya atılması  ilə bağlı Azərbaycan hakimiyyəti, Rusiyayla necə davrana bilər  və hansı tələbləri   qoya bilər? Bir neçə gün öncə Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkında (Rusiya Silahlarının İflas Parkı) qeyd elədi ki, biz, Rusiyadan tələb edirik ki, bu raketlər Ermənistana hansı yolla və necə verilib? Rusiya tərəfi bizə izahat versin? Hələ ki, Prezident İlham Əliyevin bu suallarına konkret olaraq bir cavab verilməyib. Sadəcə olaraq V.Putinin  sözcüsü D.Peskovun cavabı belə olub ki: “Hər iki ölkənin Müdafiə nazirlikləri arasında bu mövzuyla bağlı sıx dialoq gedir”. D.Peskovun dediklərindən  belə aydın olur ki, Rusiya tərəfi “İsgəndər M” mövzusunu saqqız kimi uzadıb, zamanın axarına buraxıb, yaddan çıxarmaq istəyir. Digər tərəfdən düşünürəm ki, məsələyə bu adla yanaşırlar ki, olan olub, keçən keçib, bölgədə yeni prespektivlər açılıb və irəliyə baxmaq lazımdır. Yaxşı, onda sual yaranır ki, bəs bizim hakimiyyət Rusiyaya qarşı neynəyə bilər? Düşünürəm ki, Azərbaycan hakimiyyəti “İsgəndər M” raket mövzusu ilə bağlı Rusiyadan silah alışını dayandıra bilər və heç olmasa xeyli azalda bilər. Başqa bir variantda isə Rusiya sülhməramlıları barədə ciddi narazılıq ifadə eləmək olar.  Ümumiyyətlə, biz rasional düşünsək, Rusiyaya bu kimi mövzularda ciddi təzyiq göstərə bilmərik, amma ciddi narazılığımızı ifadə edə bilərik. Hansı ki, bu narazılığı Prezident İlham Əliyev açıq formada Rusiyaya izahat verməsi formasında çatdırdı və bu barədə cavab istədi. Mahiyyətcə bir daha zaman sübut sübut edir ki, Rusiya əgər bizim suveren hüquqlarımızı pozursa, ona qarşı təsir mexanizmi Türkiyə ilə  hərbi ittifaqdan keçir. Hansı ki, bunun artıq ilkin təməlləri yavaş-yavaş atılır.

 

Şahin Bəkirli,

BAO Siyasi Analitik Mərkəzinin əməkdaşı