"Quruyur dar ağacları"

***
İlhamı köhlən ata bənzədən düz eləyib,
düz eləyib bənzədib ilhamı köhlən ata.
...minib köhlən atları axıracan şairlər
getdilər zamanın yalmanına yata - yata.

Bir gün də ilhamsız olmadı şair olanlar...
Canında ilham yoxsa şair sözü yalandı!
...hər şeyin ağrısına ölür - dirilir şair,
hər şeyin ağrısından şair ilham alandı.

...şairlərin ilhamı öz ağrısından gəlir,
hərə payına düşən öz gücündən keçirlər.
...bizdə şairləri ilhamından tanıyırlar,
bizim eldə şairi ilhamından seçirlər.

***
Hey yazırsan söz qurtarmır...
Bəs onda qurtaran nədir?
...gecəni yata bilmirsən,
yazmaq da bir bəhanədir!

...gecənin köksü ağappaq!
Necə "Göycə" — yazmayasan...
...yazmaq da bir bəhanədir,
olsun...necə yazmayasan?

...quruyur, yaman quruyur!
...yaşılı daha nə gəzir.
...quruyur dar ağacları,
cəllad da bəhanə gəzir!

...sözdən havalanmaq olar,
havalanmaq...hava hanı?
...hər şeyə bir bəhanə var!
Bəhanəsiz nə var, xanım?!

***
...Ay da yuvarlanır məbəd yerində!
...səhər olacağa çarə azıydı.
...Ayın işığından üç tel ayırdım,
üçcə tel əlimdə cürə sazıydı.

...hava da sazıydı, saz havasıydı!
Hava həvəngidə yuva ağ oldu.
...Ay da yuvarlandı yuva yerində,
ay da yuvarlandı yuvarlaq oldu!

...eh, Aya itin də nəfsi düşərmiş;
Nədən ki, lap çoxdan hürür havaya.
Aynan aramızda hava divardı...
Ay öz işığını hörür havaya.

Aydan, qəmindən də bezirsən hərdən...
...canımız yuxadı, göy üzü qalın!
Çoxdan uduzmuşuq uzaqlara da...
...it hürür, ay keçir, göy üzü qalır!

 

Paşa Talıblı

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Rusiya, Volqoqrad şəhəri